6. BOĞAZIN KƏŞFİ
Salacak cinayətindən sonra bir daha anam və böyük qardaşımla Boğazda qayıq gəzintisinə çıxmadıq. Halbuki əvvəlki qış ikimiz də boğmaca olduğumuz üçün bir ara hər gün qardaşımla Boğazda qayıqla gəzintiyə çıxardıq. Xəstəlik əvvəlcə qardaşımda başlamış, on gün sonra da mənə keçmişdi. Xəstəliyin məni sevindirən bir cəhəti də vardı: anam mənimlə daha yaxşı davranır, çox xoşuma gələn o şirin sözləri deyir, istədiyim kiçik oyuncaqları alıb gətirirdi. Çəkdiyim ağrının səbəbi xəstəlikdən çox, həmişə birlikdə bizim mərtəbədə, ya da yuxarıda yeyilən günorta və axşam yeməklərində iştirak edə bilməmək, süfrə söhbətlərini, çəngəl, bıçaq, boşqab gurultusunu, gülüşmələri uzaqdan maraqla dinləyə bilməmək idi.
Çantasından bığına qədər hər şeyindən qorxduğumuz uşaq həkimi Alber ilk qızdırmalı gecələr keçdikdən sonra qardaşımla mənim müalicə üçün bir müddət hər gün Boğaza hava almağa aparılmağımızın vacibliyini bildirmişdi. Boğaz kəlməsinin türk dilindəki əsl mənasıyla “hava almaq” işi başımda bax beləcə bir-birinə qarışdı. Tarabyanın indiki kimi turist yeməkxanaları və oteliylə məşhur olan gəzinti yeri deyil, yüz il əvvəl görkəmli şair Kavafisin uşaqlığında yaşadığı sakit bir yunan balıqçı kəndi olduğu zamanlar oraya “Therapia” (yaxşılaşma) deyildiyini öyrəndikdə də bəlkə buna görə çox təəccüblənməmişdim. Bəlkə də başımda müalicə fikriylə qarışdığı üçün Boğazı görmək mənə həmişə yaxşı təsir edir.
Şəhəri için-için çürüdən yenilik, dağıntı, əziklik, hüzn və yoxsulluğa qarşı Boğaz həyata bağlılıq, yaşama həyəcanı və xoşbəxtlik duyğuları ilə dərindən müəyyən şəkildə beynimdə özünə yer etmişdir.
İstanbulun ruhu və gücü Boğazdan gəlir. Halbuki şəhər başlanğıcda Boğaza o qədər də əhəmiyyət verməmiş, buranı bir yol, gözəl mənzərə və son iki əsrdə həm də yaylaq yeri, ya da sahil evi kimi görmüşdü.
Bir sıra yunan balıqçı kəndinin əhalisindən başqa kimsənin yaşamadığı Boğaza on səkkizinci yüzildən etibarən, Osmanlının seçilmiş ailələri yazlıq evi kimi yerləşməyə başlayınca, xüsusilə, Köksu, Küçüksu, Bebek, Kandilli, Rumelihisarı, Kanlıca ətrafında İstanbula və Osmanlı sivilizasiyasına aid qapalı bir mədəniyyət inkişaf etməyə başladı. Osmanlı paşalarının, görkəmlilərin, son əsrin dövlətlilərinin tikdirib içində yaşadığı sahil evləri, daha sonra iyirminci əsrdə Cümhuriyyətin və türk millətçiliyinin həyəcanıyla türk-osmanlı kimliyinə və memarlığına nümunə oldu. “Boğaziçi xatirələr” adlı kitabında bu sahil evlərinin keçmiş fotoşəkillərini, Mellinq kimi rəssamlar tərəfindən tikilmiş qravürlərini, planlarını toplayan Sedad Hakkı Eldemin sahil evlərindən örnək aldığı nazik və hündür pəncərəli, geniş saçaqlı, incə bacalı və eyvanlı “müasir” tikililəri və onların təqlidi olan bu yıxılan, yox olan mədəniyyətdən geridə qalan sadəcə köləgələrdir.
Taksim-Emirğan avtobus xətti 1950-ci illərdə Nişantaşından də keçirdi. Boğaza getmək üçün anamla birlikdə evin önündəki dayanacaqdan avtobusa minərdik. Tramvayla getdikdə son dayanacaq olan Bebekdə- sahildə xeyli gəzdikdən sonra hər gün eyni yerdə bizi gözləməkdə olan qayıqçının qayığına minərdik. Bebek buxtaları, kənarları balıqqulağı ilə əhatələnmiş uzun körpülər və dəniz fənəri arasında qayıqla gəzməkdən, Boğaz axınının gücünü hiss etməkdən, keçən gəmilərin dalğalarıyla qayığımızın silkələnməsindən ləzzət alır, heç bu gəzintimizin bitməsini istəməzdim.
Boğazda gəzməyin ləzzəti böyük, tarixi və baxımsız bir şəhərin içində hərəkət edərkən dərin, güclü və hərəkətli bir dənizin azadlığını və gücünü içinizdə hiss etməkdir. Boğazın axıntılı sularında sürətlə irəliləyən adam çox izdihamlı bir şəhərin çirkinin, dumanının gurultusunun ortasında dənizin gücünün ona keçdiyini, bütün bu izdihamın, tarixin, tikililərin içində hələ də tənha və azad qalmağın mümkün olduğunu hiss edir. Şəhərin içində gəzişən bu su parçası Amsterdamın, Venedikin kanallarıyla, ya da Paris və ya Romanı ikiyə ayıran çaylarla müqayisə edilə bilməz. Boğaz axıntılı, küləkli, dalğalı, dərin və qaranlıqdır. Axıntı arxanızda qaldıqda, ya da onunla birlikdə şəhər xətləri paraxodlarının istiqamətində yengəc kimi yan-yana irəliləyərək sürüklənməyə başladığınızda eyvanlarında çay içərək sizə baxan xalalardan, binalardan, sahil evlərindən, yaxınlıqdakı çardaqlı kafedən, sahildəki lağım borularının boşaldığı yerdən donlarıyla dənizə girən və isinmək üçün asfalta uzanan uşaqlardan, sahildə balıq tutanlardan, kotralarının içində avaralananlardan, əllərində çantaları məktəbdən çıxıb sahil boyunca irəliləyən şagirdlərdən, gəmilərə yükləmə körpüsündə balıqçıları gözləyən pişiklərdən, nə qədər hündür olduğunu indi kəşf etdiyiniz çinar ağaclarından və sahil yolundan görünmədiyi üçün varlığından ancaq dənizdən baxdıqda xəbəriniz olacaq imarətlərdən, yoxuşlardan, yoxuşların arxasındakı təpələrdən, uzaqdakı hündür binalardan başlayaraq İstanbul ağır-ağır bütün qarmaqarışıqlığı, məscidləri, ucqar məhəllələri, körpüləri, minarələri, qüllələri, bağçaları, hər gün yenisi tikilən hündür binalarıyla önünüzdən keçir. Boğazda paraxodla, motorlu qayıqla və mənim uşaqlığımda etdiyim kimi qayıqla gəzmək adama İstanbulu həm yaxından ev-ev, məhəllə-məhəllə dikinə getmək, həm də uzaqdan ardıcıl olaraq dəyişən siluet və xəyal kimi görmə ləzzətini verir. Uşaqlığımda belə həmişə birlikdə maşınla gəzməyə getdiyimiz zamanlarda hiss etdiyim əsl Boğaz ləzzətlərindən biri burada, bir zamanlar Osmanlı mədəniyyətinin Qərb təsirinə düşdüyü, amma özünəməxsusluğunu və gücünü itirmədiyi çox zəngin bir dönəmin qalıqlarının varlığını görmək idi.
Böyük bir sahil evinin rəngi getmiş iri dəmir qapısından, digərinin yosun basmış qalın və hündür divarlarının möhkəmliyindən, hələ də yanmamış bir başqasının jalüzündən və möhkəm taxtasından, ya da bəzi sahil evlərinin arxasındakı yüksək təpənin sonuna qədər uzanan və ərqəvanlar, Boğaz şam ağacları və yüzillik çinarlarla əhatələnmiş qaranlıq bağçasından, bitmiş və geridə qalmış təmtəraqlı mədəniyyətin izlərini sezir, bir zamanlar bir az bizə bənzəyən bəzi adamların burada bambaşqa həyat yaşadıqlarını, amma artıq bu zamanların keçdiyini və bizlərin də bu insanlardan bir az daha fərqli - onlardan daha yoxsul, daha əzgin - olduğumuzu hiss edərdim. İstanbulun keçmiş mərkəzi, tarixi yarımada, 19-cu əsrin ortalarından etibarən müəyyən şəkildə yoxsulluğun, çürümənin, məğlubiyyətin, demoqrafik partlayışın, bir-bir məğlub olunan müharibələrin və qərbləşmənin təsirində olan müasir Osmanlı bürokratiyasının böyük binalarıyla xirtdəklənib əzilərkən, eyni bürokratiya, varlılar və paşalar, yayda uzaqlaşıb qaçdıqları Boğaz sahillərində tikdirdikləri sahil evlərinin ətrafında xarici aləmə qapalı olan mədəniyyət yaratdılar. İlk vaxtlarda avtomobil yolunun olmaması, 19-cu əsrin ortalarından etibarən isə gəmi yoluna və limanlara baxmayaraq İstanbulun hələ bütöv bir hissəsi olmadığı üçün xaricilərin əl-qolunu yellədərək gəzə bilmədikləri bu yerlər və xaricə qapalı mədəniyyəti haqqında vaxtilə orada yaşayan osmanlılar da nə isə yazmadığı üçün məlumatımız daha çox ikinci, üçüncü nəslin həsrətlə qələmə aldığı xatirələrə söykənir.
Bu xatirə yazarları içində ən parlağı sevərək oxuduğu Prousnun həssaslığını və uzun cümlələlərini “Boğaziçi mədəniyyəti” dediyi bu yerə köçürən Abdülhak Şinası Hisar idi (1887-1963). Uşaqlığını Rumelihisarında bir sahil evində keçirən, gəncliyinin bir qismində Parisdə şair yoldaşı Yahya Kemal (1884-1958) ilə birlikdə siyasət elmi oxuyan və Fransa yazıçılarından təsirlənməyi öyrənən Hisar “Boğaziçi mehtabları” və “Boğaziçi sahil evləri” adlı kitablarında yox olub gedən bu xüsusi mədəniyyəti və aləmi “bir müddət də yaşada bilmək üçün əlindən gələn bütün diqqət və etina ilə keçmiş zamanların naqqaşı kimi hörmək və işləmək” ehtiyacını hiss etmişdi.
Boğaziçindəki aylı gecələrdə qayıqlarla toplanıb, uzaq bir qayıqda çalınan musiqi fəslini dinləmək və ay işığını və sulardakı gümüşü oyunlarını seyr etmək üçün erkəndən aparılan hazırlıqlardan başlayaraq, bütün bir günü və uzun gecəni, səssizlikləri, sevgiləri, alışqanlıqları və yazarın israrla üzərində dayandığı incə mərasimləriylə yazılan “Boğaziçi mehtapları” adlı kitabın “sükut fəsli” hissəsini aradabir yenidən açıb oxumaqdan, içinə girə bilmədiyim üçün bu itkin dünyaya görə kədərlənməkdən və keçmişə həsrətlə dolu yazarın bu itmiş aləm içərisində nifrət, insan zəifliyi, güc və iqtidar ilə düzəlmiş, şeytanı və pis olanı görməzliyə vurmasına hirslənməkdən xoşlanıram: aylı gecələrdə durğun dənizdə qayıqlarla toplanıb dinlənilən musiqi fəsli susub, gecənin səssizliyi başladığı zamanlarda “külək əsmədiyi halda sular bəzən sanki öz içlərindən gələn xəfif ürpərişlə mənəviləşirdi” deyə A.Ş.Hisar yazırdı.
