Azərbaycanda bu tip filmlərinin inkişafı və formalaşma prosesi necə gedir?
Aydın Dadaşov: «Kino yaranmışdan ancaq əmtəə olub»
Nadir Bədəlov: «Söhbət kinodan gedirsə, artıq burada kommersiya var»
Aydın Kazımov: «Kommersiya filmlərinə qoyulan kapital özünü doğrultmalıdır»
Aydın Dadaşov, kinodramaturq:
- Dünyada kino istehsalı iki istiqamətdədir. Birinci dövlət strukturu, ikinci kommersiya. Totalitar rejimlərdə, yəni kinonun təbliğat vasitəsi olan ölkələrdə kinonun bütün istehsal vasitələri dövlətin əlində olur. Kino normativ funksiya daşıyır, partiyanın, dövlətin qərarlarını yerinə yetirir. Məsələn, 24-cü qurultayda ərzaq proqramı ilə bağlı problem qoyuldu. Sovet İttifaqının müxtəlif studiyaları ərzaq problemi ilə əlaqədar filmlər çəkməyə başladı. Bu əlbəttə normal deyil. Kino yaranmışdan ancaq əmtəə olub. Yəni satılıq üçün mal. Məsələn Mişon filmlər çəkəndə onu dövlət sifarişi etdiyinə görə yox, satılmaq üçün çəkmişdi. Fransada ilk kinooperatorlar dünyanın müxtəlif yerlərinə hətta Argentina, Hindistan, Madaqasqar və s. ölkələrə «kadr ovuna» gedirlər. İndiki dövrlə televiziyanın funksiyasını - operativ informasiya funksiyasını yerinə yetirirlər. Dövlət strukturlarında kinonun yaranması böyük ölkələrə aiddir. Məsələn, Rusiyada soyuq dənizlərin, yəni Şimal Buzlu Okeanın fəthi naminə kinonun imkanlarından istifadə edirdilər. İlk dəfə olaraq Makarov hərbi nazir kimi bu məsələni qoydu. O, kinonun vasitəsi ilə Şimal Buzlu Okeanda marterialların müqavimət, sınma proesisini öyrəndi. Bizə çox yaxın olan Türkiyəni götürək. Türkiyədə də Hərbi Nazirlikdə kino departamenti yaradıldı. Onlar kinonun köməkliyi ilə hərəkətdə olan hədəfləri vurmağı öyrənirdilər.
Bundan sonrakı ideoloji vasitə kimi sovetlər ölkəsində kino təbliğat vasitəsinə çevrildi. Sovet İttifaqının ərazisi böyük, əhalisi isə çox idi. Kinonun gətirdiyi gəlir hesabına iki nazirlik - Səhiyyə və Tədris maliyyələşirdi. Sovet İttifaqı dağıldıqdan sonra biz kino bazarını itirdik. İlk keçid dövründə kino ümumiyyətlə pis vəziyyətdə idi. Ümummili liderimiz Heydər Əliyev qlobal düşünən adam idi. Kinoya da xüsusi diqqət yetirirdi. O, hələ MK katibi işləyəndə ən yaxşı kino texnikasını almışdı. Yenidən hakimiyyətə gəldikdə də kinoya diqqətini əsirgəmədi. Kinonu bir sənət kimi ölməkdən hifz elədi. Bütövlükdə bizim ikno iki yol ayrıcındadır. Yəni nə kommersiya, nə dövlət kinosu inkişaf elədi. Kinoya ayrılan vəsaiti ildən-ilə artır. Amma hələ də hərtərəfli yüksək səviyyəli filmlərin çəkilişi öz həllini tapmayıb. Çox sevindirici haldır ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxışlarının birində kino reklamının marketinqini bilən mütəxəssisələri bu işə cəlb etməklə kinonu hansı istiqamətdə inkişaf etdirməyi təklif elədi.
Aydın Kazımzadə, kinoşünas:
- Müstəqillik əldə edəndən sonra istər istəməz digər ölkələrdə olduğu kimi Azərbaycanda da ayrı-ayrı şirkətlər, firmalar, studiyalar yarandı. Çünki başqa yol yox idi. Kinonu inkişaf etdirmək üçün pul olmalı idi. Bazar iqtisadiyyatına yeni keçdiyimiz vaxtlarda kinonun vəziyyəti ağır idi. Bazar iqtisadiyyatına keçid dövrü uzandı. Belə bir vaxtda kinonun köməyinə kommersiya strukturları gəldi. Yenə ayrı-ayrı iş adamları, imkanlı şəxslər kinodan vəsait götürmk məqsədilə ona sərmayə qoydular. Azərbaycanda da kommesrya kinosu bu şəkildə öz təşəkkülünü tapmağa başladı. Bundan sonra 20-yə qədər prodüser mərkəzləri yarandı və onlar filmlərin çəkilişinə başladı. Lakin həmin filmlər çəkildikdən sonra nümayiş etdirmək üçün yerin olmaması, tamaşaçı marağının azlığı və s. səbəbdən bazara çıxa bilmirdi. Bu səbəblərə görə də hələ kommersiya bizdə öz köklü inkişafını tapa bilmir. Dövlət yenidən kinonu öz üzərinə götürdü. Bugünkü gün kinonun inkişafı dövlətin hesabınadır. Hələ ki, müstəqil kommersiya norması bizdə alınmayıb. Buna baxmayaraq «Yeni dalğa», A.S.V.A. Profi Studio, «Dərviş» və s. prodüser mərkəzləri dövlət sifarişi ilə filmlərin çəkməyə başladılar.
Qəribə də olsa sponsorlar filmlərin çəkilişinə pul qoymurlar. Dövlət filmlərin çəkilişinə pul ayırır. Hal-hazırda iki filmimiz «Hökmdarın taleyi» və «Cavid Ömrü» kommersiya üsulu ilə çəkilir. Onların taleyi barədə heç nə demək olmaz. Bu filmlərin bütün məsuliyyətini prodüserlərin öz üzərinə götüməlidirlər. Dövlətin prodüserlə işləməsinin müsbət tərəfi budur ki, həmin prodüserlər bu filmlərin dünya bazarına çıxarılmasını da öhdələrinə götürürlər.
Nadir Bədəlov, kino nəzəriyyəçi:
- Söhbət kinodan gedirsə, artıq burada kommersiya var. Kinodan kommersiyanı tamamilə kəsib atmaq qeyri-mümkündür. Kommersiya baxımından çəkilən filmlərin içində elə filmlər olub ki, kino dilinin dəyişməsinə müəyyən mənada kömək etdiyi üçün kino tarixinə düşüb. Məsələn, Almaniyada 30-cu ildə belə nümunələri göstərmək olar. Amma bu gün kino dilində çevriliş etmək nəinki Azərbaycanda, dünyada da yaxın zamanlarda inanılmız görünür. Amma əgər sənətdən söhbət gedirsə, hələ ki ənənvi sənət əsəri ortaya qoyulmur. Yüksək səviyyəli sənət əsəri yaranmadığı dövrdə kinodan kommersiya kimi istifadə edilməsindən söhbət gedə bilməz. Həmin filmləri reklam edib nümayiş etdirmək olar. Lakin bu filmlərin nəyə xidmət etdiyini düşünmək lazımdır.
Hollivud filmlərinin Avropa Birliyi tərəfindən qorunması üçün müəlliflər müəyyən qayğılardan azad olur. Avropa kinosunun ənənəsi var. Avropa kino tarixinin mərhələlərini yaratdı. Avropa Birliyi ölkələri və onların mədəniyyətlə məşğul olan adamlarının qarşısına qoyulan əsas məqsəd kinonu virtual sənət kimi qorumaqdır.
Əgər Azərbaycanda bu gün prodüserlərlə birgə iş təklif olunursa bu alqışlanmalıdır, eyni zamanda prodüser filmlər özünü doğruldub dünya festivallarında yer tutmalıdır.
Azərbaycanda kommersiya filmlərinin səviyyəsini yüksəltmək üçün nə edilməlidir?
Aydın Kazımzadə:
- Əgər film ekranlarda gedirsə, gəlir gətirirsə, bunlara kommersiya filmləri deyirlər. Qazanc gətirməsə, göstərilməsə bunlar elit filmlər hesab edilir. Halbuki bizdəki filmlər nə kommersiya, nə də elitdir. Yüksək səviyyəli sənət əsəri çəkilməlidir.
Nadir Bədəlov:
- Bu gün istər dövlət, istərsə də kommersiya filmlərinin ən böyük məqsədi səviyyəsiz filmlərin qarşısını almaq olmalıdır. Bununçün də filmin gərək səviyyəsi olsun. Söhbət saydan getmir. 90-cı illərdə kino zəiflədi. Bu durğunluqdan sonra bizə kino çəkmək imkanı verilirsə, ortaya sual çıxır: «biz buna hazırıqmı?» Təəssüf ki, bu gün bu sual yoxdur. Kinoşünaslıq, kino nəzəriyyəsi, kino müzakirəsi ictimaiyyət arasında yox dərəcəsindədir. Əgər bunlar yoxdursa səviyyəli filmlərdən söhbət gedə bilməz. Əgər Sovet İttifaqı dövründə sovet ideologiyasına xidmət edən filmlər vardısa bu gün hansı ideologiya var? Çəkdiyimiz bəlli deyilsə, kino çəkməyə imkan verilsə belə ortaya necə film çıxartmaq olar? Bu gün müəlliflər tamaşaçının marağını oyadan mövzu tapmalıdır. Bunlar yoxdursa, yalnız əyləncəli filmlərə üstünlük veriləcək.
- Kommersiya filmləri necə olmalıdır?
Aydın Kazımzadə:
- Ümumiyyətlə, kapitalist ölkələrində kommersiya filmləri iki cür olur. Sırf kommersiya və sırf sənət əsərləri. Sənət əsərləri kimi çəkilən filmlərdən pul güdülmür. Burada əsil sənət əsəri yaradılır. Kommersiya filmlərindən gələn gəlirin bir hissəsi həmin elit filmlərə ayrılır. Hazırda bizim kinostudiya da kinofabrik kimi hazırlanır. Burada filmlərin çəkilməsi üçün bütün imkanlar yaradılır. Prodüser sifariş olunmuş filmi çəkmək üçün bütün texniki və canlı personajları bir yerə cəlb edir. O, hətta aktyor seçiminə belə qarışır. Bu iki yolla çəkilir və dünya bazarına çıxarılır. Belə filmlərdən milyardlar götürülür. Məsələn, «Titanik» filmi sənət əsəri baxımından zəif olsa da gözəl aktyor oyununu görə, texniki işinə və çəkilişlərinə görə 11 oskar mükafatı alıb, böyük gəlir gətirib. Kommersiya filmlərinə qoyulan kapital özünü doğrultmalıdır.
- Prodüser kimdir, onun vəzifəsi nədir?
Aydın Dadaşov:
- Prodüser ideyanı əmtəəyə çevirəndir. Deməli ilk öncə dövlətçiliyimizə xidmət edən ideyanı əmtəəyə çevirən şəxsdir. Belə ki, prodüser üçün sponsor tapmaq asandır. Lakin hələ ki bizdə kino təkrar istehsala oturmur. Əgər sağlam biznes faktoru üzərində təkrar istehsal yaranarsa, Azərbaycan kinosunun inkişaf etdiyini demək olar.
Bizim Qarabağ boyda dərdimiz var. Qarabağ mövzusunda film çəkilişinə sifariş verilir. Ancaq, bu o demək deiyl ki, digər mövzular kənarda qalmalıdır.
- İnkişaf etmiş ölkələrin təcrübəsindən bəhrələnmək, kadrlarından istifadə etmək bizə kömək edər?
Nadir Bədəlov:
- Məncə yox. Müəyyən şeyləri öyrənmək mümkün olsa da öz filmləriimzi özümüz çəkməliyik. Çünki onlar bizim gerçəkliyi milli xarakterimizi bilmirlər. Onlar bura yalnız yad mədəniyyət gətirəcəklər.
- Mədəniyyət və Turizm Nazirliyinin prodüserliklərlə birgə işini necə qiymətləndirirsiniz?
Aydın Kazımov:
- Mən bunu alqışlayıram. Ona görə ki, biz də dünya bazarına çıxmalıyıq. Bizdə film çəkiləndən sonra sənətkarlarımız belə hesab edirlər ki, filmi hansısa bir festivalda müəyyən yer tutduqdan, mükafat aldıqdan sonra işlər bitir. Sonra həmin filmlər Dövlət Film Fondunda yatır. Nazirliyin bu təşəbbüsü filmlərimizin bazara çıxmasına təkan verir. Yəqin ki, bu iş öz səmərəsini yaxın vaxtlarda göstərəcək.
Nadir Bədəlov:
- Nazirliyin bu işi Azərbaycan filminin keyfiyyətinə təsir edəcəksə, onun dünya bazarına çıxmasına imkan verəcəksə müsbət qarşılayıram. Bu iş kinomuzun dirçəlişinə ümid oyadır.
Aydın Dadaşov:
- Bilirsiniz əslində prodüser mərkəzləri ilə iş prinsipi kinonun sağlam biznes faktoru üzrə inkişafı deməkdir. Lakin indiki mərhələdə bu prosesin hüququ bazası olmadığından məsələ bir az fərqlidir.
Dövlətin ayırdığı pulun prodüser mərkəzlərinə verilməsi yalnız keçid dövrünə xas olan məsələdir. Hələ ki, bu addım kinonun inkişaf prosesini saxlamamaq naminə atılır. Şübhəsiz ki, yaxın gələcəkdə məmura tabe olmayan prodüser mexanizmləri meydana çıxmalıdır. Çünki hər hansı bir yaradıcılıq kimi kino da məmura tabe olmayan azad sənətkara möhtacdır.
Günay Baxışova




Bölmə: 









scorpion adlı istifadəçi, Mart 17, 2008 tarixində, saat 12:18 yazıb:
Çox maraqlı mövzudur… Yazıda qaldırılan problemə sonra münasibət bildirəcəm… Sadəcə bir qeydimi bildirmək istəyirəm… Yazının əvvəlində yəqin ki, texniki səhv gedib Rəhman Bədəlov yox Nadir Bədəlov olmalıdır…
Admin adlı istifadəçi, Mart 17, 2008 tarixində, saat 13:00 yazıb:
Təşəkkür, scorpion. Texnikisəhvi düzəltdik
scorpion adlı istifadəçi, Mart 19, 2008 tarixində, saat 02:03 yazıb:
Kinodramaturq, kinoşünas və kino nəzəriyyəçisi… Qəribədir… Bu müzakirədə hər şeydən söhbət gedib və axırda görürsən ki, yenə də həmişə olduğu kimi əslində heç kim heç nə deməyib… Hiss olunur ki, bu adamların özləri hələ bazar iqtisadiyyatı şəraitində kinoindustriyanın nə olduğunu tam şəkildə bilmirlər və mən onları qınamıram… bilmələri də mümkün deyil…
Aydın müəllimin: “Əgər film ekranlarda gedirsə, gəlir gətirirsə, bunlara kommersiya filmləri deyirlər. Qazanc gətirməsə, göstərilməsə bunlar elit filmlər hesab edilir.”- fikirləri isə tamamilə gülünc təsir bağışlayır… Bəlkə müsahibə yazıya köçürüləndə səhv gedib deyə bilmərəm… Nazirliyin prodüser mərkəzləri ilə gördüyü hansı işlərdən söhbət getdiyi də nə sualda nə də cavabda aydın olur… Bütün bunlar bir tərəfə…hörmətli bəylərdən heç birisi filmlərin maliyələşdirilməsi, bu filmlərin kimlərə həvalə edilməsi və s. kimi proseslərin pərdəarxası “mexanizm”lərini açsaydılar daha yaxşı olardı… Çünki, mən düşünürəm ki, Azərbaycan kinosu yağışdan çıxıb yağmura düşüb… Dövlətin ayırdığı pulla kimlərin hansı filmləri necə çəkdiyi artıq göz qabağındadır… buna da toxunulmur…
reyhan adlı istifadəçi, May 8, 2008 tarixində, saat 11:20 yazıb:
Yazini oxudum.men de Aydın Dadaşovun cavabları daha dolğun tesir bağışladı..Onun fikirleri ilə tam razıyam.Azərbaycanda hələ prodüsser sözünün mənasını bilmirlər..İkinci maraqli məqam Nadir Bədəlovun dediyi- kino tənqidi yoxdursa kinoda inkişaf etmeyecek..Bu sozlər həqiqətdir.Dunya kino sənayesi, ümumiyyətlə incəsənəti tənqid üzərində inkişaf edir.Həm Puşkini Puşkin edən Belinski olub, yəni onun güclü tənqidçisi..Bizdə həm məktəb yaranmalıdır.Amma yazını və sualları bəyəndim.Bu mövzuya müraciət etdiyi üçün Günay xanima minətdarlığımı bildirirəm..Sizə uğurlar!