KultAz: Ən məşhur yazıçı-fantastlardan biri Artur Çarlz Klark dünən 90 yaşında dünyasını dəyişib. O, 1956-cı ildən bəri yaşadığı Şri-Lankadakı hospitalda uzun sürən xəstəlikdən ölüb.
1917-ci ilin dekabrın 16-da Böyük Britaniyada fermer və teleqrafçı qadının ailəsində doğulmuş Arturk Klarkın ilk hekayəsi 1946-cı ildə “Astounding Science Fiction” jurnalında dərc olunmuş “Xilasetmə partiyası” idi.
1968-ci ildə Klark “Kosmik Odisseya 2001″ filminin ssenarisini yazıb və məşhur rejissor Stenli Kubrik də bu ssenari əsasında film çəkib. Sonralar həmin ssenari eynidalı romana və 4 kitabdan ibarət “Kosmik Odisseya”ya çevrildi.Klarkın digər məşhur əsərləri arasında “Uşaqlığın sonu” (1953), “Şəhər və ulduzlar” (1956), “Rama ilə görüş” (1973) və “Cənnət fəvvarələri” (1979) var.
Ümumiyyətlə isə yazıçının 80-dən artıq kitabı çap olunub.
Artur Klark məşhur fantast-yazıçı olmaqla bahəm, həm də nufuzlu ixtiraçı alimdi. O hələ 1954-cü ildə elmi məqalə dərc etdirərək geostansionar orbitdə peyklər vasitəsilə qlobal rabitə sistemlərinin yaradılmasının mümkün olduğunu göstərmişdi. Mütəxəssislər hesab edirlər ki, məhz Klarkın əsərlərində ilk dəfə olaraq Yerlə orbitdəki aparatı birləşdirəcək “kosmik lift” ideyasından bəhs olunub.
1999-cu ildə Böyük Britaniya kraliçası Artur Klarka cəngavər titulu vermişdi.
Homerin Odisseyinə kor peyğəmbər Tiresi qocalıqda sakit ölüm vəd etmişdi. Həyatından bəhs edən əsərini “Odissey” adlandırmış Klark da əzab çəkmədən öldü.
XX əsrin ikinci yarısının kütləvi mədəniyyəti üçün Klark və Kubrikin əsərləri ilə filmlərindən daha mühüm nəyi isə təsəvvür etmək çətindir.
Klark kosmik dövrün peyğəmbəri, onun “xaç atası” və tərənnümçüsü, həm də heyrətamiz dərəcədə nikbin adamdı.
Bəşəriyyətin yaddaşında o insan əqli və böyük sirr qarşısında qətiyyətdən vəcdə gələn insan kimi qalasıdır.
« Milli Kitabxana Avropa Elektron Kitabxanasına üzv olur | Əsas səhifə | Gürcüstanın ədəbiyyat kafeləri »




Bölmə: 