Anamla getdyimiz qayıq gəzintilərində də Boğaz təpələrinin içindən gələn rənglər mənə kənardan gələn işığın əks olunması kimi görünmürdü. Sanki damların, çinar və ərqəvan ağaclarının, birdən gözümüzün önündən sürətlə keçən qağayıların qanadlarının yarıyıxıq qayıqxana divarlarının içindən xəfif-solğun bir işıq saçdığını zənn edərdim. Yoxsul uşaqların sahil yollarında dənizə cumduğu ən isti yay günlərində belə Boğaziçində günəş iqlimə və mənzərəyə bütünlüklə hakim deyildir.
Yay axşamüstülərində də göyün qızılı rəngiylə Boğazın öz sirli qaranlığını birləşdirdiyi o bənzərsiz işığı seyr etməyi, onu başa düşməyi sevirəm. Köpük-köpük çılğıncasına axan, önünə gələn qayıqları dəlicəsinə sürükləyən suyun, mənim ona təəccüblə baxdığım iki addım aralıdakı başqa guşədə Monetin nilufərli hovuzu kimi ağır-ağır silkələnərək rəng dəyişdirdiyinə baxmağı də xoşlayıram.
1960-cı illərin ortasında Robert Kollejdə liseydə oxuyarkən səhər erkəndən Beşiktaşdan Sarıyerə gedən avtobuslarda camaatla birlikdə ayaq üstə dayanarkən qarşı sahildən Asiya təpələrinin arxasından günəşin doğumunu və qaranlıq, sirli dəniz kimi tərpənən Boğazın sularının rəng dəyişdirərək işıqlanmasını seyr etməyi sevərdim. Şəhərdə bir yarpağın belə tərpənmədiyi sisli bahar gecələrində, ya da aysız, küləksiz və səssiz yay gecələrinin birində Boğaz sahilində sadəcə öz ayaq səslərini eşidərək təkbaşına gəzən qüssəli bir kişi birdən Akıntıburuna, ya da Aşiyan qəbiristanlığının önündəki fənərə çatdıqda səssizlik içində anidən bütün coşqunluğuyla gurlayan axıntının ürpərtici səsini eşidincə və suyun haradan aldığını bilmədiyi işıqda parıldayan bəmbəyaz köpüklərini qorxuyla sezincə, bir zamanlar mənim də etdiyim kimi və lap A.Ş.Hisar kimi Boğazın özünə xas ruhu olduğunu görüb təəccüblənir.
Sərv ağaclarının, vadilərdəki qaranlıq qoruqların, tərk edilmiş, boşaldılmış baxımsız sahil evlərinin, kim bilir nə daşıyan qırıq-sökük paslı gəmilərin rəngindən, Boğaz gəmilərinin və sahil evlərinin ancaq bu sahillərdə bir ömür sərf etmiş olanların anlaya biləcəyi şeirindən, bir zamanlar böyük, güclü, son dərəcədə özünməxsus üslubu nail olmuş mədəniyyətin dağıntıları arasında həyatın ləzzətini kəşf etməkdən və tarixə və mədəniyyətlərə əhəmiyyət verməyən bir uşağın şad olmaq, əylənmək, bu dünyayı səmimiyyətlə anlama iştahıyla, əlli yaşındakı yazarın qərarsızlıqlarından, ağrılarından, yaşam dediyi zövq və təcrübələrindən bəhs edirəm. Boğazın, İstanbulun, qaranlıq küçələrin gözəlliyindən, ya da şeirindən nə zaman söz açmağa başlasam, içimdən bir səs məndən əvvəlki dövrlərin yazarları kimi yaşadığım həyatın əksikliyini özümdən gizləmək üçün yaşadığım şəhərin gözəlliklərini şişirtməməyin vacibliyini mənə söyləyir. Şəhər bizə gözəl və sehrləyici görünürsə, həyatımız da elə olmalıdır. İstanbul haqqında yazan məndən əvvəlki dövrün bir çox yazarı şəhərin gözəlliyindən başlarının gicəlləndiyini hər dəfə yazdıqda, bir tərəfdən məni hekayələrinin və dillərinin ovsunlu havasıyla təsirləndirərkən, digər tərəfdən də söz açdıqları böyük şəhərdə artıq yaşamadıqlarını, onların artıq qərbləşmiş İstanbulun müasir rahatlıqlarını üstün tutduqlarını mənə xatırlatdılar. İstanbulu ölçüsüz və lirik bir coşqunluqla tərifləməyin əvəzinin artıq o şəhərdə yaşamamaq, ya da “gözəl” hesab olunana kənardan baxmaq olduğunu onlardan öyrəndim. Bunun günahkarlıq duyğularını ruhunda hiss edən yazar şəhərin dağıntı və hüznündən dəm vurduqda bunların öz həyatına saldığı sirli işıqdan söz açmalı, şəhərin və Boğazın gözəlliklərinin tilsiminə düşdükdə öz həyatının səfalətini və şəhərin keçmişdə qalmış müzəffər və xoşbəxt havasına özünün heç yaraşmadığını xatırlamalıdır.
Anamla getdiyim qayıq gəzintisi bir-iki dəfə axıntıya qapılmaq, keçən gəminin dalğalarıyla silkələnmək kimi bir neçə “təhlükədən” sonra bitdikdə qayıqçı bizi axıntının sahilə xeyli yaxınlaşmadığı Rumelihisarı burnundan əvvəl Aşiyanda düşürür, anamla Rumelihisarına, Boğazın bu ən dar nöqtəsinə qədər gedir, iki qardaş Rumelihisarının kənar həyətinə bəzək kimi qoyulmuş Fatih dövründən qalma toplarla başımızı qatır, sərxoşların, evsizlərin içində yatıb gecələdiyi bu iri silindirlərin içindəki şüşə qırıqları, zibillər, tənəkə parçaları, siqaret kötüklərindən İstanbulun və Boğazın böyük tarixi mirasının indi orada yaşayanların əksəriyyəti üçün qaranlıq, sirli və anlaşılmaz olduğunu sezərdik.
Rumelihisarı yükboşaltma limanına gəldikdə anam limanın digər tərəfində yarısı daş döşənmiş yol, yarısı da səki olan və kiçik çayxananın işğal etdiyi bir yeri göstərib “burada əvvəllər taxta sahil evi vardı” deyə bizə xatırladırdı.
“Mən balaca olduğum vaxt babamız yayda bizi buraya gətirirdi”. Hər səfərində qorxuducu, köhnə, xaraba bina, dağılıb yandırılmağa layiq olacaq viranə kimi xəyal etdiyim bu yaylaq evi haqqında fikrimdən heç çıxmayan ilk əhvalat paşa qızı olan və aşağı mərtəbədə yaşayan ev sahibəsi qadının o illərdə - 1930-cu illərin ortasında oğrular tərəfindən sirli bir şəkildə öldürülmüş olmasıydı.
Bu əhvalatın qaranlıq tərəfinə çox meyl etdiyimi gördükdə, yox olmuş sahil evinin qayıqxanasının izlərini bizə göstərərkən anam başqa bir əhvalata keçər, nənəmizin bişirdiyi yeməyi qətiyyən bəyənməyincə babamızın hirsləndiyi vaxt yeməyi qazanla birlikdə pəncərədən aşağı, Boğazın dərin və axıntılı sularına necə atdığını gülümsəyərək kədərlə danışırdı.
Atamla dalaşdıqdan sonra anamın gedib yanlarında qaldığı uzaq qohumunun İstinyədə tərsanəyə baxan sahil evi vardı. Oranın da sonralar uçub-töküldüyünü xatırlayıram. Mənim uşaqlığımda dövrün yeni varlıları, yavaş-yavaş dövlətlənməyə başlayan istanbullu burjualar üçün Boğaz evləri heç də cəlbedici yerlər deyildi. Keçmiş Boğaz evləri küləyə və qış soyuğuna qarşı davamlı da deyildi və isidilmələri belə çətin və məsrəfli idi. Cümhuriyyət dövrünün yeni dövlətliləri Osmanlı paşaları qədər güclü olmadıqları və Taksim ətrafındakı səmtlərdə, uzaqdan Boğaza baxan binalarda yaşayarlarsa özlərini daha qərbləşmiş hiss edəcəkləri üçün keçmiş Boğaz evlərini hakimiyyətdən uzaqlaşmış Osmanlı ailələrindən, yoxsullaşmış paşa uşaqlarından, A.Ş.Hisar kimilərinin qohumlarından satın almadılar. Beləcə şəhərin sürətlə böyüdüyü 1970-ci illərə qədər Boğazın böyük taxta imarətlərinin və sahil evlərinin çoxu, içlərindəki dəli saraylılar, bir-birilərilə mal-mülkə görə dava edən paşa nəvələriylə birlikdə çox vaxt mərtəbə-mərtəbə, hətta otaq-otaq bölünüb kirayəyə verilərək, baxımsızlıqdan çürüyərək rəngləri tökülüb, taxtaları soyuq və nəmdən qaralaraq və yerində bina tikilməsi ümidiylə xaincəsinə yandırılaraq mənim uşaqlıq dövrümdə yox olub getdi.
1950-ci illərin sonunda atamın, ya əmimin istifadə etdiyi 1952-ci il modeli “Rodge” markalı maşın ilə hava almaq üçün Boğaz gəzintisinə çıxmaq bazar səhərlərinin vazkeçilməz vərdişi idi. Bizlər itib gedən bu Osmanlı mədəniyyətinə görə bir az kədərlənsək belə, Cümhuriyyətin yeni varlılarından olduğumuz üçün “Boğaziçi mədəniyyəti” bizə itki duyğusu və hüzndən çox böyük bir mədəniyyətin son işartıları olmağın qürurunu və təsəlli duyğusunu verirdi. Boğaza hər dəfə getdikdə mütləq Emirqana baş çəkilib “Çinaraltı” kafesində kağız halvası yeyilir, bir yerdə, Bebekdə, Emirqanda sahil boyunca gəzişir, Boğazdan keçən gəmilər seyr edilir, yolda anam maşını saxlatdırıb bir saxsı, ya da iki iri ağ balıq alırdı. Yaşım artdıqca ana-ata-iki oğlan uşağından ibarət ailə gəzintilərimizdən bezdiyimi, darıxdığımı xatırlayıram. Kiçik ailə davaları, qardaşımla hər dəfə dərin bir rəqabət və davaya çevrilən oyunlar, bir maşına doluşub bina həyatından kənarda nəfəs almağa çalışan kiçik ailənin dərd-qəmləri Boğazın havasını zəhərləyirdi. Amma bu kiçik bazar gəzintilərinə hər səfərimdə də çıxardım. Sonrakı illərdə Boğaz yollarında başqa maşınların içində, yenə bizimkilər kimi bazar gəzintisinə çıxmış, narazı, qovğalı, səs-küylü başqa ailələr görmək təkcə öz həyatımın çox da özəl olmadığını mənə xatırlatmaz, Boğazın istanbullu ailələr üçün bəlkə də yeganə sevinc qaynağı olduğunu sezdirirdi. Uşaqlığımın Boğazını özəl bir yer edən bir çox şey yavaş-yavaş, lap bir-bir yanan sahil evləri kimi yox olunca Boğaza getmək mənə eyni zamanda xatirə ləzzəti də verməyə başladı. Qədim torların yox olmasından, bir torun ağlarla balıqlara qurulan bir növ qapan olduğunu atamın necə danışmasından, qayığıyla ev-ev gəzərək şəhərdə meyvə satan satıcı qayıqlarından, anamla getdiyimiz Boğaz çimərliklərindən, Boğazda üzməyin ləzzətindən, bir-bir bağlanan, tərk edilən, sonra da lüks yeməkxanaya çevrilən Boğaz limanlarından, bu limanların yanında qayıqlarını çəkən balıqçılardan, onların qayığıyla kiçik gəzintiyə çıxmağın qeyri-mümkün olmasından artıq mən də söz açmaqdan xoşlanıram. Amma Boğazı mənim üçün Boğaz edən şey yenə də hələ uşaqlığımdakı ilə eynidir. Boğaz mənim üçün adamı sağaldan, yaxşılaşdıran, şəhəri və həyatı möhkəmləndirən, bitməz-tükənməz yaxşılıq və xeyirxahlıq qaynağıdır.
