Fransadan dəvət almış rejissor filmini ora apara bilmir
Ölkədə yaradıcı gənclərə qarşı laqeyd münasibət dəyişmir. Son bir ayda onların aidiyyatı olan qurumlardan şikayətləri daha da çoxalıb. Kollektivi gənclərdən ibarət olan Bakı Kamera Teatrını binasız qoydular, “Kontempo” solist qrupu Türkiyədə keçirilən musiqi festivalına qatıla bilmədi. Bu günlərdə isə Fransanın “Kelermon -Ferron” beynəlxalq kino festivalına dəvət almış gənc rejissor Asif Rüstəmov maliyyə problemləri ucbatından ora qatıla bilmədiyini deyir. Yeri gəlmişkən, Asif bu yaxınlarda İtaliyada keçirilən nüfuzlu “Aziatika Mediali” festivalından qayıdıb. Onun “Ev” filmi həmin festivalda ən çox tamaşaçı rəğbəti qazanan film olub və diplomla dönüb. Gənc rejissorla yeni filmi və üzləşdiyi problem ətrafında söhbətləşdik.
- Asif, əvvəlcə filminiz haqda bir az danışın…
- 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi “Yeni əsr, yeni zaman, yeni gənclik” adlı ssenari müsabiqəsi elan etdi. Mən Ramiz Fətəliyevlə birgə yazdığım ssenarini müsabiqəyə təqdim elədim və ssenari qalib gəldi. Filmin icrası “Dərviş” Prodüser Mərkəzinə həvalə olundu. Rejissoru isə bildiyiniz kimi, mən idim. Yeri gəlmişkən, filmin yaradıcı heyəti də çox maraqlı idi. Məsələn, musiqini “Yeddi oğul istərəm” filminə musiqi bəstələmiş Xəyyam Mirzəzadə yazdı…
- Yaradıcı heyətlə hər şey aydındı, amma filmin qayəsini də izah etsən, pis olmazdı.
- “Ev” dünyaya, həyata iki baxışın toqquşmasıdır. Film boyu iki fikir mübarizə aparır. Birinci fikrə görə, insan mənəvi baryerləri gözləməlidir, ikinci fikrə görə isə məqsədə çatmaq üçün istənilən üsuldan istifadə etmək, hər şeyə əl atmaq olar. Filmin qəhrəmanı seçim qarşısında qalır. O, valideynlərindən qalan evi, onun uşaqlığının keçdiyi doğma yeri satmalıdır. Əmlak şirkətləri onu buna vadar etmək üçün hər şeyə əl atırlar. Hətta qəhrəman üçün sevgi tələsi belə qurulur. Filmin sonunda uğursuz sevgi onu evini satmağa məcbur eləyir.
- Bildiyimizə görə, film hazır olandan sonra az qala rekord sayda festivallara dəvət alıb…
- Elədir. Filmi ərsəyə gətirəndən bəri 10-dan çox beynəlxalq festivala dəvət almışıq. Bunların arasında İsveç, İtaliya, Fransada keçiriləcək çox nüfuzlu beynəlxalq festivallar var. Amma təəssüf ki, biz bu festivallara qatıla bilmirik. Bu yaxınlarda İtaliyada keçirilən festivala öz pulumuz hesabına gedib-gəldik. Film orada ən çox tamaşaçı rəğbəti qazanan ekran əsəri kimi diplom da aldı. Ümid edirdik ki, bu uğurdan sonra Gənclər və İdman Nazirliyi bizim növbəti səfərlərimizdən heç olmasa, birini maliyyələşdirər. Məsələn, bu yaxınlarda Fransada keçiriləcək “Klermon-Ferron” festivalına dəvətliyik. Orada qalacağımız müddətdə nə xərcimiz varsa, bunu fesivalın təşkilatçıları öz üzərinə götürüb. Bizə təkcə yolpulu lazımdı. Amma məktubla nazirliyə müraciət etsək də, bizə hələ də rəsmi cavab verməyiblər. Qeyri-rəsmi cavab isə budur ki, həll etməyə çalışacağıq. Amma vaxt gedir axı…
Qeyd: Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrəndik. Gənclər və Turizm Nazirliyinin “Yaradıcı gənclərlə iş” şöbəsinin müdiri Namiq Cəfərovun bildirdiyinə görə, bu məsələ ilə bağlı onlara doğrudan da, müraciət olunub: “Amma dövlət büdcəsindən nazirliyə bu ilin yarımillik maliyyəsi üçün hələ pul ayrılmadığından, biz müraciət edən gənclərə hələ gözləməyi tövsiyə edirik”. O ki qaldı maliyyənin nə vaxt ayrılacağına, bunu nazirliyin özündə də dəqiq bilmirlər. Elə Namiq müəllimin cavabı da bunu sübut edir: “Biz də gözləyirik”.
Günel Mövlud




Bölmə: 










scorpion adlı istifadəçi, Fevral 11, 2008 tarixində, saat 15:00 yazıb:
Bu yazını oxuyanda bilmədim gülüm yoxsa ağlayım… Mən bilirdim ki, Asif artıq Fransadadır. Bu gün səhər tezdən Bakıya qayıdıb… Özü ilə şəxsən telefonla danışdım… Günel xanım hər halda jurnalist olmağa həvəs göstərirsə oxucuları çaşdırmasın…
e110365 adlı istifadəçi, Fevral 12, 2008 tarixində, saat 17:51 yazıb:
10 fevral tarixli yazıdan
“Kontempo” solist qrupu Türkiyədə keçirilən musiqi festivalına qatıla bilmədi.
27 yanvar tarixli yazıdan
“Contempo” ansamblının Türkiyədəki festivalda çıxışı baş tutdu.”
“Contempo” ya “Kontempo”?