MÜHARİBƏ ƏLİLİ
Üzdü ayaqlarımı Vətən yolu
qayıtdım üzüqoylu…
qayıtdım
qurşağımın yuxarı qatıyla,
qayıtdım
əlil arabasının atıyla…
İki balam gözüyaşlı
arvadım başıdaşlı…Yazıq hər əmrə müntəzir:
həm məni gəzdirir,
həm … özü gəzir…
Süfrəmdə haram var -
dinmirəm,
İki ac balam var -
dinmirəm.
Dinmirəm
gül ağzı açılanda heyrətin:
«Vətəni qorudun, bəs öz qeyrətin?!»
… Üzdü ayaqlarımı Vətən yolu
bu da mənə «sağ ol»u…
***
Başının uğultusu
alnında şırım açan
kotandandı…
Səni
qoluna girməyə çağıran
Vətən-dəmdi…
Narı sümürürsənsə,
süddən yanıqsan…
Gözünlə qaşının arasındakı
qapı açılan gün…
o yanlıqsan…
Meşələr
qışda Günəşə
odun atmaq üçündü…
Yaydan çıxan oxlar
payıza çatmaq üçündü…
***
Qələt eləyərəm desəm:
Hamı qələt eləyir…
Allah bizi xəlq eyləyib,
Yoxsa lənət eləyib?!
Qaç bu xain yuvasından
Əri, yox ol havada.
Qorx ki, yenə yerdən çıxa
Buluddan dama adam…
Baş açmazsan:
yaşdı, ya da daş?! -
Damarında qan durar.
Gözündən düşən nədisə,
Ayağını sındırar…
Bu da axır…
bu da xilas…
Son gecə…
səhər ertə…
Qoşulub göyün quşuna
Üstündən saat ötər…
***
Görsən ki, qaranlıq çökür aləmə,
Görsən ki, axşamdı…
fikir eləmə.
Bir uçuq yuxudu gecənin boyu
Nə qədər imkan var
rahatlan, uyu…
Qəflətən bir çağa salar hay-həşir
Səhər - körpəsidi doğan Günəşin.
Onu ovutmağa tələsər hamı,
Beləcə, salarlar yenə axşamı.
Təzədən qaramat basar dünyanı,
Hanı doğan Günəş?
körpəsi hanı?
… Görsən hər tərəfdən əlin üzülür,
Görsən üşüyürsən…
yandır özünü…
***
Bəlkə bu,
qanundu,
kim bilir?! -
Həmişə:
cəsurlar sevirlər,
qorxaqlar sevilir…
Nə çəkir
göylərə,
nə çəkir?! -
Adamı boynundan ip təki…
Haradı
dünyanın
əvvəli, axırı?! -
Azanda
bir dostu
köməyə çağırım…
De görək, neynəyək,
neynəyək, de görək?! -
Nə ölək, nə olaq,
nə olaq, nə ölək…
***
Ağaclar hamısı kürəkən, qayın
Hansı paxıldısa yamacın, şişdi.
Meşə görməmişdim belə arxayın
Mən belə narahat dağ görməmişdim…
O yalı adlayan dumandı, tüstü
Siqaret zəhrimar qoyurmu görək?!
Elə sərindi ki, torpağın üstü
Altı cənnət olsun…
nəyimə gərək?..
Hardasa quzutək mələyir ilan
Deyir, bəlkə səsi xoşuma gələ.
Bu tüstü-dumanın içində, inan
Bir eşq havası var…
başına gələ!
Meşəni əynindən soyunub burda,
İlan vuran kimi oyanıb burda
Təzədən yatasan…
Ağacın altında, torpağın üstdə,
Yağış damcılaya yarpağın üstdən…
Yatasan torpağa, yatasan dağa
Əzrayıl minnətə gələ, durasan.
Bir ağ kağız ola quş qayırmağa
Bir şey tapmayasan tələ qurasan…
***
Yanvar adında oğlan
Noyabr adında ay
Əli süpürgəli park
Xəzəl qızılı -
lay-lay…
Yalın ayaqlarına
ocaq çatıb cocuq
Bir ayağı üstdə yatıb cocuq…
Üzündə
yay uzunu həsrət qaldığı
sevinci, gülüşü
Əlindəki dondurma
əriyib ocağa düşür…
***
Rum rəqəmiylə onuncu
Tövbə qapısının dirəyindən qayıdıb
ən böyük suçu.
Doğulduğu yer yaşıl meydan
ayağı quş ayağı
kəlləsi zindan.
Topu bacısı kimi sevdi
Zinəddin Zidan…
Ömründə bir kərə
topa yox,
topçuya kəllə atdı
Rum rəqəmiylə onuncu
Rumi rəqəmiylə ölçdü zamanı:
«Artıq vaxtdı!..»
Onu aylarla axtaran,
idman tumanını göz yaşlarıyla batıran
xanımlar ağlayıb-ağlayıb kiridi.
İndi
ancaq öz arvadıyla yatır Zidan
öz arvadıyla yatmaq
öz qapısına vurduğu qol kimidi…
***
Nə olar, bir səhər durub görəsən,
Divarlar üstünə Allah yazdırıb.
Qış günü soyuqdan ölən ağacın
Yasına mart ayı yarpaq yazdırıb…
Başını yelləsən, odu közərir,
İşıq vermir, amma işıq söz verir.
Bircə eybi var ki, dünya gözəlin
Məni qucağına qonaq yazdırıb…
Şükür o göydəki ismin halına,
Şükür yağışına, şükür qarına.
Şükür adımızı öz jurnalına
Əcəl adqoydudan qabaq yazdırıb…
« Müzakirə: Kommersiya filmləri | Əsas səhifə | Rusiya səfirliyi Prezident Kitabxanasına rus klassiklərinin kitablarını hədiyyə edib »




Bölmə: 


(6 səs, təxmini: 4.33 ilə 5)






Şahanə adlı istifadəçi, Mart 17, 2008 tarixində, saat 18:59 yazıb:
Qulunu həmişə həvəslə oxuyuram.
“Müharibə əlili” incitdi məni…
artyazar adlı istifadəçi, Mart 17, 2008 tarixində, saat 22:53 yazıb:
Qulu, dostum, sənə elə gəlmir ki, ədəbiyyatımızın muğamatını yaradırsan - yanırsan?!
Əllərinə - qələminə halalıq, qardaş, reallıqda Qarabağı ala bilmirik, bəlkə şerinlə qeyrətə gəldik…
Aydın Xan
Məsiağa Məhəmmədi adlı istifadəçi, Mart 18, 2008 tarixində, saat 12:41 yazıb:
Qulu çox istedadlı bir insandır. Və yazdıqlarında hələ öz istedadının az bir hissəsini gerçəkləşdirə bilib. Çox güclü dil duyumu var. O qədər ki, bəzən ona mane olub söz oyununa çəkir. Bunu buradakı şeirlərdə də (məsələn, ikincidə)görmək mümkündür. Nədənsə, Qulunun köhnə şeirlərini daha çox bəyənirəm. Burada isə “Görsən ki, qaranlıq çökür aləmə…” mükəmməldir.
Uğurlar,Qulu Ağsəs!
Kassandra adlı istifadəçi, Mart 18, 2008 tarixində, saat 13:16 yazıb:
Birinci ser haqqlnda onu deye bilerem ki, Veten ucun etdiyinin hesabini sormamalisan.
o biriler blelede. yene de ugurlar!
ZUZU adlı istifadəçi, Mart 18, 2008 tarixində, saat 13:28 yazıb:
MUELLIFIN SERLERINI ILK DEFEDIR OXUYURAM.MARAQLI SERLERDI.UGURLAR
Seyid Ramin adlı istifadəçi, Mart 18, 2008 tarixində, saat 14:49 yazıb:
Birinci şeir əladır! Xüsusən də “arvadım başıdaşlı…Yazıq hər əmrə müntəzir:
həm məni gəzdirir,
həm … özü gəzir…” misraları.
Uğurlar.
Raset Pirisoyu adlı istifadəçi, Mart 18, 2008 tarixində, saat 15:16 yazıb:
Əziz Qulu!
Bu şerlər də bir daha sübut edir ki, sən istedadlı şairsən. Əgər səhv etmirmsə, bu istedadı ilk dəfə «Yol» qəzeti ədəbii icimaiyyətə təqdim etdi və sən həm də qəzetin təsis elədiyi mükafatlardan birini aldın.
Burada yazılan şərhlər də «Yol» ədəbiyyat qəzetinin yanılmadığını sübut edir.
Amma sənin şerlərinin ümumi bir bəlası var.
Sən şerlərində böy atmamısan, böyüməmisən, elə «əvvəlki yaşında» qalmısan. Doğrudur ədəbi alətlərlə işləmək səriştən xeyli təkminləşib. Amma şair təcrübən elə əvvəlkidir.
Hər halda mənim teəssüratım belədir.
Ümumiyyətlə, ədəbi liliputluq bu gün Azərbaycan Yazıçılar Birliyinin təsir dairəsində işləyən bütün yazıçılara aiddir.
Bu niyə belədir, artıq bu başqa söhbətin mövzusudur.
scorpion adlı istifadəçi, Mart 18, 2008 tarixində, saat 16:34 yazıb:
Qulu, əzizim təbrik eliyirəm, gözəl şeirlərdir!!! Sənin şeirlərini oxuyanda həmişə elə bil sənin səsini eşidirəm… həlim, mülayim… Mən təsəvvür eliyirəm sənin bu “şair təcrübən” sözünə qımışmağını… sən tanrının sənə verdiyi istedadın boydasan… bunun nə qədər olduğunu görmək üçün göz lazımdı “üçüncü göz”… Müxtəlif təsirli, təsirsiz qazların köməyi ilə üfürülüb şişirdilərək “ədəbi boyu” böyüdülmüş sintetik ədəbi kuklalara bənzəməməyinə sevindim…
Sənə uğurlar qardaş!!!