“Həyat bu qədər pis ola bilməz” - deyə bəzən düşünürəm. “Hər necə olsa da, sonunda adam Boğazda gəzintiyə çıxa bilər”.
7. MELLİNQİN BOĞAZ MƏNZƏRƏLƏRİ
Boğaz mənzərələrini çəkən bütün Qərb rəssamları içərisində görmənin və seyretmənin ləzzətini mənə ən çox daddıran və mənə ən inandırıcı gələn Mellinqdir. Rəssamın 1819-cu ildə çap olunan və adı belə mənə şairanə görünən “İstanbulda və Boğaz sahillərində pitoresk səyahət” adlı rəsm əsərləri və qravürlərindən təşkil olunmuş kitabının təkrar nəşrini naşir-şair yeznəm Şevket Rado 1969-cu ildə çap etdirmiş, içimdəki rəsm atəşinin alov-alov yandığı günlərdə bizə hədiyyə etmişdi. Hər bir guşəsinə saatlarca diqqətlə baxacağım bu rəsm keçmişdəki qüsursuz Osmanlı-İstanbulun bax bu olduğu duyğusunu mənə verirdi. Bu gözəl əksolunma Mellinqin memar və riyaziyyatçı dəqiqliyilə incə işlədiyi təfərrüatlarla qaynaşan sulu boya-quaş rəsmlərindən çox, bu rəsmlərdən özümü yoxlayaraq çəkdiyim qravürlərin ağ-qara cizgilərinə baxarkən içimdə oyanır. Heç olmasa keçmişin şahanə olduğuna özümü inandırmaq istədiyim zamanlarda - Qərb ədəbiyyat və sənətinin gücünə hədsiz inanmaq adamı bəzən belə bir İstanbul millətçiliyinə sövq edə bilir - Mellinq qravürlərinə baxmaq təsəllidir. Bu təsəlliyə, bu gözəllik və tikililərin çoxunun yox olduğu duyğusu hüznlə müşayiət edir. Digər tərəfdən Mellinqin rəsmlərini gözəl edən cəhətin bu itki duyğusu olduğunu da məntiqim mənə ifrat həyəcan anlarımda xatırladır. Bəlkə bir az da qəmlənmək üçün o rəsmlərə baxıram.
1763-cü il təvəllüdlü Antoine-İgnace Mellinq əsl avropalı, soyunda italyan və fransız qanı olan almandır. Karlsburda Grandük Karl Fridrixin sarayında heykəltəraş olan atasının yanında onun sənətini öyrəndikdən sonra Strasburqda əmisinin yanında rəsm, memarlıq və riyaziyyatı öyrənmişdi. On doqquz yaşındaykən o günlərdə yavaş-yavaş yüksəlməyə başlayan Şərq romantizminə görə çıxdığı bir səyahət onu İstanbula gətirmiş olmalıdır. Gəldiyi gün şəhərdə hər halda on səkkiz il qalacağını da heç təsəvvürünə gətirmirdi. Mellinq İstanbulda get-gedə böyüyən əhaliyə sığınacaq verən bugünkü Bəyoğlunun ilk ailələrinin köçdüyü Pera bağlarında, kosmopolit kübar həyatına başlayan səfirliklərin ətrafındakılara ilk öncə dərs verməyə başladı. Danimarkanın keçmiş İstanbul səfir vəkili baron de Hübcsh-ün Böyükdərədə inşa etdirdiyi sahil evinin bağçasını gəzən III Səlimin bacısı Haticə Sultan belə bir bağça saldırmaq istəyincə, gənc Mellinq tövsiyə edildi. Mellinq padşah kimi Qərb yeniliklərinə həvəsli olan bacısına əvvəlcə güllər, akasiya, yasəmənlərlə labirint şəklində qərb tərzində bağça saldı. Daha sonra Haticə Sultanın Defterdarburnundakı (bugünkü Ortaköy və Kuruçeşmə arası) sarayına əlavə kiçik bir köşk tikdi. Yazıçı Ahmet Hamdi Tanpınar (1901-1962) bu gün yox olan və Mellinqin rəsmlərindən tanıdığımız bu sütunlu, neoklassik Avropa tərzli tikilinin Boğazın varlığına uyğunlaşdığını, hətta “qarışıq zövq” dediyinin yaradılmasında təsirli olduğunu söyləyir. Mellinq III Səlimin yaylağı olan Beşiktaş sarayında da eyni şəkildə neoklassik, amma Boğazın havasına tamamilə uyğun gələn əlavələr, iç tərtiblər etdi. Bir yandan da Haticə Sultan üçün bugünkü mənada sənət məsləhətçisi, ya da “daxili dekor ustası” kimi işlər görürdü. Onun üçün saxsılar alır, naxışlı salfetlər üzərinə muncuqla işləmələr edir, elçi xanımlarını bazar günləri sahil evində gəzdirir, ya da miçətkən hazırlayırdı.
Bütün bunları onların bir-birinə yazdığı və bu gün xüsusi kolleksiyada saxlanılan məktublardan bilirik. Mellinq ilə Haticə Sultan kiçik bir intellektual kəşf etmiş və bir-birilərinə yazdıqları məktublarda Atatürkün 1928-ci ildəki “əlifba inqlabı”ndan yüz otuz il əvvəl türk dilini latın əlifbası ilə yazmağa başlamışdılar.
Bu məktublar sayəsində o günlərdə xatirə və roman yazmaq vərdişi olmayan İstanbulda bir padşah bacısının təxminən necə danışdığını da öyrənirik:
“Mellinq kalfa (usta köməkçisi-tərc.)”… miçətkən hansı gün gələcək? Aman, sabah istəyirəm… Dərhal işləyəsən, görüm səni… Çox qəribə bir bıçaq şəklidir… İstanbul rəsmini göndərmə, bu solmadı… Stulları istəmirəm, bəyənmədim. Ulduzlu stullar istəyirəm… İpək az olsun, zərli bafta çox olsun. Gümüş siyirtmə üçün rəsm gördüm, amma düzəltdirmə, əvvəlki rəsm qalsın, qətiyyən dəyişmə… İnci və pulcuğun pulunu martedi (çərşənbə axşamı) günü verərəm…” və s.
Latın hərflərindən başqa bir az da italyan dilində öyrəndiyi bəlli olan Haticə Sultan Mellinqə bu məktubları yazarkən otuz yaşına hələ çatmamışdı. Ərzurum qubernatoru olan əri Seyyid Ahmed Paşa çox vaxt İstanbulda olmurdu. Napoleonun Misir səfəri əleyhinə qəzəb yarandığı günlərdə Mellinq cenevrəli bir qızla evləndi və eyni günlərdə Haticə Sultana yazdığı kədərli məktbularından da aydın olduğu kimi, bir səbəb göstərilmədən gözdən düşdü:
“Əfəndim, qulları (mən) şənbə günü nökərimi göndərdim aylığı almağa… Demişlər artıq aylıq yoxdur… Əfəndimizdən bu qədər yaxşılıq gördüyüm üçün inanmadım bu təmbehi buyurduğuna… Zənn edirəm bu boşboğazlığı qısqanmaq boş söhbətdir, baxırlar ki, əfəndimiz qullarını sevir… İndi qış gəlir, Bəyoğluna gedəcəyəm, lakin necə gedəcəyəm… Pul yoxdur. Ev sahibi kirayəni istəyir, kömür, odun, mətbəx şeyləri lazımdır və artıq mənim qızım çiçəyə tutulub, həkim 50 qəpik istəyir, necə edim? Neçə dəfə yalvardım, nə qədər yol və qayıq xərci verdim, bir xeyirli cavab çıxmadı… Bir axça əlimdə yoxdur, yalvarıram… Əfəndim, belə buraxmayın məni, çox yalvarıram…”. Yalvardığı Haticə Sultandan bir cavab çıxmayınca, Mellinq bir tərəfdən Avropaya dönmə hazırlıqlarına başlayarkən, bir yandan da ona pul qazandıracaq işlərə girişdi. Padşaha yaxınlığına görə çəkməyə lap əvvəldən başlamış olduğu təfərrüatlı böyük rəsmlərini qravürlü kitab şəklinə gətirmək ideyasını həmin vaxtlarda inkişaf etdirməyə başladı. Fransanın İstanbuldakı səfir vəkili, məşhur şərqşünas Pierre Rufinin də köməyilə Paris ilə yazışmağa başladı. Mellinqin 1802-ci ildə Parisə gedişindən sonra çap olunması on yeddi il çəkəcək (Mellinq artıq 56 yaşında olduğu vaxt) və Parisdə dövrün ən məşhur qravürlərinin üzərində işləyəcəyi kitabın ilk hazırlıq mərhələlərində rəssamın təfərrüatları bütün gerçəkliyilə, olduğu kimi əks etdirməkdə çox usta olduğu fikri vurğulanmışdı. Bu gün bu böyük kitabın qırx səkkiz böyük qravürünə baxarkən içimizə ilk işləyən şey gerçək təfərrüatlara bu sədaqət və dəqiqlikdir. İtmiş dünyanın mənzərələrinə baxarkən, Boğazın və İstanbulun gözəlliklərini könül rahatlığı ilə seyr edə bilmək üçün ağlın istəklə axtardığı həqiqət duyğusunu Mellinq memarlıq təfərrüatlarına dəqiqliyi və perspektivin şıltaqlıqlarıyla hünərlə oynamasıyla verir. Bu qırx səkkiz tablo içərisində ən xəyali olan padşahın hərəmxanasının içini göstərən tablo belə memarlıq kəsiyi olması, perspektivin “qotik” imkanlarının istifadə olunması hərəmxana qadınlarının Qərbin hərəmxana və cinsi fantaziyalarından xeyli uzaq vüqar və zəriflik ilə işləndiyi üçün istanbullu tamaşaçıda belə güclü bir gerçəklik və ciddilik duyğusunu oyandırır. Rəsmlərinin akademik və ciddi ruhunu Mellinq qırıq-bucaqlarına yerləşdirdiyi təfərrüatların insani cəhətliyi ilə tarazlayır. Hərəmxananın giriş hissəsində, kənarda ayaq üstündə dayanaraq bir-birilərini məhəbbətlə qucaqlayan, dodaq-dodağa yaxınlaşan iki hərəmxana qadınını görürük. Amma dövrün bu cür təfərrüatlara həvəsli başqa qərb rəssamlarının etdiyindən fərqli olaraq, Mellinq onları nə qabardır, nə də yaxınlıqlarını dramlaşdıraraq rəsmin mərkəzinə çəkir. Mellinqin İstanbul mənzərələrinin sanki mərkəzi yoxdur. Bəlkə də onun İstanbuluna özümü bu qədər yaxın hiss etməyimin (təfərrüatı vermə ciddiyyətindən sonra) ikinci səbəbi budur. Kitabın sonunda yer alan xəritədə Mellinq bu böyük 48 tablonun hər birini İstanbulun hansı guşəsindən və hansı bucadan görərək çəkdiyini bir topoqraf dəqiqliyilə işarələyib.
Amma rəsm əsərləri lap Çin rulonları kimi, ya da bəzi sinemaskop filmlərdəki kamera hərəkətləri kimi görüntünün mərkəzi və sonu olmadığı duyğusunu məndə oyandırır. Mellinq heç bir rəsminin mərkəzinə dramatikləşdirilmiş insan fiqurlarını da çəkmədiyi üçün, lap uşaqlığımda Boğazı gəzərkən bir buxtanın arxasınca digəri ortaya çıxdıqca, ya da sahil boyunca irəliləyən yolun hər qıvrımında mənzərə təəccübləndirici şəkildə dəyişdikcə hiss etdiyim kimi, bu kitabın səhifələrini çevirib ağ-qara mənzərələrə baxdıqca İstanbulun mərkəzsiz və sonsuz olduğu duyğusu uşaqlıq nağılı kimi içimdə canlanır.
Mellinqin Boğaz mənzərələrinə baxmaq uşaqlığımda boş gördüyüm və üzəri qırx ildə çirkin binalarla əhatələndikcə artıq boş gördüyümü də unutduğum Boğaz təpələrini, yamacları, vadiləri, onları ilk dəfə gördüyüm vəziyyətlərilə görüb uşaqlığımın mənzərələrinə dönə bilmək sehrini mənə yaşatmaz, sadəcə Boğazın zamanda geriyə getdikcə səhifə-səhifə açılan gözəlliklərinin arxasında cənnət bir tarix olduğunu, mənim həyatımın da keçmişdəki bu cənnətdən bəzi xatirələr, mənzərələr və məkanlarla düzəldiyi düşüncəsini kədərli və şən hisslərlə yaşadır. Kədərlə sevincin görüşdüyü bu nöqtədə ancaq Boğazı yaxından tanıyanların biləcəyi bəzi təfərrüatların ardıcıllığının fərqinə varmaq mənə bu rəsm əsərlərinin zamandankənar cənnətdən çıxıb, mənim indiki həyatıma qarışdığı təəssüratını yaradır. Bəli, deyirəm öz-özümə, Tarabya buxtasından çıxar-çıxmaz sakit dəniz birdən-birə Qara dənizdən gələn poyrazla (külək növünün adı-tərc.) dalğalanır və tələsən, hirsli dalğaların arxasında eynilə Mellinqin çəkdiyi kimi bu qəzəbli, kiçik və səbirsiz köpüklər peyda olur. Bəli, axşamüstü Bebek arxasındakı qoruqlar, ancaq mənim kimi, Mellinq kimi oralarda on illər keçirmiş birinin hiss edə biləcəyi növdən öz içlərindən çıxan bu növ bir qaranlıqla dərinləşir. Bəli, Boğaz şam ağacları və sərvlər İstanbul mənzərəsinə həmişə bu zəriflik və qüvvə ilə yerləşir.
Ənənəvi islam bağçasının və islam rəsmlərində Cənnətin vazkeçilməz qəhrəmanları olan sərvlər də Mellinqin Boğaz rəsmlərinə eynilə İran miniatürlərində olduğu kimi mənzərəyə şairanə ahəng verən zərif və ciddi bir qaranlıq ləkə kimi yerləşir. Mellinq qıvrım-qıvrım Boğaz şamlarını çəkərkən belə, başqa bəzi Boğazı və İstanbulu çəkən qərbli rəssamlardan fərqli olaraq, baxışını ağacın budaqları arasına salıb dramatik bir həyəcan, ya da çərçivə təsirinin arxasınca qaçmır. Bu baxımdan miniatür rəssamlarına bənzəyir: lap ağaclar kimi insanları da ən emosional anlarında belə uzaqdan görür. İnsan bədəninin hərəkətlərini ustalıqla çəkə bilməməsi, bəlkə də buna görə jestlərlə heç maraqlanmaması, ya da qayıqları, gəmiləri Boğaz suları üzərinə (xüsusilə bizə dik gəlirsə) bəzən bacarıqsızcasına yerləşdirməsi və tikililərlə insanları, o qədər fikir verməsinə rəğmən bəzən uşaqyana qeyri-nisbi çəkməsi Mellinqin şəkillərinə bəlli bir şairanəlik verərək onu istanbullunun onu daha asanlıqla qəbul edə biləcəyi rəssama çevirir. Haticə Sultanın sarayındakı, ya da hərəmxanadakı növ-növ qadın fiqurlarının da hamısının bacılar kimi oxşar üzlə çəkilməsində baxanı gülümsədən saflıq vardır.
Mellinqi cəlbedici edən şey islam miniatürlərinin ən yaxşısından və İstanbulun qızıl dövrünün uşaqlığından çıxmış kimi görünən bu saflığı başqa heç bir şərq rəssamının edə bilməyəcəyi memarlıq, topoqrafik və gündəlik həyatın təfərrüatlarıyla incəliklə birləşdirməsidir. O zaman Kızkulesi isə Üsküdadarın Peradan görünüşü, ya da baxış bucağı xəritəsində işarələdiyi kimi, bu sətirləri yazdığım Cihangirdəki iş otağından qırx addım aralıda bir nöqtədən, Topxana arxasından çəkdiyi bir kafenin pəncərələrindən Topqapı sarayı, ya da Eyüp arxasından İstanbulun görünüşü həm tanış, hər zamankı mənzərə olur, həm də bir cənnət mənzərəsi. Bu cənnət Osmanlı sarayının Boğazı yunan balıqçı kəndləri sırası deyil, yaşanılacaq məkan kimi gördüyü və eyni zamanda Osmanlı memarlığının Qərbin cazibəsini görüb, saflığından əl çəkdiyi zamana da uyğun gəlir. Mellinqə görə III Səlimdən əvvəlki Osmanlı dövrləri mənə çox uzaqmış kimi görünür.
Marguerite Yourcenarın, Piranesinin Mellinqdən otuz il əvvəl çəkməyə başladığı Roma və Venesiya mövzulu qravürləri bir zamanlar tədqiq edərkən etdiyini, mən də “əlimi böyüdücü alıb” Mellinqin çəkdiyi İstanbul mənzərələrində hərəkət edən istanbullulara baxmaqdan zövq alıram. Məsələn, Mellinqin santimetrinə qədər təfərrüatlarını düzgün çəkə bilmək üçün Topxana bulağı və meydanını göstərən rəsmdə sol kənardakı qarpızsatanı (piştaxtası və müştəriyə qarpızı təklif etməsi bu gün də eyni tərzdədir), ya da bu dəfə əsərin aşağı orta hissəsindəki digər qarpızsatanın stulda oturuşuna diqqətlə baxmaqdan xoşum gəlir. Mellinqin İstanbul abidələri içərisində incəliyinə görə çəkməyə bu qədər önəm verdiyi və vaxtilə dəniz səviyyəsindən yüksəkdə olduğunu şəkildə gördüyümüz çeşmə bu gün ətrafındakı yolların plitə daşları, üzərinə asfalt çəkilərək yüksəlməsi nəticəsində çuxurda qalmışdır. Rəssamımızın şəhərin hər guşəsində, hər bacasında görməkdən xoşlandığı anasının əlindən tutan uşaqları (Theophile Gautier-in əlli il sonra müşahidə edəcəyi kimi, uşaqla gəzən qadın hər zaman təkcə gəzən qadından daha hörmətli hesab olunacağı və narahat edilməyəcəyi üçün) İstanbulun hər guşəsində bu gün də olduğu kimi növ-növ qiyafət, kiçik stullar, ərzaq malları və üzlərində bezikmiş ifadəylə görünən səyyar satıcıları, Beşiktaşda sahil limanından qarmağını sakit dənizə sallandıran gənc oğlanı (Mellinqi o qədər sevirəm ki, Beşiktaş sahilində dənizin heç bir zaman bu qədər sakit ola biləcəyini söyləməyə dilim gəlməz), o oğlandan on beş addım uzaqda yan-yana duran (və “Bəyaz Qala”nın türkcə nəşrinə daxil etdiyim) iki əsrarəngiz kişini, Kandilli təpəsində ayı oynadan kişi ilə dəfçalan köməkçisini, ya da Sultanahmed meydanında (Mellinqin fikrincə Hipodrom) mərkəzdəki bütün qələbəlikdən və abidələrdən əsl istanbullu kimi bixəbər görkəmdə yüklənmiş atının yanında ağır-ağır yeriyən kişini, camaata arxasını çevirib eyni rəsmin bir guşəsində - lap uşaqlığımdakı kimi - üçayaqlı stolunda simit satan satıcını, bir müddət sonra unutduğum bir çox kiçik təfərrüatı yenidən kəşf etməkdən çox xoşum gəlir.
Piranesinin əsərlərindən fərqli olaraq istanbullular hansı tarixi binanın, hansı cəlbedici mənzərənin ətrafında dururlarsa-dursunlar, memarlıq və təbiət tərəfindən əzilmirlər. Piranesi kimi bir perspektiv sevgisi olmasına rəğmən Mellinqin rəsmləri dramatik deyildir (Topxana sahilində “qayıqçı davası”na başlamış qayıqçılar belə!) Piranesinin insanı əzən, bir növ əcinnə, dilənçi, şikəst, qəribə adam görkəminə salan dağıdıcı və dramatik memarlığı şaqulidir. Mellinqdə isə heç bir şeyi qabartmadan, azad insan gözünün baxış dairəsinin bütün genişliyilə əla və şən bir dünyada gəzinən üfüqi hərəkət görürük. Bu, Mellinqin rəsm hünəri, ya da zərifliyindən çox, İstanbulun coğrafiyasının və memarlığının ona təqdim etdiyi şəraitdir. Bunu hiss edə bilməsi üçün İstanbulda on səkkiz il yaşaması lazım idi. Mellinq şəhərdən ayrıldıqda həyatının yarısını İstanbulda keçirmiş hesab olunurdu. Bu, təhsilini aldığı deyil, həyat haqqında əsl düşüncələrinin yarandığı, çörək qazanmağa çalışdığı, işləyib ilk əsərlərini yaratdığı on səkkiz il idi. Buna görə gözü orada yaşayanların İstanbulda gördüyü əsl təfərrüat və vasitələri ələ keçirməyində idi. Ondan 30-40 il sonrakı Vilyam Henri Bartlet (The Beauties of Bosphorus, 1835), Thomas Allom (Constantinople and the Scenery of the Seven Churches of Asia Minor, 1839) və Eguene Flandin (Lorient, 1853) kimi görkəmli rəssam və qravür ustalarının İstanbulda axtardıqları sehrli və ekzotik havayla Mellinq heç vaxt maraqlanmadı. “Min bir gecə” nağıllarından və o illərdə xüsusilə Fransada xeyli yüksəlişdə olan Şərq romantizmindən gələn və qısa müddətdə basmaqəlibləşmiş görüntülər də onu heç vaxt həyəcanlandırmadığı üçün rəsmlərində xəyali atmosferə uyğun kölgə və işıq oyunları ilə, sis və buludla təsir yaratmağa, şəhəri və adamları olduqlarından daha dəyirmi, qıvrılmış, gombul, şərqli, ya də əzik çəkməyə heç vaxt çalışmadı.
Mellinqin dünyagörüşü bu şəhərdə formalaşıb. O, şəhərdə gördüklərini çəkib. Amma o zamanlar İstanbul əhalisi özünü və şəhərini çəkməyi bilmədiyi, bu işlə heç maraqlanmadığı üçün Qərbdən gətirdiyi rəsm hünəri bu iddiasız rəsm əsərlərinə bir əcnəbi, yad haləsi verir. Şəhəri istanbullu kimi görüb qərbli kimi çəkdiyi üçün Mellinqin İstanbulu həm xatirələr, coğrafiya və camilər kimi tanış yerdir, həm də bənzərsiz, tək və buna görə də xariqüladə bir dünyadır. Bu şəkillərə hər dəfə baxdıqda bu dünyanın itmiş olmasından dolayı içimi kədər hissi bürüyür. Amma keçmişdə qalmış bu dünyanın az qala yeganə “düzgün” vizual şahidinin göstərdiyi kimi mənim İstanbulumun ekzotik, “sehrli”, ya da qəribə olmadığını, əslində uşaqlığımın Bozaziçindən çox şey götürdüyünü və sadəcə xariqüladə olduğunu Mellinqin əsərlərinə hər baxışımda görmək mənə təsəlli verir.
8. Anam, atam və yoxaçıxmaları
Bəzən atam uzaq yerlərə gedərdi. Onu xeyli müddət görə bilməzdik. Bu yoxluğun başlanğıcı qəribə şəkildə bizə hiss etdirilməzdi. İtkin düşdüyü, ya da oğurlandığı çox sonralar məlum olan velosiped, ya da artıq məktəbə gəlməyən sinif yoldaşı kimi yoxluğunun əməlli-başlı və ağrıyla fərqinə vardıqda bu yoxluğa çoxdan alışmış olduğumuzu da hiss edərdik. Atamızın nə üçün yoxa çıxdığı barədə açıqlama verilməz, bunun nə vaxt sona çatacağı haqqında da məlumat verilməzdi. Qardaşımla mən bu sualları verməməli olduğumuzu hiss edər, evin içindəki ümumi ab-havaya asanlıqla uyğunlaşardıq. Böyük bir binada əmimgil, bibilərim, nənəm, xidmətçilər, hamımızın birlikdə qələbəlik içində yaşamağımız bu əksikliyi unutmadan, amma soruşmadan yola verməyimizi asanlaşdırırdı. Bəzən unutduğumuz şeyin kədərini xidmətçi Əsma xanımın ifrat şəfqətlə bizi qucaqlamasından, nənəmin aşbazı Bəkirin bir dediyimizi iki etməməsindən, ya da bazar günləri Aydın əminin bizi “Dodge” markalı maşınıyla Boğaza aparmağa hədsiz həvəsli olmasından anlayardıq. Bəzən də vəziyyətimizin pis olduğunu anamın səhərlər telefonla xalalarımla, rəfiqələriylə, öz anasıyla uzun-uzadı danışmasından hiss edərdim. Anamın üzərində uzun krem rəngli, qırmızı qərənfilli səhər paltarı olurdu. Oturduğu stulda ayağını ayağının üzərinə aşırdığı üçün növ-növ qıvrımlarla fikrimi qarışdıraraq aşağı enən paltarın arasından bədəni kimi gözəl gecə paltarı və gözəl boynu görünür, o telefonla danışarkən qucağına çıxıb ona sıxılmaq, saçları, boynu, sinəsi ətrafındakı gözəl hissələrinə yaxınlaşmaq istəyirdim. İllər sonra atamla süfrə arxasında girişdikləri şiddətli deyişmədən sonra özünün də mənim üzümə qəzəblə söyləyəcəyi kimi, anamla atamın davalarının evə, bizə gətirdiyi fəlakət havasından xoşum gəlirdi. Anamın mənimlə məşğul olacağı anı gözləyərkən, üstü ətir şüşələri, makiyaj vasitələri, gül suyu və badam yağlarıyla dolu masasının önündə əyləşib, siyirmələrini həvəslə qarışdırır, çeşid-çeşid maqqaşlar, dırnaq təmizləyən, qaş qələmləri, qələm formasında şotkalar, daraqlar, ucu sivri alətlərlə başımı qatır, mənim və qardaşımın masanın səthi ilə üstündəki şüşənin arasına qoyulmuş körpəlik şəkillərimizə baxar (əynində eyni paltar olan anam uşaq arabasında otuzdurulan körpəsinə, yəni mənə bir qaşıq yemək verərkən, ikimiz də ancaq uşaq yeməyi reklamlarında rast gəlinən nəşəylə gülümsəyirdik) fotoşəkillərdə həmin vaxt mənim necə xoşbəxtlikdən çığırmadığımı düşünürdüm. Sonra yavaş-yavaş çoxalmağa başlayan can sıxıntısı və kədərdən qurtulmaq üçün illər sonra romanlarımda buna bənzərini edəcəyimi heç bilmədiyim oyuna baş vurardım. Anamın bəzək masasının güzgüsünün iki tərəfindəki şüşələri, saç şotkalarını və heç bir zaman açılmayan çiçək oymalı, qıfıllı gümüş qutunu masanın ortasına qoyar, başımı güzgünün mərkəzinə yaxınlaşdırar və güzgünün iki qanadını arada özüm qalacaq şəkildə birdən açınca güzgülərin öz aralarında çoxalaraq etdiyi dərin, soyuq və şüşə rəngli sonsuzluqda tərpənən minlərcə Orhan görərdim. Ən yaxınlıqdakı və ən böyük görüntülərə baxınca başımın heç görmədiyim arxa hissələri, arxasının yumurtavarı sivriliyi, eynilə atam kimi biri digərindən daha çömçəvari görünən qulağımın qəribəliyi məni təəccübləndirərdi. Daha maraqlısı hər dəfə bədənim kimi yad bir şeyi özümlə birlikdə gəzdirdiyimi hələ də mənə ürpərtiylə düşündürən ənsəmi görmək idi.
Üç güzgü arasına düşən sadəcə profilim deyildi, hər biri kiçik bucaqdan dəyişən və getdikcə daha da kiçilən onlarca, yüzlərlə, amma hər biri digərindən fərqli Orhanların əlimin bir hərəkətini eyni anda mütiliklə təqlid etmələri də məni qürurla əyləndirirdi. Qüsursuz bir qul olduqlarına inanana qədər onlara çeşid-çeşid hərəkətlər etdirirdim. Bəzən şüşənin yaşılımtıl sonsuzluğunda ən uzaqdakı Orhanı tapmağa çalışırdım. Bəzən təqlid edilən görüntülərimin, əlimin, ya da başımın bir hərəkətini eyni anda deyil, məndən kiçik bir an sonra təqlid etdiklərini görə bildiyimi sanırdım. Ən ürpərticisi yanaqlarımı şişirib, qaşlarımı çatıb, dilimi çıxarıb, üzümlə oynayarkən, ya da güzgülərin içindəki yüzlərcə Orhandan bir guşədəki səkkizinə, onuna fikir verərkən varlığımı unutduğum, qollarımın, barmaqlarımın öz-özünə etdiyi adi bir hərəkəti güzgülər dənizinin yaşılımtıl dərinliklərində on-on beş kiçik Orhanın eyni anda təqlid etməsi, amma əlimin o hərəkəti etdiyini bilmədiyim üçün bir anlığa uzaqdakı kiçik Orhanlardan bir dəstənin aralarında danışıb artıq özbaşına hərəkət etdiklərini güman etməyim idi. Əvvəlcə ürpərir, bunun da bir əksolunma olduğunu beynimin zarafat başa düşməyən hissəsilə qəbul etdikdən sonra eyni qorxuya yenidən qapılmaq üçün oyuna davam edirdim. Daha sonra güzgüləri sadəcə bir barmaq qədər yerlərindən oynadıb bucaqlarını dəyişdirməyim bu dəfə məni başqa-başqa Orhanlarla qarşı-qarşıa qoyurdu. Eynilə bir an məhvər nöqtəsini səhv salan fotoaparatın göz dəliyindən baxırmış kimi bu yeni sonsuz Orhanlar arasında ilk və ən yaxın görüntünün yerini və öz əsl yerimi (sanki onu da itirmişdim) bir an çarəsizcəsinə axtarmaqdan xoşum gəlirdi.
Bəzən anam və qardaşımla oynadığımız və məni hər gün uzun müddət əyləndirən bütün bu “yox olma”) oyunu zamanı beynimin ala bilməyəcəyi məlumatı ustalıqla ələyən bir tərəfi də son dərəcə seçici bir şəkildə anamın telefon söhbətlərinə, atamın harada olduğuna, nə vaxt qayıda biləcəyinə, ya da bir gün anamın da itib-itməyəcəyinə açıq olurdu.
Çünki bəzən də anam yox olurdu. Amma o yox olduğu zamanlarda açıqlama verilir, məsələn, “ananız xəstədir, Nəriman bibingildə dincəlir” deyilirdi. Lal güzgü qarşısındakı əksolmaların bir qisminə keçici də olsa yaxşı niyyətlə inanmağı bacardığım kimi, bu açıqlamaları ağlabatan hesab etdiyimi xatırlayıram. Bizi nənəmin aşbazı, ya da qapıçı İsmail əfəndiyə tapşırıb, paraxodlarla, avtobuslarla İstanbulun başqa bir guşəsindəki, məsələn, Erenköydəki bir qohumun, ya da İstinyədəki bir başqasının evinə anamızı ziyarətə gedərdik. Bütün bu səfərlərdən beynimdə kədərdən çox macəra ləzzəti özünə yer tapırdı.
Qardaşımın yanımda olması, təhlükələrlə məndən əvvəl onun üzləşəcəyi kimi bir inam məni qoruyurdu. Evlərinə, yalılarına (sahil evi-tərc.) getdiyimiz anamız tərəfdən uzaq-yaxın bəzi qohumlar, yaşlı, sevimli, şəfqətli xalalar və mənə qorxunc görünən tüklü əmilər bizi əzizləyib oxşadıqdan, evdə diqqətimizi cəlb edən qəribə şeyi - qalaq-qalaq sarıbülbülü, İstanbulun qərbləşmiş bütün evlərini ziyarət etdiyini sandığım alman barometri (Bavyera kəndlisi qiyafəsindəki ər-arvad, havanın vəziyyətinə görə bir evə girib-çıxırdılar), ya da hər yarım saatda ona cavab vermək üçün çırpılan qəfəsdəki sarıbülbülü qərarlılığı və dəqiqliyilə təəccübləndirən ququ quşulu saatı göstərdikdən sonra biz anamızın otağına gedirdik.
Genişliyinə, rahatlığına, açıq pəncərədən görünən dənizin və işığın gözəlliyinə (bəlkə də buna görə Matisse-in pəncərədən görünən güney mənzərələrini çox sevirəm) təəccübləndikdən sonra anamın belə gözəl və yad yerdə olmasını kədərlə yadırğayar, amma stulların üzərindəki bir neçə tanış makiyaj vasitələri, eyni ətir şüşələri, cilası tökülmüş saç şotkası kimi onun bir neçə əşyası ilə otağı dolduran bənzərsiz ana qoxusu mənə güvənc hissi verirdi. Başqa bir evdə olsaq da artıq anamın yanında idik.
Anamın məni və qardaşımı bir-bir qucağına alıb öpərək oxşadığını bütün təfərrüatlarıyla xatırlayıram. Qardaşıma görüləcək işlər, söyləniləcək sözlər, ediləcək hərəkətlər və məsələn, gələn dəfəki gəlişimizdə hansı dolabdan götürülüb gətiriləcək əşyalar barədə xeyli öyüd-nəsihət verir (nəsihət etməyi hər zaman çox sevərdi), bütün bunları heç dinləməyib pəncərədən çölə baxan mənimlə isə - növbəm çatdıqda - zarafatlaşıb əylənirdi.
Anam növbəti dəfə yoxa çıxdıqda bir gün atam evə dayə gətirdi. Hədsiz ağbədənli, qısaboylu, gözəllikdən uzaq, hər zaman gülümsəyən, sahib olmaqla öyündüyü müdrikliklə bizə də həmişə belə etməyimizi, onun kimi gülümsəməyimizi məsləhət bilən, bəzi tanış ailələrdə olduğunun əksinə türk olduğu üçün ümidlərimizi puça çıxaran bu qadına qardaşımla heç yovuşa bilmədik. Əksəriyyəti alman mənşəli, protestant ruhlu tanış dayələrə görə üzərimizdə heç “avtoritet” qazana bilməyən və evin içində itələşib-boğuşmağımızdan narahat olduqda “lütfən, eləməyin, gözəl, gözəl” deməyini atamı da güldürərək təqlid etdiyimiz bu qadın da qısa müddət sonra yox oldu.
Sonrakı illərdə atamın “yox olma”larından və qardaşımla şiddətli boğuşmağımızdan bezdiyi vaxtlar hirsi başına vuran anam ümidsizliklə “başımı götürüb gedəcəyəm”, ya da “özümü bu pəncərədən atacağam” (bir dəfə gözəl ayaqlarından birini pəncərədən çölə çıxarmışdı) “o zaman atanız da o qadınla evlənər” dedikdə mənim gözlərimin önünə yeni ana namizədi kimi anamın bəzən qəzəblə adını ağzından qaçırdığı və çox vaxt heç bəhs etmədiyi qadınlardan birinin xəyalı deyil, o ağbədənli, yaxşı niyyətli və çaşqın dayə gəlirdi.
Həmişə eyni binada, eyni otaqlarda, küçələrdə yaşamağımıza rəğmən və əsl ailədə olduğuna sonralar inanacağım kimi bir neçə istisna olmaqla həmişə eyni söhbətlərin edildiyi və eyni yeməklərin yeyildiyi bir ömür sürməyimizə baxmayaraq (təkrar xoşbəxtliyin məybəyi, təminatı və ölümüdür!) nə vaxt haradan gələcəyi heç bilinməyən bu “yoxolmalar” məni kədərləndirməkdən çox adi bir həyatın, bezdirici günlərin içindən çıxarıb (lap anamın makiyaj masasının güzgüləri kimi) birdən-birə məni başqa bir aləmə çəkən əyləncəli, təəccübləndirici, zəhərli çiçəklər kimiydilər. Ruhumun qaranlıq tərəfinə səslənən, mənim başımı qatan, öz varlığım və unutmaq istədiyim yalnızlığımı daha çox hiss etdirən bu “yoxolma” anları, ailə faciələri, davalara görə çox az göz yaşı tökdüm. Çox vaxt bu davalar süfrədə başlayardı. Sonrakı illərdə atamın aldığı maşın (1959-cu il modeli “Opel Record”) davaların başlaması üçün daha da əlverişli oldu, çünki sürətlə gedən maşından düşmək süfrədən qalxmaqdan fərqli bir şeydir. Bəzən günlərlə planlaşdırılmış maşınla səyahətlərin, ya da Boğaza getdiyimiz adi bazar gəzintilərinin elə ilk dəqiqələrində dava qızışmağa başlayanda qardaşımla mərcə girərdik: görəsən, atam ilk körpüdən sonra, yoxsa ilk yanacaqdoldurma stansiyasından sonra qaza basaraq maşını U şəklində döndərib, götürdüyü yükünü aldığı limana qəzəblə boşaldan kapitan kimi bizi evə aparıb qoyacaq, özü də maşınıyla başqa yerə gedəcəkdi. Daha dərinə işləyən və daha şairanə, soylu cəhəti olan o ilk illərin davalarının birində Heybeliadada axşam vaxtı anam da, atam da süfrədən qalxdılar (belə vaxtlarda hər uşaq kimi yeməyimi anamın istədiyi kimi deyil, öz istədiyim kimi yeyəcəyim üçün şadlanırdım). Yuxarı mərtəbədə var gücləriylə bir-birinin üstünə qışqırırdılar, səssizcə önümüzə baxaraq qardaşımla masada bir müddət oturduqdan sonra intuisiya ilə biz də yuxarıya, onların yanına çıxdıq (intuisiya ilə, burada fikrimdən yenidən mötərizə açmaq keçdikdə, əslində bu əhvalatları qətiyyən xatırlamaq istəmədiyimi başa düşdüm). Bizi görən anam dərhal ikimizi də otaqların birinə salıb, qapısını bağladı. Otaq qaranlıq idi, amma iki böyük büllur şüşəli qapıyla ayrıldığı digər otaqdan içəriyə işıq düşürdü. Böyük qardaşımla mən şüşələrdən süzülən işıqda anamla atamın bir-birinə yaxınlaşan, uzaqlaşan, bir-birinə toxunduqca hərəkətlənən, sonra yenidən birləşən kölgələrinə qışqırıqlar arasında heç tərpənmədən baxmağa başladıq. Gözyaşardıcı bu kölgə oyununun şiddətindən eynilə Karagözdə olduğu kimi aradabir pərdə (şüşəli qapı) silkələnirdi. Hər şey ağ-qara idi.
9. BAŞQA EV: CİHANGİR
Bəzən də anamla atam birlikdə yoxa çıxardılar. Belə bir səfərdə 1957-ci ilin qışında böyük qardaşım bir müddətliyə iki mərtəbə yuxarıda yaşayan bibimgilin mənzilinə yollandı. Məni isə bir gün axşamüstü Nişantaşına gələn xalam Cihangirdəki evinə apardı. Kədərlənməyim deyə mənimlə çox yaxşı davrandığını, ilk dəqiqədən başlayaraq hələ maşındaykən (”Chevrolet”) “sənin üçün Çetinə axşama yoqurt aldıraram” dedyini, yoqurt ilə maraqlanmadığım halda sürücüləri olduğu üçün təsirləndiyimi xatırlayıram. Babamın tikdirdiyi və illər sonra mənzirllərindən birində yaşayacağım böyük binanın liftsiz, mənzillərin kiçik olması, istilik sisteminin belə olmaması mənim ümidlərimi puça çıxarmışdı. Hətta yeni evimdə ertəsi gün həyata hüznlə alışmağa çalışarkən gecə paltarı geyindirilərək min naz-qəmzə ilə yatızdırıldığım günorta yuxusundan oyandıqdan sonra, Pamukların binasında qazandığım alışqanlıqla evdəki xidmətçiyə “Əminə xanım, gəl məni qaldırıb geyindir” deyə buyurduqda gözləmədiyim şəkildə rədd edilməyim mən sarsıtmışdı.
Bəlkə də buna görə orada keçirdiyim günlər ərzində özümü naza qoydum. Xalam, qəzetçi, şair, redaktor (Mellinqin təkrar nəşrinin naşiri) əri Şevket Rado və məndən yeddi yaş böyük, 12 yaşındakı xalam oğlu Mehmetə, bir axşam yeməyində divardakı ağ çərçivəli “kitsch” rəsmdən başı kaskalı və sevimli bir oxşarım mənə baxarkən əmimin baş nazir Adnan Menderes olduğunu çox da əhəmiyyət vermədən söyləməyim ümid etdiyim kimi hörmətlə qarşılanmaq əvəzinə gülüşmələrə və lağlağı suallara yol açdığı üçün haqsızlığa məruz qaldığımı hiss etdim. Çünki əmimin baş nazir olmasına səmimi qəlbdən inanırdım. Amma bu inanc sadəcə beynimin bir guşəsində idi. Əmim Özhan ilə baş nazir Adnanın son iki hərfi uyğun gələn beş hərflik adları, baş nazir Adnanın həmin vaxtlar əmimin də illərdir yaşadığı Amerikaya getmiş olması, ikisinin də fotoşəkillərini hər gün dəfələrcə görməyim (birini qəzetlərdə, digərini nənəmin salonunun hər yerində) və bəzi fotoşəkillərdə bir-birilərinə çox bənzəmələri məndə bu səmimi yanılmanı yaratmışdı. Sonralar həyatda bir çox inanc, qənaət, düşüncə, hökm, ittiham, məlumat və estetik seçimimi buna bənzər fikir mexanizmi ilə yaratdığımın fərqinə varmağım məni bu alışqanlıqlardan çox az qurtardı. Eyni, hətta oxşar adı daşıyan iki nəfərin şəxsiyyətlərinin də bənzədiyinə, bilmədiyim yerli, xarici sözlərin, hərf baxımından ən yaxın bildiyim sözlə yaxın mənalı olduğuna, qəmzəli qadının ruhunda ondan əvvəl tanıdığım qəmzəli qadının ruhundan nə isə olduğuna, kök adamların bir-birinə bənzədiyinə, yoxsullar arasında bilmədiyim ortaq bir şey olduğuna, Braziliya ilə bezelye (yaşıl noxud) arasında əlaqə olduğuna (Braziliyanın bayrağında böyük bir bezelye vardır), bəzi amerikalıların türklər ilə hindular arasında əlaqə olduğuna inanmaları kimi “həqiqətən” inanıram. Bundan başqa lap baş nazir ilə əmimi xəyalımda kəsişdirən nöqtələrin həmişə eyni qalacağını güman etməyim kimi, bir dəfə, təsadüfən yeməkxanada ispanaqlı yumurta yeməyə davam etdiyinə də inanıram.
Həyatı şairanələşdirərək asanlaşdıran yanılmalarımdan dolayı ciddi qəbul edilməməyim, özümü bu ailəyə aid hiss etmədiyim bu yeni evdə daha cəsarətli təcrübələrə girişməyimə yol açdı. Hər səhər xalam oğlu alman liseyinə getdikdən sonra onun iri, qalın və bəzəkli kitabını açır (deyəsən, “Borckhaus”un bir cildi idi) masa arxasında əyləşib gördüyüm sətirlərin olduğu kimi surətini çəkirdim. Almanca oxuyub-yaza bilmədiyim üçün heç bir şey başa düşmədən gördüyüm bu iş yazmaqdan çox şəkil çəkməyə bənzədilə bilər. Səhifələrin, cümlələrin bənzədə-bənzədə şəklini çəkirdim. Bəzən məni çox çətinə salan (g və k) qotik hərflərlə düzəlmiş sözlərdən birini də çəkib qurtardıqda böyük çinar ağacının minlərcə yarpağını bir-bir çəkən Səfəvi naqqaşı kimi baxışlarımı kağızdan qaldırıb pəncərədən küçəyə, boş sahələr və binalar arasından təpə-təpə görünən Boğaza, gəmilərə baxaraq gözlərimi dincəldirdim.
İstanbulda məhəllə həyatı olduğunu, şəhərin kiminsə kimisə tanımadığı bir yer, divarlarla həyatları ayrılmış, ölüsü düşənlərlə bayram edənlərin bir-birindən xəbərsiz olduğu bina mənzilləri anarxiyası deyil, hamının uzaq-yaxın bir-birini tanıdığı məhəllə arxipelaqı olduğunu, sonralar bizim də (bizlər getdikcə yoxsullaşarkən) köçəcəyimiz Cihangirdə ilk dəfə öyrəndim. Pəncərədən baxdıqda sadəcə binalar arasından görünən dənizi və yavaş-yavaş tanıdığım şəhər xətləri paraxodlarını deyil, binalar, evlər arasındakı bağçaları, hələ dağılmamış köhnə imarətləri, qədim divarları, onların arasında oynayan uşaqları da görürdüm. Boğaza baxan bir çox İstanbul evində olduğu kimi binanın önündən qıvrıla-qıvrıla dənizə tərəf enən daş döşənmiş yoxuş vardı. Qarlı gecələrdə mənim də xalam oğlu ilə aralarına uzaqdan da olsa qatıldığım uşaqlar bu dik yoxuşdan aşağıya xizəklə enər, pilləkənlər, taxta parçaları üzərində bütün məhəlləyə yayılan gurultu və əyləncəylə sürüşərdilər.
O zamanlar ildə 700-ə yaxın film çəkərək Hindistandan sonra dünya ikinciliyini qazanmaqla öyünən türk kino sənayesinin mərkəzi Bəyoğlunda, Yeşilşam küçəsində, on dəqiqəlik uzaqlıqda olduğu və bir çox aktyor Cihangirdə yaşadığı üçün küçələr bu filmlərdə həmişə eyni rollarda ikinci dərəcəli obrazları canlandıran əmilər, solğun və boyalı xalalarla dolu idi. Onları gülünc və alçaldıcı rollarından (məsələn həmişə gənc xidmətçilərin arxasınca düşən gombul və yaşlı, qart arvadbazı canlandıran Vahi Öz) tanıyaraq arxalarınca qaçardılar. Yağışlı günlərdə daş döşənmiş küçələrdə təkərləri sürüşən avtomobillərin, yük maşınlarının çıxmaqda çətinlik çəkdikləri dik yoxuşun təpəsində, günəşli günlərdə qəfildən bir marşrut avtobusu peyda olur, içindən çıxan aktyorlar, işıqçılar və “kino qrupu” on dəqiqə içində bir eşq səhnəsini sürətlə çəkib yoxa çıxırdılar. İllər sonra təsadüfən bu ağ-qara filmlərdən və səhnələrdən birinə televiziyada baxdığım zaman əsl məsələnin eşq, ya da dava qədər arxadan görünən Boğaziçi olduğunu başa düşərdim. Məhəllə həyatında bütün dedi-qoduların toplanıb, şərh edilərək dəyərləndirildiyi, yenidən paylanıldığı mərkəz (əksərən dükan) olmasının vacibliyini də Cihangirdə binaların arasından Boğaza baxarkən öyrəndim. Sihangirdə bu mərkəz bizim binanın altındakı baqqal dükanı idi. Bina sakinlərinin çoxu kimi yunan olan baqqal Liqordan bir şey almaq istəyirdinsə, üst mərtəbədən iplə aşağıya bir səbət sallayır, sonra istədiklərini bağıra-bağıra sayıb deyərdin. Sonrakı illərdə biz də eyni binaya köçdüyümüz vaxt anam baqqala “yumurta, çörək” deyə avaz-avaz qışqırmağı özünə yaraşdırmadığı üçün digər sakinlərinkindən daha bahalı olan səbətin içinə yazılı kağız qoyardı. Xalamın yaramaz oğlu isə pəncərəni, yoxuşun təpəsində var gücləriylə çıxmağa çalışan maşınların üzərinə nə isə (tüpürcək, mismar, məftillə ustalıqla sığışdırılmış göbələk partlayıcı) atmaq üçün açardı. Bu gün belə hələ də xeyli yuxarıdan küçəyə baxan pəncərə gördükdə, “görəsən aşağıdan keçənlərə necə tüpürülür” deyə düşünürəm.
Xalamın əri Şevket Rado uğursuz şairliklə keçən gənclik illərindən sonra qəzetçilik və redaktorluq edir, həmin vaxtlarda Türkiyənin ən çox oxunan həftəlik maqazin jurnalı “Hayat”ı çıxarırdı. Amma beş yaşımda nə bunlarla, nə də xalamın ərinin məndə İstanbul fikirlərinin sabitləşməsinə yol açan bir çox şairin, yazıçının - Yəhya Kamal ilə Tanpınardan, şəhərin görkəmini və yoxsulluğunu əks etdirən Dikkens tərzində melodramatik uşaq hekayələri yazan Kəmaləddin Tuğcuya qədər - tanışı, dostu, iş yoldaşı olmasıyla bağlı idi. Məni Radonun çap etdirdiyi və oxuyub-yazmağı öyrəndikdən sonra xalamın bizə hədiyyə etdiyi və oxuya-oxuya əzbərlədiyim yüzlərcə uşaq kitabı (”Min bir gecə nağılları”ndan seçmələr, “Doğan Kardeş” cildləri, Andersenin hekayələri, Kəşflər və İcadlar Ensiklopediyası) sadəcə həyəcanlandırırdı. Həftədə bir dəfə xalam məni Nişantaşındakı evə, qardaşımı görməyə aparırdı.
Qardaşım Pamukların binasında özünü nə qədər xoşbəxt hiss etdiyindən danışır, səhər vaxtı ançuvez yediklərini, axşamlar gülüşüb-oynadıqlarını, ailə qələbəliyi içərisində həsrətində olduğum bütün o şeyləri etdiklərini, bibimin əri ilə futbol oynadığını, əmimin maşını ilə bazar günü hamı ilə birlikdə Boğaza getdiklərini, axşamlar radioda idman saatını və pyesləri dinlədiklərini daha da şirinləşdirərək danışırdı. Sonra da mənə “sən getmə, burada qal!” deyirdi.
Cahangirə qayıtmaq vaxtı gəlincə qardaşımdan və artıq qapısı bağlı olduğu üçün məni qüssələndirən bizim mənzildən uzaqlaşmaq mənə ağır gəlirdi. Xalamla ərinin Cihangirdəki evinə getmək istəmirdim, orada özümü öz ailəmizdəki kimi hiss edə bilmirdim. Həmişə böyük ailə içində yaşadığım üçün bu ailə mənə çox kiçik görünürdü. Bir dəfə ayrılıq anında hönkür-hönkür ağlayaraq qapının yanındakı istilik sistemindən tutub var gücümlə yapışdığımı, hamının başıma yığılıb şirin dillə məni inandırmağa çalışaraq və bir az da güc işlədərək əlimi borudan ayırmağa çalışdığını, etdiyim işdən utanmağıma rəğmən, uçuruma düşməmək üçün son anda budaqdan yapışan şəkilli roman qəhrəmanları kimi borunu uzun müddət buraxmadığımı xatırlayıram.
Bu, evə bağlılıqdırmı? Bəlkə də. Çünki əlli il sonra hələ də eyni binada yaşayıram. Ev mənim üçün otaqların, əşyaların gözəlliyindən çox başımdakı dünyanın mərkəzi olduğu üçün önəmlidir. Amma kədərimin arxasında anamla atamın dava-dalaşlarını, atamla əmimin davamlı iflaslarından irəli gələn yoxsullaşmanı və ailəiçi böyük mal-mülk münaqişələrindən dolayı, mürəkkəb şəkildə və uşaq fikrilə sezmək də vardı. Dərdimin bütünlüklə və ya yetkincəsinə fərqinə varmaq, onunla üzləşə bilmək, haqqında danışaraq ən azından ağrı-acıları açıqlığa çıxarmaq əvəzinə, zehnimin qəribə məhvər dəyişdirmələri, aldatma və unutma oyunları ilə onu sirli bir duyğu halına gətirmişdim. Bu duyğu beynimdəki ikinci dünya və günah duyğuları ilə birləşirdi. Bu mürəkkəb vəziyyətə hüzn deyək. Tam şəffaflıq anı olmadığı və buna görə də gerçəkliyi pərdələyən, onunla daha rahat yaşamağımıza yarayan bir şey olduğu üçün bu hüznü soyuq bir qış günü altı gurhagur yanan çaydanın pəncərə şüşələrində yaratdığı buğa bənzədək. Buğlanmış şüşələr məndə hüzn yaratdığı üçün bu nümunəni seçdim. O şüşələrə baxmağı, sonra yerimdən qalxıb barmağımla şüşəyə nə isə yazıb-çəkməyi hələ də çox sevirəm. Hüzndən söz açmağın da belə bir cəhəti var. Barmağımla buğlanmış şüşənin üzərinə yaza-yaza həm içimdəki hüznü dağıdıb əylənirəm, həm də bütün bu yazı-çəkmələrdən sonra şüşəni təmizləyib çöldəki mənzərəni görə bilirəm. Amma sonra mənzərə də adama hüznlü görünür. Bütün şəhərin taleyi kimi görünən bu duyğudan bir az danışmalıyam.
10. HÜZN-MELANXOLİYA-TRİSTESSE
Ərəb mənşəli “hüzn” sözü Qurani-Kərimdə bu gün türk dilində işlədilənə yaxın mənada iki ayədə, bundan başqa “hazen” şəklində üç ayədə işlədilir. Həzrət Məhəmmədin arvadı Xədicə ilə əmisi Əbu Talibin öldüyü il haqqında “senetül hüzn” (hüzn ili) deyilməsi sözün daha çox ruhi anlamda itkidən qaynaqlanan duyğudan bəhs etdiyini sübut edir. Oxuduqlarım sözün itki ilə, onun yaratdığı ruhi, mənəvi ağrı və kədərlə bağlı mənasının sonrakı əsrlərdə islam tarixində kiçik elmi çatlara yol açdığını, iki əsas fikrin önə çıxdığını sezdirir.
Hüzn dediyim duyğunun dünyaya, maddi gəlir və zövqlərə hədsiz bağlanmağın nəticəsi olduğuna işarə edən birinci fikir bizə “əgər bu fani dünyaya çox da fikir verməsəydin, onda bu dünyadan qaynaqlanan itkilərdən ötrü çox da heyfsilənməzdin” deyir.
Təsəvvüf mənbəli ikinci fikir isə sözün mənası və bu itki ilə ağrı hissinin həyatdakı yeri barədə daha müsbət və başadüşüləndir. Təsəvvüf fikrinə görə, hüzn Allaha yetərincə yaxın olmamaqdan, bu dünyada Allah üçün yetərincə iş görə bilməməkdən irəli gələn əksiklik hissindən qaynaqlanır.
Əsl təsəvvüf yolçusu mal-mülk, hətta ölüm kimi dünyəvi dərdlərə əhəmiyyət verməyəcəyinə görə onu ağrıdan yoxluq, itki və çatışmazlıq duyğusunun Allaha yaxınlaşa bilməmək, mənəvi həyatında dərinləşə bilməmək kimi cəhəti olmalıdır. Hətta bu səbəblərdən hüznün varlığı deyil, yoxluğu əksiklikdir. Hüznlənməməyi hüzn səbəbi sayaraq, yetərincə kədərlənə bilmədiyi üçün qüssələnərək öz məntiqinin sonuna qədər gedən bu anlayış İslam mədəniyyətində hüznə əbədi bir mövqe verdi. Bu sözün son iki əsrdə İslam mədəniyyətində, gündəlik həyatda, şeirdə intensiv şəkildə işlədilməsi, musiqidə bu duyğunun hakim olması, əlbəttə bu mövqe ilə bağlıdır. Amma son əsrdə İstanbulun və içində yaşayanların bir-birlərinə keçirdikləri ən qüvvətli və sabit duyğunun hüzn olmasını sadəcə bu sözün təsəvvüf mövqeyi ilə aşılamaq yetərsiz olacaq. Son yüzillik İstanbul musiqisində hüznün ruhi vəziyyət kimi xüsusi çəkili yerini ya da müasir türk şeirində hüznün həm qəlib kəlmə kimi (lap Divan şeirindəki məzmun kimi), həm duyğu kimi, həm də həyatdakı uğursuzluq, istəksizlik və özünəqapanmanı izah edən məfhum kimi əsas əhəmiyyətini sadəcə bu sözün tarixi və mövqeyi ilə başa düşmək mümkün deyil. Uşaqlığımın İstanbulunun məndə oyandırdığı davamlı hüzn duyğusunun mənbəyini sezmək üçün bir tərəfdən tarixə - Osmanlı dövlətinin süqutunun nəticələrinə, bir tərəfdən də bu tarixin şəhərin “gözəl mənzərələri”ndə və insanlarında əksolunma tərzinə baxmaq lazımdır. Hüzn İstanbulda həm mühüm bir yerli musiqi duyğusu, şeir üçün ən əsas kəlmə, həm həyata baxış bucağı, ruhi vəziyyət və şəhəri şəhər edən vasitələrin işarə etdiyi əsas məfhumdur. Bütün bu xüsusiyyətləri eyni anda daşıdığı üçün hüzn şəhərin qürurla mənimsədiyi, ya da mənimsəmiş kimi göründüyü ruhi halıdır. Buna görə də müsbət olduğu qədər müsbət hesab olunan duyğudur.
Bu sözün işarə etdiyi dəyişkən hala girmək üçün hüznü mövqeli və şeirsəl kəlmə və duyğu kimi deyil, xəstəlik kimi görənlərin sözünə qayıdaq. El Kindinin fikrincə, duyğu sadəcə əzizimizin ölümü, ya da hansısa itki ilə əlaqəli deyil, qəzəb, eşq, kin, vəhm kimi bir çox qeyri-sağlam ruhi vəziyyətlə bağlıdır. Filosof və təbib İbn Sina da məsələyə bu cür geniş bucaqdan baxdığından, çarəsiz sevdaya tutulan bir gəncin xəstəliyinin təşhisi üçün nəbzi yoxlanılarkən vurulduğu qızın adının söylənməsi kimi hüzn təşhisi metodlarını məsləhət görür. Klassik islam mütəfəkkirlərinin məsələyə bu cür münasibəti 17-ci əsrin əvvəlində “Melanxoliyanın anatomiyası” adlı1500 səhifəlik qəribə, amma əyləncəli bir kitab yazan Oksford professoru Robert Burtonun düşüncələri ilə qarşılaşdırmağı ağlımıza salır (halbuki İbn Sinanın “Fil hüznü” adlı əsəri kiçik bir məktubdur). Bu qaranlıq ağrının səbəbi kimi ölüm qorxusu, eşq, məğlubiyyət, fəsad aləmi, qida kimi bir çox dəyişkən şeyləri ensiklopedik yanaşma ilə sadaladıqları və müalicə üçün də eyni geniş yanaşmayla tibb ilə fəlsəfəni birləşdirməyə çalışaraq məntiq, iş, müsibətlərə alışmaq, əxlaq, nizam-intizam, pəhriz kimi fərqli çarələri təklif etdiklərinə görə xeyli fərqli mədəni dünyaların məhsulu olduğu zənn edilə biləcək bu mətnlərin arasında yaxınlıq olduğu məlum olur. Hüznün əsas mənbəyi kimi “qara sevda”nın sayılması və melanxoliya sözünün Aristotel dövründənqalma mənşəyi (melania kole - qara öd) təkcə duyğunun bu çox tanınan rəngini deyil, hüzn və melanxoliya sözlərinin də bir zamanlar (lap bugünkü depressiya sözü kimi) çox geniş yayılan qara ağrı-acıya işarə etdiyini göstərir. Sözlərin işlədilməsindəki əsas fərq, özü də melanxolik olmaqla qürurlanan Burtonun melanxoliyası sevincli tənhalığa yol açdığı, xəyal gücünü inkişaf etdirdiyi üçün bəzən şən əhval-ruhiyyə yaranması və qara duyğunun istər səbəbi, istər nəticəsi olsun, yalnızlığı bu ağrı-acının düz qəlbinə yerləşməsiylə ortaya çıxır.
