Tanrı Həvvanı kişidən sonra yaratdı. Adəm darıxmamaq, tənhalıqdan üzülməmək üçün. Beləcə qadın əslində yaranmış boşluğu doldurmaq üçün, kişini əyləndirmək, oyuncağı olmaq üçün yaradıldı. Qabırğadan yaradılan Həvvaya Tanrı bir o qədər də dıqqət ayırmadı, «Barbie»-nin hazırlanmasına ondan daha çox əmək sərf edilmişdi. Əgər qadın kişinin deyil, tutaq ki, atın qabırğasından yaradılsaydı, o zaman qadında daha çox atın xüsusiyyətləri olacaqdı. Ən müasir düşüncəylə desək,
«Dolli» olacaqdı. Lakin o kişinin qabırğasından yaradıldı. Həvva ilk klondur. Adəmin klonu. Tanrı Həvvada bir-iki əlavələr və ixtisarlar aparmaqla Adəmin surətini, qadını - kişinin oyuncağını, «female doll» - «silikon sevgili» yaratdı.
Tanrı üçün qadın - Həvva o qədər də əhəmiyyətli yaratıq deyildi.
«Sadəcə Adəmi əyləndirsin, yetər». Tanrı Adəmi yaradarkən bundan artığını düşünməmişdi. Bəzən sənin üçün bir o qədər dəyərli olmayan bir şey hazırlayarkən qarışığı qədərindən fərqli qatırsan. Qədim insanlar əti əvvəl yanar ocağa, sonra közə tutmaqla kabab bişirməyi öyrəndikləri kimi. Beləcə Tanrı fərqinə belə, varmadan kişidən daha mükəmməl bir varlıq yaratdı.
Bu dəfə hər şey Tanrının düşündüyü kimi olmadı (tanrılar da yanılırlar..? ). Həvva anladı ki, oyuncaqdır. Sadəcə və sadəcə Adəmin əylənməsi və üzülməməsi üçün yaradılmış həzz makinası.
Lakin o əyləncə makinasının sahib ola biləcəyi məziyyətlərdən daha artığına malikdir (Tanrı bunu nəzərə almamışdı). Həvva da Adəm kimidir. O da yeyir, içir, cüzi fərqləri çıxmaqla oxşar bədən quruluşları… o da insandır… o da ibadət edir. Bəs niyə axı tanrı da onu sevmir, heç Adəmə göstərdiyi diqqətin tozu belə, ona göstərilmir. Tanrı onunla kəsmət kəsmir. Adəm xoşbəxtdir, ibadətini edir və əylənir, Həvvaya isə hər gecə «female doll» olmaqdan başqa bir şey qalmır.
Adəmin beyninin ucundan belə, keçməyən bir məsələ Həvvanın beynini yeyib qurtarmaqdadır. O elə hey düşünir. Niyə axı bu lənətəgəlmiş meyvəni yemək olmaz, niyə ondan başqa hər şeyi olar, ancaq onu yox. Adəm isə susur. «Olmaz»- Adəm bircə bunu bilir. Tanrı belə buyurub. Vəssalam.
Bütün müqqəddəs kitablar kişilər üçün yazılıb. Onlarda qadın üçün nəinki bir fəsil, heç bir abzas, bir səhifə, bir cümlə, bir hərf belə tapa bilməzsən. Tapmaq mümkün də deyil. Ya tanrı sonradan dərk edib ki (səhfini anlayıb), onsuz da qadın onlarda yazılanları bilir, ya da hələ də qadına dəyərsiz bir şey kimi baxır. Tanrı öz kitablarında yazır ki, insanı (xala xətrin qalmasın deyə «insan» yazıb, yoxsa o məmuniyyətlə «insan» yerinə «qadın» kəliməsini işlədərdi) faili-muxtar, filan-bəsməkən… -dır-dir-dur-dür… bəşərin əşrəfidir. Qadın kişi ilə tanrı arasında dayanmış… artıq özünüz qərar verin yarıtanrıdır, mələkdir (bu qadın üçün deyilmiş ən yanlış bənzətmədir, o zahirən belə, mələkdən daha yüksəkdədir), zatdır, ya nədir. Tarix boyu düşünürlərin beynini belə bir məsələ məşğul etmişdir; «Nə üçün qadın filosoflar olmayıb və ya barmaqla göstəriləcək qədər azdırlar?». U.Eko yazır: «Mən bu gün mövcud olan fəlsəfə ensiklopediyalarını vərəqlədim, orada Hipoteyadan başqa bir qadın filosofun da adına rast gəlmədim. Məsələ onda deyil ki, bütün Tarix ərzində mövcudluq və dünyanın quruluşu barədə düşünən qadınlar olmayıb, sadəcə, ola bilsin, kişi filosoflar bütün fəlsəfi tapıntıları öz adlarına yazmaqla onları yaddan çıxarmağa üstünlük veriblər». Platon, daha sonralar isə Əli İbn Əbutalib yazır: “Özünü dərk etməsən tanrıları (tanrını) dərk etməzsən». Təbir-caizsə kişi filosoflar tanrını dərk etməyə can atıblar (fəlsəfənin qayəsi tanrını dərk etməkdən ibarətdir). Qadın üçün isə buna gərək yoxdur, çünki onun cövhərində tanrılıq var, o kişiüstü varlıqdır.
Dini kitablarda söylənildiyi kimi heç də İblis Həvvanı yoldan çıxararaq Adəmi yasaq meyvədən yeməyə təhrik etməmişdi. Həvva İblisdən öncə bu haqda düşünmüşdü. İblis isə Həvvanın heç əlinə su tökməyə yaramazdı, mələklər də.
Bəzən düşünülmədən yaradılan digərlərindən daha üstün və təhlükəli olurlar. Həvva kimi.
Mükəmməlliyin qarşısında Tanrıdan nəvaziş görməmək Həvvanı qeyzləndirirdi. Tanrını dərk etmiş Həvva bütün zamanların ən böyük filosofudur, Həvva mükəmməldir. Tanrı isə onunla hesablaşmır, onu aşağılayır. Sayğı duymur. Bu yerdə tək şey qalırdı… intiqam. Özü də tezliklə. Qadağan olunmuş meyvəni yemək lazım idi…XXXXAAARRRÇÇÇÇÇÇ…
Tanrı yenə də öz sevimli Adəminə qarşı mərhəmətli oldu. O yalnız sürgün olundu. Həvva isə həm sürgün olundu, həm də…
Əgər Prometey qadın olsaydı Zevs ona yalnız bu cür cəza verərdi; Qaf dağına zəncirlənmiş Prometey hər gün doğar, qartal da körpəni yeyərdi.
« “Russkaya Premiya” ədəbiyyat mükafatına namizədlər arasında azərbaycanlı yazar da var | Əsas səhifə | Şair Ağalar Mirzə vəfat edib »




Bölmə: 










scorpion adlı istifadəçi, Mart 6, 2008 tarixində, saat 01:42 yazıb:
Səfsəfə…
Qan T. adlı istifadəçi, Mart 6, 2008 tarixində, saat 03:55 yazıb:
Eko Hipoteyanın adını çəkir. Onu da öldürüblər. Bu barədə 6-cı sinif Qədim Dünya Tarixi kitabında oxumuşdum.
Bu yazı Alatoran jurnalında dərc olunmuşdu. Tezislər maraqlıdır. Amam sistemsizlik var. Bu tezisləri inkişaf elətdirmək vacibdir. Ola bilsin ki, bir az peşəkarlıq çatışmır. Amma Mirmehdi bu yazını bir neçə il əvvəl yazıb. Bir ara qadınlarla kişilər arasında savaş başlayanda bu yazının yaxşı yeri var idi.
Şahanə adlı istifadəçi, Mart 6, 2008 tarixində, saat 12:28 yazıb:
Tural, yenə sən?-))
Hansı tezisləri inkişaf etdirsin Mirmehdi qardaşımız??
Sözügedən qardaşımız yaxşı olar ki, məzələnməsin sözlə. Vəssalam.
Postmodernpərvərpərəst adlı istifadəçi, Mart 6, 2008 tarixində, saat 16:20 yazıb:
Siqareti zimni reklam edib cavanları çəkməyə təşviq etdiyi üçün müəllifi cəzalandırdım; oxumadım…
Bundan başqa, bu şəkli yayımladığı üçün də sayt rəhbərliyini ciddi və qeyri-ciddi şəkildə qınayıram…
Ayıb olsun…
Raset Pirisoyu adlı istifadəçi, Mart 6, 2008 tarixində, saat 23:14 yazıb:
Əsl yazıçı münasibətidir.
Bundan ən pisini və hətta ən yaxşısını yazmaq olar. Bədii əsər ona görə yazılmır ki, adamları hansısa mütləq həqiqətə inandırsın, yaxud dünyanın hansısa qanunlarını izah etmsin… Bədii əsər ilk növbədə yazıçının özünü ifadə etməsi üçün yazılır; dünyanı necə hiss edir, düşüncələrini hansı müstəvidə qurur - bu artıq yazıçının öz işidir.
Yazıçılıq bütün hallarda insanı İNSAN haqqında düşüməyə (yaxışı, yaxud pis) məcbur edən sənət növüdür.
Oxucu adlı istifadəçi, Mart 11, 2008 tarixində, saat 22:05 yazıb:
Evvela sen Allaha inanirsaan?inanirsansa,bil,muqeddes kitablar her kes ucundur.Allah hikmetsiz yaratmir.ele yazmisan ki sanki qadin almani xarcildatdigi ucun tanri ona 2 ceza verib,”hem surgun olunub hem de”…
qadin almani yememisden de qadin olaraq yaradilmisdi.
..”Adem dusunur ki almani yemek olmaz,Havva ise deyir niye olmasin”?sen bu fikre hardan gelmisen?…
bu yazida aciqlanmaq istenen nedir?
Mirmehdi adlı istifadəçi, Mart 12, 2008 tarixində, saat 10:19 yazıb:
dəyərli oxucu əvvəla mənim allaha inanıb inanmamağımın mətləbə dəxli yoxdur.bildiyim qədəriylə də məhz qadının təhriki ilə Adəm qadağan olunmuş meyvəni yedi. Demək qadın nəsə bilirmiş…qalanı hekayədə aydınlığıyla yazılıb.