Gürcüstanın ədəbiyyat kafeləri

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 20 Mart, 2008

Lit-cafeTiflisə yolunuz düşsə, mütləq onları ziyarət edin

Vəfa Cəfərova

Qamarcoba, well come to our literature cafe! (Salam, bizim ədəbiyyat kafemizə xoş gəlmisiz!)
“Literature cafe”lər şəbəkəsində sizi bu sözlərlə və ürək qızdıran təbəssümlə qarşılayırlar. Gürcüstanda artıq 15 ildən çoxdur ki, ikinci danışıq dili ingilis dili sayılır. Amma bu dəfə post-sovet ölkələri arasında rus dilini ən çox sevməyən xalq haqqında yox, ədəbiyyat kafelərinin sayına və oradakı xidmətlərin çeşidinə görə hətta avropalıları təəccübləndirən Tiflis barədə danışmaq istəyirəm.Tiflisə gəldiyim andan bütün tanış və dostlarım mənə görüş yerini məhz orda təyin edirdilər. Nəzərə alsaq ki, tanışlarımın demək olar ki, hamısı incəsənət və Tiflis aundeqraundunun nümayəndələridir, burda təəccüblü heç nə olmamalıdır.
Laşa danışır ki, 19-cu əsrin sonlarında Parisdə impressionist rəssamların yığışdığı kafelər var idi. Orda eyni fikrin, ideyanın daşıyıcıları tanış olur, fikir mübadiləsi aparır, proyektlər üzərində bərabər çalışmağa başlayırdılar. İndi Tiflisdəki ədəbiyyat kafeləri eyni missiyanı ancaq bütün yaradıcı insanlar üçün yerinə yetirir.
Tiflisdə kitab satılan kafelər çoxdur. Ancaq ən məşhuru 4 kafedən ibarət “literature cafe” şəbəkəsidir. Birinci Sabutalodakı “lit. kafe” 2003-cü ildə açılıb. Kafelər şəbəkəsinin baş meneceri İlya Mansuradzenin sözlərinə görə, kafenin yerində əvvəl meriyaya məxsus kitabxana yerləşirmiş. Nina Jvaniya adlı işgüzar xanım meriya ilə müqavilə bağlayaraq həmin yeri alıb, təmir edib və kitabxana açıb. Amma kitab biznesindən bir şey çıxmayıb: “Biz Tiflisə ən nadir kitablar gətirirdik. Burda məşhur yazarların avtoqraf gününü keçirdirdik. Təqdimat mərasimlərinin iştirakçıları burda rast gəldikləri köhnə tanışları ilə oturub kofe içir, söhbətləşirdilər. Bu səbəbdən belə bir ”literature cafe” açmaq fikrinə düşdük. Tezliklə Tiflisin ən dəbdə olan kafesinə çevrildik. İndi Sabutalodan başqa Natarxenaşvili, Vake və Amerani kinoteatrının foyesində kafelərimiz açılıb”.

Kinoteatrın içində kinoteatr…

Kafelər heç nə ilə bir-birinə bənzəməyən dörd gözəl “xanım”a oxşayır. Onlardan ən zövqlüsü Amerani kinoteatrının foyesində yerləşən “lit. kafe”dir. O, 30-cu illərin bütün eleqantlıq və şıkını özündə cəmləşdirib. İnteryerdə həmin dövrün restavrasiya olunmuş mebelindən istifadə edilib. Dairəvi masaların üzərindən ancaq masanı işıqlandıran çilçıraq asılıb. Bəzi iki nəfərlik masalara isə stolüstü lampa qoyulub. Zalda 15 çilçırağın olmasına baxmayaraq, ümumilikdə alaqaranlıqdır. Kafenin qonaqları olan rəssamlar divarlarda rəngli boyalarla öz istedadlarını nümayiş etdiriblər.
Tiflislə bağlı üç ən gözəl təəssüratımdan biri bu konditer sənətinin töhfəsi ilə bağlıdır. Amma Ameranidəki “lit. kafe” öz kitabları, gözəl interyeri və insanı ağıldan çıxaran şokoladlı tortundan çox başqa xidməti ilə məşhurdur. Amerani kafesində Tiflisdə ən ucuz qiyməti və geniş seçim imkanı olan “VİP – CİNEMA CLUB” var.
Bu VİP-zala gürcülər zarafatla “kinoteatr içində kinoteatr” adı qoyublar. Burda kino klassikləri Çaplin, Bunueldən tutmuş Djim Djarmuş və Emir Kusturitsanın filmlərinə qədər məşhur rejissorların ekran əsərlərini gördüm. Hollivudun ucuz komediyaları, savaş və dəhşət filmlərinə rast gəlmədiyimə isə sevinirdim.

Kitab sevənlər üçün cənnət….

Sabutalodakı kafe gözündə eynək, burnunu kitabdan ayırmayan, ciddi, böyük “bacı”nı xatırladır. Şən və cazibədar Ameranidən sonra Sabutalodakı “lit. kafe” adama darıxdırıcı görsənə bilər. Amma ən azı on dəqiqə burda oturduqdan sonra təzə kitablara məxsus mətbəə iyi yeni dəmlənmiş kofe qoxusuna qatışıb səni tamamilə başqa dünyaya aparır.

Qlamur…

Bilmirəm, Azərbaycanca bu söz necədir, amma Naterxanaşvilidə yerləşən “kafe xanımlar”dan üçüncü “bacı”nı xarakterizə eləmək üçün “qlamur”dan başqa söz ağlıma gəlmir. Bol işıqlı, rəngarəng rəsmlərlə bəzədilmiş, qlamur jurnalların və ulduz həyatından bəhs edən kitabların ən böyük çeşidi olan bu kafe rəssamların, şairlərin, yazarların, modelyerlərin və bəstəkarların ən sevimli məkanıdır. Burda hər zaman stol üzərində yeni sərgiyə, yaxud teatrda premyeraya dəvətnamə tapmaq olar. Burda günün istənilən vaxtı boş bucaq tapmaq böyük problemdir. Çünki hər zaman adamla doludur. Başqa “lit. kafe”lərdəki sakitlik bura yaddır. Burda sevinc, bol gülüş və yaxşı əhval-ruhiyyə hökm sürür. Ən son yeniliklərin və ciddi ədəbi diskussiyaların beşiyi də bu məkandır. Bir sözlə qlamurrrr…

News-room…

Vakedə yaşayan “bacı” – hər kəsin qulağına xəbərlər pıçıldayan gözəl geyimli əsilzadəyə bənzəyir. Bu kafedə Tiflisdə ən rəngarəng qəzet seçimi mövcuddur. Bura jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və siyasətçilərin sevimli yeridir. Hər şeydə news-makerlik ab-havası hiss olunur. Hər yerdə kofe və siqaret. Hər stol ətrafında siyasət mövzusunda mübahisə gedir.
Dörd “bacı” – dörd “lit. kafe” bir-birindən fərqlənsə də, hərəsinin öz cazibəsi və təkrarolunmazlığı var. Tiflisə gəlsəz, yolunuzu mütləq “bacı”ların ünvanından salın. Peşman olmazsınız.

1 səs2 səs3 səs4 səs5 səs (4 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

10 Şərh var
Şərh yazın »

  1. Sən özün də bir litcafesən, Vafli.

  2. Bizim de lit.cafe’miz Vahid poeziya evidir..
    Her yerde cayniki 1 manatliq cay…3 dene quru limon…saclarina hena qoymush qoca mugamshikler…menasiz sohbetler…pulsuz tualet…saati 50 qepikden domino…avara telebeler…ucuz shairler….
    Allah, sen ozun komek ol!…

  3. İndi gurculerin niye bu qeder ugur qazandigini daha yaxshi anlayiram…

  4. Tiflis 19- cu esrde qafqazda edebi-medeni merkez idi,xeyli muddetden sonra o hemin brendini yeniden ozune qaytarir.Bu tesaduf deyil, demokratiya,medeniyyet, sheffafliq olan yerde, en esasi gurcu xalqinin yeniliye,moderleshmeye, medeniyyete can atmasi ile bu bah verir.
    Baki ise ozunun 3-4 dene bukinisti,yetim – yesir, tamashacisiz teatrlari ile,duzsuz shou proqramlari,shit,ettoken mugennileri,biabirchi toylari ile ozunu qafqazin medeni merkezi kimi gostermek isteyir.Elton Conu Bakiya devet edib, konsert verib biz medeniyyet mucessemesiyik – Elton Cona qulaq asiriq demekle deyil. En esasi mahiyyetdir, buda ki bizde yoxdur.Allah bilir ne vaxt olacaq….

  5. Bizdə belə bir kafenin olmasını təsəvvür eliyəndə adamın tükləri biz-biz durur… Fikirləşin görün ora kimlər gələcək, hansı söhbətlər gedəcək orda…
    Dəhşətdi…

  6. ela………. Maraqli yazidir. Hetta bir anliq ozumu o kafede hiss etdim

  7. Bu yazi da maraqli yazi deyil. burda bir xeber var bunu da hami bilir Tiflisde edebiyyat kafelerri var vessalam.Bes yzinin ozelliyi, uslubu, senetkarliqi nededir. hec nede .

  8. mencede cox istedasiz yazilib.

  9. istedadsiz yazilib, dogrudur. cunki vefa xanim yazar deyil. amma fealiyyetini alqishlayiram. vefadan yoxdur

  10. bu yazinioxuyanda coxdan beynimde firlatdigim fikirle qarwilawmiw oldum……
    buna gore cooooooooox saolun
    yaziya geldikde bu menim iwim olmadigindan fikir bildirmek duz olmazdi
    sag olun!!!!!
    semi……

Şərh yazın