Qaynar xəbər portalı

Kitab dünyası


Qan Turalı
qantural@gmail.com

Xarici juan-juan, yoxsa milli manqurt?

Səndən azad azadlıq yox Enesay
Səndən dərin bir dərd də yox Enesay
Kuttubayovun topladığı məğmələrdən
 

Çingiz Aytmatov 80 illik yubiley tədbirləriylə bağlı Bakıya gəldi. Həftənin ən maraqlı ədəbiyyat xəbəri yəqin ki, bu xəbər idi.

Kimdir Çingiz Aytmatov?

Çingiz Aytmatovun necə böyük ədəbi fiqur olmasını xatırlatmaq üçün Anar Rzayevin bir cümləsini təkrar edək: Azərbaycanda 60-cılar nəsli Çingiz Aytmatov kimi böyük bir yazıçı yetişdirə bilmədi. Özü də Anar Rzayev bu sözü Çingiz əkənin yubileyində yox, Yazıçılar İttifaqının 1987-ci ildəki qurultayında deyib. Çingiz Aytmatov sovet sisteminin yetişdirdiyi ən yaxşı türk  yazarlardan biri, əslində birincisi olub.
Əslində onun türklüyü də epizodik xarakter daşıyır. Çünki Çingiz Aytmatov əsərlərini rus dilində yazıb. Bizimlə rus dilində danışır. Əsərlərini tərcümə ilə oxuyuruq.  Əkrəm Əylisli onun “Əlvida Gülsarı” povestini tərcümə edərkən qarşılaşdığı bir problem barədə mənə danışmışdı. Belə ki, Əkrəm bəy povestdə qırğız folklorundan  olan bir hissəsini tərcümə eləməkdə xeyli əziyyət çəkib. Axırda  Çingiz əkənin özünə müraciət edərək həmin folklor nümunəsinin orijinal-qırğızca olanını ona verməyi xahiş edib. Çingiz əkə isə deyib: “Bizim folklorda elə şeir yoxdur. Mən onu özüm rusca yazmışam”. Bəli, Çingiz Aytmatov hətta özündən rusca qırğız folkloru yaratmağa da cəhd göstərib. Anoloji cəhdlər bizdə də olub, amma elə Azərbaycan dilində. Həmid Herisçi bu barədə yazmışdı. Öz əsərləriylə öyünən Mirzə İbrahimovun qabağına  M.Təhmasib yazdığı dastanları qoyub.

Çingiz Aytmatov sovet ədəbiyyatının ən üzdə olan simalarından idi. Rus dilində olsa da qazax, qırğız  həyatından əsərlər yazırdı. Əsərləri ilə insanları mənəviyyata, təmizliyə çağırırdı. “Əsrə yetən gün” romanında isə Çingiz əkə manqurd problemini qoyub. Nayman Ana haqqında olan əfsanənin qırğız folklorunda mövcud olub-olmamasını biz bilmirik. Lakin fakt budur ki. Çingiz əkə roman içindəki bu hekayə ilə milli yaddaş problemini çox kəskin şəkildə bədii ədəbiyyatın probleminə çevirib. Hətta əsərin ikinci qatını- kosmos məsələsini işləməklə Çingiz Aytmatov bəşəriyyətin xilas olunmasından danışıb. Roma klubunun üzvləri kimi bəşəriyyəti xilas etmək üçün hamını birləşməyə çağırır. Eyni bir əsərdə paralel və bir-birinə dəxli olmayan iki süjetin getməsi ideyasını bizim yazıçılar ondan öyrənib. Söhbət Elçin Əfəndiyevin “Ölüm hökmü” və Yusif Səmədoğlunun “Qətl günü” romanlarından gedir.

Bəli. Onun ədəbi istedadını heç kim inkar edə bilməz. Öz əsərləri ilə realist mənzərələr yaradan, hələ də ədəbiyyat üçün xam olan qırğız, ümumiyyətlə Orta Asiya folklorunu işləyən Çingiz Aytmatov öz əsərlərində çox ciddi problemlər qaldırıb. O bir gənclik yetişdirib. 70-ci illərdə Azərbaycanda baş verən milli oyanışda Çingiz Aytmatovun yazıçı rolu əvvəlinci faktorların arasında yer alır. Lakin çox təəssüf ki, onun özü nəinki böyük ideyalar daşıyıcısıdır,  heç əsərlərində qoyduğu nəhəng problemlərin yanında yel də olub ötməyib.

“Babamın bavulu”  və Aytmatov

Mənim atam mühəndisdir. 80-ci illərin axırlarında onun bir neçə məqaləsi şəhər qəzetində dərc olunub. O məqalələri mən sonralar- əlifbanı öyrənəndən sonra oxumuşam. Məqalələrdən biri Çingiz Aymatovdan idi. Ona Qarabağ məsələsi haqqında sual veriləndə Çingiz Aytmatov əsəbi şəkildə “mənə Qarabağ haqqında sual verməyin” demişdi. Atam da bundan yazmışdı.  Bu günlərdə eyni şeyi  Aqil Abbas “Şərq”  qəzetinə də söylədi. Əlavə də etdi ki, heç  20 Yanvarda da  Çingiz Aytmatov məsələyə münasibət bildirmək istəmədi. Mən bu fakta bir yazıçının özünəxəyanəti kimi baxmıram.  Mənim üçün bu fakt sovet yazıçısının missiyası baxımından önəmlidir. Çingiz əkənin  “Ağ gəmi” alı maraqlı bir romanı var. Mömin Baba illər boyu Ana Maralı gözləyir, daha sonra isə öz qızının ailəsinin dağılmaması üçün Ana Maralı öz əliylə öldürür. Bu, Sovet yazıçılarının ümumi taleyidir, şəxsi mənafe üçün ictimai mənafeyi güllələmək. Ali Sovetin iclasında Qorbaçovun təhqirindən sonra keçib yerində oturan deputat Anar Rzayev sonradan “mənim aldığım tərbiyə ona cavab verməyə imkan vermir” deyirdi. Amma illər keçəndən sonra biz onun gənclərə qarşı necə istək və ehtirasla cavab verdiyini də gördük. Biz çox maskaların yırtıldığını görmüşük.

Sovetlərdə yazıçının missiyası nə idi?

Sovet sistemi ziyalı intelligensiyasını məhv edib. 37-ci ildə Azərbaycanın görkəmli ziyalıları repressiya olundu. Hüseyn Cavid Naxçıvandan 8219 kilometr uzaqlarda öldü, Yusif Vəzir isə Türkmənistana sürgün olundu. Əhməd Cavad və Mikayıl Müşfiq güllələndi. Rusiyada isə bu proses daha tez- 20-ci illərin əvvəllərində başlamışdı. Onlar bir çox görkəmli yazıçı və filosoflarını mühacirətə yollamışdılar. Meydan bir ovuc sözdə ziyalı, mahiyyətdə isə merkantil adamlara qaldı. Çingiz Aytmatovun atası Terequl da repressiya olunub.

Amma psevdoziyalılara şərait də yaradılırdı. Çünki Sovet hökuməti ziyalıya ideoloji siyasətinin tərkib hissəsi kimi baxırdı. Və ona bir qırğız yazar lazım idi. Çingiz Aytmatov mövcud olmasa da onun yerinə bir başqasını tapıb ortalığa çıxardacaqdılar. Lakin Çingizin istedadı çox böyük olduğundan o, SSRİ-nin ən üst sinif yazarları arasında yer aldı. Halbuki ona qədər qırğızlarda yazılı ədəbiyyat da yox idi. Sonuncu faktın özü Sovet dönəmində xeyli qabardılırdı. Sovet sistemi bununla alaçıqda yaşayan xalqın da sovet mədəniyyəti çərçivəsində inkişaf elədiyini göstərirdi. Əslində burda pis heç nə yox idi. Pis olan Çingiz Aytmatovun əsərlərində yaratdığı böyük ideallara yazıçı kimi uyğun gəlməməsi idi.

Diplomat, yoxsa yazıçı dili

Diplomatiya klassiklərindən olan Taleyran deyir: “Dil təkcə fikri ifadə etmək üçün deyil, daha artıq dərəcədə onu gizləmək üçündür”. Mən burda yazıçının ritorikası ilə diplomatn ritorikası ətrafında geniş polemika açmayacağam. Yalnız Taleyranın dediklərinə bir əlavəm var. Yazıçı üçün dil onu ifadə etmək üçündür. İngilis dramaturqu Harold Pinter 2005-ci ildə yaptığı Nobel konuşmasında İraq məsələsi haqqında danışdı, İraqa hücumu banditizm aktı kimi qiymətləndirdi və çıxışını bu sözlərlə bitirdi: ”Bleyer BMT-nin Beynəlxalq Məhkəməsini ratifikasiya edib. Buna görə də onun məhkəmə təqibi əlverişlidir. Əgər hakimlər üçün maraqlıdırsa, mən onun ünvanını göstərə bilərəm. London Dauninq-strit, ev 10”. Aydın məsələdir ki, bu söz diplomatlar,  hətta münasibətləri ən pis formada olan ölkələrin diplomatları arasında deyiləsi söz  deyil.

Mən bunları niyə yazıram? Məlum olduğu kimi Çingiz Aytmatov uzun illər diplomat kimi çalışıb. O hətta SSRİ-nin Lüksemburqda səfiri də olub. Əsgər Akayevin səfiri olan adamdan artıq nə gözləyəsən? Bəli, bu da taleyin ironiyasıdır. Dünyanın ən böyük ölkəsinin dünyanın ən kiçik ölkəsində səfiri kimi Çingiz Aytmatov da ədəbiyyat kimi güclü ictimai pafosu olan bir sənətin ən kiçik əsgəridir. Sovet ziyalılarının əksəriyyəti, o cümlədən bizimkilər isə bu eşalona ya ümumiyyətlə daxil deyillər, ya da oun mətbəxində kartof soyurlar. Çingiz Aytmatov isə  yazıçıdan artıq diplomatdır və onun diplomatiyası da ancaq özünə xidmət edir. Yalnız özünə yox. Çox güman ki, səfir kimi Aytmatov Avropada yırtıcı Kərimov rejiminin səfirliyini edib. “Əsrə yetən gün” romanında Aytmatov xalqı milli yaddaşdan yadelli juan-juanların məhrum elədiyini yazır. Yalandır. Xalq içində aytmatovlar olmasaydı, heç bir yadelli heç bir xalqı manqurt edə bilməzdi.

Nobel sevdası və köhnə xəstəlik

Bizimkilər hər zaman deyirlər ki, Aytmatov Nobel almalı idi, amma vermədilər. İndinin özündə də Nizami Cəfərov bunu deyir. Lakin Çingiz Aymatovun əsərləri Nobel alacaq səviyyədə də deyil. Bunu mən Çingiz Aytmatovun ictimai pozizyonuna göstərdiyim antisimpatiyanı bir kənara qoyaraq deyirəm. Çingiz Aytmatovun yaradıcılığı müasir nəsr kriteriyaları baxımından ciddi qəbul oluna bilməz. Onun əsərlərinin Türkiyədə yüksək tirajlarla çapı isə heç də onun ədəbi dəyərinə görə deyil. Sadəcə olaraq türklər öz ana vətənləri olan Orta Asiya nostalgiyaları var və bu nostalgiyaya görə o əsərlər alınır. Çingiz Aytmatov Avropada ciddi qəbul olunmur. 60-cı illərdə Fransa mətbuatında Aytmatov haqqında bir məqalə dərc olunmuşdu. Hələlik bu Avropanın Çingiz Aytmatova verdiyi yeganə qiymətdir. Bu da təbiidir. Çünki onun əsərləri sosialist realizminin növbəti hissəsi kimi qəbul olunub. Corc Orvel yazırdı ki, totalitar sistem heykəltəraşdan başqa heç bir yaradıcı adam yetirə  bilməz. Və Çingiz Aytmatovun son əsərləri də ciddi qəbul edilmir.
Xaliq Bahadırın Çingiz Aytmatovu

Yazının bu hissəsi isə Xaliq Bahadırın Çingiz əkə haqda yazdığı məqaləsindən götürülüb. Xaliq Bahadır Çingiz Aytmatovun əsərləriylə yetişən gəncliyin nümayəndəsidir. Amma o, aldandığını başa düşən bəlkə də yeganə adamdır.  ”Ç.Aytmatov bu günlərdə Bakıya gəlmişdi. Onu televiziyaların birində gördük. Görməsəydik daha yaxşı olardı. İndi onun səksən yaşı var. Onu indi dünya görmüş, bizim yiyələnə bilmədiyimiz bilgilərə yiyələnmiş kimsə saymaq olar. Olarmı? Yox! SSRI-dən çıxmış, Avropanı görüb gəlmiş bu adam bizə gözlədiyimizin tərsini göstərdi! Jurnalist ondan türklüyün, türk dünyasının bu günü, gələcəyi ilə bağlı nə düşündüyünü soruşur. O isə nə deyəcəyini bilmir, özünün adı dünya dillərinə keçmiş, bir çox xalqların leksikonunda özünə yer eləmiş bəlli obrazı kimi durub gözlərini döyür. Jurnalist onun ölkəsinin keçmiş akademik-prezidenti Əsgər Əkəyevin yalançı erməni “soyqırım” anıtına gül qoyması faktına necə baxdığını soruşur. O, duruxur, nə deyəcəyini bilmir. Dedikləri ilə istər-istəməz gözümüz önünə özünün manqurt obrazını gətirir, biz istər-istəməz indiyədək canlı olaraq görmədiyimiz manqurtun özünü görürük. Bu çox acınacaqlı görüş, çox acınacaqlı görüntü idi. Biz bunu gözümüzün önündəki bir çox Azərbaycan yazarlarının praktikasından görürük: yazar özünün neqativ obrazlarının tipajına çevriləndə çox acınacaqlı görüntü yaranır. Biz Çingiz əkəni belə gördük. Romandakı Manqurt düşmən əlinə keçməklə yaddaşını itirən, özünün kimliyini unudan, doğma anasını belə tanımayan yazıq günə qalmış birisidir. O gün Çingiz əkə də belə görünürdü! Söhbət qloballaşmadan düşəndə onun dili açılır, bülbül kimi ötməyə başlayır. Danışığından bilinirdi: bu adam qloballaşmanın nə olduğunu, onun arxasında hansı gizlinlərin dayandığını bilmir. Yanılmıramsa, Çörçill Fulton çıxışında demişdi: “Biz dünyanın hər yerində ingilis dillilərin hegemonluğunu yaratmalıyıq”. Bu ideya indiyədək çox yerdə gerçəkləşdirilib - Azərbaycanda da. Budur qloballaşma! SSRI-də olduğu kimi, indi də türklük, türk dünyası ölüm-qalım problemi ilə üz-üzə qoyulub. Başqaları bir yana, ünlü yazarların bunu bilməməyi bağışlanmazdır. Incildə deyilir: “Onlar korların kor başçılarıdır; kor koru aparırsa, hər ikisi quyuya düşəcək”.
Sonda

Jan Pol Sartr Bertran Rassel öləndə onun haqqında yazırdı:”Rassel bütün həyatı boyunca acı çəkənlərin yanında olub”. Biz eyni şeyi Çingiz Aytmatov haqqında deyə bilmirik. Bu tarixdir. Fakt faktdır. Hamı bunu bilir.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar, Mart 9th, 2008 tarixində 12:29 radələrində Köşələr bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

3 şərh var


  1. Ilahə adlı istifadəçi, Mart 9, 2008 tarixində, saat 18:23 yazıb:

    Yaradıcı adamları 3 yere bölmek olar: yaradıcılığı şəxsiyyətindən artıq, yaradıcılığı şəxsiyyətinə bərabər və yaradıcılığı şəxsiyyətindən aşağı olanlar. Böyük Yaradıcılığı böyük şəxsiyyətinə bərabər olanlar tarix boyu istisnalar təşkil edibdir.


  2. scorpion adlı istifadəçi, Mart 10, 2008 tarixində, saat 01:23 yazıb:

    -)))) Admin yenə şərhimi siləcək ki, yazıya münasibət bildirmirsən… Vallah silsə də yenə ürəyimi boşaldacam… Qan Turalın yazıları son vaxtlar mənə bilirsiniz nəyi xatırladır… Hələ Sovet dönəmində bir nəfər tanıyırdım şəhərdə gəzəndə harada qəşəng bir ağac görsə mütləq fürsət tapıb onun dibinə …. (başa düşdünüz də…) və bununla fəxr eliyirdi… O ağacların bəzilərini tanıyırdım və o ağaclar hələ də durur.


  3. Teymur adlı istifadəçi, Mart 26, 2008 tarixində, saat 09:23 yazıb:

    Salam, Tural bay acıdir, ancaq na etmali? Haqiqətdir! Bu adam da bizim 60-cilarin tayidir.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: