Qaynar xəbər portalı

Kitab dünyası


Farruxzad1935-ci ildə Tehranda doğulan, 1967-ci ildə elə həmin şəhərdə avtomobil qəzasında həlak olan Foruğ Fərruxzad otuz iki illik həyatı boyunca beş kitablıq şeir yazmış, fransız, italyan və ingilis dillərindən tərcümələr etmiş, bir sıra filmlər çəkmişdir (bu filmlərdən biri – cüzamlı xəstələrin həyatı barədə Təbrizdə çəkdiyi “Bu ev qaradır” filmi hətta beynəlxalq festivalda birinci mükafata layiq görülmüşdür). Beş şeir kitabından dördü («Əsir» - 1955, «Divar» - 1956, «Üsyan» - 1957 və «İkinci doğuluş» - 1963) şairənin sağlığında, beşincisi («İnanaq soyuq mövsümün başlanğıcına» - 1974) isə ölümündən sonra nəşr edilmişdir.

SƏNİN ÇİYİNLƏRİN

Sənin çiyinlərin
Yalçın qayalar tək vüqarlı, məğrur
Mənim saçlarımın dalğaları da
Bu yalçın qayalar enişlərindən
Tökülür, tökülür şəlalə kimi.
Sənin çiyinlərin
Böyük bir qalanın divarlarıdır
Mənim saçlarımın telləri bir-bir
Rəqs edir divarlar üstündə, sanki
Çinar yarpaqların külək titrədir.

Sənin çiyinlərin
Dəmir minarədir və bu minarə
Böyük cilvəsidir qanın, həyatın
Rəngi də qızarmış mis rəngi kimi
Həvəsin o səssiz məbədindəyik
Qərarsız yatmışam kənarında mən
Öpüşlərin yeri sənin canında
Yandırır səni
Sanki bədənini ilan çalıbdır.

Sənin çiyinlərin
Günəşin o isti, qızmar çağında
Büllur, gilə-gilə tərin altında
Parlayır bir dağın zirvəsi kimi.

Sənin çiyinlərin
Mənim istək dolu baxışlarımın
Qibləgahıdır.

Sənin çiyinlərin
Daşdan səccadədir,
Qutsal səccadə
Alın yapışdırıb namaz qılmağa.

BAHAR VƏ QIZ

Bir qız pəncərədən baxarkən dedi:
“Ay baharın qızı, sən nə gözəlsən!
Ətrini, gülünü, gözəlliyini
Nəyə mail olsan, alaram səndən”.

Cavan bir budağın tumurcuqları
Bayğın gözlərini naz ilə açdı.
Qızıl saçlarıyla, al qanadıyla
Gümüş bulaqlarla o qucaqlaşdı.

Günəşin gülümsər dodaqlarından
Gündüzün üzündə nur aşıb-daşdı,
Kiçik bir ləpəyə bir əsinticik (1)
Bir sirri söyləyib tez uzaqlaşdı.

Bağban sevindi ki, yetişdi bahar
Gülləndi əkdiyim gözəl ağaclar.
O qız pəncərədən dedi: “Nə fayda
Mənimçün olmadı heç zaman bahar”.

Günəş qıpqırmızı göyün dibində
Qan dənizi içrə sanki axırdı.
Heyran fikirlərlə gündüz gedirdi,
O qız pəncərədən qəmli baxırdı.

ÇİMMƏK

Soyundum könlümü açan havada
Zülal bir bulaqda yuyunum, çimim.
Gecədən könlümə şübhə ələndi:
Sirrimi çeşməyə deyim, deməyim?

Sular sərin idi, ləpələr duru
Sarıldılar mənə pıçıldaşaraq,
Sanki söyləyirdi büllur ləpələr
Sən də qatıl bizə, qatıl bizə, ax…

Uzaqlardan külək əsərək birdən
Bir ətək üstümə çiçək ələndi.
Çiçəyin, yarpağın, gülün ətrindən
Könül təzələndi, ruh təzələndi.

Yumdum gözlərimi səssiz və bayğın
Bütün çiçəkləri köksümə aldım.
Aşiqiylə yatan bir qadın kimi
Yerimi bulaqla bir yerə saldım.

Ötdü ayaqlarım üstündən sular
Qalxıb dodağımdan öpüş aldılar,
Mənim bədənimdən kam almaq üçün
Mənə sarıldılar, qucaqlaşdılar.

Yer ayələri

Bərəkət tərk etdi yer kürəsini
Günəş buza döndü
Yaşıllıqlar soldu, balıqlar öldu,
dənizlər qurudu, dağlar yıxıldı
Torpaq ölüləri dəfn olunmağa qəbul etmədi
Gecə, rəngi qaçmış pəncərələrdə
şübhəli şəbih tək, daim tüğyanda
…Və yollar, sonunu qaranlıqlarda
Buraxıb, nəhayət təslim oldular.
Qələbəni, eşqi kimsə anmadı
Təklik daxmasında doğuldu boşluq
Qanlardan qorxunc bir qoxu qalxaraq.
Qadınlar doğduğu çocuqlar bütün
başsız oldular.
Beşiklər hamısı utandığından
Soyuq məzarlarda itib, batdılar.
Nə acı, dəhşətli, qara rüzigar.
Ehtiyac vicdanın gözün kor etdi
Ehtiyac vicdanın gücün, qüdrətin məğlub eylədi.
Peyğəmbərlər ac, lüt
Ulu Tanrının vədə yerlərindən qoyub qaçdılar.
Və itgin quzular artıq çobanın səsin örüşlərdə eşitmədilər
Güzgünün önündə sanki təsvirlər, rənglər, hərəkətlər, tərsələşirdi
Alçaq adamların, fahişələrin
Üzlərin müqəddəs işıq bürüdü.
Şərab bataqlığı pis qoxusuyla
Sakit, hərəkətsiz ziyalıları
Kamına çəkdi.
Zərnigar kitablar qəfəsələrdə-
Siçanlar hamısın didib, tökdülər.
Günəş ölmüşdü….
Sabah, çocuqların zehnində ancaq
Məchul və qaranlıq bir şey olmuşdu.
Çocuqlar anlamsız bu ləfzi yalnız
Məşq dəftərində qara ləkələrlə təsvir edirdi.
Ruhən ölmüş millət, hədəfsiz və dalğın heyrət içində
Diyardan diyara daşınırdılar.
Cinayətə rəğbət hissi onların
Əlləri içində düyünlənmişdi.
Öz dəhşətlərində qərq olmuşdular.
Bəzən bir qığılcım, kiçik qığılcım
Bu səssiz milləti tərpətsəydi də
Hədəfsiz olduqda millət hamısı
Didib bir-birini parçalayırdı bu tərpənişdə.
Onlar bir-birinin başını kəsib
Al qanın içində
Körpə qızlarla bir yerdə yatırdı yekə kişilər
Öz dəhşətlərində qərq olmuşdular.
Günahkarlıq hissi kor ruhlarını,
vicdanlarını
çolaq eyləmişdi.
Edam günlərində dar ağacında
Bir məhkum gözünü oyub sökəndə
dalardı özünə səfil adamlar.
Şəhvət dolu hisslə
Yorğun və düşgün
çürük damarları nalə çəkirdi.
Bu kiçik canilər meydan içində
Durub heyran-heyran
Baxırdı onlar
fəvvarələrə.
Bəlkə də əzilmiş gözlər içində
Qalmışdı yarı can nəfəssiz təlaş.
Ki o istəyirdi son nəfəsində
Sular nəğməsi tək müqəddəs iman,
İman bağışlasın bezgin canlara
Bəlkə də, bəlkə də ancaq ki, əfsus
Günəş ölmüşdü.
Və heç kəs bilmirdi ki, ürəklərdən
Uçan o pərişan, solğun göyərçinin adı eşq idi
Adı sevgiydi.
Ey dustaq fəryadı!
Sənin ruhundakı umutsuzluğun
Böyük ehtişamı işığa doğru
Bir iz çəkəcəkmi bu qaranlıqdan?
Ey dustaq fəryadı!
Ey sönən, buzlaşan sonuncu fəryad……

Öpüş

Mənim dodağımı öpüşlərinin
yanar atəşiyə öpüb yandıran
mənim gözlərimin dərinliyinə
sığınan sirləri gec anlayırsan

Mən öz ürəyimdə, bilirsənmi ki,
gizlin saxlamışam sirrini sənin?
Bu gizlin sevgidən, bilirsənmi ki,
bağrıma bir atəş yerləşmiş dərin?

Deyirlər o qadın divanədir tam
Dodağından öpüş verir o, asan.
Bəli, ancaq sənin öpüşlərindir
Solğun dodağıma bağışlayır can.

Şöhrət arxasınca deyiləm qəti
Sənin qucağını istəyirəm mən.
İçimi yandıran sönməz atəşə
Alıb qucağında su çiləyəsən.

Fürsət axtarıram gözlərdən uzaq
Səninlə məst olum ağlar, gülümsər.
Qızıl çiçəklərdən bir döşək üstə
Səninlə bir gecə eyləyəm səhər.

Mənim dodağımı öpüşlərinin
Yanar atəşiylə öpüb yandıran
Bu sonsuz kitabdır, ancaq sən ondan
Yalnız bir səhifə oxuyacaqsan.

Hədiyyə

Mən gecənin dərinliyindən danışıram
Qaranlıqdan danışıram.
Gecənin və qaranlığın qatılığından danışıram.
Əgər bizə gəlsən, mehriban gözəl,
mənim üçün bir çıraq gətir
və bir pəncərə.
O pəncərədən baxım,
Mutluluq küçəsində
Mutlu insanların izdihamına.

Çevirən: Güntay Gəncalp
Ərdəbil, 1987






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 4 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Şənbə, Mart 15th, 2008 tarixində 19:08 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

6 şərh var


  1. Ryabina adlı istifadəçi, Mart 15, 2008 tarixində, saat 20:11 yazıb:

    Sənin çiyinlərin
    Daşdan səccadədir,
    Qutsal səccadə
    Alın yapışdırıb namaz qılmağa.

    ************
    Ah, nə gözəl…
    Bir qadın bu qədər sevə bilər…bu qədər yaza bilər…bu qədər…
    Bu şeirə mən də alnımı yapışdırdım…zatən duadı bu, şeir yox…

    Vallah, başqa nəsə də yaza bilmədim…


  2. scorpion adlı istifadəçi, Mart 16, 2008 tarixində, saat 02:08 yazıb:

    Doğrudan da gözəl şeirlərdir…Ruhumuz təzələndi… Ancaq bu həm də Güntay Gəncalpın tərcüməçi kimi mükəmməl olmasının nəticəsidi…
    “KULTAZ”ın idarəçilərinə ayrıca təşəkkürlər…


  3. Raset Pirisoyu adlı istifadəçi, Mart 16, 2008 tarixində, saat 15:19 yazıb:

    Elədir, dostlar, bu şerlərdəki azadlıq məni də heyran elədi. Hər cür asılılıqdan uzaq, insan olmağın xoşbəxtliyni axıra qədər yaşamaq (yazıçıların böyük əksəriyyəti adəttən insan olmağın bədbəxtliyni yaşayırlar), nəfəs almaq, hətta «yer ayə»lərini yazamaq qədərində azadlıq…
    Azərbaycan ədəbiyyatında bu şerləri bircə şair - Mikayıl Müşfiq yazıb. Bir də bu azadliq Ramiz Rövşənin «Bir yağışlı nəğmə» kitabında özünü göstərirdi. Təəssüf ki, hər iki şair qətlə yetirildi - Mikayıl Müşfiq insan kimi, Ramiz Rövşən «iyirmi bir, iyirmi iki, iyirmi üçün yaşlı istedad» kimi… (Sonrakı Ramiz Rövşən tamamilə başqa şairdir)
    Təsadüfi deyil ki, Foriğ Fərruxzad da gəncliynidə dünyasını dəyişib.
    Bu hansı sirri - xuda və hansı «sirri-cəmiyyət»dır? İkincini bəlkə də izah etmək mümkündür, birincinin izahı isə qeyri - mümkündür. Bəlkə də ən ciddi izah da elə bu qeyri - mümkünlükdədir


  4. N.Kamal adlı istifadəçi, Mart 16, 2008 tarixində, saat 17:52 yazıb:

    Sevimli Füruxun şeirləri :) Füruxun filmi də var.
    Güntay dostum, qadın haqlarına dair bütün araşdırma yazıların və tərcümələrin üçün əlinə sağlıq!!!


  5. Gulenay Qaya adlı istifadəçi, Mart 19, 2008 tarixində, saat 17:36 yazıb:

    Bu xanimin adini eshitmishdim. Bilirdim ki, Iran edebi muhitinde onun ozel yeri var. Haqqinda bezi sheyler de oxumushdum, ancaq sheirlerini oxumamishdim. Bu tercume meni memnun etdi dogrusu. Lezzet aldim bu sheirlerden. Ezberleyeceyem bu sheirleri. Sizler de ezberleyin ki, Furugun ruh hallarini paylashalim.


  6. Ayaq Yalin+Ssz Atan= Ramin Cahangirzade adlı istifadəçi, Mart 22, 2008 tarixində, saat 18:04 yazıb:

    ughurlar
    guntay bey gozel froghun sherlerini gozel cheviribsiniz

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: