Qaynar xəbər portalı

Kitab dünyası


Əli Şirin ŞükürlüQƏRİBLİK
(şeir-esse)

vağzallarda limanlarda …
əllərində
ağır-ağır çantalar çamadanlar …
əllərində
dünyanın ən ağır yükünü- ayrılıqları
gözlərində qəribliyi daşıyanlar
qürbətdə yaşayanlar.
əllərində ayrılıqları
gözlərində qəribliyi yaşadarlar
qürbətdə yaşayanlar.

limanlarda vağzallarda …
ayrılıqları
əl edərkən əllərindən
qəribliyi
dolmuş gözlərindən oxumuşam
qəribdoğmalarımın
doğma qəriblərimin.

yurddaşlarım yurddaşlarım
vətəni qürbətdən betər
gəzməyə qərib ölkəni
ölməyə vətəni seçər.

yığıb pal-paltarını
qapıya sarı sürüyürdü çamadanını
gözəri yaşlı Şəhərli Qadın
geyinib pencəyini
götürüb başını gedirdi Şəhərli kişi
fərqinə varmadan
çırpıb arxasınca yaşadığı mənzilin qapısını.

öz doğma şəhərində
qəribliyi gözlərində yaşadırdılar …

qadınlığı qayğılarına qurban verib
ev-ev gəzib
şüşə balonlarda süd qatıq satar Səyyarə
evə dönərkən
xəstə ərinə araq almağı da unutmaz
«azarı var içməsə ölər» - deyir.

hər gün küçədə
əlində göyərti dolu zənbilləri
avazla çağırar
saralmış pencəyi dizindən aşağı
gödəkboy Qürbət.

kənddən şəhərə köçüblər
ayrılıqları əllərində…

aldadıb
şəhərdəki mənzilini alıblar əlindən
qadını da xəyanət edib ona
indi doğma kəndində
havalı-havalı gəzir zavallı Qərib
qəribliyi gözlərində…
hər səhər çıxıb çadırdan
qərib-qərib boylanar göy üzünə köçəri
Güllələnmiş yaralanmış…   yurd həsrəti
gözlərində…

ayrılıqları əllərində
qəribliyi gözlərində daşıyarlar
qürbətdə yaşayanlar.

doğmalarım doğmalarım
bir nisgil var ürəyimdə
silinməyən
o nisgilin adı nə
oxumaq istəsəniz
baxın gözlərimə
ürəyim gözlərimdə…

avqust 2007

GÜNAHKAR
(şeir-esse)

1.
sərin meh əsir
oturub daşın üstündə
seyr edirəm sakitcə

özünü dağdan atır
şəlalə
hər dəfə boşa çıxır
intihar cəhdi

dağlar daşlar qıvrıla-qıvrıla
əzilə-əzilə qoruyur onu
torpaq ovula-ovula

intihar cəhdindən sonra
sağ qalıb sevinən adamın taleyinə
oxşayar taleyi
tələsik yaşayar -
sürətlə axar nazilər azalar
və yox olar hardasa
və hardasa yaşayar yenə

sevinirəm bütün gözəlliklərə…

2.

bəlkə bir az
ağrılarımdan acılarımdan
tale oxşarlığımızdan danışım sizə
torpaq bacım
daş qardaşım.

sığala vərdiş çiyinlər
tabutlara da alışdı fəqət
kəpənək ölümünə duruxan adam
ən acı xəbərlərə hazır kimi
yaşayar artıq.

bu yaxınlarda
bir doğma adamın da
ümidsiz xəstəliyi barədə eşidəndə
susub kövrəldim bir söz demədim
o gündən yenə də
günahkar kimi yaşayıram sanki
içimdən ovula-ovula…

3.

hərdən
maraqla baxıram kriminal filmlərə
cinayət aləmi ilə bağlı yazıları
maraqla oxuyuram.

adətimdi
həmişə özümü
bütün pisliklərdə bir az günahkar
bütün qətllərdə bir az qatil
bütün cinayətlərdə bir az cani kimi
görürəm…

4.

zaman bu dağlarda sanki yubanar
vaxtı bu daşlara bükün qalacaq
döyülən əzilən ovulan torpaq
sənin dağlar boyda yükün qalacaq.

5.

sərin meh əsir
oturub tamaşa eləyirəm
hər dəfə  bosa çıxan
intihar cəhdinə.

bir az günahkar
bir az qatil
bir az cani olsam da
sevinirəm bütün gözəlliklərə.

iyul 2007

***

qarşımda
qapqara masa-üstü bomboş

kətilsiz -
gəlin adını sükut qoyaq
ölümə də bənzər amma…

bir para şeylər var ki
adını bilərik yalnız
bir para şeylər də var ki
yalnız özünü
bir para şeylərin də nə adını bilərik,
nə də özünü.

indi
adımıza nə deyək qardaşlar ?
sən xoşbəxtsən
sən bədbəxt
sən nə xoşbəxtsən nə bədbəxt.
sən gözəlsən
sən çirkin
sən kamilsən
sən ahil
sən həqiqəti sevirsən
sən yalanı
sən əclafsan
sən əxlaqsız
sən həyatsevərsən – ümidlərin bol
sən ümidsiz - ömründən az qalar
sən…
sıradan nə gələr
sonsuzluq – saymaqla qurtarmaz
adını «hesabi çoxluq» deyərlər riyaziyyatda.

indi
adımızı nə qoyaq qardaşlar ?
bəlkə Xoşbəxt
bəlkə Bədbəxt
bəlkə Ümid
bəlkə Kamil
bəlkə Gözəl
bəlkə Həyat
bəlkə Tale
bəlkə Ömür
bəlkə Ölüm

………………….
bəlkə
sadəcə Ömür Ölümlü ?..

iyul – avqust 2007






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə, Aprel 2nd, 2008 tarixində 19:38 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

10 şərh var


  1. Novarg adlı istifadəçi, Aprel 2, 2008 tarixində, saat 22:14 yazıb:

    Bilmirem, Sima demish, ovqatim teleb eledi, ya ne… amma xoshum geldi… chox sag ol qardash, ferqli duygular yashadim…


  2. Sima N. adlı istifadəçi, Aprel 2, 2008 tarixində, saat 23:02 yazıb:

    “Günahkar” şeiri gözəldi… Afərin!


  3. scorpion adlı istifadəçi, Aprel 3, 2008 tarixində, saat 00:05 yazıb:

    “Günahkar” adlı şeiri çox bəyənən Sima N. xanıma sual: şeirdə “özünü dağdan atır şəlalə” şəklində işlədilən və bütün şeirin özəyini təşkil edən bu misra
    hansı tanınmış Azərbaycan şairinin hansı məşhur şeirindəki “özünü qayadan atır
    şəlalə” misrasının klonudur…?
    P.S.Bu suala Sima N. xanımı darda qoymaq istəməyən istənilən şəxs də cavab verə bilər…


  4. İlisu adlı istifadəçi, Aprel 3, 2008 tarixində, saat 08:13 yazıb:

    Özünü qayadan asıb şəlalə,
    Qayalar kədərdən cadar-cadardır.

    Sabir Abdullanın bir poemasındandı belə misralar.
    Başqa da varsa, de, bilək, scorpion qardaş.


  5. Şahanə adlı istifadəçi, Aprel 3, 2008 tarixində, saat 16:30 yazıb:

    Nəsə qalstuk taxmış kişilərin şeir yaza bilməsi mənimçün izaholunmaz fenomendi. Qalstuklu bir kişi yalnız iclas apara bilər.

    Şeirlər də pis deyildi. Maraqlı nələrsə vardı. Ümumi götürsək, xoşuma gəldi mənim.


  6. Sima N. adlı istifadəçi, Aprel 3, 2008 tarixində, saat 22:05 yazıb:

    İLİSU,sənə bol-bol öpücüklər! :)


  7. scorpion adlı istifadəçi, Aprel 3, 2008 tarixində, saat 22:53 yazıb:

    Öpücüklərinizi belə ucuzvari paylamağa tələsmiyin Sima xanım))) İlisu sadəcə daha bir klonlaşdırmayla məşğul olan yazarın adını çəkib…


  8. qaraxan adlı istifadəçi, Aprel 4, 2008 tarixində, saat 07:32 yazıb:

    ozunu qayadan atir selale
    selale daqlarin merd ovladidir. ildirim buludun, tufan denizin
    cesaret kisinin istedadidir.
    Xelil. Rza


  9. scorpion adlı istifadəçi, Aprel 4, 2008 tarixində, saat 09:02 yazıb:

    Eşq olsun!!!
    Sima xanım bu dəfə öpücükləriniz havayı getməyəcək… )))


  10. Sevinc Pervane adlı istifadəçi, Aprel 6, 2008 tarixində, saat 15:37 yazıb:

    Əlishirin müəllim salam. Sizin səsinizi nə zamandı eshitmirdik, ümumiyyətlə ovqatdan asılı olmayaraq insanın ruhunu oxshayan sheirlərdi… İnsan duyğularıdı… xüsusən Azərbaycan insanının duyğuları…
    O ki qaldı özünü dağdan atır shəlalə misrasının Xəlil Rzanın misrası ilə üst-üstə düşməyinə,
    axı bu sheirlərin hər ikisi fikir sheiridir. Və hər iki misranın bağlandığı fikirlər fərqlidir. Məsələn,özünü dağdan atır şəlalə hər dəfə də boşa çıxır intihar cəhdi fikri ilə Xəlil Rzanın özünü qayadan atır şəlalə, şəlalə dağların mərd övladıdır fikrinin arasında yerlə-göy qədər fərq var… Hər iki şairin şəlalə ilə bağlı düşüncələri bir-birindən fərqlənir, bənzətmə eyni olsa da… Ona qalsa ədəbiyyatda, xüsusən poeziyada minlərlə belə oxşar misralar tapmaq mümkündür… Əsas odur ki, fikir fərqli olsun… Azərbaycan ədəbiyyatında əksər şairlər gözəlin yanağını almaya, dodağını laləyə bənzədir. İndi hamısını plagiatlıqda suçlandıraq? Bu nə qərəzdir, bizim əziz şərhçilərimizdə… Hələ müəllifə olan münasibət bir yana qalsın, bir-birinizin fikirlərinə də hörmətlə yanaşmırsınız… Dava bnəyin davasıdır, başa düşmürəm… Məgər mənfi enerjinizi boşaltmaq üçün başqa işlə məşğul ola bilməzsiniz?

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: