Qaynar xəbər portalı

Kitab dünyası


Bahar Rustəmli. Təpik


Bölmə Bölmə: Publisistika | Göndər Göndər | Çap et Çap et | 411 oxunma

Bahar RüstəmliErmənilərə “Sarı gəlin” lazımdır, “Sarı”nı isə hətta ac itin qabağına da atsan, götürməz

Telepedaqogika. Təəccüblənməyin, bu yeni təzahürdür. TV qarşısında keçirdiyimiz saatlarda bizə dərs deməyə çalışan aparıcılara başqa ad tapmaq da müşküldür. Lakin kütləvi tamaşaçıya bir çox zadları öyrətməyə, xüsusən də əxlaq dərsi keçməyə çalışanların danışığı, açıq desək, demoqogiyadan başqa bir şey deyil.
Hər şeyi gərək adı ilə çağırasan, deyilmi?Lap elə bu yaxınlarda məşhur “müəllimlər”dən biri, - qoy lap adı ilə deyim, Mir Şahin, - hətta öz telekanalında göstərilmiş bir yığın süjeti göstərdikdən sonra bütün bunlara “əxlaqsızlıq” adı qoydu. Sonra da şəstlə dedi ki, ay tamaşaçı, əgər əxlaqsızlığın nə olduğunu anlamaq istəyirsənsə, “Sarı” al. Sabahdan köşklərdə olacaq. Nəhayət ki! Ölmədik, bu günü də gördük. Biz, fağır Allah bəndələri əxlaqsızlığın nə olduğunu bilmək üçün qəzet-jurnal köşkünə sarı getməliyik. “Sarı” almalıyıq. Qiyməti - 3 manat. Deməli, əxlaqsızlığın nədən ibarət olması üçün də pul ödənməlidir. Yox, ey hörmətli müəllim, biz bu cür ödənişli təhsilə ehtiyac duymuruq.
İş təkcə “sarı gəlinləri” bizə sarımağa çalışan “Sarı” ilə bitsəydi, nə vardı. Kənddə könüllü müəllim çatışmadığı halda mavi ekranlar zorən müəllimlərlə boldur. El içində kimin kim olduğunu özümüz də beş barmağımız kimi tanıdığımız, adlarını-soyadlarını əzbər bildiyimiz halda, başqa bir telepedaqoq bizə, tamaşaçıya səhnə mədəniyyətindən dərs keçir. Gözümüzü açır, qulaqlarımızı doldurur ki, ayıq ol, teletamaşaçı, şouda erotik foto-sessiyaları ilə saytları işğal edən müğənnilər var.
Gözü bağlı, qulağı tıxaclı… Biz ha! Guya bu günə qədər mədəniyyətimizə, milli əxlaqımıza təpik atanların kim olduğunu bilmirdik. Nədir, xoruz banlamasa, səhər açılmır? Ay-hay, Elçin Əlibəyli! Yoxsa televiziyada sarı, mavi rənglərə üstünlük verildiyindən xəbərimiz yoxdur? Məgər yarılüt müğənniləri (“bozbaş”ını da, “kişmişli plov”lunu da) bizdən utanmadan, bizdən soruşmadan ekrana-efirə çıxaran məhz sizlər deyilsiniz? Ey müəllimlər, dərsinizə ehtiyac yoxdur. “Dərs saatları”nızı faydalı bir şeylə əvəz edin!
Şou-biznes “qanunları”n (o cümlədən çılpaq foto çəkdirən, sonra da “Bu, mən deyiləm, oxşarımdır” deyən) Aygün Kazımovaya məxsusluğunu iddia edən telepedaqoq, görən, nəyi nəzərdə tuturdu? Kim-kim, amma biz, teletamaşaçılar yaddaşdan zəiflikdən şikayətlənmirik. Odur ki, “Ceyla” jurnalındakı fotoların kimə məxsus olduğunu Qiyamət gününə qədər unudan deyilik. Razıyam, şou-biznesin o deyilən qanunlarının, müzakirəyə çıxarılan “yaxşı tərəfləri”inin əsasını, şübhəsiz, Aygün Kazımova qoyub. Özü də dəfələrlə etiraf edib ki, ondan sonra səhnəyə gələnlər onun yolunu təkrarlayır. Amma, ey möhtərəm, telepedaqoq, siz bu məqamın üstündən ustalıqla adladınız. Yaxşı ki, Elməddin Cəfərovda azca cəsarət tapıldı. Açıq şəkildə dedi ki, “Aygün xanım, mən şou-biznesin qanunlarını oxudum, xəttiniz yaman pisdir”.
Yüz il də keçə, şəxsən mənim üçün Rəqsanənin kimdən hamilə qalması maraqlı deyil. Amma bu sayaq işlər Mir Şahin, Elçin Əlibəyli kimi telepedaqoqların teleformat haqqında təsəvvürlərinə uyğun gəldiyindən az qala bütün Azərbaycanı hələ dünyaya gəlməmiş uşağın bünövrəsini qoymuş kişinin axtarışına çıxarıblar. Hamı axtarır. Gecə projektorla, gündüz “İliç lampası” ilə. Xalqımız üçün taleyüklü bu məsələ ilə bağlı İnterpolu da fəaliyyətə cəlb etmək pis olmaz, eləmi, qaqa, eləmi?
Əski kəndə gəlmiş bu yeni adətin göbəyi əslində, bizdə yox, xaricdə kəsilib. Bəli, bunun bütün günahları türk seriallarında, maqazin-proqramlarındadır. Nuşirəvan Məhərrəmli verdiyi vədi (yada salıram: TV-də Anadolu türkcəsinə məhdudiyyət) yerinə yetirsəydi, yəqin bu günə qalmazdıq. O nə deməkdir, ay balam, hər serialda kimsə kimdənsə hamilə qalır. Üstəllik, hamilə qalan utanmadan bütün ailə üzvlərinin içində gözaydınlığı verir: “Babacım, anne, biz bebek bekliyoruz!” Bu xəbərin ardınca ata, ana, qardaş, bacı, ayıb olmasın, bir-bir gəlinin qarnına qulaq qoyur. Təpik səsi gözləyir.
Azəri müğənnilər, yəqin, elə türk sənətçilərindən ibrət alır. Yoxsa aydan arı, sudan duru Rəqsanənin öz hamiləliyini bütün xalqa aşkarlaması yuxusundan belə keçməzdi. Bədənin örtülü olmalı hissələrinin nümayişə çıxarılması da, məncə, bizim qazanda bişmiş yemək deyil. Doğrudur, keçmişdə, uzaq keçmişdə oğlan-mütrüb və cəngi-qızların rəqsinə tamaşa etmək adətimiz vardı. İndi o zamanlar deyil, Allaha şükür, hər evdə kompüter, hər tində internet klub, gir “Eylence.com”a, nə hava, nə rəqs deyirsənsə, sifariş elə. “Siçan”a bir dəfə toxunmaq, bəsdir. Bir də görəcəksən ki, budur ey, sifariş qəbul olundu: “Çal aşıq, çal”!.. Sonra… rəqqasələr gəlsin!..
Evə girmiş oğru, təbii ki, qiymətli əşyanın ovçusudur. Erməni “eromanlar” azəri müğənnilərin çılpaq fotolarını öz saytlarında yerləşdirəndə hamı əl ayağa düşdü. O cümlədən telepedaqoqlar da. Anlamadım, niyə? Xüsusilə narahatlığı. Siz məsələnin başqa tərəfini fikirləşin. Erməni “eromanlar” “mədəniyyətimiz”in bu “parlaq nümunələri”ni oğurlamadı. Niyə də oğurlasın? Səfeh deyil ki! Onlara “Sarı gəlin” lazımdır. “Sarı”nı isə hətta ac itin qabağına da atsan, götürməz, təpik atar…






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə axşamı, Aprel 3rd, 2008 tarixində 17:22 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

10 şərh var


  1. Şahanə adlı istifadəçi, Aprel 3, 2008 tarixində, saat 17:34 yazıb:

    Çox hikkəli işlənib mövzu.


  2. Postmodernpərvərpərəst adlı istifadəçi, Aprel 3, 2008 tarixində, saat 18:02 yazıb:

    Maraqlıdır, adları düzüb-qoşursuz… bəs fotoları hardan tapırsız..? -))


  3. Admin adlı istifadəçi, Aprel 3, 2008 tarixində, saat 20:12 yazıb:

    Hörmətli Postmodernpərvərpərəst!

    Bahar Xanım, illərdir ki, “Reytinq” qəzetinin mədəniyyət yazarıdır. Kultaz- uydurma imzalarla oxucularına hörmətsizlik edəcək səviyyəyə enməyəcək heç vaxt. Narahat olmayın.


  4. Sima N. adlı istifadəçi, Aprel 3, 2008 tarixində, saat 22:00 yazıb:

    Mövzu, doğrudan da, aktualdır. Öz kiflənmiş mövzulu, səviyyəsiz kanallarına tamaşaçını zorla cəlb etmək istəyən savadsız aparıcılar (onların nitq qabiliyyətinə fikir vermək kifayətdir) min “şou-biznes” vasitəsinə əl atır, sonra da qırmızı-qırmızı əxlaqsızlıqdan danışmağa, xalqa ağıl verməyə cürət edirlər.
    Onlar “telepedaqoq” deyil, həqiqi mənada TELEŞAİYƏBAZLAR, LAQQIRTI USTALARIDIR


  5. scorpion adlı istifadəçi, Aprel 3, 2008 tarixində, saat 23:08 yazıb:

    Bahar xanımın bu yazısı problemə yanaşma nöqteyi-nəzərindən Sevda xanımın “525-ci qəzet”də,Sənubər xanımın “Azadlıq” qəzetində və s. gedən silsilə yazılarından geri qalır… Ümumiyyətlə bu mövzu nə qədər ağrılı olsa da o qədər çeynəndi ki, artıq heç kimin tükünü belə tərpətmir…


  6. Postmodernpərvərpərəst adlı istifadəçi, Aprel 4, 2008 tarixində, saat 00:29 yazıb:

    Hörmətli Admin,
    “google”da xanımın adı ilə bağlı axtarış üç nəticə verdi… Biri “Kultaz” idi. -)

    Xanımı tanımamaq ayıb deyil… Ancaq yuxarıdakı kimi əllaməlik (əslində yarı-zarafat idi-)) etməzdən əvvəl məsələni tədqiq və təsdiq etməmək ayıbdır…
    Üzr istəməyi bacarmaq lazımdır… Ümid edirəm ki, sevinclərə və Sizə nümunə olar… -)


  7. Admin adlı istifadəçi, Aprel 4, 2008 tarixində, saat 01:11 yazıb:

    Yenə Hörmətli Posta hörmətli post!

    Qardaş, sənə demədim ki, üzr istə. Üzt istəməyi tələb etmək “özünü təsdiqetmə kompleksi”dir. Alçaqkönüllü adamlar belə şeylərin peşində olmaz. Nəyə eyham vurmaq istədiyini gözəl anlayıram. Nə isə…
    Sadəcə Bahar xanım haqqında qısaca bir bilgi vermək istədim. İnternetdə onun haqqında bilgi olmaması təbiidir. “Reytinq” qəzeti Azərbaycanın haızrda ən uzunömürlü və ən tirajlı həftəlik qəzetidir. Uzun illərdir ki, bir çox insanlar heç bir yerdə ifadə edə bilmədikləri alternativ düşüncəni bu qəzetdə deyiblər. Amma bu qəzetin internet səhifəsi yoxdur. Sənin Türkiyədə olduğunu nəzərə aldığmdan və diqqətli oxucu kimi hörmətə layiq bildiyimdən məlumat verməyi özümə borc bildim. Hərçənd postlara nadir hallatda reaksiya verirəm. :) Uğurlar.


  8. Aytac adlı istifadəçi, Aprel 6, 2008 tarixində, saat 21:19 yazıb:

    Bahar xanim sizi tebrik edirem. Ellerinize saqliq. Burdaki sherhler sizi chashdirmasin. Biz Azerbaycanda yashayiriq.Olkemizde banandan tutmus badimcana qeder her shey monopoliyadadir. Edebiyyatdala medeniyyeti de sabiq ve indiki AYO-chular oz monopoliyalarina goturmek isteyirler. Onlari basha dushmek chetin deyil…


  9. scorpion adlı istifadəçi, Aprel 6, 2008 tarixində, saat 23:42 yazıb:

    Aytac xaım, kimin AYB-çu, kimin AYB-çi(sabiq və ya indiki) olduğunu hansı detektorla müəyyənləşdirirsiniz?
    Bir də ki, burada Bahar xanıma “bu movzuda yazma bu barədə ancaq filankəs yaxacaq” deyən oldumu?


  10. scorpion adlı istifadəçi, Aprel 6, 2008 tarixində, saat 23:45 yazıb:

    Texniki səhvə görə üzr istəyirəm klaviaturada “z” və “x” hərfləri yanaşıdır!!!

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: