Kənan Hacı. Şeirlər.
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 24 Mart, 2008
Fələk sənə bir çarpayı qurub
fil qulağında
nimdaş bir xəyalı başına çəkib
retro yuxular görürsən
ayılacaqsan, bilirəm,
qarışqa ayağını qıdıqlayanda…
***
bu qara gecəni
qara örtük kimi çəkib
keçinmiş gündüzün üzünə
gedirəm dan yerinə doğru
yorğun xəyallarım
baş qoyub yatır
ürəyimin uçuq hücrəsində
işıq dirəkləri düzülüb
fəxri qarovulda
harada dəfn olunur
bu ölən günlər
bu ölən günlərin məzarlığında
doğulduğum günün böyründə
bir qarış yer saxlayardım
öləcəyim günə…
***
özümü ümidə çırpıram
hər səhər
ümid -
arzulardan cızıq-cızıq olmuş
bir qaya,
çırpılıb ümidə
çəkilirəm yorğun ürəyimə,
içimdə çiliklənmiş bir ömür
gözlərimdə sınmış bir sevginin
yarasından qan damır,
qırış-qırış olmuş bəxtim
ütüyə gəlməz daha…
hər səhər ümidlə toqquşub
oyadıram
mürgülü olan yerinəcən uzanan
çəhrayı sükutu.
ümid oyanmır ki, oyanmır,
min ildi yatır
göz yaşlarının sahilində…
***
qərib, yosma-yosun komam,
məndən sənin yaddaşında
bir qəmli hava qalacaq,
durna qanadında daşınan hava…
yazdan-yaza düşəcəm yadına
durnalar qayıdanda…
***
bir qurtum,
iki qurtum,
üç qurtum daha…
bu soyuq şərabın atəşində
qızınar soyumuş bədən,
ütülənər nimdaş arzular,
asılar ömrün asılqanından,
çıxanda unudar kefliyindən
unudar qoca, arzularını…
çılpaq ürəyini
üşüdəndə sazaq,
bir qurtum,
iki qurtum,
üç qurtum daha…
***
insan dənizində tabutum
qayıq kimi üzür -
xəbərsizdi qarşıdakı
qum burulğanından






Yüklənir...
1/ mövzular üzücü olsa da, ümumən poetik şeirlərdir, fəqət müəllif yaman qəliz məcazlar quraşdırır.
2/”mürgülü olan yerinəcən uzanan
çəhrayı sükut” – bu da bir qəlizlik nümunəsi…
Kenan bey,sizin sheirleriniz her zaman oldugu kimi tebii ve canlidir.