Qan Turalı. İSTİSNA

Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 19 Şubat, 2008

Qan TuralıAsif Ata haqqında yazı

Sovet dönəmi haqqında çox danışmaq olar. Bu dövr hər şeydən əvvəl intelligensiyanın ölümü ilə xarakterizə oluna bilər. Ziyalılar hər şeydən əvvəl burjuaziya dövrünün məhsuludur. Azərbaycanda da XIX əsrin 70-ci illərindən sonra intelligensiya formalaşmağa başladı. İlk modern təfəkkürlü ziyalımiz Mirzə Fətəli isə Tiflis mühitində yetişmişdi. Və Azərbaycanda Mirzə Cəlil, Üzeyir bəy, Sabir, Haqverdiyev daha sonralar isə Cəfər Cabbarlı və Hüseyn Cavid kimi böyük ziyalılar yetişdi. Onlar publisistikada, ədəbiyyatın müxtəlif sahələrində- dramaturgiyada, nəsrdə, poeziyada fəaliyyət göstərdilər. Xalqın min illərdən boyu yığılıb-qalan problemlərinə əlac axtardılar, Çar Rusiyasının repressiv rejimindən çox xalqla mübarizə apardılar, xalqa qarşı xalqsız oynadılar. Bu missiya Stalinin hakimiyyətdə möhkəmlənməsinə qədər davam etdirildi. Cəfər Cabbarlı, Mirzə Cəlil bu dövrü görmədi, Cavid sürgünə göndərildi, Üzeyir bəy ömrünün qalan hissəsində demək olar ki, yaradıcılıqla məşğul olmaqdan imtina etdi, təşkilatçılıqla məşğul olmağa başladı. Və SSRİ dönəmində formalaşan ziyalı elitası onlarla müqayisədə ziyalılığa parodiyadan başqa bir şey deyildi. Mirzə Cəlil nəsrdə, Sabir şeirdə, Cavid və Cabbarlı dramaturgiyada, Üzeyir bəy musiqidə əlçatmaz görünür. İndinin özündə belə. Bu həm onların böyük yaradıcı istedadları həm də onların böyük xarakterləri ilə izah oluna bilərdi. Fərqi yoxdur, Sovet dönəmi intelligensiyanı məhv etdi və Sovet dönəmində yetişdirilən ziyalıların varlığının özü yoxluq idi. Sadəcə olaraq dəyər öz əhəmiyyətini itirərək psevdodəyərlə əvəzlənirdi.

Sovet dönəminin işini bircə cümlə ilə bitirmək, bu dönəmə bir hökmlə yekun vurmaq olardı. Amma bircə ona görə biz bunu etmirik, istisna var, çünki ASİF ATA var, və onun min-cür təqiblərlə, təzyiqlərlə yazdığı əsərlər bu gün də bizimlədir və biz onun simasında Azərbaycanın HƏQİQİ ZİYALISINI görürük. Onun adı bizim qurtuluşumuzdur, bizim xilasımızdır, çünki onun varlığı xalqın potensialından xəbər verir, ziyalı adını qoruyub-saxlamaq faktından xəbər verir, onun adı şərəfdən, ləyaqətdən, namusdan və əlbəttə ki, böyük intellektdən xəbər verir.

   Amma onu əzdilər…

   Sovet quruluşu dağılan kimi biz yeni bir faktla üzbəüz qaldıq. Sən demə, biz dissidentlərin əhatəsində yaşayırıqmış, sən demə, bizim ziyalıların yanında Brodski, Soljenitsin yalan imiş, sən demə, sətir altından bizim ziyalılar rejimi dağıdıblarmış. Bu dəhşətli mif idi. Sovet dövrünün bütün mükafatlarını yaxalarından asan, mühüm postları tutan, əsərləri fantastik tirajlarla çap olunan psevdoziyalı elitası öz buqələmunluğunu müstəqillik dönəmdə də sərgiləməkdən özünü saxlaya bilmədi. Bunlar dissident imişlər, bizim xəbərimiz yox. Sən demə, bunların sətiraltı mətləblərini Qlavlitin yüksək təhsilli işçiləri tuta bilmirdi, amma xalq onları tuta bilirdi, onlar dövlətdən ənamları alıb xalq üçün çalışırdılar və kosmosa adam çıxardan Sovet hökumətini onlar balaca uşaq kimi aldada bilirdilər.

   Amma onu əzdilər. Əlbəttə ki, Asif Atanın xarakterini məhv edə bilməzdilər, onun qarşısını ala bilməzdilər, onun əsərləri yazılmalı idi və yazıldı. Amma onun qarşısını kəsən psevdolar elə bildilər ki, Asif Atanı universitetdən çıxartmaqla, Yazıçılar Birliyindən çıxartmaqla, dissertasiyasının müdafiəsinə qadağa qoymaqla, məqalələrinin, kitablarının dərc olunmasını qadağan etməklə onu məhv edə bilərdilər. Amma olmadı. Onlar Asif Atanı özləri kimi bilib yanıldılar. Çünki onların özü gündəmdə qalmaq üçün vəzifədə olmalı, yubileylərində dövlət mükafatları almalı, istedad və intellektdən məhrum əsərləri tez-tez çap olunmalı idi. Onların başqa yolu yox idi. Onlar bu günün yazarları idi və sabah onların deyildi. Asif Ata isə böyük sabahların adamı idi və o sabahlar hələ açılmasa belə Asif Ata hələ də unudulmayıb. Amma o zamankı şairlərin “böyük şöhrəti” haralardadır?

   Asif Ataya qarşı hücumlar təşkil olunmuş hücumlar idi. Bunların arxasında duran adamların da adları bizə bəllidir. Lakin biz bu gün o adamların adını yazmayacağıq. Bu barədə xüsusi araşdırma apararaq yazı yazmaq fikrimiz var. Amma bir şeyə də qəti əminik ki, Asif Atanın mətbuatda adının çəkilməsi belə bir çoxlarınını əsəbləşdirir, qısqandırır, əllərini “Volidol”a uzadır.
   Yarımhəqiqət və həqiqət

  Asif Atanın gördüyü ən böyük iş marksizmin tənqid etməklə öz fəlsəfi sistemini yaratmaq idi. O, bu missiyanı yerinə yetirə bildi. Tam əminliklə demək olar ki, Sovet dönəminin heç bir dissidenti Asif Ata qədər marksizmin nəzəri dayaqlarına zərbə endirə bilməmişdi.

   “İnsanın rolu sinfi münasibətlərlə məhdudlaşırsa deməli o, özünü həyatda dolğun, əsil insani şəkildə realizə edə bilmir, özündən ayrılır. Þzündən ayrılmış insanı əsil insan hesab etmək-onun müflisləşməsini əbədiləşdirmək deməkdir. İnsanı cılızlaşdırmağın, bəsitləşdirməyin, əşyalaşdırmağın elməbənzər nümunəsi”.

   Bu sözləri Asif Ata sovet dönəmində yazmışdı. Aşağıdakı sözləri də.

   İnsan sinfiləşdikcə-mənən müflisləşir.

   İnsan ümumiləşdikcə, mücərrədləşdikcə, ruhaniləşdikcə-zənginləşir, böyüyür, bütövləşir.

   Sinfi insan olmaq-özündən ayrılmaqdır.

   Asif Ata marksizmin materializmini qəbul eləmirdi, o, insanı sinfiləşməsini qəbul eləmirdi, insanın özündən böyük mahiyyətini axtarırdı, insanın mənəviliyini, ruhiliyini axtarırdı. Asif Ata sufilərin baxışlarını, Nəsimini, Füzulini, Nizamini yenidən öyrənirdi, yenidən onlar haqda yazırdı, onları aktuallaşdırır, müasirləşdirirdi və bununla da Azərbayan fəlsəfi fakir tarixində yer almış fəlsəfi ideyaları marksizm qarşısında dayağına çevirirdi. Asif Ata 1000 illik Azərbaycan mədəniyyətini Sovet dönəmində yeni prizmadan baxırdı, Azərbaycan klassiklərini yenidən kəşf edirdi. Asif Atanın təqdimatında Cəfər Cabbarlı da, Mirzə Cəlil də, Füzuli də tamam başqa cür görünürdü. İstər Cəfər Cabbarlı, istərsə Mirzə Cəlil haqqında onlarla əsər, yüzlərlə məqalə yazılıb, onların öz yazdıqlarından çox onlar haqqında yazıblar. Amma onların heç biri Asif Atanın bir neçə səhifədə göstərdiyi Mirzə Cəlili göstərə bilməyib, Asif Atanın gördüyü Cəfər Cabbarlını görə bilməyib. Eyni sözləri Asif Atanın haqqında yazdığı hər bir klassikə aid eləmək olar. Hər birisinə…

   Asif Ata “Həqiqət və yarımhəqiqət” essesində Cəfər Cabbarlının “Oqtay Eloğlu” pyesi əsasında yazmışdı. Asif Ata Oqtay Eloğlu ilə digər artistləri fərqləndirərək yazırdı:

   Tamaralar, Xaspoladlar, Şəkinskilər, Şaqqulular, Mazandaranskilər! Onlar aktyordurlar. Lakin sənət fədailəri yox, sənətin ətrafında dolananlardır.

   Onları səhnəyə həqiqət, mənəvi ehtiyac, hisslər zənginliyi, məcnunluq yox cılız bir həvəs gətirmişdir.

   Şəkinskilərin həqiqətləri yoxdur. Çünki sənət adlı tanrıları yoxdur.

   Oqtay Eloğlu isə onlardan fərqlənirdi:

   Oqtayın mənəviyyatının ülviliyi hər cür yarımhəqiqətlərin inkarı və ideal, tam həqiqət həsrətinin sonsuzluğu ilə müəyyən olunur.

   Oqtay yarımçıq fədakarlığı inkar edir”:Ya mən olmalıyam, mənim üçün xalq olmamalıdır, ya o olmalıdır, mən olmamalıyam. Mən baxdım, ikinci yolu götürdüm. Və o gündən Oqtay bir şəxsiyyət olmaq üzrə yoxdur. O eloğludur. O, böyük bir vahidin kiçik bir parçasıdır”.

   Sona qədər fədakarlıq ideal naminə hər şeydən özündən, anadan, bacıdan keçmək. İdeal hər şeydir. Deməli, başqa nə varsa, onun üçündür, ona tabedir.

   Asif Atanı başqalarından fərqləndirən də bu idi.

   Asif Atanın fəlsəfi irsi ən geniş və əhatəli araşdırmalara layiqdir. O cümlədən müzakirə və kritikalara da. Başqaları orden, medal irs qoyub gedib, Asif Ata isə öz əlyazmalarını. Hər bir gənc Asif Atanın yazdıqlarını oxumalıdır. Onu qəbul etməyə bilər, amma bu əsərlər Azərbaycanın totalitar Sovet zülmətində parlayan yeganə nuru olduğuna görə oxunmalıdır. Bu əsərlər mayasında böyük intellekt və xarakterin daşıdığı üçün oxunmalıdır. Bu əsərlər Azərbaycan mədəniyyətinin qaynaqlarını öyrənmək baxımından oxunmalıdır. Və nəhayət bu əsərlər Asif Ata tərəfindən yazıldığı üçün oxunmalıdır.

1 səs2 səs3 səs4 səs5 səs (3 səs, hardasa: 3,67 ilə 5 arası)
Loading ... Loading ...

28 Şərh var
Şərh yazın »

  1. Asif ATA haqqinda Azadlıq qəzetinin veteranı Afaq xanım çox bilir. Yaxşı xatirələri var… Çünki Asif Ata onun yaxın qohumudur.
    Fakt: 1970-ci ildə Əkrəm Əyrisli “Azərbaycan” jurnalında baş redktor olanda Asif Əfəndiyevlə(Ata) bağlı təhqir edici yazılar dərc edirdi.

  2. Sag ol Qan Turali !!!

  3. Sag ol, Qan Turali. Heqiqeti yaz.

    Amma Turxan Gerb sehv edir, 1970-de Azerbaycan jurnalinin redaktoru Ekrem Eylisli deyildi. Kim idi onu yazsin.

  4. Azərbaycan jurnalında, Əkrəmin vaxtında Şahnəzərov imzalı bir nəfər if Atsif Ata haqqında kəskin tənqidi məqalə yazıb. Bu 1978-ci ildə olub. Məqalə Asif Atanın müdriklik səlahiyyəti kitabı haqda olub.

  5. bu 1 yazi…
    bes 1970-deki +…lar?

  6. Hörmətli ox! Mən təxminən 70-ləri nəzərdə tutmuşam. Dəqiq tarixi bilmirəm. Bəli, Şahnəzərov adlı birisi Asif ATA haqqında yazırdı. Əyrisli də bunları dərc edirdi. Zamanın tələbi.

  7. Amma bu heqiqetin hamisi deyil!

  8. Tural, Asif Atanı xatırlatmağın əladı. Amma bir də belə dəhşətli giriş yazma…

    Alimin “Müdriklik səlahiyyəti” kitabını oxumuşdum. Məktəbli ağlına sığmayacaq şeylər çoxuydu orda. Muğamların izahına isə vurulmuşdum. O zamandan sonra muğamlara daha dəqiq qulaq asmağa, oxuduqlarımı orda tapmağa çalışırdım…

    Asif Ata haqqında daha dərin, daha geniş yazmaq lazımdır. Gənc tədqiqatçılara mövzu kimi verilməlidir onun yaradıcılığı.

    Tural, bir də belə insan haqqında yazanda üzdən getmə lütfən…

  9. Şahanə xanım, girişi necə yazım? İroniyasız soruşuram. Bu yazı qəzetdə bir neçə ay bundan dərc olunub. Ona görə girişi təkrar oxudum. Orda sizi nə qane etmədi? Desəniz iradı bundan sonrakı həyat və yaradıcığımda nəzərə alaram.

  10. Oxucularınla dialoqa girmək istəyin Asif Atanı xatırlatmağından da əladı, Tural. Sən gəl, hamımızın sevimlisi Seymura oxşama, oxucularını iqnor eləmə, olurmu?

    Girişin isə uzun və yorucu idi. Üstəlik, bu şeyləri hamı bilir. O zaman qısa bir girişlə kifayətlənmək olardı.

    Həm də sadə və bəsit yeri gələndə çox fərqli mənalar daşıya bilir…

    Uğurlar, Tural!
    Sən arada gəzməyə get…)

  11. Tural, sag ol ki, xatirlatdin. Dogrudan da, bir az bilgilerimizi yenilemek gerek.

  12. Müəllif nə üçün Asif Əfəndiyevin sosialist realizmi barədə işlərini unudub? Yeni büt yaratmağa lüzum yox, məncə…

  13. mence esl ziyali ziya bunyadov idi.isa muganna ile asif efendiyevi ise beraber tuturam.

  14. Ola biler. Ama maraqli adamlara ara-sira muraciet etsek mence hec ne itirmerik.

  15. Salam, Tural man yazini ikinci dafa oxudum, cox maraqlidir.

  16. Mənim Ziya Bünyadov barədə elə bir ciddi məlumatım yoxdur. Lakin onu bilirəm ki, o Heydər Əliyevin zamanında Elmlər Akademiyasının ikinci adamı idi. Bu vəzifəyə qoyulmaq heç də yüksək ləyaqətdən xəbər vermir. Əlbəttə, Ziya müəllim yaxşı tarixçi olub, prinsipial adam olub amma bu böyük şəxsiyyət demək deyil.

    Şahanə üçün? İradınızı anlayıram. Bilirəm ki, bütün bunları hamı bilir. Amma yazım Ədalətdə çıxıb. Onun oxucu kütləsi tamam başqadır. Seymura niyə elə baxırsınız. O ki, yaxşı oğlandır. Yeyib-içəndir, xəyanəti bağışlamır.

    Güzel günler göreceğiz cocuklar…

  17. Asif Ata sosialist realizmi barədə danışa və yaza bilərdi. Lakin sinflik insanı cılızlaşdırır sözlərini o o zaman yazıb. Hamı aldana bilərdi. Bəlkə Anar belə şey yazmışdı? Amma o o zaman anlayıb hər şeyi. Bir də sosialist realizminin əsasını Qorki qoyub. Bilməyənlər üçün yazıram.

  18. Qorki qoymayib, Avropa`daki sosial realizmden behrelenen Stalin ozu yaradib sosialist realizmini; Jdanov, Qorki ve digerlerinin funksiyasi bezemek olub… Amma esline baxsan sosial realizmle sosialist realizmi bashqa-bashqa sheylerdir…

    P.S. Yazi da ela idi, Muganna ve daha sonralar Ejder Xanbabayev haqqinda fikirlerin de maraqli olardi…

  19. Təəssüf ki, Asif Ata haqqinda bilənlər də danisir, bilmeyenler de. Qantural, yazin yaxsidir. Hele bu sənin Asif Atani tam öyrənmədən yazdığındır. Atanı tam öyrənsən, gör hansı təsəvvürün olardı. Təəssüv ki, sosialist realizmini bilmeyenler de bu barede danışır. Hele sovetin qılıncının dali-qabağı kəsən vaxt “Müdriklik səlahiyyəti”ni yazmaq də DTK-nın hədələrinə baxmayaraq “Estetika və etika Klubu” yaratmaq her Kişinin işi deyildi. İmkan versəydiler DTK-nin arxivindən cox şeyi, o cümlədən Ata haqqında danos yazanlari da götürmek olardı. Sonradan bu danoscular qəhrəman oldular.
    Atani öyrənmek ücün hem de dünya ədəbiyyatını ve fəlsəfi fikir tarixini incəliklərinə qədər bilmək lazımdır.
    Şahnəzər Hüseynovsa vəfat edib. 90-cı illərdə Atanın övladlarına deyirdi ki, Asif Atanın tələbsi olub, ondan çox şey öyrənib.

  20. Muğanna haqqında yazmaq istəyirəm. Tezliklə yazacağam bu haqda.

  21. Azerbaycanda bele soz var idi. “filankes kishi adamdi”artiq bu soz unudulub.Tural,sen bax o cur kishi adamlar haqqinda yaz ki,”kishilerin” belke bundan sonra kishi ola bileceyi yadina dushsun.Ziyanin yarisindan da qayitmaq olar.
    Ugurlar sene Tural

  22. Stalin intellektual potensialca çox zəif idi. Rus ədəbiyyatı isə öz realizminə görə fransaya da ingiltərəyə də dərs keçərdi. Bir də sosrealizmin yaxşı vaxtlarında Avropada ekzistensionalizm dəbdə idi.

  23. “Sosrealizm” yox, zira iki mena chixir; sosial realizm yoxsa sosialist realizmi…? Yuxarida yazmishdim axi, tez-tez qarishdirilir bu iki mefhum…

    Sosial realizm 20-ci illerde, II senaye inqilabindan sonra yaranib, II Dunya muharibesi erefesinde, Amerika`daki boyuk bohranla birlikde formalashib, II Dunya muharibesi erefesinde, 30-cu illerde Stalin`in umumiyyetle realizme baxishi neticesinde sosialist realizmi`ne chevrilib, sifarishle Jdanov, Radek ve Qorki kimileri terefinden inkishaf etdirilib… bax: http://www.kolxoznik.ura -))

    …Avropa`daki ekzistensionalizm`in edebiyyatdaki sosial/sosialist realizmi ile elaqesini basha dushmedim, amma yeqin bilirsen ki, ekzistensionalizm`i edebiyyata getiren de el rus olub, Dostoyevski…

  24. Dostoyevski ekzistensializmin atasidir. Amam rus nesrinde realizm güclü olub. Mən realizmin iki formasını qarışdıran görmedim. Çünki realizm ilk növbədə sosial reallıqla bağlıdır.

  25. mence sosialist realizminin esasini chexov qoyub.

  26. Siz hemiseki kimi sehv edirsiniz. Kitab oxunmaq lzimdir. Hemishe olmasa da arada.

  27. Asif Atani dərindən anlamaq , dəyərləndirmək üçün onun kitablarıyla bərabər Vitgenşteyni, E. Fromu,F. Niçşeni, J.Derridanı, J. Bodriyari, U.Ekonu, Q.Başlyar və s. Qərbin ünlü filosoflarını diqqətlə oxumaq gərəkdir. Amma Niyazi Mehdi kimiləri Asif Atanı oxumamış (özünün http://www.day.az da etirafına görə) onun haqda ikibaşlı fikir yürüdür, onu kiçildir ki, özü biraz böyük görünsün.

  28. Asif Ata haqqında hər cür bilgi http://www.mutlakainam.tr.gg saytında!

Şərh yazın