Yazıçı Çingiz Aytmatovla Mir Şahinin söhbəti
- Gəlin “Dağlar yıxılanda” əsərinizdən başlayaq. Oxuculara nəyi çatdırmaq istəyirdiniz bu əsərlə?
- Bu mənim sonuncu romanımdır. Mən burada elə insan obrazları, ifadə, insan taleləri, hadisələr tapmağa çalışmışam ki, adamlar özlərinə sual versinlər ki, qloballaşma bütünlükdə hamımız və ayrılıqda hər kəs üçün, onun taleyində, əməllərində, perspektivində nə deməkdir. Ona görə ki, bizim qloballaşmaya necə münasibət bəsləməyimizdən asılı olmayaraq, 21-ci əsrdə yaşayan hər birimizə bu proses bu və ya digər dərəcədə toxunur və o bundan kənarda qala bilməz. Bu münasibətlər və qloballaşmanın universallığına mən uca qırğız dağlarının ənginliklərində yaşayan qəhrəmanlarımın taleyində cavab tapmağa çalışmışam. Qloballaşma gedib oralara da çıxıb. Çox mürəkkəb bir tərzdə. Çox şeylər öz dəyərini itirir.
- Çingiz Terekuloviç, şəxsən Siz özünüz qloballaşma prosesini necə keçirirsiniz?
- Mən bu prosesdə bizi- insan cəmiyyətini birləşdirən çoxlu universal hərəkətlər görürəm. Eyni zamanda hər bir xalq və onun milli mədəniyyəti sınağa məruz qalır. Məsələ onların qloballaşmanın ümumi tendensiyalarını nə qədər mənimsəyə və eyni zamanda özləri olaraq qala bilmələrindədir. Bəlkə də insan hansısa cəngəlliyə qaçıb qloballaşmadan kənarda qala bilər, amma normal şəraitdə o, mütləq bu prosesin çəngində qalacaq.
- Biz onda belə bir qənaətə gələ bilərəkmi ki, Çingiz Terekuloviç artıq qəti olaraq bəşəriyyətə inteqrasiya edib və bu saat kimsiniz Siz- türk, qırğız, yoxsa adi yer insanı?
- Bəli, bəli. Mən öz torpağımda, xalqımın arasında özüm olaraq qalıram. Eyni zamanda mən dünyanı bütöv, bütün, universal görməyə çalışıram.
- İndiki şəraitdə, qloballaşma dövründə biz kiçik xalqlar, balaca millətlər özümüzü necə aparmalıyıq ki, itib-batmayaq?
- Özümüzün strategiyamız, ideologiyamız olmalıdır. Məsələn, Azərbaycan onu əhatə edən dünyadan təcrid oluna və yalnız özü haqqında düşünə bilməz axı. Yox. O həmişə onu əhatə edən dünyanın getdikcə genişlənən proseslərinin içində olacaq və bu qarşılıqlı münasibətlərin həm müsbət, həm də mənfi xüsusiyyətlərini hiss edəcək. Amma təkamül yolu ilə öz milli mədəniyyətini, elmini, biliklərini, təhsilini inkişaf etdirməlidir. Ona görə də düşünürəm ki, hər bir xalq, hər bir ölkə ümumdünya qloballaşmasında hamı ilə birgə olmalı, həm də özü olaraq qalmalıdır. Məsələn, mən bir çox illərdir ki, Avropada yaşayıram. Avropa Birliyi qloballaşmanın modellərindən biridir. 27 ölkə bir sistemə, Avropa Birliyinə daxil olub. Hamı ora can atır. Amma eyni zamanda etnik, mədəni, tarixi subyekt kimi hamı özü olaraq qalır.
- Onda belə çıxır ki, məsələn Akayevin Ermənistanda soyqırımı abidəsinə baş çəkməsi də qloballaşmanın nəticəsidir?!
- Bu o demək deyil ki, dünyanın hansısa subyektlərinin münaqişəsi, ziddiyyəti, mübarizəsi varsa, başqaları da məhdudlaşmalı və onların kandarına qədəm basmamalıdır. Əksinə hər iki tərəf çalışmalı, yaxınlaşmağa cəhd göstərməlidir.
- Yəni belə çıxır ki, həmin ölkənin prezidenti o abidəyə baş çəkirsə düz edir?!
- Mən bilmirəm hansı abidəni nəzərdə tutursunuz…
- Mən axı dedim. Ermənilərin soyqırımı abidəsi.
- Bu ki dünyada böyük mübahisəli sualdır. Bəziləri bunu əsil soyqırımı sayır, digər tərəf isə hesab edir ki, belə bir şey olmayıb. Bunu hələ uzun müddət araşdırmaq lazımdır.
- Bəlkə onlar ziyarətə tələsiblər. Bəlkə əvvəl araşdırıb sonra getməliydilər?!
- Ola bilər, mənə mühakimə etmək çətindir.
- Siz zəmanəmizin böyük yazıçısısınız. Biz əlbəttə Sizinlə fəxr edirik. Amma hər halda Siz özünüzü kim hesab edirsiniz: türk dilinin yazıçısı, qırğız yazıçısı, yoxsa…
- Bunu bir neçə kəlmə ilə demək çox çətindir. İndi hətta bilinqvizm deyilən bir elmi istiqamət var, ikidillik. İki dildə yazan mənim nəslim, sonrakı nəsillər. Onlar həm özlərinin ana dilinə malikdirlər, eyni zamanda tarixin onlara verdiyi dilə, məsələn bizdə rus dilinə yiyələniblər. Tale elə gətirib ki, biz onu öyrənmişik və tam gücü ilə istifadə edirik. Özün olmaq o demək deyüil ki, məhdudlaşasan. Təcrid olunasan. Düşünürəm ki, bu təcrübəyə geniş surətdə, panoramada baxmaq lazımdır. Mən heç kəsi nədəsə günahlandırmaq istəmirəm, amma xatırlayırsınıza Türkmənistan təcrid olunmuş vəziyyətdədir. Onlar bütünlüklə özlərinə qapılıblar. Bilmirəm nə qədər doğru deyirlər, teatrlar bağlanıb, başqa belə nələrsə olub. Xatırlayıram ki, bir neə böyük beynəlxalq konfranslara biz türkmən həmkarlarımızı dəvət etməyə cəhd göstərdik, amma onlardan heç biri gələ bilmədi. Bilmirəm yasaq edilmişdi, yoxsa imkan vermədilər, bundan milli mədəniyyət nə uddu? İndi düşünürəm ki, onlar ümumi məcraya qayıtmağın zərurətini hiss ediblər. /ANS TV/




Bölmə: 








