Qaynar xəbər portalı

Kitab dünyası


Zahir ƏzəmətZahir Əzəmətin “Yazar” qəzetinə müsahibəsi

- Zahir, neçə müddətdir ki, ədəbi mühitdə bir vaxtkı fəallığınla görünmürsən. Bu, nə ilə bağlıdır?
- Baxır ədəbi mühit deyəndə nəyi nəzərdə tutursan. Məhz mühitin yaradılması və ədəbi prosesin formalaşması üçün əvvəlkindən daha aktiv çalışıram. Sadəcə bunu çayxana müstəvisində deyil, internet üzərində konkret layihələrlə edirəm. Ötən ilin yayında yaratdığım və daha çox ədəbiyyatın üzərində qurulan Kultaz.com Mədəniyyət Portalı və ona olan böyük maraq dediklərimə konkret sübutdur. Amma sənin sualını ədəbi yaradıcılıqdakı passivliklə əlaqələndirsək, təəəssüf ki, dediklərinlə razıyam və bu, bütün ədəbi yaşıdlarıma aiddir.
- Söhbət az və ya çox dərc olunmaqdan gedir?
- Yox, kifayət qədər yazır və dərc olunuruq. Problem ondadır ki, nə mən, nə Aqşin, nə Şərif, nə də digər yaşıdlarımız 3-4 il əvvəl yazdıqlarımızdan bir qarış da irəli gedə bilməmişik. Bu, artıq ciddi yaradıcılıq böhranıdır. Bu kimi böhranın fərqli səbəbləri ola bilər.
- Maraqlıdır…
- Birincisi, milli ədəbi ənənələrin kasadlığı. İkincisi, ədəbi mühitimizin hədsiz darlığı, dünyaya qapalılığı. Üçüncüsü, bu problemləri göstərməli olan ədəbi tənqidin başının dəxli olmayan məsələlərə qarışması və s. Amma böhran əbədi deyil və ondan çıxış yolu var. Həm özümə, həm adını çəkdiyim dostlarıma güvənirəm. İnanıram ki, özümüzün yeni qatlarını üzə çıxarmağın yolunu tapacağıq.
- Tənqiddən narazılıq etdiniz. Fikrinizcə, bu gün doğrudan bizdə heç bir ciddi tənqidçi imzası yoxdur?
- Yox, elə deməzdim. İmzasına hörmət etdiyim bir neçə tənqidçi adı çəkə bilərəm. Əsəd Cahangir, Cavanşir Yusifli, Tehran Əlişanoğlu, Tahirə Məmmədli, Pərvanə İsayeva…
- Bəs Bəsti Əlibəyli, Aydın Xan, Qan Turalı?
- Bəsti xanım və Aydın Xanı ədəbi tənqiddə görmürəm. Qan Turalı isə istedadlı olsa da, hələ ki, ədəbi tənqid üçün hədsiz emosionaldır. Məncə, onu potensial tənqidçi saymaq olar, gələcəyi var.
- İndi qayıdaq, bəyəndiyiniz tənqidçilərə…
- Mən onlara hörmət etdiyimi dedim, amma bu o demək deyil ki, onlar ədəbi prosesə gərəkdiyi və lazimi qədər enerji ayırırlar. Əsəd Cahangir mənim üçün ədəbi tənqidçidən daha çox ədəbiyyatşünas kimi maraqlıdır. O, konkret şəxslərdən yazdıqda əksərən hədsiz subyektiv görünür.
- Əsəd Cahangirin cağdaş nəsrlə bağlı son silsilə yazılarından birini məhz siz baş redaktoru olduğunuz “Alma” qəzetinizdə dərc etmişdiniz. Sizcə, tənqidçi bu yazısında subyektiv idimi?
- Əsəd bəy istər adını qeyd etdiyiniz “Yaxşı gəncliyin nağılı”, istərsə də “Yeni əsrin ibtidası” və digər tənqid silsilələrində maraqlı və istedadlı olduğunu göstərib. Dediyim odur ki, onun “İskəndərnamə”, “Kim yatmış, kim oyaq” nəzəri silsiləsində əldə etdiyi uğur daha böyükdür. Bu yazılarda konkret və modern sistemlər qurulur. Məncə, o, bu yolla getsəydi, ədəbiyyata daha çox fayda verərdi. Nəinki öz enerjisini Anar, Elçin, Zəlimxan kimi yazıçı və şairlərin son illərdəki uğursuz əsərlərinə uğur donu geyindirməklə.
- Bəlkə o da sizin fikrinizi subyektiv sayır, onda necə?
- Ədəbiyyat bir elm olaraq subyektiv deyil. Daimi inkişafda olan konkret sistem və mexanizmə malikdir. Ədəbiyyat elmində “mənə görə”, “fikrimcə”, “mən belə hesab edirəm ki” kimi yanaşmalar yolverilməzdir.
Tehran Əlişanoğlu isə “Tənqid.Net” dərgisini dərc etsə də, əvvəlllər olduğundan  mətbuat və ədəbi mühitlə daha az və daha passiv işləyir.
- Bu, onun AYB-dən çıxması ilə bağlı deyilmi? Və belə çıxmırmı ki, sovet dövrü formalaşmış insan yeni dəyərlərə adaptasiya oluna bilmir, kürəyini hansısa təşkilata söykəməsə, fəaliyyət göstərə bilmir?
- Obyektivlik naminə deyim ki, Tehran Əlişanoğlu tənqidçilər arasında daha az sovet insanıdır. Və onlardan yeganəsidir ki, könüllü olaraq sovet mexanizminin davamı olan AYB-dən istefa verdi.
- Onun AYB-dən getməsinin səbəbi qurultay öncəsi Anardan gözlədiklərini ala bilməməsi deyildimi?
- Mən elə düşünmürəm. Çünki Tehran bəy indi də çoxlarının səylə can atdığı yüksək vəzifədə - “Ədəbiyyyat qəzeti”ində baş redaktorun müavini idi. Tehran sadəcə ifadə azadlığına can atdı.
Cavanşir Yusiflinin Əli Kərim haqqında kitabını isə böyük maraqla oxudum. Azərbaycan şeiri haqqında yazılmış ilk və hələ ki son ən ciddi tədqiqat əsəri sayıram bu kitabı. Amma bu günkü ədəbi prosesə münasibətdə Cavanşir bəyi hədsiz çəkingən mövqedə görürəm. O, bugünkü proseslə bağlı azsaylı yazılarda nadir hallarda konkret imzalar üzərinə gəlir. Məncə, optovoy danışmaq danışmamaq kimi bir şeydir.
- Bəlkə, sizin Azərbaycan poeziyası haqqında mütaliənizin məhdud miqyası Cavanşirin məlum monoqrafiyasına münasibəti formalaşdırıb?
- Təvazökarlıqdan xoşum gəlmir. Özümü azsaylı sistemli mütaliə edənlərdən biri sayıram. Cavanşirin kitabına münasibətimin bir səbəbi var: ilk dəfə Azərbaycan şeiri lokal çərçivədə deyil, dünya poeziyasında gedən proseslər fonunda tədqiqat predmetinə çevrilmişdi.
- Maraqlıdır, Tahirə Məmmədli və Pərvanə İsayeva hansı işləri ilə sizin hörmət etdiyiniz tənqidçilər liqasına daxil olublar?
- Onlar 2003-cü ilin “Yeni Azərbaycan” qəzetinin  ədəbiyyat əlavəsində bir neçə yazı ilə diqqət çəkməyi bacardılar. Amma təəssüf ki, bu, həm də son oldu. Onlar yenə kahin kimi Elmlər Akademiyasının cansız “məbədinə” çəkildilər.
- Söhbətimiz tənqidi başladı, ona görə gəlin tənqidlə davam edək. Siz özünüzü yenilikçi cavanlar adlandırırsınız. Doğrudanmı, sizcə ədəbiyyatda bütün yeniliklər məqbuldur, məsələn, Edip  və ya Elektra kompleksi, yaxud unitaz obrazı…
- Unitazdan başlayaq. Unitaz obrazını ədəbiyyata gənclər deyil, mərhum xalq şairi Qabil gətirib. Dediyiniz komplekslərin isə ədəbiyyat və fəlsəfədə böyük tarixi var. Sadəcə bu mövzulara Şərq və Azərbaycan ədəbiyyatında yazılmamış bir qadağa olub. Ona görə də bizim ədəbiyyat həyat yoxluğundan əziyyət çəkib. Gənclər ədəbiyyata həyat gətirdilər. Təbiidir ki, hər eksperiment uğurlu alınmır. Amma ən uğursuz eksperimentdən belə, nəsə öyrənmək olar. Əksər yaşlı yazarların qalstuklu əsərlərindən isə ədəbi baxımdan öyrənməyə heç nə tapa bilməzsən. Ədəbiyyat əxlaq dərsi deyil. O, ədəb sözü ilə ancaq başlayır, amm nə ilə bitir, qoy bunu hər yazar, özü həll etsin.
- Maraqlıdır, məsələn, sizin bu antietik və antiestetik fəlsəfənizin banisi Həmid Herisçini, təhqir demirəm, hətta  ən yüngül şəkildə tənqid etmək kifayətdir ki, o, əleyhdarını “AYIB OLSUN!!!” deyə orta məktəb müəllimi kimi ədəb-ərkana səsləsin. Eyni dərəcədə də, onun silahdaşları Rasim Qaraca və Murad Köhnəqala…
- Ədəbiyyatda etikanı deyil, estetikanı önə çəkməyin tərəfdarı olmaq küçədə şalvarsız gəzmək anlamına gəlmir. Sizin eyham vurduğunuz “El içində” verilişindəki situasiyada Həmid bəy öz oponentini bir keçmiş telemütəxəssis kimi, sadəcə efir mədəniyyətinə səslədi. Bunun ədəbiyyata və yazıçılığa heç bir dəxli yoxdur. Yaradıcılığında Həmid bəy özünə, hətta ən yaxınlarına, doğmalarına həyatın dibindən baxmağı bacarır. Eyni sözləri adını çəkdiyiniz və çəkmədiyiniz digərlərinə də aid etmək olar.
- Deyirsiniz ki, biz estetikanı önə çəkirik. Xub, çəkin. Amma ədəbi yaşıdların, eləcə də sənin yazdıqlarında tez-tez rastladığımız obrazlardan biri unitazdı. Unitaz kimi antiestetik bir məkanın estetikaya nə dəxli var. Bu, oxucu diqqətini cəlb etmək imkanları tükənmiş bədii sözün məğlubiyyəti deyilmi?
- Əgər oxucu gün ərzində bir neçə dəfə təmasda olduğu evinin sıradan bir elementinin adını hansısa mətndə görüb diksinəcəksə, onun psixoloqa ehtiyacı var. Digər tərəfdən, insanı, əhatə olunduğu istənilən hadisənin, əşyanın dilindən, prizmasından izah etmək cəhdi ədəbiyyatın bir nömrəli vəzifəsidir. Azərbaycan insanını ədəbiyyat həmişə gül-bülbül kontekstində göstərib. Doğrudanmı bu gün Azərbaycan insanı rahatlıq, firavanlıq, gül-bülbül içində yaşayır? Qaldı ki, unitaz obrazına, o, yaratdığımız çoxsaylı obrazlardan biridir. Onu bizə qarşı kampaniyalarda xüsusi qabardıb əldə bayraq etmək Qabil ənənələrinə sadiqlik əlamətidir və AYB “priyomu”dur.
- Unitaz komfortabel hayatın göstəricisidir. Amma məni maraqlandıran bu deyil. Maraqlandıran budur ki, niyə unitaz tərəfdarlarına öz adlarını verəndə, məsələn, onların yazdığını ədəbiyyat yox, unitaziyyat adlandıranda bunu az qala təhqir kimi qəbul edirlər.
- Qətiyyən incimirik. Sadəcə bilirik ki, qarşı tərəfin freyd kompleksini dilə gətirmiş, qaranlıq sirlərini aləmə faş etmişik. Belədə çığır-bağır salmaları təbiidir.
- Freydizm demişkən, cavanlar öz yeniliklərini ən çox həm də bu sahədə nümayiş etdirməyə çalışırlar. Məsələn, Elektra kompleksi üzrə Nərminin lirik qəhrəmanı Allah-Atanı yatağına səsləyir, Aqşinin şeirində analıq hisslərinin kökündə fahişəlik durduğundan bəhs edilir. Hətta Elçin Hüseynbəyli də bu cavanların doğurduğu ajiotajdan tamahsılanıb  anasının əmcəyini əmmək istəyən oğraş obrazı yaradıb. Doğrudanmı, Sofoklun 2500 il əvvəl qələmə aldığı, Freydin isə 100 il əvvəl psixoanalitik izahını verdiyi bu məsələlər böyük bir yenilik və cəsarət deməkdir? Sizcə niyə biz belə görməmişik?
- Başlayaq, sualın ikinci hissəsindən. Sofokl bunu 2500 il əvvəl yazmasaydı, Yunanıstan dünyada demokratiyanın beşiyinə çevrilməz və hazırkı səviyyə  yetişə bilməzdi. Freyd isə böhran və müharıbələr içində çabalayan Avropa insanı və cəmiyyətinə yeni inkişaf prespektivi qazandırdı. Təsadüfi deyil ki, Avropa bu gün dünyada lider rolu oynayır. Azərbaycan insanı isə hələ də feodal dəyərlər və ağrılarla yaşayır. Onu heç vaxt vurğuladığımız kontekstdən özünə tanıtmayıblar. Nə mən, nə Nərmin, nə Aqşin, nə başqaları özümüzü deyil, Azərbaycan insanını yaradırıq. O, budur.
- Başımız elə qarışdı ki, heç sizin yaradıcılığınıza toxunmadıq.
- Bu bir daha göstərir ki, sənin üçün də başqaları kimi  unitaz mövzusu daha aktualdır.
- Yoxsa fərqində deyilsiniz ki, siz də Azərbaycan üçün kifayət qədər ciddi problemə çevrilməkdəsiniz. Təxminən yarım il öncə  “525-ci qəzet”də sizin və “Alma”çılar haqqında dərc olunmuş kifayət qədər kəskin tənqidi yazı da bunu göstərir.
- Bu, cəmiyyətimizin elə 525-ci dərəcəli məsələsi olaraq da qaldı. Birinci dərəcəli qəzetlər daha ciddi işlərlə məşğuldurlar.
- Rəhbəri olduğunuz  “Kultaz.com” mədəniyyət portalı qısa müddətdə internet oxucuları, özəlliklə gənclərin böyük marağına səbəb olub. Portalın yaradılması hansı zərurətdən doğdu?
- Ədəbi-mədəni nəşrlərin azlığı, onların qeyri-operativliyi müasir tələblərə uyğun daha çevik bir layihənin yaradılmasını qaçılmaz bir zərurətə çevirdi. Bu ehtiyacı görüb belə bir saytı yaratdım. Tezliklə gümanlarım özünü doğrultdu. Sayt hər gün yenilənir və istənilən oxucu istədiyi an hər bir mövzuya müdaxilə etmək, münasibət bildirmək imkanına malikdir. Nəticədə “Kultaz” qısa zamanda ən demokratik və kütləvi mədəniyyət portalına çevrildi.
- Portalla bağlı gələcək planlarınız barədə nə deyə bilərsiniz?
- Tərəfdaşımız olan Lit.az-la birlikdə çox maraqlı və geniş bir layihənin üzərində işləyirik. Layihə Azərbaycan ədəbiyyatını, elminı, bütün sahələri əhatə edən elkektron kitabxana yaratmaqla bağlıdır.  Layihənin özəlliyi ondan ibarətdir ki, o, Azərbaycan dilində yox, dünyanın beş aparıcı dilində fəaliyyət göstərəcək. Məqsəd Azərbaycanın yaradıcı, elmi-intellektual potensialını dünyaya tanıtdırmaqdır.
- Bir neçə il öncə “Divar yazıları” adlı şeir kitabınız nəşr olundu. Tənqidin kitabınıza münasibətindən razısınızmı?
- Kitab haqqında çoxlu yazılar yazıldı. Onlar arasında yalnız Aydın Talıbzadənin məqaləsi kitabı daha dolğun ifadə edə bilmişdi.
- Rus, türk kitab bazarına bir şair kimi girmək fikriniz varmı?
- Min fikir bir borcu ödəmir. Heç bir yazar belə proseslərə şəxsi fikri və ya təşəbbüsü ilə girmir. Bunun üçün ölkədə kitab bazarı yaranmalı və dünya sisteminə qoşulmalıdır. Bu isə yaxın 10-15 ildə mümkün deyil.
- Həmişə qeyri-adi optimizmi ilə seçilən Zahir Əzəmət niyə belə pessimistdir?
- Sadəcə realistəm.

Ramid İbrahimov






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 1 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə axşamı, Aprel 8th, 2008 tarixində 13:17 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

23 şərh var


  1. Şahanə adlı istifadəçi, Aprel 8, 2008 tarixində, saat 16:40 yazıb:

    Zahir müsahibələrdə özünü daha yaxşı ifadə edir.
    Xoşuma gəldi.


  2. artyazar adlı istifadəçi, Aprel 8, 2008 tarixində, saat 18:39 yazıb:

    Sayın Zahir bəy!
    Poeziyada siz nə qədər varsınızsa, bir o qədər də ədəbi tənqiddə mən görünürəm…

    P.S. “…Cavanşir Yusifli, Tehran Əlişanoğlu, Tahirə Məmmədli, Pərvanə İsayeva…” -

    Zahir, Aqşin ölsün, bu arxiv tənqidçilər neçə badədən sonra sənin yadına düşüb…

    P.P.S. Bu “Ramid İbrahimov” kimdirsə, çox “qəribə” imzadır, hətta Zahirin fikirlərini də “düzəldib”…

    P.P.P.S. Dünən mənim saytıma daxil olanların sayı (bloqa baxmalı: !!!):

    İndi blogda: 4
    Keçən ayın hiti: 11308
    Dünənki hit: 510
    Bugünki hit: 396
    Ümumi hit: 48423

    olub…

    Aydın Xan


  3. Cavanşir Yusifli adlı istifadəçi, Aprel 8, 2008 tarixində, saat 19:38 yazıb:

    Hörmətli Zahir bəy!
    Bu müsahibə “Kultaz”a qoyulmazdan əvvəl mən ona “şərh” yazmışam. Lütfən, aşağıdakı linkə baxın:

    http://qayidish.azeriblog.com/2008/04/06/can-sozdur-yaxud-sozun-cani


  4. Ramin Cəhangirzadə adlı istifadəçi, Aprel 8, 2008 tarixində, saat 20:42 yazıb:

    zahir yaxşı yadımdadır o geceki musahiben…
    senin canlı musahibelerin gözel olur. sen esas insanliğa fikirleşdiyin uçun gözel bir insanlığa maliksen bu insalığını hemişe qoru
    sene uğurlar
    seni salamlayır güney
    sene alqış deyir bütün insanlar
    yaşa yaşa yaşa


  5. scorpion adlı istifadəçi, Aprel 9, 2008 tarixində, saat 09:10 yazıb:

    Aydın, bəsdi da AYB-nin siyahı davasını soxuşdurma da bura… Adam öz fikirlərini söyləyib… Səni Zahir o yana nəinki tənqidçi, ümumiyyətlə ciddi bir adam kimi qəbul eliyən varmı ki, sən belə ironiyalı danışırsan… Əzizim özünə gəl, bir dayan ətrafına bax… Sən susanda daha ağıllı görünürsən…


  6. Chilgin adlı istifadəçi, Aprel 9, 2008 tarixində, saat 10:11 yazıb:

    Seni hemiwe optimist gormek arzusuyla ugurlar Zair! !


  7. Rebiqe adlı istifadəçi, Aprel 9, 2008 tarixində, saat 10:49 yazıb:

    Sevincle yuzde yuz raziyam!!!


  8. tERROR adlı istifadəçi, Aprel 9, 2008 tarixində, saat 11:25 yazıb:

    Zahir Ezemet, sen ozunu ciddi shair hesab edirsenmi?..


  9. Raset Pirisoyu adlı istifadəçi, Aprel 9, 2008 tarixində, saat 13:26 yazıb:

    Mən Ramid İbrahimovun internetdəki bəzi məqalələrini oxudum və yenidən Ramid İbrahimovun Zahir Əzəmətə ünvanladığı sualları nəzərdən keçirdim. Etiraf edim ki, müsahibədə Zahirin özünün bu qədər aydın iafədə etməsindən, Ramidin isə Zahirdən almaq istədiyi cavablardan qorxdum.
    Mən məsələyə bu cür yanaşmanın bir neçə acı nəticələri ilə üzləşən adam kimi deməliyəm ki, bu sual - cavab təkcə iki nəfərin arasında gedən fikir mübadiləsi mahiyyəti daşımır, əslində kifayət qədər ciddi bir işlə məşğul olan Zahir Əzəmətin ictimai çəkisi nəzərdən keçirilir. Zahir Əzəmətin ədəbi işin təşkilatçısı kimi ədəbi meydana buraxılıb buraxılmaması məsələsi müzakirə olunur.
    Bu mənada məsələ daha ciddidir.
    Zahir Əzəmət yaşıdları içərisində yeganə adamdır ki, yeni ədəbi prinsiplər üğrunda mübarizəni emosiallar üzərində deyil, məntiq üzərində qurur.

    Səmimi deyirəm, mənim iəçrimdə bir neçə dəfə baş qaldıran və həmişə də acı nəticələri olan qorxu yenidən baş qaldırmağa başldı.

    Mən hamını diqqətli olmağa çağırıram.


  10. Qadjiyev adlı istifadəçi, Aprel 9, 2008 tarixində, saat 16:45 yazıb:

    mən müxalifət qəzetində köşə yazarıyam
    sevgilim işləyir iqtidar qəzetində
    işdən sonra görüşürük tində
    gecəni bir yerdə
    bir otaqda
    bir yataqda
    keçiririk
    o yazdığı yazılardan
    mən yazdığım yazılardan danışmırıq
    biz demək olar ki heç danışmırıq
    sevişirik
    qovuşuruq
    durmadan
    aramsız
    Çünki
    hər səhər yazılarımızı oxuyan xalq
    dialoq
    dialoq
    dialoq istəyir…

    Bu shairin yazdigi sher budusa, men sadece bu shairin xetrine deymek istemirem…


  11. Tot adlı istifadəçi, Aprel 9, 2008 tarixində, saat 18:23 yazıb:

    Məncə,Zahirin ədəbi tənqidəmünasibətində region maraqları var. Təəəsüüf, mən onu beləbilməzdim. Ədəbiyyaatamünasibətdə isəo kifayət qədər dəbbələməksiyasəti yeridir. Mənə ayıbolsinm ki, bu ölkədə yaşayıram.


  12. Qadjiyev adlı istifadəçi, Aprel 9, 2008 tarixində, saat 23:52 yazıb:

    Ve yaxud bu:

    Türmədən çıxdı Rüstəm
    Kürən Rüstəm
    Üzü çil Rüstəm

    Bu da bir işdi,
    Kənddə inək oğurlamışdı
    İlişdi

    Eh, gənc arvadı vardı
    Xoşbəxt yaşardı
    Meşənin yanında palçıq daxması.

    Türməyə düşdü Rüstəm
    Kasıb Rüstəm
    Arvadı tək qaldı

    4 il kəsdilər
    Ax, Rüstəm!
    Qoca meşəbəyi palçıq daxmaya dadandı…

    Mene maraqlidi, goresen bunu sher adlandiran varmi…???

    Men bu shairin burada qeyd etdiyim bu iki sherini oxumusham tesadufen… Ve bu iki sher kifayet edib ki, daha onu oxumayim…


  13. OX UCU adlı istifadəçi, Aprel 10, 2008 tarixində, saat 02:31 yazıb:

    Rus Şairi yaxşı deyib: “Şair olmaya da bilersen, lakin Vetendaş olmaq — borcundur!”

    Bu sözlər hamıya aiddir! Hamıya!


  14. Məsiağa Məhəmmədi adlı istifadəçi, Aprel 10, 2008 tarixində, saat 04:14 yazıb:

    Zahir bəyin şairliyi də, naşirliyi də, müsahibliyi də maraqlıdı, gözəldi. Ramin demişkən, əsas da insanlığı. Bircə istərdim ki, çıxışlarında etika-estetika qarşıdurmasını yığışdırsın, çünki belə bir təzad ümumiyyətlə mövcud deyil. Rasət bəyin narahatlığını başa düşsəm də, bölüşmürəm və Zahirin daha böyük işlər görəcəyinə inanıram. Uğur olsun!


  15. Mirmehdi Ağaoğlu adlı istifadəçi, Aprel 10, 2008 tarixində, saat 09:46 yazıb:

    Zahirin musahibesini beyendim cunki onun subyektiv fikirleri obyektiv qebul oluna bilecek derecededir. unitez haqqinda bir lətifı danışım sizı.
    biri rayondan şəhərdə JEKdə santexnik işləyən qohumunun yanına gəlir qohumu da onu muvəqqəti jekdə işə düzəldir.1 gün qohumu işdə yoxkən zəng gəlir sakinlərdən birinin unitazı tutulub nə isə bunu gonderirler gedir evə. ev sahibəsi tualeti açıb unitazı göstər unitaz tutulub.kəndli adamdı unitaz görməyib, əlin salır unitaza qarışdırır bir ovuc p.. çıxardır üzün çevirib ev sahibəsinə:
    - AY bacı, heç bu cür təmiz şeyin içini bulayarlar?


  16. Mirmehdi Ağaoğlu adlı istifadəçi, Aprel 10, 2008 tarixində, saat 09:51 yazıb:

    bir də Zahirin son illərdəki fəaliyyətini izləyirəm çox məhsuldardır, zəhmətkeşdir.içiib çayxanalarda oturmur saatlarla, ədəbi mühütün inkişafına əlindən gələn yardımı edir. Məncə hazırkı dövrdə yazmaqla yanaşı mühütün yaradılmasında da lazımınca iştirak etmək, təşkilati məsələlərə də diqqət etməlidirş bu baxımdan Zahir Əzəmətin və Rasim Qaracanın ədəbiyyatın təşkilati məsələlərindəki rollarını çox yüksək qiymətləndirirəm


  17. İlisu adlı istifadəçi, Aprel 10, 2008 tarixində, saat 09:57 yazıb:

    Allah ağıl versin…ödümüz ağzımıza gəldi səhər obaşdan ki…
    Hər iyrəncliyi də qələmə və ya klaviaturaya alıb adını müasirlik, postmodernizm-filan qoymayın da…
    “Postmodernistəm” deyir yerindən duran…Adamın üzündə həya gərəkdir…
    Hə, lap tutaq ki, sən daha cəsarətlisən və daha açıq yaza bilirsən hər şeyi öz adıyla…tfuuuu…!!!Söz tapa bilmirəm…Sizin kimilər bəyəm küçədə, günün günorta çağı da yazdıqlarını hamının gözünün qabağında edə bilirmi görəsən.? Edə bilirsə, demək dəlidi o adam, yox, edə bilmirsə, onda bu cür saytı UNİTAZ hesab edib murdar ifrazatlarınızla batırmayın lütfən…!!!!!!!!!!!!!!


  18. İlisu adlı istifadəçi, Aprel 10, 2008 tarixində, saat 10:00 yazıb:

    Məsiağa bəydən və digər şərhçilərdən üzr istəyirəm.
    Sözlərim Mirmehdi Ağaoğluna ünvanlanmışdı.


  19. scorpion adlı istifadəçi, Aprel 10, 2008 tarixində, saat 11:44 yazıb:

    İlisu, Mirmehdinin xətrinə dəymiyin. Seyid adamdı nə istiyir onu da yazır… Qorxmursan cəddi sənə qənim olar?


  20. Mirmehdi Ağaoğlu adlı istifadəçi, Aprel 17, 2008 tarixində, saat 16:06 yazıb:

    hörmətli İlisu,sizə 1 məsləhət;
    o zaman siz Sorokini, Beqbederi heç oxumayın, o qədər iyrənərsizki, sonunda xəstəlik taparsız.


  21. Eysebio adlı istifadəçi, Aprel 18, 2008 tarixində, saat 10:41 yazıb:

    Narahat olma, o onsuz da xəstədir…


  22. İlisu adlı istifadəçi, Aprel 18, 2008 tarixində, saat 12:31 yazıb:

    Bu çağa kimi xoruz yox idi, səhər açılmırdı, Sorokin yox idi, rus milləti harasının necə adlandığını bilmirdi, sizin kimi ağzından dürr tökülən “postmodernist”lər də yox idi, Azərbaycan ədəbiyyat nə olan şeydir, anlamırdı, eləmi?
    Əzizim, bir var sözü elə yazasan ki, söz özü səninçin nazlanıb soyuna, bir də var sözün əynindəkini it kimi qapıb cırasan və sözü murdarcasına zorlayasan, çatdımı fikrim?
    Xəstəliyə gəldikdə isə, Mirmehdi, mənim immun sistemim ondan-bundan sayıqlamalar oxuyub korlanacaq qədər də zəif deyil.
    nə isə.


  23. aqsin adlı istifadəçi, Aprel 29, 2008 tarixində, saat 23:30 yazıb:

    Bu Zahirden ve zahirkimilerden hec ne cixmayacaq.Axirda yene qezetsatan olacaqlar!!!

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: