Elnur Astanbəyli
Bəli, bu həftə də yazımızın iki qəhrəmanı var: Anar və Seymur Baycan. Öncə Anardan başlayaq. Ona görə yox ki, ağsaqqaldır, gözlətmək yaxşı düşmür. Yox. Ona görə ki, nə qədər olmasa, Anar ortabab yazıçıdır, «Dantenin yubileyi», «Mən, sən, o və telefon» kimi bir-iki alababat əsəri var, özü də Anar bunları yazanda elə Seymur yaşda olub. Seymur isə… Yaxşısı budur, Anarı yola verək sonra.Anar 70 yaşı ilə bağlı APA-ya müsahibə verib. Öz iç üzünü bir daha açıb. Məsələn deyib ki, «yenidən dünyaya gəlsəydim, bəzi səhvlərimi təkrar etməzdim». Anar hansı səhvlərdən danışır? Onun səhvləri yox, xəyanətləri var. Milli hakimiyyətə arxa çevirməkdən tutmuş «Qalib gəldi, qalib getdi» yazısınadək Anar hansı xəyanətləri etməyib xalqa? Əlindəki bütün imtiyazları istedadlı gəncləri əzmək, səfil kökə salmaq üçün kullanan adam səhv yox, ədəbiyyata xəyanət edib.
Anar daha sonra deyir: «Ömrü boyu iqtidarda olan adamlara mükafat verməklə məşğul olan telekanal jurnalisti yazıçıları günahlandırır ki, onlar iqtidardan nə isə umurlar». Aydındır ki, ANS-i və Mir Şahini nəzərdə tutur. Yaxşı arqumentdir. Amma az sonra özü mərhum və indiki prezidentlərə yenidən köpüklü təriflər yağdırmaqla məddahlığın, yaltaqlığın qanınadək işlədiyini göstərir.
Anarın «Cavid ömrü» filmi haqqında bəlağətlə danışması ümumiyyətlə, biabırçılıqdır. Bu adam «Qəm pəncərəsi» filmi ilə Mirzə Cəlili, «Uzun ömrün akkordları» ildə Üzeyir Hacıbəyovu necə urvatsız eləyibsə, «Cavid ömrü» filmi ilə də Hüseyn Cavidi eləcə rüsvay eləyib. Bu filmə baxandan sonra heç bir ağıllı köpəyoğlu gedib Cavid əfəndinin kitablarının üzünü açmaz. Anar deyir ki, «film hələ çəkilməmişdən əvvəl ona qulp qoyulurdu». Doğrudu. Qulp qoyanlardan biri də mən olmuşam, ««İblis»i Anardan qoruyun!» başlıqlı bir neçə yazı yazmışam. Burda təəccüblü nə var ki? Anarın ssenarisi əsasında çəkilən bir filmin Cavid əfəndinin ruhuna, yaradıcılığına həqarət olacağını əvvəlcədən bilmək üçün heç də adamdan Nostradamusluq tələb olunmur.
Necə ki, Seymur Baycanın yeni yazmağa başladığı romanının da istedadsızlıq nümunəsi olacağını bilmək üçün İlham Mirzəyevin yanına getmək lazım deyil. Bəli, düz eşitdiniz, Seymur müəllim yeni roman yazır. Guya «18, 6 sm» adlı son romanından çox yarımışdıq, qalmışdı yeni romanı. A qardaş, zor deyil ki, bu ədəbiyyat zibil səndə alınmır da. Gərək mütləq yazasan? Otur köşələrini qarala, qonorarını al, hərdənbir Ermənistana, mütəmadi Qaxa get, yaşa özünçün. Hansı axmaq sənin ağlına salıb ki, yazıçı olmalısan. Pis əsər yazmaq üçün də adamdan istedad tələb olunur, o da səndə yoxdur. İndiyədək allah qoymasa, iki roman yazmısan, onlardan mənə bir dənə yazıçı cümləsi göstər, gedib siçan dərmanı içib özümü öldürməsəm, bu köşənin qonorarını sənə halal eləyirəm. Seymur, istedadlı yaşıdlarına yazığın gəlsin, onları AYB-nin qoca-qoltaq üzvlərinin yanında dili gödək, dalı kösöylü eləmə. Onsuz da sənin son romanından sonra hər yerdə danışırlar ki, «biz deyəndə bu cavanlar heç nə yaza bilmir, inanmırdınız, indi görürsünüz cümlə də qura bilmirlər».
Bu yazımızın qəhrəmanı həm də Anar olduğundan, türkün sözü, bir hatırlatma yapeyim. Anarın yazıçılar haqqında bir hekayəsi var. Həmin hekayənin obrazlarından biri Sirkə Badımcandır. Sirkə Badımcanın prototipi isə Seymur Baycandır. Sabun mücəssiməsi Cahan Gir Məmmədlinin intellektual qəzet adlandırdığı «525-ci qəzet»in baş redaktoru, Azərbaycan reallığında heç bir istedad və intellekt göstəricisi olmadan hər cür imtiyaz qazanmağın mümkünlüyünü sübut etmiş Rəşad Məcidə inansaq, Seymur Baycan dəfələrlə onun yanında Anarın onu Sirkə Badımcan obrazında təsvir etməsindən sevinə-sevinə danışıb, qürurlanıb. Adamın yadına məşhur «şah məni dindirdi» lətifəsi düşür.
Seymur həmişə hakimiyyəti və onun yaltaq, məddah ziyalılarını o vaxt söyür ki, yeyib-içməyə pulu olmur. Mən ölü, siz qalı, vaxt gələcək o, deputat da seçiləcək, «Şöhrət» ordeni də alacaq, Prezident Aparatından zəng eləyib yubileyini təbrik etmədiklərinə görə inciyəcək də. Sadəcə, hələ yaşı düşmür.
Anarı isə «Qalib gəldi, qalib getdi» yazısına görə qınamağa dəyməz. Çünki bu yazını əvvəl-axır Seymur yazacaqdı…




Bölmə: 









zuzu adlı istifadəçi, Mart 8, 2008 tarixində, saat 18:35 yazıb:
Elnur bey size xos gelmedise roman o demek deyil ki pisdi.
Qan Turalı adlı istifadəçi, Mart 9, 2008 tarixində, saat 01:56 yazıb:
Elnur, axı sən Seymurun ilk kitabının redaktoru olmusan axı. Seymur elə varlı da deyil ki, deyim pula görə eləmisən redaktorluq. Bəs onda bu kitabı pisləmək niyə?
scorpion adlı istifadəçi, Mart 9, 2008 tarixində, saat 03:28 yazıb:
Elnur, yaxşısı budu sən qayıt Astanbəyliyə…Neçə ildi qapınızdakı ağacdan qozdarı qarğalar daşıyır… qım-qımı deyə-deyə otur o qoz ağacının dibində ağacdan qoz götürən qarğanın qov bağrını yar… sənin görəcəyin ən faydalı iş budu… dəftər-kitab sənnik döyül…
S.s.s.... adlı istifadəçi, Mart 9, 2008 tarixində, saat 10:15 yazıb:
Ya kardeshim, bu qeder heyasizliqmi olar? Seymuru heyasiz adlandirirsiniz. Amma baxin bu yazida Elnur bey ne qeder heyasizliq etmish…
Men Elnur beyin Seymur haqqinda yazilarinda hardasa bir az paxilliq hiss edirem.
Bir de texminen hiss edirem ki, Seymur haqqinda yazib, Seymurdan cavab alib, reklam olunmaq isteyi.
Ve ya movzusuzluq.
Hec bir deyilse uzr isteyirem sizden Elnur bey.
P.S. scorpion, yaxshidir! =)
qedir qizilses adlı istifadəçi, Mart 14, 2008 tarixində, saat 13:04 yazıb:
mollanin mixa bagli danani doymesine benzeyir. Seymur yazacaq! Yazacaqsa, yazanda deyersen. sulheddin ekber kimi mollaliq ne lazim?
chox keskin ve mezevari bir sheydir. sadece elnur bilir ki hamiya ilishen bir adama ilishmek maraqlidir.
Şahanə adlı istifadəçi, Mart 14, 2008 tarixində, saat 14:49 yazıb:
Elnur, ağ eləmə də!!
Seymur hara, Anar hara? Onları bir sıraya qoyanda vicdanın azacıq da olsa səs eləmədi? Yaxşı yadına sal.
Anarın “İblis”ini mən də bəyənmədim. Amma “Uzun ömrün akkordları”nı “İblis”ə tay eləmə. Çox gözəl filmdi. Hər şey yerindədi orda. Film dövrünün ab-havasını çox gözəl əks etdirir. Bircə 1918-20-ci illər çatışmır. Onu da yıxaq zəmanənin boynuna.
“Qəm pəncərəsi” də “İblis”dən qat-qat yaxşıdır.
Anarın Seymur yaşda yazdığı hekayələrinə də ortabab demə. Sənin zövqün barədə yanıldığımı düşünmək üzrəyəm.
Qəşəm bəy o boyda yazıda bircə dənə qəşəng söz deyib, qoy mən də deyim - Anar tarixdir!
İndi neyləyə bilərsən, tarixdi də. Öz yaradıcılığı ilə tarixdi bu adam. Son illərini çıxıram, yeri gəlmişkən.