Qaynar xəbər portalı

Kitab dünyası


bannerAydın Xan: “Bizə total hücuma keçiblər”

Cavanşir Yusifli: “”Mən əməyimin məhsulundan məhz Aydın Xanın istifadə etməsini istəmirəm…”

KultAz: Azərbaycanın ilk milli blog sistemi Azeriblog-un yaranmasıyla  xeyli sayda fərdi bloglar yarandı. Sayt qurmaq imkanında olmayan hər bir şəxsin fikir və ideyalarını başqalarıyla çox asan şəkildə paylaşmaq imkanı yarandı. “Kultaz”da müntəzəm dərc olunan bir çox yazarlar da bu imkandan anındaca bəhrələnməyi bacardılar. Bu bloglar vasitəsi ilə özlərinə yeni və sabit oxucu auditoriyası formalaşdırmağa çalışmaqdadırlar. Amma Azərbaycanda blog mədəniyyətinin hələ tam oturuşmadığını, internet ənənələrinin yoxluğu özüylə bir sıra problemlər də gətirdi. Belə problemlərdən biri də Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xanla tənqidçi Cavanşir Yusifli və tərcüməçi-alim Məsiağa Məhəmmədi arasında baş verir. Belə ki, Məsiağa Məhəmmədi və Cavanşir Yusifli Azeriblog rəhbərliyinə- sayın Fərhad bəyə müraciət edərək, öz bloglarında (irfan.azeriblog.com, mesih.azeriblog.com və qayidish.azeriblog.com) yerləşdirdikləri materialların Aydın Xanın icazəsiz və keçid qoyulmadan öz blogunda (xariciedebiyyat.azeriblog.com) yaymasından şikayətlənərək, bunun qarşısını almağı xahiş ediblər. Fərhad bəyin məsələyə hansı münasibət bəslədiyini az sonra açıqlayacağıq. Öncə Aydın Xanın məsələyə reaksiyası ilə sizləri tanış edək.
Aydın Xanın fikrincə o, heç bir qanunsuzluğa yol verməyib və aradakı narazılığı özünə hücum kimi dəyərləndirir: “İnternetin açıq bilgi və informasiya paylaşması fəlsəfəsindən xəbərsiz insanlar biz- yeni şəbəkə nəslinin nümayəndələrinə total hücuma keçməyə başlayıblar”.
Cavanşir Yusifli isə məsələni təkcə müəllif hüquqlarıyla bağlamır. Gəlin onun mövqeyini dinləyək: “Mən əməyimin məhsulundan məhz Aydın Xanın istifadə etməsini istəmirəm… ona görə yox ki, onları özüm yerləşdirirəm, ona görə ki, bu işlərə humanitar düşüncəyə hex bir dəxli olmayan bir adamın YANAŞMASINI istəmirəm!”
Məsiağa müəllim də təqribən oxşar mövqedədir. O da dəfələrlə bu mövzuda Aydın Xana xəbərdarlıq etdiyini bildirir: “İndi isə sənə (Aydın Xana- kultaz.) bloglarımdakı materiallardan istifadə etməyi rəsmən  qadağan edirəm).
Artıq Azeriblog rəhbərliyi də onlara ünvanlanmış şikayətlərə münasibət bildirib. Aydın Xana bildiriş göndərən rəhbərlik yazır: “Azeriblog sisteminin istifadə qaydalarına uyğun olaraq bütün digər bloglardan istinadsız istifadə etdiyiniz yazıları ya silin, ya da o yazıların əvvəlində onun əsas mənbəsinə keçid verin.”
Bu da adıçəkilən bildirişə Aydın Xanın münasibəti: “Bizə olan basqılara etiraz forması olaraq iki gün e-tətil elan edirik. Əgər daha sonra da bizə basqılar davam etsə, artıq milli e-resursa çevirdiyimiz bu portalın buraxılması haqqında düşünəcəyik.”
“Kultaz” olaraq məsələni şərh etməkdən yayınıb, sadəcə xəbər verməklə yetindik. Amma oxucularımız öz fikir və mülahizələrini bildirməkdə azaddırlar.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (3 səs, təxmini: 3.67 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə axşamı, Aprel 10th, 2008 tarixində 21:24 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

26 şərh var


  1. oxchu adlı istifadəçi, Aprel 10, 2008 tarixində, saat 22:02 yazıb:

    Bu tip işlərdə basqı filan işə yaramır onsuzda. Siz kobud bir adama hansısa xanıma qapı açmasını və ya ona birinci yol verməsini tələb etsəz o bunu gülünc qəbul edəcək. Ya da yemək mədəniyyəti olmayan bir adama süfrə başında ağzını marçıldatmamasını xahiş etsəz sizə məhəl qoymayacaq. Eləcə də sadə internet etikası olmayan bir adama mənbə bildirməsini istəsəz o sizin rəhbərliyinə əlinizin çata bilmədiyi digər bir resursa keçıcək. Bunlar sadə etikalardır və bunların pozulmamağı üçün həmin “İnternet mədəniyyəti”nin formalaşmağı mütləqdir. Adı çəkilən blogçuya təzyiq çoxalanda o sadəcə olaraq ünvanı dəyişəcək. Hesab etmirəm bu zaman blogspota və ya analoji digər blog hosta bu cür şikayət edəndə öz təsirini göstərə…


  2. Məsiağa Məhəmmədi adlı istifadəçi, Aprel 11, 2008 tarixində, saat 00:38 yazıb:

    Çox təəssüf edirəm ki, hörmətli Kultaz saytı da bu adi məsələni məhz qalmaqal kimi təqdim edib, çünki Aydın X.Əbilovun da neçə gündür çalışdığı bundan ötrüdür. Yəni bəzi ucuz şou əhli kimi qalmaqal yaradıb diqqət mərkəzində olmaq. Halbuki məsələ elementar əxlaq və vicdan məsələsidir. Məsələnin hüquqi tərəfinə isə mən yalnız Aydın bu müstəviyə keçəndən sonra toxunmalı oldum, yəni o bizi internetin fəlsəfəsini bilməməkdə günahlandırıb hansısa konvensiyalardan dəm vurmağa başlayanda. Ona qədər mən Aydına çox müraciətlər (telefon, e-mail və şərh vasitəsilə - maraqlananlar baxıb o şərhləri də görə bilərlər, əgər silinməyibsə) etdim, xeyri olmadı. Belə məlum oldu ki, konvensiyadan danışan bu adamın heç Azeriblog-un qaydalarından xəbəri yoxmuş. Həmin qaydalardan bəzi məqamlar:
    1. Bu müqaviləyə əsasən “AzeriBlog” öz istifadəçilərini müdafiə edir və onların məlumat və materiallarının başqa bir sayt və ya şəxslər tərəfindən mənimsənilməsinə izin vermir. Təbii ki, qanunlar çərçivəsi daxilində.
    2. İstifadəçi hər hansı bir hüquqi şəxsdən hər hansı materialı istifadə edərsə o şəxsin izni ilə keçidlərdən (link) istifadə edə bilər.
    3. Blogda hüquqi cəhətin əhəmiyyəti vacibdir və hər-hansı şəxs, şirkətin haqqlarına hörmət etmək bütün istifadəçilər üçün vacibdir.

    Məhz bundan sonra mən hörmətli Fərhad bəyə müraciət etdim, o da şikayətin haqlı olduğuna əsaslanıb Aydına zəruri xəbərdarlıq edib. Aydın isə bundan növbəti şou düzəldərək bloqlarında yazılar yazmaqla guya bizim onun özü demiş, e-kitabxanasını bağlatmaq istəməyimiz barədə haray çəkib, üstəlik Yahoo-qruplara da eyni məzmunlu müraciət göndərib.
    Bu yerdə deyiblər ki, oğru elə bağırdı, doğrunun bağrı yarıldı.
    Hər halda razılaşın ki, Fərhad bəy bu məsələləri Aydından qat-qat yaxşı bilir. Həmin hay-küydən sonra Fərhad bəyin Aydının yazısına şərhlərini olduğu kimi burda verirəm:

    Fərhad yazıb:
    Sizə Azəri Blog idarə heyəti tərəfindən yazilib ki əgər digər bloglarin yazilarindan istifadə edirsizsə onlarin blogina mənbə kimi keçid verin. əgərdə keçid vermirsiz gərək yazılari siləsiz.
    əgər olar ya kimsə sizin yazılardan bloginda keçidsiz və tam surətdə istifadə edir və ya edib sizdə eyni şikayət yaza bilırsiniz.
    Digər saytlar və bloglardan yazılari tam surətdə kopy etməkin nə mənfəəti var ki? əgər siz bir yazınilə maraqlanırsız onun haqqında bir qısa yazı yazın və onun əsas səhifəsinə istinad verin. əgər maraqlanmırsiniz digər blogların yazıların tam surətdə blogınızda təkrar yazmayin.
    hər halda məsləhət sizinkidir. isteysiniz yazılarınızda dəyişiklər edin və digər resorslardan bundan sonra istifadə etmeyin və blogınıza davam edin. istəmirsizsə etmeyin.
    Aprel 10, 2008 12:15

    Fərhad yazıb:
    Bir yazını tam surətdə digər blogda kopy etmək hansi müəllif hüquqlarına uyğundu? bəlkə yazının sonunda yeləşdirdiyini yazının keçidin deyirsiz?
    əslində sən gərək özündən bir neçə sətrdə bu barədə yazib ziyaratçıni davamın oxumaq üçün o yazının zəhmətin çəkən və hazırliyan şəxsin blogına istinad verəsən. əgər istinad verməkilə maraqlanmırsan heç onun yazısın blogında yazma! mənim qardaşım, bilirsən ki bir yazının neçə blogda eyni surətdə təkrar olunmasi, heç xeyri yoxdu. əslində bu çox səviyyəsizlikdi. blog hər kimsənin öz fikirləri və baxışlari barədə olmalıdi. yoxsa digər saytlardan yazılari tam kopy etmək elədə ədəbiyyat sahəsində məşqul olan sizin kimi şəxsə və ya digər istifadəçilərə yaramaz.

    sizin üçün uğurlar
    Aprel 10, 2008 12:34

    Deməli, məsələnin hüquqi tərəfi bizim tələb etdiyimizdən də sərt imiş. Yəni Aydın hər hansı materialımızı yerləşdirmək üçün nəinki icazə almalı imiş, həm də onu tam yox, qismən verib ünvana keçid verməliymiş.
    Daha sonra qələminə çox hörmətlə yanaşdığım Vüsal Məmmədov Aydının yazdıqlarına belə münasıbət bildirib:

    Vüsal Məmmədov yazıb:
    Salam, dostlar!
    Məncə belə radikal yanaşma düz deyil.
    Axı sizdən sadəcə istənilir ki, ya müəllif hüququnu pozmayiın, başqa saytlardakı yazını kopyalamayın, ya da ki, keçid və ya istinad verin. Hər şey tam normal və qanunidir. Mıənim özümün də, elə sizin də yazınızı kopyalasalar, yəqin, biz də şikayət edərik, deyilmi?
    Məncə, Azeriblog adminstrasiyasından bu cür gileylənməyin yeri yoxdur. Onlara əksinə, təşəkkür düşür ki, bütün bloqçuların müəllif hüquqlarına həssas yanaşırlar. Sadəcə, müəllif hüquqlarına riayət etməklə, işləri davam etdirmək olarsa, məsələni qəlizləşdirmək, bloqu bağlamaq nəyə lazım? Sizdən sadəcə bloqun qaydalarına əməl etmək tələb olunur, vəssalam. Həmin qaydalar isə ölkə qanunlarına tamamilə uyğundur.
    Məncə, problemi özünüz-özünüzə yaradırsınız…
    Aprel 10, 2008 12:17

    Əgər Aydın tam məntiqli, sağlam düşüncəyə əsaslanan bu fikirləri də qəbul etmirsə, deməli, onun anlamaq problemi var, bu isə başqa yerdə həll olunur. Bu azmış kimi, o bizim guya onun bloqundan geninə-boluna istifadə etdiyimizi deyib bizə şər atır. Bloqlar ortadadır, kim tənbəllik etmirsə, baxa bılər. Mən tənbəllik etmədim, bəzi hesablamalar apardım. İndi özünüz baxın:
    Aydının “Dünya ədəbiyyatı xəzinəsi” adlandırdığı bloqda mənim yuxarıda ünvanları verilmış iki blogumdan nə az, nə çox düz 85 material var. Bu da sayca mənim ayrıca götürülmüş hər bloqumdakı materiallardan çoxdur. Özü də yalnız son zamanlar mənim təkidlərimdən sonra qaynağı göstərib, əvvəlki aylara baxsanız heç bir qaynaq görməzsiniz. Hətta Aydın materialları görəndə o qədər sevincək olub ki, 4 yazını öz bloquna 2 dəfə yerləşdirib. Cavanşirin təzə yaratdığı bloqundan isə 14 materialı (birini 2 dəfə) copy edib. İndi özünüz deyin, hay-qışqırığa əsas varmı? Və görün, mən Azeriblog rəhbərliyinə müraciət edənədək nə qədər səbr etmişəm.
    Bu adam bizi “qoca təfəkkürlü” adlandırır (dünənəcən mənə ustad deyirdi) lap yaxşı, biz də deyirik: bizim qoca təfəkkürümüzün məhsulundan istifadə etmə,get bloquna öz gənc təfəkkürünün (əgər varsa) məhsulunu qoy! Burada “total hücum”, “səlib yürüşü” və s. varmı?!
    Əslində Aydının “Sadələşdirilmiş Milli e-Axtarış Sistemi - Virtual Hiper Elektron Kitabxana” adlandırdığı bu bloq nədir: bizim bloqlarla yanaşı əsasən Kultaz, Litaz, Mediaforum saytlarından, Yeni Çağ qəzetindən copy-paste olunmuş materiallar toplusu + bəzi ədəbi saytların və hamının bildiyi e-kitab resurslarının ünvanları. Bu işi nəhəng bir fəaliyyət kimi qələmə vermək üçün adamda gərək üz olsun, bu da deyəsən, onda hədsizdir.
    Azeriblog sistemində üç minə yaxın bloq var, hərə öz maraqları və imkanları çərçivəsində materiallar yayır, heç kəs heç kəsdən yazı çırpışdırmır. Bu mənada Aydının gördüyü işin doğrudan da “analoqu yoxdur”.
    Nə isə, mən buradan da Fərhad bəyə təşəkkürümü və Kultazın bu məsələni məhz bu şəkildə ortaya çıxartmasına bir daha təəssüfümü bildirirəm, çünki Aydın kimlərlə qalmaqalda olduğunu car çəkib şərəflənmək istəyir…


  3. Admin adlı istifadəçi, Aprel 11, 2008 tarixində, saat 01:20 yazıb:

    Dəyərli Məsiağa müəllim, ətraflı izahınıza görə təşəkkürlər. Amma doğrudan da məqsədimiz şou düzəltmək yox, məsələni xəbər kimi çatdırmaq və müzakirəyə təqdim etməkdir. Sizin iradınızdan sonra bir daha qayıdıb yazdığım xəbəri oxudum- dedim bəlkə haradasa yanlışa yol vermişəm, baxdım ki, yox. Əgər başlıqdakı “qalmaqal” sözü hansısa başqa effekt yaradırsa, bu da sırf yayımçılıq marağından irəli gəlir. Digər tərəfdən, xəbərdə bu məsələni PROBLEM kimi vurğulamışam və düşünürəm ki, haqlıyam. Azərbaycan milli internet məkanı hazırda körpəlik dövrünü yaşadığından bu kimi problemlər hələ uzun müddət öz çılpaqlığı ilə ortaya çıxacaq. Necə etmək ki, bu olmasın? Xəbərin sonunda oxucunu müzakirəyə dəvət etməyimizin də səbəbi budur. Çox keçmədən ilk oxucu rəyi gəldi. Sizdən öncə şərh yazan oxucunun rəyi sübut edir ki, problemi anlayanlar yox deyil. Məncə, bu kimi problemlərin açıq müzakirəsindən çəkinmək lazım deyil- bunu ictimailəşdirmək işin yalnız xeyrinədir- ən azı gələcəkdə eyni problemlə təkrar-təkrar qarşılaşmayasınız deyə.
    Dərin sayğılarla: Zahir Əzəmət


  4. scorpion adlı istifadəçi, Aprel 11, 2008 tarixində, saat 02:52 yazıb:

    Aydının bu kulturoloji-multuroloji yazılarında müxtəlif rusdilli yazılardan savadsız şəkildə tərcümə olunmuş fikirlərə nə qədər desəniz rast gəlmək olar… Bəs o intellektual məhsulların sahibləri binəvalar neyləsin… Bu sadəcə olaraq Aydında bir xəstəlik halını alıb… kleptomaniya kimi bir şeydir… Gözünə dəyəni çırpışdırmaq. O fikirlə də tam razıyam ki, bu adam indiyə qədər istedadsızlığı ucbatından əldə eliyə bilmədiklərini, belə avantüralar, oğurluqlar və s. sayəsində əldə eliyir. Ancaq çox vaxt bizim biganəliyimiz ucbatından baş verir bu işlər… Mən zərərçəkən yazar qardaşlarımı dəstəkləyirəm…


  5. Rebiqe adlı istifadəçi, Aprel 11, 2008 tarixində, saat 10:09 yazıb:

    Men basha dushmurem, ssilka vermek ne boyuk ishdi ki? Problem nedir goresen?


  6. İlisu adlı istifadəçi, Aprel 11, 2008 tarixində, saat 12:36 yazıb:

    Mənə isə ən maraqlı və gülməli gələn Aydınxanın e-tətil etmək qışqırığı oldu)))))))))))))))
    Ayə, adamda yumor hissi olarmış, day bu qədər yox da.
    Yox bir, e-aclıq edəcək)))))))))))

    E-oğurluqlarını boynuna al ondansa))))))))))))


  7. Jalə İsmayıl adlı istifadəçi, Aprel 11, 2008 tarixində, saat 12:37 yazıb:

    Məncə, problem Aydın bəyin, ümumiyyətlə, yazarlar tərəfindən qeyri-ciddi qəbul olunmasından qaynaqlanır. Aydın bəy belə bir imic formalaşdırıb.

    İstinad vacibdir. Bundan öncə isə müəlliflə razılaşdırmaq vacibdir. Kiminsə yazdığı dəyərli bilinib “xəzinə”yə daxil edilirsə, həmin şəxsin özünə də dəyər verilməsi, hörmət qoyulması adi etiket qaydalarından biri. Aydın bəy də bunu bilməmiş deyil.

    Məsiağa müəllim və Cavanşir müəllim öz iradlarında, etirazlarında və qadağalarında haqlıdırlar!

    Yaxından tanımadığım bir şəxs haqqında daha kəskin danışmaq istəmirəm. Amma müşahidələrim deməyə əsas verir ki, Aydın bəy gördüyü işləri həddən ziyadə şişirdir, bu da ədəbiyyatçılar arasında haqlı olaraq normal qarşılanmır.

    Qeyd edim ki, mənim də 4 elmi məqaləmi Aydın bəy bloquna yerləşdirib. Bəzilərində istinad var, bəzilərində yox. Mən bunun üstündən keçdim. Xoşməramlı ümumi işin xətrinə.

    Ümid edək ki, Aydın bəy haqlı iradları özünə səlib yürüşü kimi qəbul etməyərək düzgün nəticə çıxaracaq və müəlliflər izn verdiyi halda keçid qoymaqla yazıları bir e-məkana toplamaq işindən vaz keçməyəcək.


  8. Seyid Ramin adlı istifadəçi, Aprel 11, 2008 tarixində, saat 17:47 yazıb:

    Mən belə fikirləşirəm ki, əgər Aydın Xan öz saytında (yaxud bloqunda) hər hansı bir kəsin beş-altı yazısın verirsə, sonra saytın keçidlər (dost saytlar) bölməsində də həmən kəsin saytın verirsə bu normal haldır.
    Ümumiyyətlə bizim e-məkanın e-xuliqanı olan Aydın Xanı avropa məhkəməsinə vermək lazımdır. Burdakı məhkəmələrə etibar yoxdur… Onda bütün bu hay-küylərdən həm Aydının canı qurtarar, həm də bizim….


  9. artyazar adlı istifadəçi, Aprel 11, 2008 tarixində, saat 18:20 yazıb:

    Əziz dostlar, yəni siz fərqində deyilsiniz ki, qəzetçi və işdən solaxay şəbəkəyə qoşulanlardan başqa, İnternetə - azərivebə baş vuranların böyük əksəriyyətinin maddi durumu imkan vermir ki, onlarla sayta daxil olsunlar: odur biz linklərdən yox, materialların tam mətnini portalımıza yerləşdiririk.

    Söhbət mənim fərdi http://www.artyazar.azeriblog.com e-ünvanlı saytımdan getmir, əksinə, yaratdığım və kimlərinsə paxıllıq edib aşağılamağından asılı olmayaraq, artıq İnternetdə milli-intellektual e-resursa çevrilmiş Virtual Açıq ictimai e-kitabxanadan - http://www.xariciedebiyyat.azeriblog.com (yeni ünvanı: wwwkitabxana.net) portalı ətrafında problem yaradılır…

    Isanların İnternetin gözünə yalan üfürməsinə baxmayaraq, biz bütün yazıların müəlliflərini, çox halda isə e-mənbələrini göstərmişik: tək-tük hallarda isə bir neçə material ard-arda veriləndə ehtiyac görməmişik ki, e-mənbələrin təkrarçılığına yol verək. İnanmayanlar mütləq portalımıza baxsınlar, əgər müəllif hüquqları - güya hər şeyimiz düzəlmişdi, qalmışdı müəllif haqlarımızı qorumaq… - pozulmasıyla bağlı BİRCƏ fakt tapa bilərlərsə, onda biz rəsmi surətdə müəlliflərdən üzr istəməyə hazırıq…

    Əslində burada müəllif hüquqlarından söhbət gedə bilməz, əlaqəli hüquqlardan danışıla bilərik. Həm Cavanşir müəllim, həm Məsiağa bəy, bəzən mən də daxil olmaqla, bizim hamımız müəlliflik və əlaqəli hüquqları kobudcasına pozuruq. Məsələn, hər iki mütərcim hər hansısa müqavilənin surətini bizə göstərə bilərmi ki, yazı müəlliflərinin, ya da intellektual vərəsəlik hüququna malik insanlardan izn alıb hansısa dildən əqli mülkiyətin məhsulunu (əsərləri, bilgiləri, informasiyanı və s.) ana dilimizə tərcümə edib, hələ üstəlik də kağız, İnternet və başqa informasiya daşıyıcıları vasitəsiylə yayimlayır…
    Oğru elə qışqırır ki, vallah, doğru söyləyən cəhənnəmə, ətrafdakıların da bağrı, az qala, yarıla…

    Dördüncüsü, yuxarıda sinələrini döyənlərin bəzilərinin bloglarındakı müxtəlif bilimsal e-keçidlərin - linklərin qoyulma tarixi ilə mənim saytımdakıların tarixini tutuşdurun, sonra məni ittiham edənləri…

    Beşincisi, mən nəinki həyat və yaradıcılığına sevgi bəslədiyim Məsiağa müəllimi, Cavanşir bəyi, ya da başqalarını özümə müəllim bilirəm, hətta çöldə tum satandan da gündə bir nəsnə öyrənməsəm, həmin sutkalıq ömür anlarımı boş və mənasız keçdiyini zənn edirəm…

    Dostlarımın xətrinə dəyməsin, onların çoxunun saytlarına daxil olanların böyük əksəriyyəti məhz bizim portalımıza daxil olan saytların istifadəçiləridir…

    Sonda, hələlik onu da bildirim ki, bu problem qarşıdakı illərdə bizim başımızı çox qatacaq, odur ki, indidən AZERİNET-də, milli İnternet məkanımızda hansısa dəyərlərin, standartların, etik-hüququ prinsiplərin formalaşması üçün bu qəbil polemikaların, bilgisal düşüncə mübadiləsinin zamanı çoxdan ötüb, ona əcnəbilər ötən əsrdə diqqət ayırıblar, bizsə, həmişəki kimi gecikmişik…

    P.S. Bəli boynuma alım ki, bu məsələni qəsdən PR-laşdırdım, qalmaqala - söyüşməçələrə adət etmiş soydaşlarımızın diqqətini çağımızın ən aktual problemlərinə yönəltmək istədim: kim anlayırsa, biliklərini bizimlə bölüçsün, kim qanmırsa, bizə mane olmayın - söyüşdən hüç nə çıxmaz…

    P.P.S.

    Aşağıdakı materiallar isə çox gərəyiniz olar:

    ART-SOS: Virtual Kitabxanamızı qapatmaq istəyirlər…

    Azərbaycanda sivil nəsə etmək mümkündürmü?!

    Diqqət: Məsiağa Məhəmmədi ilə Cavanşir Yusifli bu Virtual Kitabxananın bağlanışıyla əlaqədar bloq sahiblərinə e-şikayət ediblər. Kitabxananın daimi e-üzvlərindən xahişimiz budur ki, bu problemə münasibətlərini bildirsinlər…

    Bu gecə saat 00 00-dan etibarən bu portalda işimizi dondurmağa məcburuq. Azeriblog yiyələrindən aldığımız bir e-namə - bildirişin mətnini verməklə, bəyan edirik: etiraz forması olaraq iki gün (görəsən, virtual dözə bilərikmi?) e-tətil elan edirik. Daha sonra da əgər bizə basqılar davam etsə, artıq milli e-resursa - İnternet, Qlobal Bilgi - İnformasiya məkanını çevirdiyimiz bu portalın buraxılması haqqında düşünəcəyik.
    Yaradın, ey mənəmlik edənlər bir də belə kitabxananı, biz də faydalanaq, millət də… Günahı və bütün məsuliyyəti isə…

    Yaxşısı budur ki, əvvəlcə bir bu materiala nəzər yetirin, sonra e-namənin mətni ilə tanış olarsız:

    http://artyazar.azeriblog.com/2008/04/08/e-qalmaqal-qocatefekkurlulerin-azeri-internetine-e-selib-yurushu

    Дата: Wed, 9 Apr 2008 07:22:41 +0330

    От: “AzeriBlog.com”

    Подтверждение Yahoo! DomainKeys о том, что сообщение было отправлено gmail.com. Подробнее

    Кому: artyazar@yahoo.com

    Тема: Diqqet

    Salam

    Bloginizda ( xariciedebiyyat.azeriblog.com) yazdiqiniz bezi yazilar ucuhun diger blogcular (irfan.azeriblog.com, mesih.azeriblog.com vи≥ qayidish.azeriblog.com ) terefinden onlarin yazilarin istinadsiz oz bloginizda yerleshdirmek uchun bize shikayetler gelib.

    Azeri Blog sisteminin istifade qayideleri esasen lutfen butun diger bloglardan istinad siz yazdiqiniz yazilari ya silin ya hamisin evvelinke onun esas menbesine kecid verin.

    bizde onlarib bize yazdiqi shikayetden sonra sizin blogu olarin dediyi bloglarla muqayise etdikk e bezi istifade etdiyiniz yazilari gorduk.

    sizin uchun ugurlar


    First and only Free Azeri blog system in Azerbaijan
    Website: http://www.AzeriBlog.com
    Email: info@azeriblog.com

    P.S. AzeriBlog-la bağlı heç bir iddiamız-şikayətimiz yoxdur…

    P.P.S. Adı çəkilən cənabların hər ikisi bizim e-resurslarımızdan geninə-boluna istifadə edirlər (keçidlərə - linklərə fikir verin: irfan.azeriblog.com).


  10. Ayaq Yalın adlı istifadəçi, Aprel 12, 2008 tarixində, saat 03:09 yazıb:

    Terorçuluq, Ayaq Yalın və onun can güdənləri

    Dünyada baş verən terorlara görə və təbrizli Nərgizin hədə - qorxularına əsasən, mən Ayaq Yalın cənabları can güdən tutmağa məcbur qaldım.

    Terorçuluq ilk dönə qabilin, habilə qarşı qısqanmalarından baş verdi. Burada xeyir qüvvə ilə şər qüvvəsi bir – birinin qarşısında dayandı. Xeyirlə şər bir – birini teror etmək istəyirdilər. Biri yaxşılıqla o birisini teror etmək zorundaydı biri də pisliklə. sonunda şər qüvvəsi xeyir qüvvəsinə ğalib gəldi. habil teror oldu, Qabil qaldı və qabilin törəmələri terorçuluğa davam etdilər.

    İndi hər nə terordan törənir. Mən terorlara məruz qalmayım diyə, teror etməyi bacarmalıydım, yoxsa özüm teror olardım. Bacardım, gizlincə onun – bunun dalı sürə söz bəzədim, qondarma yaxşılıqlarımla yaxşıları iğfal edib yaxşıların əleyhinə silahlandırdım.

    Yenə də şər qüvvəsi ilə barlanan yaxşılıqlarımla xeyir qüvvəsin teror etdim. Terorçu olub qorxu yaratdim, qorxuların içindən yeni terorçular əmələ gəldilər.

    İndi demək olar kı biz hamımız bir cur terorçu sayılırıq. Birimizin əlində silah, birimizin əlində qələm, birimizin ürəyində nifrət, bizimizin dilində iftira və töhmət… belə - belə işlər və daha sonra öldürmək və diri qalmaq.

    Mən doğurdan da terorçu olduğuma indi inanıram və bu inamla teror etməyimə davam edirəm, Yoxsa mən çoxdan teror olmuşdum. Siz də terorçuluğunuza davam edin, bu sizlik deyil, bu bizim olu babamızdan qalmış rəhmətlik qabildən mirasdır.


  11. Ramin Cəhangirzadə adlı istifadəçi, Aprel 12, 2008 tarixində, saat 03:12 yazıb:

    -&- Dadaism -&-

    Birinci dünya savaşında, Suisin Zurix şəhərində yaranan, Dad ilə Dadaismi, mədəni, ədəbi və sənətçiliyə bağlı olan 1916 – cı ildən başlayaraq 1920 – ci ildə lap yüksək zirvəyə yetişən bir Axım hesablamaq olar.

    Ümidsizlik, iztirab, terorçuluq və birinci dünya savaşının səmərəsindən, dadaism yaranmağa başladı.

    Dadaism, sarsılmış və heç nəyə ümidləri olmayan insanların şərh halı da hesablamaq olardı.

    Bu üsyankar məktəbə bağlı olanların əsas qəsdi toplum, sənət və mənəviyyətə qarşı çıxmağı idı. Onlar bəşəriyyəti məntiq, ağıl və dilə olan bağlılıqlarından tam azad etmək niyyətində olmaqla hər nəyi inkar edirdilər.

    Bu məktəbin şairləri, qəzetlərdən kəlmələri cırıb bir – birinin yanına düzməklə şer yaratmaq zorundaydılar. Kəlmələrin azad olmağına düşünürdülər.

    1916 – cı ildə avrupada yaranan dada zurix şəhərində bir neçə yazıçı və sənətkar əlilə quruldu. Fransızlı Jan Arp və Rumaniyalı olan Trisan Tesaranı bu məktəbin əsas qurucularından adlandırmaq olar.

    Önəmli olan daha bir söz, dadaismdən döğulan surealismin yaranmasıdır. Dadaismlər hər nəyi inkar etsələr də yeni məktəblərin yaranmasında əsas təsirlər qoyublar.

    Dad birinci dünya savaşının son çağlarında, almanyada da inkişaf taparkən, militarism və nasyonalismə qarşı çıxdı. Zurx şəhəri ilə bərabər Niyoyork şəhəri də, dadaism məktəbinin hərəkatına çevrildi.

    Bu məktəbə üz gətirən şairlərdən, Berton, Pikabiya, Tristan Tesa, Aragon, Əlvar, Apoline, Məx Jakop və Soyo kimiləri ad aparmaq olar


  12. Məsiağa Məhəmmədi adlı istifadəçi, Aprel 12, 2008 tarixində, saat 06:37 yazıb:

    Aydın yuxarıda yazıb:

    “əgər müəllif hüquqları… pozulmasıyla bağlı BİRCƏ fakt tapa bilərlərsə, onda biz rəsmi surətdə müəlliflərdən üzr istəməyə hazırıq”

    FAKT: lütfən bu linkə baxın -

    http://xariciedebiyyat.azeriblog.com/2008/03/14/yusif-qarabaghinin-yeddi-baghi

    Burada nəinki qaynaq, heç araşdırma və tərcümənin müəllifi göstərilməyib.

    Həmin yazının mənim blogumdakı linki:

    http://irfan.azeriblog.com/2008/03/07/yusif-qarabaghinin-yeddi-baghi

    Aydın, üzr istə!!!


  13. artyazar adlı istifadəçi, Aprel 12, 2008 tarixində, saat 16:33 yazıb:

    Bəli, Məsiağa müəllim, mən yarım-üzr istəyirəm SİZDƏN (yalnəz e-mənbə göstərilmədiyinə görə)…

    Fəqət, bu yanlışlıq texniki diqqətsizlikdən və bir də sizin ucbatınızdan irəli çıxıb: belə ki, siz, həmişə olduğu kimi, bu materialda da öz imzanızı göstərsəydiniz, biz də e-kopiya edəndə, imzanız avtomatik göstərilərdi…

    Eyni zamanda bizə bildirsəydiniz həmən səhvimizi düzəldərdik… Axı bu layihə üzərində məndən başqa - izmimlə nikimdən yararlanaraq - cavanlar da işləyir: yarım-üzrü də onların əvəzinə sizdən rica etdim - ən azı baş əlaqələndirici kimi…

    P.S. Yeri varmışkən, Məsiağa müəllim, ustad, neçə vaxtdır sizin məndə olan AZERCELL telefon nömrənizə zəng açıram, “zanit” göstərir, bəlkə mənə “ban” qoymusunuz?!

    Sevgilərlə, Aydın Xan


  14. scorpion adlı istifadəçi, Aprel 12, 2008 tarixində, saat 17:36 yazıb:

    Aydın elə sən “ban”lasan yaxşıdı)))Yarım-üzr nədi,ay Azərbaycanın 20-ci əsr möcüzəsi? Ölürsən da tire qoymaq üçün)))


  15. Vusal Rahimov adlı istifadəçi, Aprel 12, 2008 tarixində, saat 19:26 yazıb:

    Rob-Qriyyenin belə bir yazısı var: “Bəzi köhnəlmiş anlayışlar haqqında”. Mənə hücum edirlər… tipli ittihamlar, yalandan özünü əzabkeş kimi göstərmək, özün haqqında hiperbolik planda düşünmə… məncə normal yaşayış tempini dəyişir. Aydınxan öz ələmində nəyə xidəm edirsə-etsin, ona bir az da rəhm və şəfqətlə yanaşmaq gərəkdir, onun müxtəlif yazılarına bir də baxdım, içi boş, hər cür mənadan uzaq və ən əsası yalnız “qabığı şişmiş” yazıları… deyir ki, mənə yazığınız gəlsin. Aydınxan bir qrafomandır, ona elə bu cür baxmaq lazımdır.


  16. İbrahim İbrahimli adlı istifadəçi, Aprel 13, 2008 tarixində, saat 18:43 yazıb:

    AydınXanın yer-göyü tutmayan poetik irsi yalnız Səlim Babullaoğlunun istedadsız tərcümələri ilə müqayisə edilə bilər.


  17. artyazar adlı istifadəçi, Aprel 14, 2008 tarixində, saat 16:40 yazıb:

    T’brik


  18. artyazar adlı istifadəçi, Aprel 14, 2008 tarixində, saat 18:35 yazıb:

    TEBRİKLƏR!!!
    Millət istədiyinizə nail oldunuz: Qapadılar Virtual Kitabxananı, mənim də canım qurtuldu, 37-ci ildə danosbazlıq edib ziyallıların başənə əzdirməyə imkan tapmayan, amma indi Azeriblog yiyelərinə şikayət seriyasını ünvanlayanların da…

    P.S. O e-kitabxanalar mənə gərək deyildi, ay yazıqlar, sizlərə də yox, məhz tarixə və gələcəyc gərək idi…

    Baiskarın vicdanına yazıldı suç…


  19. Sima N. adlı istifadəçi, Aprel 14, 2008 tarixində, saat 20:49 yazıb:

    mətni və şərhləri oxudum, adi etika qaydalarına əməl etmək istəməyən Aydın Xan nədən aqressiv “poz” alıb hələ bir sələb yürüşü də elan edir? Özünü yeni təfəkkürlü insan sayan A,X. adı qınağa “top-tüfənglə” cavab verirsə, onun kulturoloji biliklərinə bir quş…


  20. Niyaz adlı istifadəçi, Aprel 15, 2008 tarixində, saat 05:15 yazıb:

    Aydın Xan, bloqundakı şəklindən 37-nin tiplərinə daha çox özün oxşayırsan. Bir də 37-nin bura nə dəxli? Camaatın yazılarını oğurlamağın bəs deyil, hələ bir öz üslubunda desəm, “e-şivən” də qoparırsan? Özünü elə aparırsan ki, guya İnternetin, ya da ən azı Azeriblogun yiyəsi sənsən, hamı da səni hazır materialla təmin etməlidir. Sən ümumiyyətlə, göstərilən 85+14=99 yazının bu insanlara məxsus olduğunu qəbul edirsən, ya yox?! Səndə zərrəcə özünə hörmət olsaydı, narazılığı bılən kimi həmin yazıları pozardın, ya da Azeriblog rəhbərliyindən əvvəl özün o həftəbecər blogunu bağlardın. Birdəfəlik başa düş ki, sənin bir yazıda deyildiyi kimi, “e-sicilləmələrin” nə indiki, nə də gələcək nəslə lazım deyil. Bəlkə bunu bildiyindən başqalarının yazılarına göz dikirsən. Fakt istəmisən, göstəriblər, amma sözünün üstündə durub üzr istəməyə də cürətin çatmır. Bəsdir də millətin zəhləsini tökdün…


  21. Məsiağa Məhəmmədi adlı istifadəçi, Aprel 15, 2008 tarixində, saat 11:11 yazıb:

    Hörmətli Fərhad bəy təzəlikdə “bloq oğurluğu” mövzusunda yığcam və aşkar mövqeli bir məqalə yazıb. Bu linkdən oxuya bilərsiniz:

    http://news.azeriblog.com/2008/04/14/bloglarda-oghurluq


  22. Novarg adlı istifadəçi, Aprel 15, 2008 tarixində, saat 12:40 yazıb:

    Əşşi, tapın, asın Aydin Xan`ı, qurtarsın bu məsələ…


  23. artyazar adlı istifadəçi, Aprel 15, 2008 tarixində, saat 14:02 yazıb:

    Diqqət: Virtual Kitabxanamızın Şəbəkə Heyətinin qərarına əsasən bizi ədəbi oğurluqda ittiham edib, amma əcnəbi müəlliflərin izni olmadan əsərlərini geninə-boluna istifadə edənlərin (görəsən müəlliflik hüquqları ancaq qanunları tapdayanlar üçündürmü!!!) “yazıları” e-kitabxanadan xaric edildi…


  24. Rebiqe adlı istifadəçi, Aprel 16, 2008 tarixində, saat 10:12 yazıb:

    Azeriblog-a ne olub, bilen var?


  25. Doktor adlı istifadəçi, Aprel 18, 2008 tarixində, saat 00:48 yazıb:

    Aydın X., sən Allah, tumanını başına çəkib, hay-həşir salan bəzi e-varlıqlar kimi davranma. Özünü e-məkanda Azərbaycan e-sözünün e-qeyrətini çəkən tək e-kişi kimi qələmə vermə. Bu işləri səndən qat-qat dərindən bilənlər hadisələri və sənin işləklərini görür axı… Sənin hansı adlar altında, hansı bloqlarda, real həyatda nə məzhəbə qulluq etdiyin də gözdən yayınmır. Qələmi olan, ya da qələm və sözdən çox uzaq olan mənsəb sahibləri qarşısında özü də öz təşəbbüsünlə nə oyunlardan çıxdığın da axı göz qabağındadır. Heç bir dəxlin olmadığı halda yeri gəldi-gəlmədi dəm vurduğun, utanıb-qızarmdadan özünü uzmanı kimi göstərdiyin kulturologiyanın əlifbasını oxumağının, özü də yaxşı-yaxşı oxumağının sənə faydası olar. Amma… Nə faydası?! Qabında olmalıdır hərənin… Ümumiyyətlə, düzgün yazıb-oxumağı, normal düşünməyi, özünə halal yolla qazanc yolu tapmağı öyrənməyin çox yaxşı olardı, çımı zua…


  26. Zaur adlı istifadəçi, Aprel 18, 2008 tarixində, saat 08:58 yazıb:

    Salam. Aydin Ebilovun E-Tetil, E-Ingilab ve diger “E” qishqirilqari meni chox yorub. Her gun elektron unvanimdan onun onlarla mektubunu silmek zorundayam. Aydin besdir xahish edirem senden. Yorma insanlari. Senin “E” chagrishlarina bir gun “BB” cavabi gelecek ve senin ise bu belke xoshuna geldi-belke de gelmedi.
    Her kese hormetle, Zaur

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: