Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondundan maraqlı layihə
KultAz: İş adamlarının ciddi mədəni proseslərə dəstək verməməsi haqqında çox yazmışıq. Deyəsən buzlar əriməyə başlayıb. Belə ki, Ukraynada çalışan azərbaycanlı iş adamı İlqar Abbasova məxsus “Polissiya” şirkətinin təsis etdiyi Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu bu mənada nümunəvi addım atıb.
Fond ilkin olaraq, “Azərbaycan nağılları”nı ukrayna dilinə tərcümə etdirərək, kitab halında dərc edib. Martın 3-də isə Kiyevdə görkəmli bəstəkar Qara Qarayevin 90 illiyi ilə bağlı bəstəkarın əsərlərindən ibarət konsret təşkil ediləcəkdir.
İndi isə daha geniş bir layihəyə start verilib: «GUAM ölkələri gənc yazıçılarının 1-ci Beynəlxalq Bakı görüşü».
Göründüyü kimi, Fondun ilk işi məhz sözlə bağlı olub. Niyə məhz ədəbiyyat?Bu sualın cavabı fevralın 28-də Fondun Bakı nümayəndəliyində keçirilən mətbuat konfransında cavablandırıldı. Konfransı giriş sözü ilə açan «Dünya ədəbiyyatı» jurnalının baş redaktoru Səlim Babullaoğlu qonaqları və media işçilərini salamladıqdan sonra dedi: “İncildə deyildiyi kimi, əvvəl söz olub. Biz də düşündük ki, iki respublika arasında əlaqələrin inkişafı, dostluq körpüsü sözdən keçsə daha etibarlı olar. Daha sonra digər layihələrə də başlanılacaq. Mətbuatla, kinoyla, musiqiylə bağlı da uyğun layihələrimiz olacaq”.
Əlbəttə, Ukraynada yaşayıb-çalışmasına baxmayaraq, Azərbaycan mədəniyyətinə, ədəbiyyatına yerli iş adamlarından daha sıcaq yanaşan İlqar Abbasov və rəhbəri olduğu “Polissiya” şirkəti media işçilərinin marağına səbəb olmaya bilməzdi. Ona görə də konfransda Fondun Bakı nümayəndəliyinin direktoru, telejurnalist və ssenarist, əməkdar artist Rafiq Həşmiov bu barədə geniş məlumat verdi: “Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu 27 avqust 2007-ci ildə yaradılıb. Fondun təsisiçisi və prezidenti Ukraynada yaşayan həmvətənimiz İlqar Abbasovdur. İlqar Abbasov artıq 3 ildir ki, öz qardaşları- İlham və Azərlə birlikdə bütün Ukraynada məşhur olan “Polissyia” şirkətinə başçılıq edir. Polissya şirkəti hal-hazırda Azərbaycan, Ukrayna və Rusiya mətbəxinə aid 120 çeşiddə dondurulmuş yarımfabrikat istehsal edir. İstehsal olunan məhsullar şirkətin eyniadlı mağaza şəbəkəsi tərəfindən yayılır. Bununla yanaşı şirkət həm də çox böyük xeyriyyəçilik işləri görmüş və görməkdədir. Şirkət yerləşdiyi rayonun məktəbəqədər təhsil müəssisələri və orta məktəblərinə, idman klubları və komandalara, əlillərə və yaşlılara daimi yardım edən aktiv sosial yönlü işlər görür. Fondun prezidenti İlqar Abbasov həmçinin Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevin köməkçisi kimi də bir çox mədəni layihələrin gerçəkləşdirilməsinə öz dəyərli töhfələrini vermişdir. Fondun işləri ilə bağlı yenicə fəaliyyə başlayan www.mbfuad.com saytından daha ətraflı bilgi əldə edə bilərsiniz. ”
Yeri gəlmişkən, Ukrayna mətbuatına verdiyi müsahibələrinin birində İlqar Abbasov deyir: «Biz harda çalşımağımızdan asılı olmayaraq vətənimizə, torpağımıza, dövlətimizə bağlı insanlarıq. Bunu bizə həm də müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev cənabları öyrətmişdir. Yəni harda oluruqsa olaq, azərbaycanlı olduğumuzu unutmamalıyıq. Eyni zamanda biz işlədiyimiz ölkəni də sevirik. Bəs necə etməli ki, bu iki hiss öz səmərəsini versin? Bunun ən yaxşı yolu Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun qurulması idi. Biz bu fondu qurduq ki, xeyriyyəçilik işlərimizi genişləndirək, öz dövlətimizə, öz prezidentimiz möhtərəm İlham Əliyev cənablarına vətəndaşlıq köməyimizi edək, habelə onun davam etdirdiyi uğurlu xarici siyasətə, bu siyasətin tərkib hissəsi olan Ukrayna-Azərbaycan dostluğuna öz töhfələrimizi verək. Nəzərdə tutduqlarımızı edə bilsək, demək yaşamağa dəyərmiş…»
Haqqında daha ətraflı bilgi vermək istədiyimiz layihə belə adlanır: «GUAM ölkələri gənc yazıçılarının 1-ci Beynəlxalq Bakı görüşü». Bu layihə çərçivəsində fondun əsas tərəfdaşı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyidir. Layihənin əsas maliyyəçisi yuxarıda qeyd etdiyimiz kimi, Fonddur.
Layihənin digər tərəfdaşı Azərbaycan Yazıçılar Birliyidir (AYB). Layihə Kiyevdə Azərbaycan yazıçılarının əsərlərinin nəşrini, habelə Bakı da GUAM ölkələri yazıçılarının əsərlərinin nəşrini nəzərdə tutur. Eyni zamanda Kiyevdə və Bakıda kitabların təqdimatını və yazıçıların görüşlərini nəzərdə tutur. AYB-nin idarə heyətinin üzvü və tərcümə seksiyasının rəhbəri, «Dünya ədəbiyyatı» dərgisinin baş redaktoru Səlim Babullaoğlu layihə haqqında ətraflı məlumat verdi: “Layihə əsasən iki böyük hissədən ibarət olacaq. Birinci hissə Kiyevdə Azərbaycan müəlliflərinin əsərlərindən ibarət antologiyanın nəşrindən və həmin nəşrin Kiyev şəhərində təqdimetmə mərasiminin keçirilməsindən ibəarətdir. Ümid edirik ki, aprel ayının birinci və ikinci dekadasında bu gerçəkləşdiriləcəkdir. Məlumat üçün deyim ki, nəzərdə tutulan antologiya Kiyevdə nəşr olunan “Kiyevskaya Rus” jurnalı ilə əməkdaşlıq çərçivəsində gerçəkləşdirilir. Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu jurnalın həmin sayına daxil edilmiş əsərlərin tərcüməsi və nəşri işini öz boynuna götürmüşdür. Həmin saya bizim bir çox görkəmli yazıçı və şairlərimizin, habelə ədəbiyyatımızın yeni nümayəndələrinin əsərləri daxildir. Həmin nəşrə nasirlərdən- Anar, Elçin, Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, Kamal Abdulla, Çingiz Abdullayev, Seyran Səxavət, Hüseynbala Mirələmov, Həsən Quliyev, Rafiq Həşimov, Elçin Hüseynbəyli, Rəşad Məcid, İlqar Fəhmi, Məqsəd Nur, Sara Nəzirova, Afaq Məsud, Günel Anarqızı, Bəsti Əlibəyli, şairlərdən- Fikrət Qoca, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Hidayət, Əjdər Ol, Siyavuş Məmmədzadə, Mənsur Vəkilov, Adil Şirin, Ədalət Əsgəroğlu, Elxan Zal, Salam, Səlim Babullaoğlu, Qulu Ağsəs, Qəşəm Nəcəfzadə, Murad Köhnəqala, Zahir Əzəmət, Nicat, Firuzə Məmmədli, Alina Talıbova, Həyat Şəmi, Nailə Bannayeva və Günel Mövludun əsərləri daxil edilmişdir. Aprelin birinci dekadasının sonunda artıq bu antologiya hazır olacaq və biz ümid edirik ki, Azərbaycan yazıçılarından ibarət nümayəndə heyəti Kiyev şəhərində keçirilməsi nəzərdə tutulan təqdimetmə mərasimlərində iştirak edə biləcəklər. Bakıda nəşr olunacaq antologiyaya isə Ukraynadan- Vasıl Gerasimyuk,Vasıl Stus, Dmitro Stus, Kralyuk Petr, Boris Xersonskiy, Qrabar, Vyaçeslav Klokov, Aleksand Zaraxoviç- Taras Fedyuk, Mariya Matios və başqalarının, Moldovadan - Aleksandr Milyax, Vladimir Lorçenkov, Uzun Sergey və Gürcüstandan - Şota İataşvili, Zviad Ratiani, Lela Samniaşvili, Şalva Bakuradze, Rusudan Kausauri və başqalarının əsərləri yer alacaqdır. Diqqətinizə çatdırmaq istərdik ki, Bakıda nəşr olunan antologiyanın tərcümə və nəşr məsrəflərini Mədəniyyət və Turizm nazirliyi öz boynuna götürüb. Nəşr olunacaq antologiya «Dünya ədəbiyyatı» dərgisnin artıq adı sizlərə bəlli olan «DƏB» (dünya ədəbiyyatından books) seriyasında nəşr olunacaqdır və indiyədək bu seriyadan 9 kitab nəşr olunmuşdur. May ayında GUAM ölkələrini təmsil edən 6 nəfər yazıçının layihə çərçivəsində Bakıya gəlişi də nəzərdə tutulub. Səfərlə bağlı maralıproqram hazırlanıb: yaradıcı mübadilələr və müzakirələr, şeir gecələri, kitab təqdimatları və s.”
Sonda onu da qeyd edək ki, layihəni dəstəkləyən informasiya resurslarından biri də “Kultaz” portalıdır.
« Murad Köhnəqala. Eşqin alovu | Əsas səhifə | “Mən dünyanı bütöv, bütün, universal görməyə çalışıram” »




Bölmə: 










ehtiram adlı istifadəçi, Mart 3, 2008 tarixində, saat 23:33 yazıb:
reklamlar bitdi.seyre davam.
Hidayət adlı istifadəçi, Mart 4, 2008 tarixində, saat 21:39 yazıb:
Ehtiram-seyrə davam…
lap şerdi ki!!!!!!!!!!!!!!!!