Halbuki hüzn həm təsəvvüfdə (ortaq amal olan Allahdan uzaq qaldığımız üçün), həm də onu bir xəstəlik kimi görən El Kindidə klassik İslam düşüncəsində camaatın dəyərləriylə tərəziyə qoyulan, camaata dönməyimizə yarayacağı üçün təsdiqlənən və nəticədə camaatla, ortaq məqsədlə toqquşan bir şeydir.
Çıxış nöqtəsi buğlanmış pəncərələrə baxarkən bir uşağın hiss etdiyi duyğu idi. İndi hüznü melanxoliyadan ayıran şeyə gəlirik. Tək bir nəfərin hiss etdiyi melanxoliyaya deyil, milyonlarca adamın ortaq şəkildə hiss etdiyi o qara duyğuya, hüznə yaxınlaşırıq. Bütün şəhərin, İstanbulun hüznündən bəhs etməyə çalışıram.
Şəhərlə içində yaşayanları birləşirən o bənzərsiz duyğunu anlamağa çalışmazdan əvvəl, mənzərə şəklinin əsl mövzusunun mənzərənin özü qədər oyandırdığı duyğu olduğunu xatırlayaq. On doqquzuncu yüzilin ortasında, xüsusilə romantizm cərəyanının nümayəndələri arasında bu çox təkrarlanan bir fikir idi. Baudelaire, Eugene Delacroix-un rəsmlərinin ən diqqət çəkən özəlliyinin onların melanxoliyası olduğunu söyləyərkən romantiklərin və sonralar dekadanların etdiyi kimi sözü bütünlüklə müsbət mənada, tərif kimi işlədirdi. Baudelaure, Delacroix haqqındakı düşüncələrini 1846-cı ildə yazdıqdan altı il sonra İstanbula gələn yazıçı və tənqidçi yoldaşı Theophile Gautier illər sonra Yəhya Kamal və Tanpınar kimi İstanbul yazıçılarını çox təsirləndirəcək “Constantinople” adlı kitabında şəhərin bəzi mənzərələrini ifrat melanxolik hesab edərkən də bu sözü müsbət mənada işlədirdi.
Amma indi İstanbulun melanxoliyasından deyil, bu duyğuya bənzəyən və bir camaat olaraq hamı ilə birlikdə paylaşılan hüzndən söz açmağa çalışıram. Bu, duyğunun özü ilə onu şəhərə çatdıran mühitin bir-birinə qarışdığı yerləri və anları görə bilmək deməkdir. Erkən gələn axşamüstülərindən, arxa məhəllələrin küçə lampaları altında əllərində bir torba evlərinə qayıdan atalardan bəhs edirəm. Tez-tez baş qaldıran iqtisadi böhrandan sonra dükanında soyuqdan tir-tir əsərək bütün gün bir müştəri gözləyən yaşlı kitabsatanlardan, böhrandan sonra camaatın daha az təraş etdirməsindən şikayətlənən bərbərlərdən, boş limanlara bağlanmış köhnə Boğaz paraxodlarını, əlində tor, yuyarkən bir gözüylə uzaqdakı kiçik ağ-qara televizora baxan və sonra gəmidə yuxulayacaq gəmiçilərdən, daş döşənmiş dar yollarda, maşınlar arasında futbol oynayan uşaqlardan, ucqar avtobus dayanacaqlarında aralarında heç danışmadan çoxdandır gəlməyən avtobusu gözləyən başıörtülü, əli plastik torbalı qadınlardan, köhnə sahil evlərinin boş qayıqxanalarından, yay axşamları şəhərin ən böyük meydanında sərxoş bir turist tapmaq ümidilə səkiləri yuxarı-aşağı ölçən səbirli pəzəvənglərdən, iş axşamları tələsə-tələsə paraxoda tərəf gedən adamlardan, axşamlar evə gec gələn ərlərini gözləyərkən pərdələri aralayıb küçəyə nəzər yetirən qadınlardan, məscid həyətlərində kiçik dini məktublar, təsbehlər, hacı yağları satan qocalardan, on minlərlə yaşayış binasının hamısı bir-birinə bənzəyən girişlərindən, bir vaxtlar möhtəşəm imarət olduğu halda indi hər taxtası çürüyüb tökülən taxta tikililərdən, boş parkların qırıq oturacaqlarından, gəmi fitlərindən, ta Bizansdan qalma xaraba vəziyyətdə olan şəhər qala qapılarından, axşamüstü boşalan bazar yerlərindən, xarabazara dönmüş köhnə təkyə binalarından, üzəri çirk, pas, tozla rəngsizləşmiş on minlərlə yaşayış binasından, şidyə və yosunlarla əhatələnmiş paslı boruların üzərində, yağış altında heç tərpənmədən dayanan göyərçinlərdən, ilin ən soyuq günündə tək bir bacasından güclə görünə bilən napnazik duman çıxan yüzillik nəhəng imarətlərdən, Qalata körpüsündə balıq tutan kişilərdən, soyuq kitabxana salonlarından, küçə fotoqraflarından, bir zamanlar adlı-sanlı, tavanları bəzəkli kinoteatr olduğu vaxt kişilərin qapısından xəcalətlə girdiyi pornofilm salonuna çevrilmiş yerlərin nəfəs qoxusundan, günəş batdıqdan sonra bir qadın belə görə bilməyəcəyin prospektlərdən, yarıisti, yarıküləkli günlərdə bələdiyyə idarələrinin qapılarında yığışan adamlardan, endirimli ət satışı yerinin qapısında növbə tutan gənc qadınlardan, bayram günləri minarələrin arasında olan sönük lampalardan, ora-burası çırılmış, qaralanmış divar afişalarından, bir Qərb şəhərində olsa muzeyə qoyulacaq halda olan, şəhərin çirkli küçələrində, dik yoxuşlarında inildəyə-inildəyə sürünən, marşrut avtobusu sayılan, 1950-ci illərdən qalma köhnə Amerika maşınlarından söz açıram.
Avtobusları ağzına kimi dolduran adamlardan, qurğuşun örtükləri, yağış novları davamlı olaraq oğurlanan məscidlərdən, şəhərin içində ikinci dünya kimi yaşayan qəbiristanlıqlardan və sərv ağaclarından, Kadıköy-Karaköy arasında işə salınan paraxodların içində axşamlar yanan solğun lampalardan, küçələrdə hər qarşısına çıxana bir qutu kağız dəsmal satmağa çalışan kiçik uşaqlardan, heç kimin baxmadığı saat qüllələrindən, uşaqların tarix kitabında oxuduqları Osmanlı zəfərləriylə axşam evdə yedikləri kötəklərdən, seçicilərin sayılması, əhalinin siyahıya alınması, terrorçu axtarmaq bəhanəsiylə ikidəbir elan edilən küçəyə çıxma qadağalarında “vəzifələndirilmişləri” qorxuyla gözləməkdən bəhs edirəm. Qəzetlərin arxa səhifələrində yerləşdirilmiş “məhəlləmizdəki üç yüz yetmiş illik filan məscidin qübbəsi çökür, dövlət hara baxır” məzmunlu oxucu məktublarından bəhs edirəm. Şəhərin ən izdihamlı yerlərindəki yeraltı, yerüstü keçidlərinin pillələrinin hər birinin kənarının bir başqa şəkildə qırıq olmasından, qırx ildir eyni yerdə İstanbul markaları satan kişidən, hər yerdə qarşınıza çıxan dilənçilərdən və hər gün eyni yerdə eyni sözləri söyləyən dilənçilərdən, izdihamlı prospektlərdə, paraxodlarda, pasajlarda, keçidlərdə qəfildən burnunuza gələn kəskin ayaqyolu qoxusundan, “Hürriyət” qəzetinin Güzin Abla sütunlarını oxuyan gənc qızlardan, Üsküdardakı pəncərələri qızılımtıl narıncı rəngə boyayan gün batışından, dənizə gedən balıqçılardan başqa hamının yatdığı səhərin erkən saatlarından, Gülhanə parkındakı heyvanat bağçası belə deyilə bilməyəcək yerdəki qəfəslərin içindəki iki keçiylə narahat halda döyünən üç pişikdən, pavilyonlarda amerikalı müğənnilərlə türk pop ulduzlarını təqlid edən üçüncü dərəcəli müğənnilərdən və 1-ci dərəcəli müğənnilərdən, heç kimin altı ildə yes və no deməkdən başqa heç bir şey öyrənə bilmədiyi, bitib-tükənməyən ingilis dili dərslərində darıxan şagirdlərdən, Qalata yükboşaltma limanında gözləyən mühacirlərdən, qış axşamları dağılan, yığışan bazar yerlərində qalan göyərti, meyvə, zibil, kağız, plastik torba, çuval, qutu artıqlarından, bazar yerlərində utanaraq bazarlı edən başıörtülü gözəl qadınlardan, üç uşağıyla küçədə çətinliklə gəzən gənc analardan, Qalata körpüsündən Eyüpə doğru baxıldıqda Haliçin görünüşündən, müştəri gözləyərkən mənzərəyə baxıb gözü yol çəkən bulkasatanlardan, hər il bir dəqiqə bütün şəhər Atatürkü anmaq üçün inancla qətiyyən tərpənmədən sayğı duruşuna keçərkən uzaqdan hamısı eyni vaxtda işə düşən gəmi fitlərindən, daş döşənmiş yolların üzərinə asfalt üstündə asfalt çəkilə-çəkilə bir zamanlar pillələrlə çıxılan bir yer olduğu halda indi yolun altında qalmış, su kranı oğurlanmış mərmər yığınına çevrilmiş yüzillik məhəllə bulaqlarından, uşaqlığımda orta təbəqədən olan ailələrin, həkimlərin, vəkillərin, müəllimlərin arvadları və uşaqlarıyla axşam radioya qulaq asdığı qonşu küçələrdəki yaşayış binalarında indi sıx yerləşdirilmiş sancaq və düymə maşınlarında bir sifarişi çatdırmaq üçün səhərə qədər şəhərdəki ən aşağı maaşla işləyən gənc qızlardan, hər şeyin qırıq-sökük, köhnəlmiş olmasından, payız yaxınlaşarkən Balkanlardan, Şərqi və Şimali Avropadan gəlib cənuba gedərkən Boğazın, adaların üzərindən keçən leyləkləri bütün şəhərin seyr etməsindən və uşaqlığımda hər biri ağır məğlubiyyətlə nəticələnən milli matçlardan sonra siqaret çəkə-çəkə evlərinə qayıdan kişi izdihamından bəhs edirəm.
Bu duyğunu və onu şəhərə yayan mənzərələri, guşələri, adamları yaxşı başa düşdükdə, onunla tərbiyə olunduqda, müəyyən məqamdan sonra şəhərə hardan baxırsınız-baxın, lap soyuq qış axşamlarında qəfildən günəş çıxınca Boğaz sularının üzərində incə-incə tərpənməyə başlayan o buğ kimi hüzn duyğusu mənzərədə və insanlarda görünə biləcək açıqlığa qovuşur.




Bölmə: 