Raset Pirisoyu adlı istifadəçi, Mart 18, 2008 tarixində, saat 22:44 yazıb:
Əziz Qulu!
Deyəsən, mən faktlara keçməli olacaqam. Sən şerlərində «boy atmamısan», «böyuməmisən» deyəndə mən nəyi nəzərdə tuturam.
İlk növbədə poeziyaya Ramiz Rövşənin və Vaqif Səmədoğlunun təsirini.
Təqribən 70-ci illərdə poeziyaya gələn «dünya» mövzusu Ramiz Rövşənin adı ilə bağlıdır, həzinlik, həlimlik, mülayimlik isə Vaqif Səmədoğlunun adıyla.
Heç şübəhsiz sənin yaradıcılığına Vaqif Səmədoğlu ciddi təsir göstərib.
İndii isə sən axtarışlarında Vaqif Səmədoğluyla Ramiz Rövşənin arasında vurnuxursan.
Məsələn,
Qələt eləyərəm desəm:
Hamı qələt eləyir…
Allah bizi xəlq eyləyib,
Yoxsa lənət eləyib?!
Bu kimin intonasiyasıdır?
Yaxud
Görsən ki, qaranlıq çökür aləmə,
Görsən ki, axşamdı…
fikir eləmə.
Bir uçuq yuxudu gecənin boyu
Nə qədər imkan var
rahatlan, uyu…
Bəs bu kimin intonsiyasıdır?
Vaqif Səmədoğlu bu hissi - «Nə qədər imkan var rahatlan, uyu…» hissini azından min dəfə min cür ifadə edib.
Heç şübəhsiz, bu şerlərdə sənin də hiss etdiklərin var. Məsələn, birinci şer başdan - ayağa sənindir. Amma bu şerin özündə də elə bir şey var ki, təkcə səni deyil, başqlarını da xatırldadır.
Mən bunu demək istməzdim.
Amma məcburam deyim. Çünki məni sənin istedadını görməməkdə günahlandırılar.
«Yol» qəzetinin mükafatı Ramiz Rövşənin təklifi ilə ancaq Salam Sarvana verilirldi, mən sənin şerlərini oxuyandan sonra israr etdim ki, yox, bu mükafat həm də Qulu Ağsəsə verilmlidir.
Mən bunu ona görə demirəm ki, sənin boynuna minnət qoyum. Xeyr. İstedad heç bir vaxt, heç kəsə, heç nəylə borclu olmur. Hamı istedada borclü olur.
Amma istedad bəzən özünü realizə edə bilmir.
Niyə? Ona görə ki, içərisində istinad nöqtəsi tapa bilmir.
Sən istedadlısan, amma sənin içərindəki istiand nöqtəsi hələ axıra qədər səninki deyil.
Əgər biz ciddi söhbət ediriksə, bu belədir.
Yox, ciddi söhbət eləmirksə…
hadi qaraçay adlı istifadəçi, Mart 19, 2008 tarixində, saat 01:46 yazıb:
Sevimli Qulu,
səni bir daha gördüyümə,gözəl şeirlərini oxuduğuma sevindim.Hansıysa quruplaşmalardan uzaq,öz yaradıcılığında olduğun,səs - küylərə girişməməyin böyük başarıdır.
Səni bu gözəl şeirlərinlə qutlayıram.Uğurlar olsun.
Elnarə Şəms adlı istifadəçi, Mart 20, 2008 tarixində, saat 00:32 yazıb:
Hörmətli Qulu Ağsəs,hər dəfə Sizin şeirləriniz mənə ruhu oxşayan həzin bir musiqini xatırladır.Çox bəyənirəm şeirlərinizi,imzanızı izləyirəm,bu şeirlərinizdə həm forma,həm məna cəhətdən çox gözəldir,uğurlar.
Hörmətlə
Sima N. adlı istifadəçi, Mart 22, 2008 tarixində, saat 20:46 yazıb:
bu şeirlər faciəvi notlara köklənib, hərçənd: a/Topu bacısı kimi sevdi b/
öz arvadıyla yatmaq
öz qapısına vurduğu qol kimidi… c/
Narı sümürürsənsə,
süddən yanıqsan… - kimi ifadələr, məncə, bayağı
oktay adlı istifadəçi, Mart 27, 2008 tarixində, saat 11:00 yazıb:
Qulu. Allah “Qul”una ancaq bu qeder istedad verer. Sen yaz biz oxuyaq. Yazmasan olmayacaq, qardas. Qelemin qirilmasin. Sag ol bu serlere gore.
stilyaqa adlı istifadəçi, Aprel 10, 2008 tarixində, saat 14:02 yazıb:
Qulunun istedadi danilmazdir. Hem evveliki, hem de indiki seirleri eladir. Ona birce tovsiyem var. Cox yaz, gardash!
Day, Elcin Huseynbeyli geder yox, amma yaz!