Qaynar xəbər portalı

Kitab dünyası


cavid_ceferzade1.jpgCavid Cəfərzadə: “Yeni təsis etdiyimiz “Nəsimi” mükafatı ölkəmizdə analoqu olmayan ədəbi triumfdur”

Müsahibimiz Lit.az ədəbiyyat portalının rəhbəri Cavid Cəfərzadədir

- Lit.az yarandığı qısa zaman ərzində oxucular arasında ciddi nüfuz qazandı. Ümumiyyətlə, sayt barədə ideya necə yaranıb?
- Biz Lit.az-ı yaradarkən milli İnternet seqmentində ədəbiyyatla bağlı resurslar yox dərəcəsində idi. Və bu boşluqdan infokommunikasiya sahəsinin mütəxəssisləri, eyni zamanda ədəbiyyatsevərlər kimi istifadə etdik. Daha dəqiq ifadə etsəm, qlobal şəbəkədə müvafiq sahə ilə bağlı saytları araşdırdıq və nəticədə məlum oldu ki, nə qədər təqdirediləsi olsa da Azərbaycanın İnternetdəki ədəbiyyat saytları özfəaliyyətin nəticəsi olaraq qalıb: təşəbbüs var, davamiyyət və məsələyə ciddi yanaşma yoxdur. Şübhəsiz ki, belə olan təqdirdə “ədəbiyyat adamı”nın tələbləri artır və onların müasir texnologiyalarla ödənilməsinə ehtiyac yaranır. Necə deyərlər, tələb varsa təklif də olmalıdır. Lit.az məhz bu təklifi cəmiyyətə çatdırmaq üçün yaranıb.
- Portala nəzər yetirdikdə bu gün ədəbiyyatda qarşıdurma vəziyyətində olan bütün tərəflərə, müəlliflərə eyni dərəcədə yer ayrıldığını görürük. Onları bir araya gətirmək çətin deyil ki?
-    Lit.az-ın yarandığı ilk günlərdə bir qədər çətin idi. Müəlliflər belə bir saytın mövcudluğundan xəbərsiz olduqları üçün biz müəyyən şərtlər daxilində müxtəlif- sizin təbirinizcə desəm, qarşıdurma vəziyyətində olan- tərəfləri dərc etməyə başladıq. Bir müddət sonra həmin müəlliflər özlərini bir arada görəndə çaşqınlıq yarandı. Biri digər müəlliflə bir yerdə dərc olunmaq istəmədiyini dedi, kimsə ümumiyyətlə hamının bir yerdə olmasını səhv addım kimi qiymətləndirdi və s.  Nəticədə ümumi, “virtual” razılaşma əldə olundu. İndi artıq müəlliflər bu vəziyyətlə barışıblar yox, məhz razılaşıblar desəm, yəqin ki, bizə irad tutmazlar. Çünki heç kim onları Lit.az-da dərc olunmağa məcbur eləmir, onlar könüllü surətdə bir yerdə dərc olunurlar. Virtuallıqdamı belə rahatdırlar, ya həqiqətən də ədəbi intriqalarına son qoyublar, deyə bilmərəm, təkcə onu bilirəm ki, ədəbiyyatımızın İnternetə qütbsüz çıxarılması uğurlu gedişdir.
- Deməli, Lit.az-ı heç bir ədəbi qruplaşmaya aid etmək olmaz?
- Heç lazım da deyil. Çünki ədəbiyyat sahəsində konkret şəxslərə, qütblərə xidmət etmək, nəticə etibarilə oxucu auditoriyasının parçalanmasına gətirib çıxarır.  Əgər hər gün Lit.az-ı 200-600 nəfər ziyarət edirsə, bu artıq bizə kifayyətdir, kimin hansı qruplaşmanın oxucusu olması əsas deyil, əsas olan ədəbiyyatımızın qazanmasıdır, səviyyəli mütaliənin dəbə minməsidir.
 - Yaxınlarda Lit.az-ın həmtəsisçiliyi ilə “Nəsimi” Milli Ədəbiyyat mükafatı təsis edildi. Niyə məhz “Nəsimi”?
- Bu işdə daha çox əmək sərf edən tərəf, bizə ilk günlərdən dəstək vermiş Kultaz.com- mədəniyyət portalıdır. Bu dayanıqlı, ciddi İnternet portalı ilə birgə təsis etdiyimiz “Nəsimi” mükafatı ölkəmizdə analoqu olmayan ədəbi triumfdur.  İl ərzində iki dəfə təqdim edilən mükafat  əvvəlcə müsabiqənin nəticəsi kimi iki nəfər gənc istedada- ən yaxşı şeirin və ən yaxşı hekayənin müəllifinə, sonra isə cari ildə nəşr olunan ən dəyərli əsərin, tərcümənin müəllifinə təqdim olunur. Beləliklə il boyu 2 nəfər ““Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qalibi”, bir nəfərsə ““Nəsimi” Mükafatı laureatı” titulunu qazanır. Sualın ikinci hissəsinə gəlincə: Nəsimi Azərbaycan ədəbiyyatında həm dünyagörüşü, həm toxunulmazlıq haləsilə fərqlənən, daim iztirab və məşəqqətlər girdabındaykən “həqiqi söz” adlı nəsnəni uca tutmağı bacaran əcdadımızdır. Onun yaradıcılığında həqiqət metaforaya bürünmür, əsildir, tamdır. Nəsimi gənc ikən insanların qəlbində heykəlləşmiş birisidi, haqq olmayana etiraz onun üçün yaşamaq vasitəsidi. Biz sözə bunca qiymət verən Nəsimiyə ehtiramımızı bu yolla ifadə etmək istədik.
- Müsabiqə zamanı qiymətləndirmənin obyektiv olacağına təminat varmı?
- Mənə elə gəlir ki, ən yaxşı təminat bizim vicdanımızdır. Bu məsələnin mənəvi tərəfi. İşin texniki tərəfi isə belədir: 5 nəfər peşəkar münsif əsərin kimə aid olduğunu bilmədən qiymət verir. Bu onları müəlliflərdən bir növ təcrid edir. Adekvatlıq yaransın deyə münsiflərin kimliyi barədə məlumat yalnız mükafatlandırma mərasimində verilir. Tam əmin olasınız deyə onu da qeyd edim ki, müsabiqə boyunca münsiflərin də biri o birinin kimliyindən xəbərsiz olaraq qalır.
- Sonda daha bir sual: Sizcə, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının inkişafı yolunda internetin verdiyi imkanlardan tam bəhrələnə bilirikmi? Daha nələr eləmək mümkündür?
-   Bizdə İnternet əsasən əyləncə vasitəsidir, ciddi, konseptual resurslar barmaqla sayıla biləcək qədərdir. Bir haşiyəyə çıxım, hal-hazırda qlobal şəbəkədə 10 minə yaxın Azərbaycan saytı mövcuddur. Onlardan təxminən 8 mini ötən il yox idi, yalnız bu il var, gələn il olmayacaq, əvəzində başqaları yaranacaq. Yeni Zelandiyanın qismən tabeliyində olan Tokelau adlı çox kiçik bir respublika var. Həmin respublika beynəlxalq aləmdə tanınmaq üçün milli .tk domeynini pulsuz olaraq paylayır. İndi siz təsəvvür edin ki, saytlarımızın təxminən dördə biri bu pulsuz xidmətdən istifadə edir. Belə olan təqdirdə, “İnternetin bizlərə verdiyi imkanlardan necə bəhrələnirik?” sualı əlbəttə ki, yaranacaqdır. Cavabsa belədir: nə qədər ki, biz özümüzü ciddi işlər görürmüşük kimi göstərməyə çalışarkən sadaladığım səhvləri buraxırıq, başqa sözlə, hər hansı mədəniyyət, ədəbiyyat qurumunu, təşkilatını internetə Tokelau respublikasının domeynilə çıxarırıq mədəniyyətimizin və ədəbiyyatımızın İnternet üzərindən təbliği bir o qədər ləng gedəcək. Əgər biz il ərzində 20 yeni manat xərcləyib ədəbiyyat və mədəniyyət saytlarımızı milli .az, eləcə də .com, .org və s. ciddi domeynlərdə yerləşdirə bilmiriksə o zaman elektron ədəbiyyatın inkişafından danışmamalıyıq.
-  Hansısa yeni layihələriniz varmı?
- Hazırda Kultaz.com poratlı ilə birlikdə Azərbaycan ədəbiyyatını və mədəniyyətini rus, ingilis və digər Qərbi Avropa dillərində təbliğ etmək məqsədilə irihəcmli, meqaportal qururuq. Bunları indi etməsək, bir-iki ildən sonra ermənilər “İblis”i və yaxud, “Aldanmış kəvakibi” öz milli ədəbiyyat nümunələri kimi Avropaya çıxaracaqlar.      

“Reyttinq” qəzeti, 10 fevral, 2008






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar, Fevral 10th, 2008 tarixində 20:11 radələrində Müsabiqə bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

8 şərh var


  1. Modern_Azerbaycan adlı istifadəçi, Fevral 11, 2008 tarixində, saat 00:44 yazıb:

    Cavid bəyin nəzərinə çatdırıram ki, sayt düzəltmək il ərzində 20 manata başa gəlmir.
    .az domain-i illik 20 manat, üstə gələk 1 gbyt. hosting (bu hardasa illik ən aşağı 60-70 manatdır) və üstə gələk daimi internet (bu da ən aşağısı aylıq 100 manat). Bu ilə 150 manatdan baha başa gəlir ki?!
    Cavid bəy sizin ki, “proqres.com” şirkətiniz var. Haçan, hansı yazara pulsuz bir sayt düzəltmisiniz?!


  2. Admin adlı istifadəçi, Fevral 11, 2008 tarixində, saat 01:28 yazıb:

    Təkcə AYB-nin 1500-dən artıq üzvü var. Əgər hər özünə yazar deyən üçün pulsuz sayt düzəltməyə qalxsan, bunun üçün gərək ən azından MİCROSOFT firması olasan.
    Aha, əgər söhbət istedadlı yazarlardan gedirsə, onda yenə sual yaranır: bəs kimin istedadlı, kimin istedadlı olduğunu necə təyin edəsən? Bunu təyin etməyin bütün dünyada sınanmış, qəbul olunmuş bir yolu var: müsabiqələr, peşəkar dəyərləndirməsi.
    Elə buna görə də, Lit.az və Kultaz.com birlikdə müsabiqə təsis etdilər. Və müsabiqənin şərtlərinə diqqət etsəniz, qaliblər üçün şəxsi sayt yaradılması öhdəçiliyi var. Yeri gəlmişkən, qaliblər üçün saytları Microsoft deyil, məhz elə “Proqres” firması yığacaq. Ümumiyyətlə, bir daha qeyd edim ki, belə məsələlər populizmlə yox, peşəkar yanaşma ilə həllini tapa bilər. Biz də buna çalışırıq. Amma təəssüf ki, dövlət büdcəsindən ildə yarım milyon dollara yaxın vəsait alan qurumlar heç bir iş görmürlər. Daha yaxşı olar ki, bu kimi populist suallarınızı onlara ünvanlayasınız.


  3. Anar adlı istifadəçi, Fevral 11, 2008 tarixində, saat 13:07 yazıb:

    Əsil Hüseyn Cavidin nəvəsidir. Baxın görün necə Hüseyn Cavidə oxşayır… Yaşasın Cavid


  4. Modern_Azerbaycan adlı istifadəçi, Fevral 11, 2008 tarixində, saat 19:13 yazıb:

    Admin qardaş, mən çox sevindim ki, bundan sonra yazarlara sayt düzəldəcəksiniz. Amma mən demək istədim ki, sayt 20 manata başa gəlmir axı…


  5. Chilgin adlı istifadəçi, Fevral 12, 2008 tarixində, saat 15:38 yazıb:

    Ama obyektiv qiymetlendirmede wubhe yaranir. Nece yeni munsifler yazilarin muellifi bilmeden deyerlendirecekler? Bir halda ki cap olunmuw yazilar da musabiqeye qatila biler….????????????? Yaxud gundelik metbuatdan xebersiz munsiflermi olacaq?


  6. Şahanə adlı istifadəçi, Fevral 12, 2008 tarixində, saat 19:56 yazıb:

    Sevinc xanım bu dəfə haqlıdı…


  7. Admin adlı istifadəçi, Fevral 13, 2008 tarixində, saat 03:11 yazıb:

    Təbii ki, biz münsifləri seçərkən bütün kreteriyaları nəzərə almağa çalışmışıq. Qaldı ki, çapolunmuşəsərlərin belə, müsabiqəyə buraxılmasına, təşkilatçılar olaraq, bu məsləni xeyli düşündük. Sonunda qərara gəldik ki, müsabiqənin elan olunması hansisa anlamda qəfil oldu deyə, bu dəfə çap olunmuş mətnləri də müsabiqəyə buraxaq- əgər gənc müəlliflərimiz həmin mətnləri təkrar olaraq bizə göndərəcəklərsə.
    Amma obyektivliyin təminatı- münsiflərə inamımızdır. Əminik ki, müəllif adıolmadan, xüsusi kodlar altında onlara təqdim olunan yazıları qiymətləndirərkən, müəllifləri tanısalar belə, şəxsi münasibətlərəqatılmayacaqlar. Digər tərəfdən, münsif olaraq seçdiyimiz şəxslərin kimliyi zamanında açıqlananda sizlərin də onların obyektivliyinə şübhə etməyəcəyinizə əminik.


  8. Mixaylo adlı istifadəçi, Fevral 14, 2008 tarixində, saat 19:27 yazıb:

    Anar, az gopa bas! Cavid Cəfərzadə hara, Hüseyn Cavid (Rəsizadə) hara?

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: