Gürcü şairi Zviad Ratianiylə söhbət
Tanıtım: 1971-ci ildə Tbilisidə anadan olub. Şair, tərcüməçidir. Bir çox yerli və əcnəbi ədəbi mükafatların sahibidir. Şeirləri əksər Avropa dillərinətərcüməedilərək, dərc olunub.
- Zviad, Gürcüstanda Yazıçılar Birliyi varmı?
- Gürcüstandakı Yazıçılar Birliyi demək olar ki, sadəcə kağız üzərində mövcuddur. Orada bir neçə gülməli, köhnə, əyalət təfəkkürlü adam toplaşıb. Ancaq müasir baxışlı yazarlardan ibarət olan ədəbi qurumlar da var. - Deməli, birliyin üzvləri yaşlı nəsil ədəbi qüvvələrdir?
- Yox. Bilirsiniz, bizdə nəsillər arasında olan münasibətlər bir qədər fərqlidir. Məsələn, Yazıçılar Birliyinnin üzvləri o qədər də yaşlı adamlar deyil. Amma, ədəbi baxışlar məsələsində kifayət qədər köhnədirlər. Yenilikçi cavanlara da münasibətləri yaxşı deyil. Yaşlı nəslin nümayəndələri isə əksinə, bizimlə daha çox həmfikirdirlər. Onlar orta nəslin nümayəndələrindən daha çox bizimlə ünsiyyətdə olurlar. Yəqin ki, bu onların cavanlaşmaq arzusundan irəli gəlir.
- Zviad, Azərbaycanda epataj ədəbiyyat aqressivliklə qarşılanır. Sizdə epataj yazan varmı və yaşlı nəslin onlara münasibəti necədir?
- Əlbəttə var. Münasibətlər isə yenə fərqlidir. Bizdə epataj ədəbiyyat yaradanlara münasibət gəlib bu səviyyəyə çatmır. Yəni münasibəti belə xarakterizə etmək olar: «Nə yazır, qoy yazsın»
- Bəs qadın ədəbiyyatı? Onlar yenilikçiliyə, cəsarətli addımlara meyllidirlərmi?
- Biz ədəbiyatı qadın və kişi ədəbiyatına bölmürük. Yəni nəsə yazanda yazarın qadın və ya kişi olması məncə çox şeyi dəyişmir. Hazırda bizdə 10 nəfərə yaxın qadın yazarın adını çəkmək olar ki, öz mətnləri ilə nə cəsarətdə, nə də yenilikçilikdə kişilərdən geri qalmırlar.
- Gürcüstanda yazar öz mətnləri ilə yaşamını təmin edə bilirmi?
- Şəxsən mənə şeirlərim üçün pis qonorar vermirlər. Əvvəllər, gənc vaxtlarımda nəşriyyatlardan birində redaktor işləyirdim və qazancdan şikayətim yox idi. İndi isə mobil əlaqələr kompaniyasında montajçı-mühəndis kimi çalışıram. Yaxşı qazanıram, amma burada qazanca görə işləmirəm. Vaxtımın çoxunu insan olmayan yerlərdə keçirirəm. Ya da ətrafımda olanlar elə adamlar olur ki, ədəbiyyata heç bir dəxli olmur. Yazar dostlarımın buna görə mənə yazığı gəlir. Mən isə tamam əksini düşünürəm. Hər zaman arzulamışdım ki, yazmaqdan əlavə də bir peşə sahibi olum. Artıq yeddi ildir ki, bu işlə məşğulam. İndi belə qənaətə gəlmişəm ki, mən yaxşı ələqələndirici olduğum qədər yaxşı yazar deyiləm. Bilirsiniz, mənim işimdə hər şey çox mürəkkəbdir. Bu işdə hətta ən az peşəkar olan və çox az bilən adam da olduqca çox bilir. Yəni bu işi bilməməsi mümkün deyil. Bu işdə «sıfır» deyilən səviyyə yoxdur. Amma ədəbiyyatda belə deyil. Ədəbiyyat sahəsində olan elə adamlar var ki, bu barədə heç nə bilmir amma irəli gedə bilir.
Buna görə də mən vaxtımın çoxunu ədəbiyyata dəxli olmayan, amma əla insanlarla keçirdiyimə görə məyus deyiləm. Mən azadam, istədiyim adamla dostluq edirəm, fərqi yoxdur, o yazardır, ya yox.
- Bəlkə işinizin romantik bir tərəfi də var, ona görə işinizi belə çox sevirsiniz?
- Bəs necə? Mən əlaqələndiriciyəm. Siz mobil telefondan istifadə edirsiniz, eləmi? İndi fikirləşin ki, sizə minlərlə kilometr uzaqdan gələn səs mənim çəkdiyim naqillərlə dənizin altına enir, sonra yüksəkliyə qalxır, məsafə qət edib bir anın içində sizə çatır. Burada hər səs şifrədir və onu ötürmək üçün mən həyatımı riskə atıram. Romantikdir, eləmi?
- Siz bunları yazırsınız?
- Hələ ki yox.
- Niyə?
- Bilmirəm, ya istedadım çatmır, ya da vaxtım. Amma, ümid edirəm ki, nə vaxtsa bunları ədəbiyyata çevirəcəm.
- Azərbaycan ədəbiyyatı haqda nə kimi təəssüratlarınız var?
- Mən burada bir çox maraqlı, istedadlı yazarla tanışam. Doğrudur, deyə bilmərəm ki, müasir Azərbaycan ədəbiyyatı haqda tam təsəvvürə malikəm. Amma, mənim dostum, «Alternativa» jurnalının baş redaktoru Şota İataşvili sizin bir sıra yazarlarınızı tərcümə edərək müasir Azərbaycan şairlərinin şeirlərindən ibarət olan bir antologiya hazırlayıb. Həmin şeirləri mən də oxudum. Demək olar ki, hamısı xoşuma gəldi. Rasim Qaracanın, Həmid Herisçinin, Nicatın şeirləri məni çox təsirləndirdi. Səlim Babullaoğlunun şeirləri ilə əvvəldən tanış idim. Məncə, sizdəki poeziya qonşu xalqların poeziyasından geri qalmır.
- Ədəbiyyatdan kənar bir sual: keçən il də Bakıda idiniz, bu il hansı dəyişiklikləri gördünüz?
- Sözün açığı, yanımda yerli adam olmasa, mən indi şəhərdə aza bilərəm. O qədər yeni, hündürmərtəbəli binalar tikilib ki, köhnə şəhər demək olar itib. Bunları görəndə, Bakının köhnə üslübda olan evləri üçün darıxdım. Bir də şəhərinizdə olduqca çoxlu fəvvarələr gördüm.
- Bir daha bizə qonaq gəlmək istərdiniz?
- Böyük məmnuniyyətlə.
Günel Mövlud
« “El İçində” ədəbiyyat davası? | Əsas səhifə | Kasablankada beynəlxalq kitab yarmarkası başa çatdı »




Bölmə: 









Şahanə adlı istifadəçi, Fevral 19, 2008 tarixində, saat 16:41 yazıb:
Zviadın peşəsi xoşuma gəldi - səsləri qovuşdurmaq…
Novarg adlı istifadəçi, Fevral 19, 2008 tarixində, saat 16:49 yazıb:
Mobil telefon ve naqil…? O teleqraf olmasin…? Herchend, romantika ele teleqraf simlerinin uzerinde oturan leyleklerdedir… -))
Suala bax, “qadin edebiyyati”… -))