Qaynar xəbər portalı

Kitab dünyası


Aqil AbbasDolu nədir? Adi təbiət hadisəsi. Başqa bir dolu da var. Onun nə olduğunu adi, normal həyat tərzindən ayrılanlar, müharibəni tanıyanlar, taleyi dəhşətlə vəhşətin umuduna qalanlar bilir. Bu taleyə məhkumlar yaşadıqlarını heç kimə arzulamırlar. Heç kimə arzulanmayan bu taleyin nə olduğunu bir az deyilənlərdən, bir az kino və ədəbiyyatdan eşidib-bilirik. Təsvir öz yerində, gərək eşitdiyin sözü də qəribçiliyə salmayasan. Deyiləndə ki, ermənilər Qarabağı istəyir, torpaqlarımız alınacaq, sonra da o yerlərə qayıtmaq asan olmayacaq - inanmırdıq… Rəhmətlik, Yusif Səmədoğlu demişkən, deyilənlər gəldi başa. Aqil Abbas “Azərbaycan” jurnalının ötən ilki son sayında işıq üzü görən “Dolu”da deyilənlərdən danışsaydı, dərd yarıydı. “Dolu”da başımıza gələnləri, Qarabağın həyatını, Allahsız və amansız müharibə həqiqətini gördük. Ağzıgöyçəklərin söz danışmağı hələ bir yana, gündə 5 dəfə vaxtlı-vaxtında çörək yeyən müasir sivil dünyaya da torpağı itirməyin səbəbini və təzədən ora qayıtmaq arzusunu izah etmək olmur. Nə deyəsən, gendən baxana döyüş asan gəlir, döyüşdən, müharibədən asanlıqla danışanların hansına cavab qaytarasan?!
Şou-bizneslə müharibəni qarışıq salanlar elə jurnalistikada da, ədəbiyyatda da vaxtaşırı ortaya bu sualı, mövzunu atırlar ki, Qarabağdan niyə əsər yaranmır? Cavab da aydındır ki, Qarabağ müharibəsinə dair xeyli əsər, şərh, analiz yazılıb, filmlər də çəkilib. Hamı deyir, azdır, çünki bu əsərlərin heç biri adamın əlini Qarabağa çatdırmır. Əsərlə, ədəbiyyatla, sənətlə, kinoyla Qarabağı qaytarmaq olmur. Əslində bu həqiqəti yazıçılar da bilir, oxucular da. Tam səmimiyyətlə etiraf etsək, bu gün bizim sinir, duyğu və hisslərimiz Qarabağ mövzusunda olan ritorika, pafos, romantika dolu hər hansı məlumata artıq reaksiya vermir. Bu mənada “Dolu” bir növ ətalətdə olan hissləri oyatdı. Düzdür, Qarabağ yenə qayıtmadı, amma Qarabağın qəhrəmanları, qurbanları bu günümüzə döndü. Bu qəhrəmanlar və onların taleyinə düşən müharibə həyatı uydurma deyil. Dünyanın Ən Varlı Şəhərini ədəbiyyatda qurub-yarada bilsəydik, nə vardı? Aran Qarabağın paytaxtına nə desən, yaraşardı, bircə bu müharibə həyatından savayı. “İnsanlar dəli kimidirlər, hər sözdən havalanırlar” - deyən Komandiri kim tanımır? Bəlkə Drakonla Pələng uydurmadır? Varlıqları heç yazıçı təxəyyülünə də sığmayan bu say-seçmə oğulları itirdik və çox heyf ki, torpaqqarışıq! Müəllif əsəri elə hey bədiiliyə bürümək istəsə də, çılpaq gerçəklik göz qabağındadır. Bəlkə ona görə ki, həqiqətin bədiisi, təbiisi olmur. “Dolu” Qarabağ müharibəsinin, bir az da qlobal götürdükdə Qarabağ faciəsinin daxili ab-havasını, qaynağını, onu qorumaq istəyinin muxtarlığını, elə bu səbəbdən də yaranan özbaşınalığı dəqiqliyi ilə təsvir edib. Qarabağ faciəsinin bu reallığı müxtəlif publisistik yazılarda, siyasi analiz və şərhlərdə ayrı-ayrılıqda deyilib, amma “Dolu”da müharibə tarixi bütövdür, tamdır. Bu baxımdan, əsər daha çox tarixi salnaməni xatırladır. “Tarix müharibələr tarixidir. O yerdə ki, sülhdür, sakitçilikdir, salnaməçi susur”. Oljas Süleymenovun bu dəqiq fikri qədim dövrün gerçəkliyini əks etdirir. Müasir dünyanın salnaməçiləri isə tam əksinə, müharibələrdə susur, sülhü, sakitliyi qələmə alırlar. Amma istənilən tarixi ənənənin unudulması üçün illər tələb olunsa da, onun bərpası üçün bir göz qırpımı kifayət edir. Sonuncu müharibə tarixini qələmə alan salnaməçinin davamçısı olan cağdaş müəllif əski salnamələrdə olduğu kimi, bədiiliyi və gerçəkliyi bir nümunədə qovuşdura bilib. Əsərin uğuru və əksinə, talesizliyi də elə budur. “Dolu” məhz müharibəni əks etdirdiyi üçün seçildi və mövzu əsərin bədii, texniki qüsurlarını gizlətdi. Daha doğrusu, qüsurların bəzisini. Axı, bir yazı nümunəsində yer alan bir belə vulqar ifadələrin çoxluğunu və yersizliyini mövzu və ideya necə ört-basdır eləsin? Doğrudanmı, kişi həyatı və leksikonunu təsvir üçün beyinlərdə olan və olmayanların hamısını yazıya gətirmək vacib idi? Xüsusən, ilk səhifələrdə yazı, söz, tale, xatirə və hisslərin əlində əsir olan müəllifin avtobioqrafik obrazı aydın görünür. Çətini sözü ram edincədir, sonra müəllifin əsəbi ötür, yazı da öz axarına düşür. Bu baxımdan, müəllif tamamlanan yazıdan sonra təkrar əvvələ qayıdıb əsəbi vaxtlarının məhsulu olan ilk səhifələri redaktə etməyi bir növ unudub. Bədiilik müəllifdən təkcə gözəl yazı yox, həm də məharətli redaktə tələb edir. Təbiətin dolusu, ermənilərin dolusu, müəllifin dolusu – bu seldə, qarmaqarışıqlıqda oxucu yaddan çıxıb. Məsələn, kütləvi söyüşlərin içində komandirin dilində vulqar kəlmələr yalnız yük kimi görünür. Çünki bu leksikon onun istər gerçək, istərsə də bədii obrazına tamam yaddır.
Vurhavur, qovhaqov, qaçaqaç və final. İtirilən torpaqlar, qurban gedən oğullar, boş qalan səngərlər…Sağ qalan, amma dirilərin dünyasında özünə yer tapmayan Komandirin faciəsi və döyüş səngərlərinə tamaşa etməsi təbii səhnədir və istər-istəməz onun dəfni göz önünə gəlir. Cənazəni aparanların başı üstündə bir dəstə göyərçin uçur…Təkcə yerdəkilər yox, göydəkilər də Allahın gözəl, amma nakam yaratdığı bəndəsi ilə halallaşır, vidalaşır və tabut dəfn olunanda göyərçinlər bir-birini al qana batırır… Yox, məcazlaşma deyil, bu da yaxın tariximizin şahid ifadələridir. Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovu (Fred Asifi) son mənzilə yola salanlar bu qeyri-adi hadisəni indi də danışırlar. Bu tarixi sonluğu, Komandirin son tale nöqtəsini də, görünür, müəllif çoxlu oyaq xatirələrinin içində unudub.
“Dolu” nədir? Süjet xəttinə, hadisələrin təsvirinə və həcminə görə, iri hekayə və ya povest. Bədiiliyin arxa plana keçməsinə, tarixiliyin və gerçəkliyin xüsusi təsvirinə görə tarixi salnamə. Əsirlikdə qalan torpağın ağrısı-həsrəti, ölənlərin ruhu, dirilərin borcu kimi 2008-ci ilin gündəminə gələn yazı. Biz bu yazının dünyanın müxtəlif dillərinə tərcüməsini arzu edirik. Qoy, sensasiya axtaran müasir dünya oxucuları bu yazımızı oxusunlar, amma heç vaxt bilməsinlər ki, Dolu nədir?!

Laura Cəbrayıllı-APA






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 1 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə axşamı, Mart 11th, 2008 tarixində 13:39 radələrində Xəbərlər bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. Raset Pirisoyu adlı istifadəçi, Mart 11, 2008 tarixində, saat 16:53 yazıb:

    Hörmətli Laura xanım!

    Mən «Dolu» romanın elektron varinantını axtarıram. Doğrudur, biz Aqil Abbasla köhnə tanışlarıq, amma mən onunla heç bir əlaqə saxlamaq istəmirəm.
    Əgər romanın elektorn variatı Sizdə (yaxud tanışlarınzda) varsa, mümkünsə mənə - rpirisoyu@gmail.com emalinə - göndərməyi xahiş edirəm. İnternetdən o rоmanı heç cürə yükləyə bilmirəm.
    Amma roman haqqında yazımq istəyir.

    Roman haqqında ilk təssüratımı Sizinlə və oxucularda bölüşmək istəyirəm. Bu romanda Qarabağ müharibəsinə yazıçı münasibətini formalaşdıra biləcək xeyli maraqlı material var.

    Bu vaxta qədər Qarabağ hadisələri ilə əlaqədar çoxlu əsər - məqalə, hekayə, povest və hətta roman - oxumumağıma baxmayaraq, mənə elə gəlir ki, «Dolu» Qarabağ müharibəsi haqqında yazılımış ilk əsərdir. Ona görə yox ki, oxuduğum əsərlər zəif idi, xeyr, ona görə ki, bu əsərlərin heç birində Qarabağ «Dolu»da olduğu qədər canlı, diri deyildi.
    Əsərin bütün qüsurlarına baxmayaraq Qarabağ «Dolu»da canlıdır.

    Əslində «Dolu» roman deyil, poemadır
    Əsərin fələsəfəsi tapılmayıb.
    Əsər romandan daha çox elegiya təsiri bağlıyır.

    Yazıçı şahidi olduğu hadisələrin, ağrıların, düşüncələrin içərisindən çıxıb heç cürə çıxıb «yazıçı ola bilmir», yaxud çox çətindiklə çıxır, əsərədə yazıçı daha çox təsvir elədiyi obrazlardan biri təəssüratını bağışdayır.

    Mən yuxarda «Dolu»nun Qarabağ müharibəsi haqqında yazılmşı ilk əsər hesab etdiymi bildirmişdim.
    Bəli, «Dolu» məhz ilk əsərdir.
    Biz Qarabağ müharibəsi haqqında ciddi əsər yazamaq üçün mütləq müharibənin «Aqil Abbas qatına» enməliydik. Bunsuz Qarabağ bizim əsərlərimizdə heç bir vaxt canlı olmayacaqdı.
    Amma biz Qarabağ müharibəsinin “bu qatında” çox ləngiyə bilmərik.

    Qarabağ münaqişəsinə nə qədər ki, Azərbaycan yazıçısı yazıçı münasibəti tapa bilməyib, dünyanı, həm də Qarabağ müharibəsini ortaya çıxaran hadisələrə, proseslərə, siyasi sifarişlərə öz konseptul, fəlsəfi, insani münasibətini müəyyəlşdirə bilməyib, Qarabağ müharibəsinə nə qədər ki, biz «öz müharibəmiz» kimi yanaşırıq, bu müharibənin insanlığa qarşı yönəldiyni izah edə bilmirik, biz Qarabağ mühariəsi haqqında əsl həqiqətələri dünyaa çıxa biləmyəcəyik.

    Qarabağ müharibəsi haqqında əsil həqiqəti ifadə etmək üçün yazıçı özünü bütün aslılıqlardan xilas etməlidir və ortada ancaq yazıçı özü qalmalıdır. Biz ancaq bu halda Qarabağ müharibəsi haqqında əsil həqiqəti dünyaya çıxara və bu dünyanın nə qədər iyrəc olduğunu ağlı başında olan insanlara - bəşəriyyətə - izah edə bilərik.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: