Yaradıcı insanlara dövlət yardımı düzgün yoldurmu?

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 Şubat, 2008

“Yaradıcılıq İttifaqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı yaranan mübahisələrə baxmayaraq, qanunun qəbul olunacağına şübhə etmirəm”. Bu barədə “OLAYLAR”a açıqlama verən millət vəkili, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov bildirib ki, vitse-spiker Valeh Ələsgərov qanunun bəzi müddəalarına etiraz edib. V.Ələsgərov bu fikirdədir ki, yaradıcı ittifaqların dövlət büdcəsindən maliyyələşməsi onların müstəqil qurum kimi formalaşmasına imkan verməyəcək. Belə ittifaqlar müstəqil olmalıdır ki, mövcud olmağın texnologiyalarını öyrənsinlər.
N.Cəfərovun fikrincə isə, belə qurumlar nə tamamilə dövlət tərəfindən maliyyələşməli, yəni bir dövlət orqanı kimi fəaliyyət göstərməli, nə də ki, dövlət yardımından kənarda qalmamalıdır. “Biz keçid dövrünü yaşayırıq və sənət adamları bu proseslərdə çevik addımlaya bilmirlər. Sovet dövründə fəaliyyət göstərən ittifaqlar üçün dövlətin vəsait ayırdığı xüsusi mexanizm olub və yaradıcı insanların ehtiyacları təmin olunub. İndi də elə bir dövrdə yaşayırıq ki, yaradıcı insanlar öz əsərlərini sata bilmirlər. Ona görə də onlara müəyyən güzəştlər olmalıdır”.
Rəfael Hüseynovun məsələyə kəskin münasibətinə, yəni dövlət tərəfindən belə qurumların maliyyələşməsinə tərəfdar olmasına da toxunan millət vəkili bildirib ki, dövlət büdcəsinin öz təyinatları var. Müəyyən məqamlarda onlar sənət adamları üçün mükafatlar təyin edir, evlə təmin edir və s. Belə qurumların tamamilə dövlət büdcəsindən təmin olunmasının yaradıcı insanları dövlətdən asılı vəziyyətə sala biləcəyi probleminə də toxunan N.Cəfərov narahatçılıq doğuran məqamların daha çox bununla bağlı olduğunu bildirib. Belə ki, ittifaqların dövlət tərəfindən maliyyələşməsi onların yalnız dövlətin sifarişi ilə işləməsinə zəmin yarada bilər. N.Cəfərov isə deyir ki: “Dövlətin mədəniyyət siyasəti də bu prosesi istəmir. Dövlət yaradıcılıq üçün demokratik mühitin yetişməsinin tərəfdarıdır”. (“OLAYLAR”İA)
 

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın