Qaynar xəbər portalı

Kitab dünyası


“Norveç yazıları”Səlim Babullaoğlu      
 
     Əziz Siyamək, həmin gün, ATV-nin, «El içində» verilişinin  ədəbiyyatla bağlı texniki nöqteyi-nəzərdən uğursuz çəkilişi günü, o gün ki mən sizi, adınızı eşitsəm də ilk dəfə görəcəkdim, «Norveç yazıları» kitabınızı mənə verəcəkdiniz, həmin gün Günel Mövlud Aqil Abbasa nəsillərin bir-birlərinə münasibətləri müsətəvisindən «O nə deməkdi e, çadırda Üzeyir Hacıbəyov niyə doğulmur ki?  Günel Mövlud doğulur, Üzeyir bəy doğulmur?» deyə irad edəcəkdi və bu mənə yersiz görünəcəkdi, indi bütün bunlar, baş verənlərin hamısı mənə  bir qanunauyğunluq kimi görünür. Çünki həmin gündən etbarən sizin qiymətli əsərinizi oxudum və kitabınız həmin qaçqın mövzusunun davamı kimi göründü mənə sonradan. Fikirləşirəm ki, çadırda Üzeyir də, Günel də doğula bilər, amma onların hər biri bizim hər birimiz olmaq şanslarını saxlayılarsa da Üzeyir bəy olmaq imkanların itirmiş olacaqlar. Bilirsiz niyə?  Çünki çadır vətənin olmadığına, onun itirildiyinə layiqsiz bir töhfə, parodiyadır. Onun altına məcburən qısılmış qaçqın başının üstündə dam olmadığını axıradək anlamır, çadır onu aldadır. Təsəvvür edin ki, döyüşə gedən əsgərə oyuncaq silah verirsən. Eyni zamanda çadır həmin qaçqına  həqiqi vətəninin onun elə özünün-öz bədəninin olduğunu da anlada bilmir, yenə  çadır ona mane olur. Və bu kədərli kuryoz adamı-qaçqını qəzəbləndirir. Qəzəb ilə isə Üzeyir bəy olmaq mümkün deyil. Güneli bilmirəm, amma mən nə felyetonlarında, nə «bədii yaradacılığında» Üzeyir bəyin qəzəblə təsvir etdiyi bir personaja rast gəlmədim. Mən Məşədi İbadı mənfi personaj olaraq qəbul etdimsə də ona nifrət edə bilmədim, hesab edirəm ki, bu Üzeyir Hacıbəyovun böyük sevgisinin ifadəsi idi. Bütün insanlara. Amma çadırda, konslagerdə doğulmaq və yaşamaq olar, hətta Paul Selan da, Gunel də olub bəzən qəzəbli, bəzən kədərli  təcrübəni uğurla fiksə edib onu şeirə də çevirmək, onu təssüf ki, saf-çürük eləmədən  həmişə oxuculara  ötürmək də olar-bu isə başqa mövzudur artıq.
 
Qaçqın-  vətənini itirmiş adamdır. Könüllü ya könülsüz, təbii ki, fərqi varsa da bu indiki yazının predmeti olmayacaq. Qaçqının vətəni öz canı, bu vətənin sərhəddi onun öz bədənidir. Və bu səbədəndir ki, yəqin qaçqın şəxsiyyətinə aid ən kiçik anlaşılmazlığı vətənə təcavüz qədər şişirtməyə meyllidir. İfrat həssasdır, baş verən ən adi hadisə həmişə onun sərhədləri yanında baş verir, onun qiymətləndirməsi çox subyektivdir. Əziz Siyamək, insanlar bir an ərzində yalnız bir yerdə olmaq, bir şey demək, bir şeyi düşünmək, bir şeyi görmək  imkanındadırlar deyə subyektivlik qaçılmazdır və mən sizi qətiyyən subyektivlikdə suçlamaq istəmirəm. Digər tərəfdən bu həm də yaxşıdır, çünki «hər şeyi itirmək- heç nəyi olmamaq azadlığın nişanlarından biridir» . Məhz azad adamlar öz subyektivliiklərində təmənnasızdılar.  İnsanlar qaçqınlıq halını daim hiss etsəydilər, yəni onları çadır deyilən yalançı dam, yaxud da ki, fərq etməz elə dam aldatmasaydı, bir qədər də anlsaydılar ki, biz geç-tez öz böyük vətənimizdən könüllü ya könülsüz köçəcəyik, yaşadıqları cəmiyyətlərin  eyibləri daha asan gözə çarpar, onları aradan qaldırmaq daha tez baş verərdi məncə.

Hər şeyini itirmiş bir adamın yad bir ölkədə yaşaması  və yaşam təcrübəsini dəqiqliklə və həssalıqla qeydə alması çox unikal hadisədir. Bizim cəmiyyət üçün olduqca vacibdir. Niyə? Çünki qədim dünyaya yenicə açılmış bir dövlətin insanları kimi biz «filan yerdə belədir, biz də isə başqa cürdür, pisdir» deməyə meylliyik. Yeri gəlmişikən, yenicə mütaliəsinə başladığım- həm də Siyamək kimi həmvətənlərinin və özünün yeni Amerika şəraitindəki vəziyyəti haqqınında  yazdığına görə  Dovlatovun «Əcnəbi qadın» (İnostranka) romanından bir misal gətirmək istəyirəm : « Mənə bir amerikalı belə deyib…Biz (qaçqınlar, emiqrantlar -S.B)  bu frazanı qəti qərar, qarşısıalınmaz arqument intonasiyası ilə söyləyirik. Misalçün: mənə bir amerikalı deyib ki, nikotin sağlamlığınıza ziyandır..» Düşünürəm ki, bizim də belə bir kompleksimiz var. Amma mən bu dünyada, hamımızın qaçqın və köçkün statusu ilə yaşadığımız bu maddi dünyada «cənnət axtarışlarını yersiz və təhqiramiz bir şey hesab edən»  adam kimi sizin «Norveç yazıları» (Norveçdə bir Azərbaycanlının başına gələnlər)   kitabınızı dediyim kompleksdən yaxa qurtarmaq baxımından  yüksək dəyərləndirirəm. Və başqa nöqtələrdən də. Siz əsərə Norveç tarixi və reallıqları, bu haqda BMT rəyləri və statistikası ilə başlayırsınız. Məsələ də budu ki, əsər turist qeydləri deyil;  burda coğrafiyanın özəllikləri, flora və fauna,  muzeylər, konsert salonları haqqında cibi dolu turistin  vəcd dolu cümlələri yoxdur. Digər tərəfdən bu bayaq dediyim qaçqının- hər şeyini indiki halda könüllü  də olsa itirmiş bir adamın- azad və deməli həssas birinin qeydləridir.

     
                                                                  *   *   *
Şərhsiz olaraq əsərdən bəzi seçmələrə diqqət yetirin:

 «Bu günkü dünyada statistikaya söykənən bilgilər bir toplumu tanıyıb və tanıtmasında nə qədər önəmli rol oynasa da, bir o qədər də toplumun zəif səmtlərini basırmaqda (ört-basdır eləməkdə- S.B) rol oynayır»

«Norveçli öz mediasında yayınlamayan bilgilərə şübhəli yanaşır»

«Bir çox norveçlinin düşüncəsində  üçüncü və ikinci dünyadan olan yabançının ölkəsində heç nə yoxdur. Cibləri və başları boş insanlardılar ki, ölkələrinin təbiəti də kasıdır…»
 
«Xaricilər 2 dəstəyə bölünməyə başladı: müsəlmanlar və qalan xaricilər»
« Norveç standartlarını öyrəndikdən sonra başa düşdüm ki, bizim aramızda olan ilişgi şefimçün çox dərin dostluq  hesab olurdu. Bizlərin arasında səmimi və normal dostluq adlanan ilişgi, məncə Norveçdə eşq səviyyəsində dəyərlənə bilər və bu üzdən bəlkə bizim eşq adlandıdığımız duyğu bunlar üçün dəlilikdən başqa heç nə deyil.»
«Kişilər qadınlardan, körpələrdən, qaçqınlardan, heyvanlardan sonra gəlir…»

                                           *   *   *
   Əziz Siyamək, «Norveç yazıları» nda  çoxlu maraqlı məqamlar var. Misal üçün statistika və BMT-ni dəyərləndirmə çox maraqlıdı . Metafizik çlarlarıyla əlbəttə. Vətənini itrmiş adam və BMT. Heç nəyi olmayan  qaçqın və dünya evi. Reallıq əvəzinə rəqəmlər. Sizi bilmirəm, amma BMT-ni ümumən küncsüz masalar ətrafında vecsiz dialoqlar aparan lazımsız təşkilat hesab etmişəm. Əlbəttə soruşsalar ki, olmamağımı yaxşıdır, olmağımı, ikinci variant üzərində dayanmağım qaçılmazlıqdı. Qaldı statistikaya- bir yerdə ki, ölən adamların iniltiləri kar rəqəmlərdə ifadə olunmur, yandırılan ərazilərin acı doğuran təsvirləri kor ədədlərin simasında görünmür,bu haqda nə demək olar. Amma əlbəttə yenə də statistikanın olmaması daha pisdi sanıram. Və əsərinizdəki altı illik ağır təcrübəniz  bu qənaətlərimi təsdiqləyir deyə  məmnunam. Ümumiyyətlə əsərinizi bu qənaətinizlə başlamanız, yəni o şey ki,  sonda qazanılıb, nəticəyə gəlinib- əvvəldə səslənir, bu təhkiyə nöqteyi-nəzərincə daha doğrudur məncə. Burda elə cümlələr var ki, onlar bəzən aksiomadır təssüratı yaradır və  Norveçi əsərlərdən və bir az da mətbuatdan tanıyan bir adam kimi məndə qətiyyən şübhə doğurmur. Digər tərəfdən öz ölkələrini bir çox parametrlərinə görə avropanın birincisi edən, üstəlik on minlərlə başqalarını da qəbul etməyə imkanı çatan dövlətin vətəndaşları əlbəttə ki əsla  ağılsız  deyil, əksinə işgüzar və ağıllıdırlar. Amma onların da öz kompleksləri var. Bu əsər elə məhz ( bu!) baxış açısından maraqlıdır. Yəni Azərbaycan oxucusu bir avropa xalqının  komplekslərindən və reallıqlarından bəhs edən çox qiymətli əsəri oxumaq imkanı qazanmışdır.
   
     Bu əsər məncə müstəqillik dövrümüzün çoxlu keyfiyyətlərinə görə müstəsna bir əsəridir. Digər tərəfdən dil nöqteyi-nəzərindən  bir çox vərdiş etdiyimiz normativlər pozulubdusa da elə məhz bu keyfiyyətlərinə görə kitabın oxusu asanlaşır. Çünki müəllif şifahi nitqinin çalarlarını
yazıya gətiribddi. Üsətəgəl, nəzərə alsanız ki, müəllif cənubi Azərbaycanlıdır, məhz dilimizin
cənubdakı nüanslarınn, şirinliyinin  bizimlə bu sayaq qaynayıb-qarışması da gözəldir zənnimcə.
   Sonda böyük məmnuniyyətlə kitabın müəllifi ilə yanaşı onun naşirinə, sonra isə əlbəttə onun redaktoruna- Rasim Qaracaya də təşəkkür etmək istərdim.Hesab edirəm təsis etdiyi seriyanın  növbəti və həqiqi dəyərli əsərini çap etməyə nail olub.
     Kitab həm də əmtəədi. Bu əmtəənin  isə dizaynı gözəl (Rəssamı Ayxanın zəhmətidi), vərəqləri sarı (göz üçün yorucu deyil), çəkisi yüngül (kitab oxuyan daş daşımadığının fərqində olmalıdı) , qiyməti münasibdi. Bu isə «Jalə» şirələrinin havadarlığı  olmadan yazılan yazıda sonuncu reklam arasında səslənən sözlər idi.

25 fevral, 2008-ci il.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (4 səs, təxmini: 3.75 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar, Mart 9th, 2008 tarixində 11:33 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

3 şərh var


  1. artyazar adlı istifadəçi, Mart 9, 2008 tarixində, saat 17:27 yazıb:

    Selim, özünü yorma, bu millətə fikir çatdırana qədər, adamın əmdiyi süd - bəri başdan deyim ki, mən doğulanda bəla ilə gəlmişəm, anam xəstələnib və deyilənlərə inansaq, sovetin halal “Malışı”yla qidalanmışam, kosmopolit-qlobalist ruhluluğum da bəlkə buna görədir… - burnundan gəlir…

    Bu insanlarımıza işıqlı, sağlam “nəisə” yüz il lazım deyil: gələcək nəsillərə işləyək, bəlkə sivilləşdik…


  2. Rena adlı istifadəçi, Mart 9, 2008 tarixində, saat 20:47 yazıb:

    Aydin beytin fikriyle razilashmaq olmaz. Malish meselesi istisna olmnaqla. Yazmaq lazımdı - yazarın işi yazmaqdı! Necə ki, Siyamək yazıb və Səlim B. da bunu diqqətdən kanarda qoymayıb…


  3. scorpion adlı istifadəçi, Mart 10, 2008 tarixində, saat 00:26 yazıb:

    Aydın Xan siz bu millətin anlayacağı dildə yazın ki, millət də sizi başa düşsün… bir də ki, sizin (elə Səlimin də bir çox başqalarının da ) probleminiz bilirsinizmi nədədi siz özünüzü millətə olduğunuzdan daha ağıllı, olduğunuzdan daha istedadlı göstərmək istəyirsiniz… Millət isə belə şeyləri qəbul eləmir…sevmir…ələ salır… Gələcək nəsil deyəndə siz yəqin ki,”Malış”la böyümüşləri (rəmzi olaraq)nəzərdə tutursunuz…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: