Qaynar xəbər portalı

Kitab dünyası


Mehriban ƏləkbərzadəMehriban Ələkbərzadə: “Əgər rejissor kimi bu filmi mən götürsəydim, Rasim Balayevi o rolda çəkməzdim”

 Azərbaycan ədəbiyyatının dahi şəxsiyyətlərindən biri olan Hüseyn Cavidin həyatı barədə çəkilən “Cavid ömrü” filmi televiziya ekranına çıxdı və bu film tamaşaçılar tərəfindən birmənalı qarşılanmadı. Hazırda bu film haqqında əsasən, üç xətt üzrə müzakirələr aparılır - filmin ssenarisi, rejissor işi, Cavid yaradıcılığı və şəxsiyyəti.
Hər halda tamaşaçı necə görmək istəməyindən asılı olmayaraq, ekran qarşısında Cavidlə üzləşdi. Milliyyətçi, ideoloq, filosof, şəxsiyyət, şair Cavidlə. Tanınmış telejurnalist, rejissor, bir çox tarixi və sənədli filmlərin müəllifi Mehriban Ələkbərzadə ilə də “Cavid ömrü” filmindən danışacağıq. Ancaq deyəsən, Mehriban xanım Cavid şəxsiyyətindən, onun haqqında çəkilən filmin ssenarisindən danışmağa daha həvəsli olsa da, müəyyən səbəblərdən rejissor işi ilə bağlı söz deməyə tələsmir.    - Mənim film haqqında danışmağım etik nöqteyi-nəzərdən o qədər düzgün olmaz. Çünki Kinostudiyada film çəkəndə bizim otaqlarımız üzbəüz idi. Ən azı peşə etikası baxımından ikimiz də film çəkdiyimizə görə onun filmindən danışmaq düzgün çıxmaz. Burda təkcə eyni vaxtda film çəkməyimizdən əlavə, konkret olaraq kinorejissor olmayan iki rejissorun bir-birinin filmindən danışması doğru olmaz. Ona görə də tamaşaçı sözünü deməlidir. Gəlin tələsməyək.

   - Düzdür, etik normalar var. Amma hər halda 5 ballıq sistem üzrə bu filmin rejissor işinə neçə qiymət verərdiniz?

   - Rejissor işi deyəndə bir məsələ üzərində dayanmaq olmur. Burda operator işi, işıqlandırma, virtual studiya və başqa məqamlar var. Onlar film çəkəndə rejissor ancaq monitor qarşısında oturub filmə baxırdı. Buna onun imkanı vardı. Mən isə tutaq ki, operatorun obyektindən çəkilişə baxırdım. Hər bir xırda səhvin əhəmiyyəti var, xüsusən rejissor işində. Film kimi biz onu film olaraq yox, Anarın əsəri kimi analiz etməliyik. Amma konkret ssenari qəbul olunub və rejissor bu ssenarini götürüb. Ssenaridə isə Cavidin başına gələn faciəli hadisələrin göstərilməsi qəbul olunub. Əgər bu baxımdan götürsək, o zaman deyə bilərik ki, filan yerdə səhnə qaranlıq düşdü, kütləvi səhnələrdə üçüncü, dördüncü plan düzgün olmadı və s. Bunlar texniki məsələlərdir. Amma bizə burda Cavid lazım idi və onu görmək istəyirdik. Cavidin başına gələnlərin səbəbi isə başqa məsələdir. Mən Cavidi hədsiz dərəcədə çox istəyirəm. Bu baxımdan onun adı çəkilirsə, həyatının bir gününə işıq salınırsa, mən o haqda pis bir söz demək istəmirəm. Təbii ki, mən sevdiyim Cavidi tamlıqla özüm də dərk edib tapmamışam. Mənim keçirdiyim yubileydə üç cür Cavid vardı - Filosof Cavid, yəni həyatdan köçəndən sonrakı ruhu, 37-ci illərin Cavidi və əsərlərində olan Cavid. Yəni burda Arif, Teymur, Yıldırım və başqaları hamısı Cavid idi.

   - Elə isə filmin ssenarisi sizi qane edirmi?

   - Anar ən azı Rəsul Rzanın oğludur. Və eyni zamanda Anar Yazıçılar Birliyinin sədri olduğundan 37-ci illərin stenoqramları ilə tanışdır. Onlara istinad edilib. Yəni onlardan qidalanmamaq da mümkün deyildi. Azından mən bildiyim səviyyədə Cavid haqqında məlumatlar cəmləşib. Ona görə də hesab edirəm ki, lazımi faktlar filmdə öz əksini tapıb.

   - Ümumiyyətlə, Cavid həyatı, şəxsiyyəti, yaradıcılığı bu filmdə açıla bilibmi?

   - Cavid nə yazıb və nədən yazıb məsələsi burda müzakirə oluna bilər. Cavid nə yazıb və nələrlə üzləşib xronologiyası filmdə var. Amma Cavid nədən yazıb və hansı zaman arzusunda olub, bax, bu filmdə özünü tapmayıb. Məhz 37-ci il adlandırdığımız məşəqqətli Mircəfər Bağırov dövründə Cavid və cavidkimilər məsələsi var. Mən bu məsələyə çox önəm verirəm. Düzdür, deyirlər əvəzolunmaz insanlar yoxdur. Amma Cavid kimi yaradıcı insanların heç birinin əvəzi ola bilməz. Onlar fərqli, müxtəlif, hərəsi Azərbaycanın intellektual ideya savaşında nüvə olan insanlardı. Filmdə, sadəcə, həmin dövrdə o insanların başına gələn hadisələr əks olunub. Başqa məsələdir ki, mən Caviddən nə istəyirdim və nə görmək istəyirdim. Mən özüm onun yubileyini etdim və müəllif olaraq Cavidin niyə və hansı zamanı gözlədiyini, hansı zamandan bəhs edən əsərlər yazdığını ortaya qoymağa çalışdım. Mən əslində bunu qabartmaq fikrindəydim. Yəqin ki, bütün bunlar filmdə araşdırılmalı idi ki, nədən Cavid həmin aqibəti bəlli olan günə gəlib çıxdı.

   - Bəs sizcə, filmdəki aktyorlar öz işlərinin öhdəsindən gəldimi?

   - Mən “Çal-çağırda” formalaşan Dilarəni, bu film sayəsində hədsiz dərəcədə sevdim. Mən onun rolunu hansı səviyyədə yerinə yetirməsindən danışmıram. Və ya istəməzdim ki, Dilarə rolunu o səviyyədə səsləndirsin. Amma bununla yanaşı, Dilarə görünüş nöqteyi-nəzərdən mənə hədsiz dərəcə işıqlı təsir bağışladı. Bu filmdə işıqlı sifət bir qədər az olduğundan Dilarə diqqəti cəlb edə bildi. Düzdür, deməzdim ki, faktiki olaraq o, Müşgünaz xanımı yaratdı. Sadəcə olaraq Dilarə mənim üçün çox işıqlı və maraqlı göründü. Amma mən filmdə Məmmədsəfanın işini uğurlu sayıram. Düzdür, bəzi hallarda Məmmədsəfanın işi bir qədər teatrlaşdırılmış forma təsiri bağışladı. Amma onun işi hər halda çox yaxşı təsir bağışladı.

   - Bəs Nəsimiyə görə tanınan Rasim Balayev Cavidi yarada bildimi?

   - Əgər rejissor kimi bu filmi mən götürsəydim, Rasim Balayevi o rolda çəkməzdim. Çünki mən Rasim Balayevi Cavid kimi görmürdüm. Baxmayaraq ki, onun sənətinə çox böyük hörmətim var. Aktyor bacarığına görə Rasim Balayev çox istedadlı aktyordur. Ona görə də rolların öhdəsindən gəlib-gəlməməsi müzakirə olunmur. Amma mən nəsə xarici görünüş və təəssürat baxımından Cavidi onun yaratdığı kimi görmürəm. Belədir ki, biz Rasim Balayevi sevirik, çünki o bizim Nəsimimizdir. Və mən güman etmirəm ki, Nəsimini Rasim Balayevdan başqa hansısa bir güclü aktyor elə yarada bilərdi. Amma Cavid üçün Rasim Balayev uğurlu seçim deyildi. Amma bir fakt da var ki, bu gün aktyor qıtlığı, aktyor problemi var.

Teymur






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (3 səs, təxmini: 3.33 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə axşamı, Fevral 28th, 2008 tarixində 12:03 radələrində Kino bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

5 şərh var


  1. Şahanə adlı istifadəçi, Fevral 28, 2008 tarixində, saat 15:55 yazıb:

    Həəə, Mehriban xanım Cavidi sevdirə bilməyən bu film, bu filməbənzər nəsə haqqında sadəcə susmağa üstünlük verib…

    Amma nahaq yerə. Biz danışsaq, deyəcəklər ki, sizin başınız nə çıxır, rejissorsunuz?

    Rejissorlar danışsın gərək.


  2. scorpion adlı istifadəçi, Fevral 28, 2008 tarixində, saat 20:22 yazıb:

    Mehriban xanım danışsa onda birisi də böyürdən çıxıb “Məhkumlar” filmi haqqında danışacaq… Nəyinə lazımdı…


  3. Yazar adlı istifadəçi, Fevral 28, 2008 tarixində, saat 23:40 yazıb:

    Rəsul Rza 37-ci ildə Hüseyn Cavidin üzünə durub, Rəsul Rzanın oğlu Anar da “Cavid ömrü” filminin ssenarisini yazıb. Dünyanın belə işləri də var…


  4. Seyid Ramin adlı istifadəçi, Fevral 29, 2008 tarixində, saat 00:03 yazıb:

    Mən qeyd etmək istərdim ki, bu filmdə ən yadımda qalan aktyor elə Məmməd Səfa oldu. O, bütün rollarını əla aparırdı. Ümumiyyətlə Məmməd Səfa həqiqətən də çox böyük aktyordur. O ki, qaldı Rasim Balayevin Cavid roluna, bu yazıçı Anarın öz şəxsi istəyi olub. Yəni, Anar deyib ki: “Mən istəyirəm Cavidi Rasim Balayev oynasın” Hər halda mən belə eşitmişəm.

    P.S. Hörmətli Yazar, hər aşiqin bir dövranı var…


  5. Kassandra adlı istifadəçi, Mart 13, 2008 tarixində, saat 18:15 yazıb:

    Film haqqinda daniwanlar eyni sozleri deyirler. Belke bir az ferqli daniwasiniz? Meselen ondan ki, yazici Anar Huseyn Cavidi sevmir. Ve bu ssenariye de tesir edib.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: