Qaynar xəbər portalı

Kitab dünyası


“Bərk” Pamuk


Bölmə Bölmə: Publisistika | Göndər Göndər | Çap et Çap et | 214 oxunma

Orxan PamukBu yazıçını vətənində bir o qədər sevmirlər

Bu ilin əvvəlində Türkiyədə “Ergenokon” adlı gizli təşkilatın ifşa olunmasından sonra onun hədəf seçdiyi şəxslərin siyahısı açıqlandı. Gələcək qurbanlar arasında bir “Nobel” mükafatı laureatının da adı var idi: məşhur yazıçı Orxan Pamuk. 2006-cı ildə ədəbiyyat üzrə “Nobel” mükafatına layiq görülən Pamuk bu yüksək mükafatı almış ilk Türkiyə vətəndaşı olmaqla yanaşı, “Nobel” laureatıkimi ən gənc iki nəfərdən biri kimi tarixə düşdü. Onun 46 dilə tərcümə olunmuş kitabları 100-dən artıq ölkədə yayımlanıb. Yazıçılıqdan başqa heç bir sənətlə məşğul olmayan və postmodern roman yazarları arasında yer alan Pamuk 2005-ci ildə “Prospect” jurnalı tərəfindən dünyanın 100 intellektual şəxsi arasında göstərilib, 2006-cı ildə isə “Time” jurnalı tərəfindən dünyanın ən təsirli 100 nəfərindən biri seçilib.
   Jurnalist vəsiqəsilə roman yazmağa…

Orxan Fərid Pamuk 1952-ci il iyunun 7-də İstanbulun Qərb mədəniyyətilə çulğaşmış hissəsi olan Nişantaşında zəngin bir ailədə dünyaya gəlib. Atası Gündüz Pamuk babası və əmisi kimi yüksəktəhsilli mühəndis idi. Ailə sərvətinin təməlini isə babası qoymuşdu. Yazıçı “Cevdət bəy və ogulları” əsərində (1982) təsvir etdiyi kimi, uzun illər rəssam olmaq həvəsi ilə “Robert” kollecinə daxil olsa da, sonradan memar yaxud, rəssam olmayacağına dair qərar verib təhsilini yarımçıq qoyur. İstanbul Universitetinin jurnalistika fakültəsini bitirsə də, “Qar” romanının yazıldığı vaxt istisna olmaqla (bu romanı yazarkən Qarsa səfər edən yazıçı dostlarının köməyi ilə jurnalist vəsiqəsi hazırlatdırmış, Qarsdakı insanları, onların yaşam tərzini daha yaxından tanımaq məqsədilə özünü jurnalist kimi qələmə vermişdi) bu sənətlə də heç vaxt məşğul olmayıb.
23 yaşında yazıçı olmağa qərar verən Pamuk vaxtının çoxunu otağında yazmaqla keçirirdi. 1979-cu ildə ilk romanı olan “Qaranlıq və işıq” 1982-ci ildə “Cevdət bəy və oğulları” adı ilə nəşr olundu və bir il sonra “Kamal Roman” mükafatına layiq görüldü. Onun sonrakı əsərləri də çoxlu sayda mükafat qazandı. “Səssiz ev” adlı ikinci romanı 1984-cü ildə Türkiyədə “Madaralı roman”, fransız dilinə tərcümə olunmuş variantı isə 1991-ci ildə “Prix de la De couverte Europe enne” mükafatı aldı.
1985-ci ildə nəşr olunmuş tarixi “Ağ Qala” romanı isə 5 il sonra ABŞ-da “İndependent Award for Foreign Fiction” mükafatını qazandı və bununla da Orxan Pamuk ölkəsindən kənarda tanınmağa başladı. Yazıçıya ən çox şöhrət gətirən “Qar” romanı isə 2004-cü ildə ABŞ-da “İlin ən yaxşı 10 kitabından biri” olaraq göstərildi. Onu xaricdə tanıtdıran digər məşhur əsəri “Mənim adım Qırmızı” romanı 24 dilə tərcümə olunub.

   Səs-küylü açıqlamalar

Roman yazmaqla yanaşı insan haqları, sərbəst düşüncə, demokratiya və bu kimi digər mövzularla bağlı fikirlərini məqalələr şəklində yayımlayan yazıçının İsveçrənin “Das Magazine” adlı mədəniyyət jurnalına verdiyi müsahibəsi həm Türkiyə, həm də dünya miqyasında böyük səs-küy yaratdı. Xüsusilə, jurnalistlə Pamuk arasındakı dialoq ən çox müzakirə olunan mövzulardan birinə çevrildi:
-Bir türk ildə orta hesabla 4 min avro qazanır, bir avropalı isə bundan on dəfə artığını. Bu rəqəmi artırmalıyıq. O zaman millətçilik və faşizm kimi məsələlər də öz-özlüyündə aradan qalxacaq. Buna görə də tezliklə Avropa Birliyinə üzvlüyə nail olmalıyıq. Bizim keçmişimiz də bu günümüzlə birlikdə dəyişikliyə məruz qalır. Bugünkü hadisələr keçmişi dəyişdirir. Ölkənin keçmişindəki pis hadisələri yavaş-yavaş danışmağa başlamalıyıq.
-Ancaq Siz danışmağa başlamısız. Başınızı mütləq dərdə salmaq istəyirssniz?
-Bəli, bunu hər bir kəs etməlidir. Burada 30 min kürdü və 1 milyon ermənini öldürüblər. Demək olar ki, heç kim bunu dilinə gətirməyə cəsarət etmir. Bunu mən deyirəm, buna görə də mənə nifrət edirlər.
Bu sözlərinə görə yazıçıya qarşı Türkiyə Respublikası Konstitusiyasının 301-ci maddəsinə (“Türklüyü təhqiretmə”) əsasən, 6 aydan 3 ilədək həbs tələbi irəli sürülmüşdü. Lakin 2006-cı ildə Türkiyə Ədliyyə Nazirliyinin tələb olunan rəyi olmadığı üçün səlahiyyətsizlik qərarı ilə məhkəmə prosesi bağlandı.
2006-cı ilin aprelində BBC kanalının “Hardtalk” proqramına dəvət olunan Pamuk bildirdi ki, onun “erməni soyqırımı”nı qəbul etməsi ilə bağlı sözlərindəki əsas hədəf soyqırım məsələsi deyil, diqqəti Türkiyədə problemlərin azad ifadəsinə yönəltmək idi.
Bəzi xristian missionerlərinə və erməni ziyalısı Hrant Dinkin də daxil olduğu bir qrup şəxsə sui-qəsd hazırlamaqda günahkar bilinən Kamal Kerinçsiz başda olmaqla 13 nəfərin bu ilin yanvarında həbs olunmasından sonra Orxan Pamukla bağlı yeni informasiya dalğası başladı. Dink cinayətinin iştirakçılarından hesab olunan Yasin Hayalın məhkəməyə çıxarılarkən Pamuku “ağıllı olsun” sözlərilə hədələməsini bəzi mətbu dairələrdə yazıçının növbəti qurban olacağı kimi yozdular. Qeyd edək ki, bundan əvvəl Pamukun ittiham olunmasına çalışan hüquqşünas Kamal Kerinçsiz “Orxan Pamuk Türkiyəni və türklüyü təhqir etdiyi üçün cəzalandırılmalıdır. Bu, ağır cinayətdir və cəzasız qalmasına yol vermək olmaz” deyə çıxış etmişdi.
2006-cı ilin oktyabrın 12-də “Türklüyü təhqir” davasının yenicə açıldığı bir zamanda Orxan Pamuk Nobel mükafatını aldı. “Şəhərinin melanxolik ruhunun axtarışında mədəniyyətlərin mübarizəsi və bir-birinə qarışması üçün yeni simvollar kəşf edən” (“Nobel”i bu adla qazanıb) Pamuk 1 milyon 360 min dollar məbləğində pulun da sahibi oldu.

   “Nobel”ə hamı sevinmədi

Ancaq onun “Nobel” mükafatını qazanması nə ölkəsində, nə də dünyada birmənalı qarşılanmadı. Düşüncələrinə görə vaxtilə onu tənqid etmiş, ancaq mükafatdan sonra təbrik edən insanlarla yanaşı, bu mükafatın Pamuka Türkiyəyə təhqiramiz münasibətinə görə verildiyini iddia edənlər də var idi. Məşhur Türkiyə yazıçısı Dəmirtaş Ceyhun Pamukun kitablarını “Amerika patentli postmodern romanlar” adlandıraraq, “Nobel”in Pamuka verilmiş bir qiymət olduğunu söyləmişdi. Qeyd edək ki, o zaman Türkiyə prezidenti olan Əhməd Necdət Sezərin media vasitəsilə Orxan Pamuku təbrik etməməsi də diqqətdən yayınmamışdı.
Yazıçıya münasibət Türkiyə daxilində olduğu kimi, ölkədən kənarda da müxtəlif idi. Bir qrup vətənpərvər Türkiyə vətəndaşları Pamuku “Qərbin Türkiyədəki qələmi” adlandırarkən, Qərb mediasında yazıçı ilə bağlı müsbət rəylər geniş yer tuturdu. 1985-88-ci illərdə işlədiyi və hazırda vaxtaşırı mühazirələr dediyi ABŞ-ın “Kolumbiya” Universitetinin alman dili və ədəbiyyatı şöbəsinin rəhbəri Andreas Huyssen onun haqqında belə yazmışdı: “Pamuk bu gün dünya ədəbiyyatını ikili mənada cisimləndirmiş bir romançıdır. Onun bütün əsərləri Türkiyənin tarixi, mədəniyyəti və cəmiyyəti ilə dərin şəkildə əlaqəli olsa da, hadisələrin təsviri üsulu daha çox millətçilikdən üstün müasir ənənələrlə uzlaşır. Türkiyənin özündə o, ölkəsinin keçmişi və gələcəyi ilə bağlı məsələlərin araşdırılmasını istəyən açıq təfəkkürə sahib biri kimi müəyyən mənada sevilmir. Lakin ”Nobel” mükafatı onun haqqıdır və biz onun “Kolumbiya”dakı qlobal düşüncə və müqayisəli ədəbiyyat proqramımızda iştirakından son dərəcə məmnunuq”.
Orxan Pamukun öz ölkəsində tənqidlə üzləşməsinə səbəb olan digər bir amil isə əsərlərində Atatürk haqqındakı yazılarında istifadə etdiyi dil və üslubunun böyük səs-küyə səbəb olması idi. Aşağıdakı abzas yazıçının kitabından götürülüb:
“Uşaqlığında bacısı ilə tarlada qarğa qovalayan sapık bir padşah… Atatürk Cümhuriyyəti içkiyə qurşanmış əyyaş topluluğa əmanət etməyinin inamı ilə gülümsəyirdi… Atatürkün çərəz zövqünün ölkəmiz üçün nə böyük bir fəlakət olduğu…” (Fateh Altaylı. Əhməd Taner Kışlalının qələmi ilə Orxan Pamuk. Xəbər vitrini. 21.10.2006).

  Çoxsaylı ittihamlar

Özü ilə bağlı tənqidlərə cavab verərkən yaxşı başa düşülmədiyindən ittiham edildiyini irəli sürən yazıçı Türkiyənin “Axşam” qəzetinə verdiyi müsahibəsində belə deyib: “Kitablarımın çox tərcümə olunması ilə bağlı gəzən söhbətlərdən biri də mənim guya yəhudi olmağımla bağlıdır. Burada çox qəlb qıran bir təhqir duyğusu var. Belə çıxır ki, ”bir türk uğur qazana bilməz. O, ağılsız, yazıq bir məxluqdur, o, bir kitab yaza bilməz, yazsa da, Qərbdə oxunmaz” fikrinə səmimi şəkildə inanan, saf, bir az da həyatın silləsini yemiş insanlar var. Onlara görə, uğur qazananlar ya yəhudidir, ya gizli bir qrupun üzvi, ya da xaricdə Türkiyəni pisləyəcək kəslərdir. Çünki bildiyiniz kimi, bütün dünyanın işi-gücü yoxdur, səhərdən-axşamadək Türkiyənin pislənməsini istəyir! Kitabın ədəbi xüsusiyyətləri ilə uyğun olmayan bir səbəb olmalıdır ki, qərblilərdə maraq oyansın, buna da hirslənə bilmirəm. Ancaq türklər dünya mədəniyyətinə, dünya yaradıcılığına heç nə əlavə etmirlər. Sıfır. Biri bunu etdiyi zaman isə digər türklər “hər halda o da yəhudidir” deyə düşünürlər!”
“Nobel”li yazıçı ilə bağlı önəmli ittihamlardan biri də müəllif hüquqlarını pozaraq başqa əsərlərdən qanunsuz şəkildə faydalanma hallarıdır. Bəzi ədəbiyyatçılar Pamukun əsərlərindəki bir çox hissələrin digər yazıçılara aid əsərlərdən faydalandığını irəli sürməkdədirlər. Hətta romanlarındakı müəyyən hissələrin digər kitablardan necə varsa, elə də götürüldüyü iddia edilir. 2002-ci ilin may ayının 26-da Türkiyənin “Hürriyyət” qəzetinin jurnalisti Murad Bardakçı əlindəki sənədlər vasitəsilə yazıçını saxtakarlıq və başqa əsərlərdən köçürmə ilə (plagiatlıqda) günahlandırmışdı. Jurnalistə görə, Orxan Pamukun “Mənim adım Qırmızı” romanı hekayəsi və təsvir üslubu ilə amerikalı yazıçı Norman Mailerin “Qədim axşamlar” adlı romanının eynilə kopyasıdır. “Ağ Qala” romanı isə Fuad Carımın “Qanuni dövründə İstanbul” əsəri ilə eynilik təşkil edir. Cümlələrdən əlavə, hətta romanın mövzusu da sözügedən əsərdən götürülmədir. Lakin Orxan Pamuk bu günədək bu mövzu ilə bağlı heç bir açıqlama verməyib.
Bununla belə, dünya, o cümlədən Azərbaycan oxucuları Orxan Pamuku sevə-sevə oxuyurlar…

Elnarə İslamlı






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: