“Literaturnaya qazeta”da Çingiz Aytmatov Anardan yazdı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Mart, 2008

“Anar 60-cı illərin ən parlaq və ziyalı nümayəndələrindən biridir. Mən özümü də fəxrlə həmin nəslin nümayəndəsi hesab edirəm.” Bunu dünya şöhrətli yazıçı Çingiz Aytmatov Azərbaycanın xalq yazıçısı Anarın 70 illik yuibileyi münasibəti ilə “Literaturnaya qazeta”da dərc etdirdiyi “Yaxın qələm yoldaşım” məqaləsində bildirib.Xatirələri ilə bölüşən Ç.Aytmatov yazır ki, Anarın yaradıcılığı ilə ilk dəfə Moskvanın məşhur “Novıy mir” jurnalında tanış olub. Jurnalda Anarın “Anlamaq ağır yükdür” essesi dərc edilib. Məqalədə deyilir: “Xatirimdədir, esse böyük maraqla qarşılanmışdı, çünki ilk dəfə müasir ədəbi səviyyədə Rusiya və ittifaq oxucusunu Azərbaycan ədəbiyyatı klassikinin yaradıcılığı və ağır taleyi ilə tanış edirdi”.
Məqalədə bildirilir ki, 60-cı illərin nümayəndələri cəmiyyətin mənəvi, estetik və hətta ideoloji cəhətdən yeniləşməsində böyük rol oynamış və əsası həm Rusiyada, həm də müttəfiq respublikalarda bu nəslin nümayəndələri tərəfindən qoyulan azadlıq, demokratiya və müstəqillik ideyalarını pöhrələndirmişlər. Müəllif yazır: “Uzun illər davam edən tanışlığımız ərzində bir-birimizə qarşılıqlı ehtiram bəslədiyimiz qələm yoldaşım Anar həm yaradıcılığında, həm də ictimai fəaliyyətində məhz bu ideyalara bağlılığı ilə fərqlənirdi”.
Anarın Moskvada təzəcə çapdan çıxmış seçilmiş nəsr əsərlərindən ibarət “Xəyal” kitabına ön sözün müəllifinin səmimi sözlərinə “Literaturnaya qazeta”nın kollektivi də qoşulur: “Məşhur Azərbaycan yazıçısı Anarın yazıları qəzetimizdə dəfələrlə dərc olunmuş və həmişə oxucular tərəfindən maraqla qarşılanmışdır. Avrasiya məkanında bir çox mühüm mədəni-tarixi əlaqələrin qırıldığı indiki dövrdə biz bilirik ki, Xəzərin sahillərində Rusiyanın və Rusiya mədəniyyətinin əsl dostu yaşayır və ümidvarıq ki, onun istedadı hamımıza yeni kəşflər bəxş edəcəkdir”.
Anarın yeni kitabı Moskvanın məşhur “Veçe” nəşriyyatı tərəfindən buraxılmışdır. Bu günlərdə Moskvadakı Yazıçılar evində Anarın yubileyi təntənə ilə qeyd ediləcək, Moskva Yazıçılar İttifaqı, “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzi tərəfindən təşkil olunmuş mərasimdə onun yeni kitabı təqdim olunacaqdır.

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 3,00 ilə 5 arası)
Loading ... Loading ...

Şərh yazın