axta yaddaşın rapsodiyası
biz yaddaşı axtalanan bir nəsilik,
bizim yaddaş teleskopu çilik-çilik,
qıyma-qıyma ovxalandı,
Umay anam, Alp Ər Tonqa
yad Konqodan daha yaddı.
içimizdə yalanlardan
banan bitib dadlı-dadlı.
yoxsa Missisipidən gəlmiş bir hippi
öyrətdi bizə tibbi?
bürküdür qardaş,
bürkü, axta və saxta bir bürkü,
bürküyə düşən kimi,
tərsinə geydik kürkü.
xəyal geniş dünya dar,
Parisin xanımları, Şirazın güllüyü var.
girmək üçün güllüyə, baş vururuq küllüyə.
hardasan atam Qazan,
hardasan ay Qaraca,
yadlardan qorxumuz yox,
bizi doğmalarımızın soyuqluğu qıracaq.
azadlığa heykəl
indi Çe Gevara zamanı deyil,
Marksı da unudublar okullarda,
dadlı urus qızlarıyla Amerikanı düşünürük,
tərli şuşələrdən pivə darta-darta.
kovboy baxışlı toranlıq musiqi örkənləyir,
boston bizonları boylanır kefli kəlmələrdən,
səhra yuxusunda,
yumurta sarısına dönür yaşıllıq,
biz dollar yaşılının nəşəsindəyik.
hava qızdıqca soyunma həvəsi gəlir,
kefli gözlərdən şəhvət sorur kondissioner,
ibadət vaxtı çatıbsa da, məscid kümbə
qara köynək altından
bəyaz məmələr kimi boylanır.
kefli yataqlara köçdü cıdır meydanları,
savaşın tamı dodaq dalayır öpüşlərdə,
bu axşam azadlığımızın əsirliyindəyik,
bəlkə də,azadlığın son ucu köləlikdir, kim bilir.
daha Çe Gevara zamanı deyil,
Marksı da unudublar okullarda,
tərli şüşələrdən pivə darta-darta
azdlığa heykəl qoyuruq, uruslu, türklü.
yanki saqqızı
qaz boyunlu raketlər tuşlanıb şəhərlərə,
ölüm şevroledə qovur qurbanlarını,
heç kim ölmək istəmir cavan yaşında,
ölümə petrol verməyin, əfəndilər.
şeraton otellərində hücrələr rahat,
yaşamına uyuşmursansa, get uyuşdurucudan uy,
dünyadan bezənlər özünü körpüdən atır,
körpüləri hündür qayırmayın, əfəndilər.
göydələn banka binalrı Tanrıdağ görkəmində,
dolların yaşılı tanrı gülüşündə çalar,
indi çılpaq ilahələr dəbdədir, tapınmağa,
Məryəmi aparın məkkədə soyundurun, əfəndilər.
təkqol piratlar Las-Veqasda qaz gəzir yolmağa,
atmosferdə dəlik açdı turşumuş adamların qazı,
amerika saqqız çeynədir dünya boyu hamıya,
çənənizi bərk qoruyun, əfəndilər.
Yağmurlu qadın bədəni
solo konsertlərini bitirdi qurbağalar,
söyüd budaqlarından sallama baxır sıcaq.
antenlər ulduzları dördqulaq dinləyirlər,
mən gecə yağmurunun
pusqusunda durmuşam.
yarasa uçuşları doğrayır səssizliyi,
qaranlığın sirrini kölgələyir işıqlar.
pəncərəyə yapışıb yalnız qadın bədəni,
sevda düşüncələri gecəni soyundurur.
yarpaqlar dalğalıdı, buludlar ləngər vurur,
yosun yorğunluğunda yol çəkir qara gözlər.
Allah olmaq istəyir təkliyin zəvvarları,
sevişmənin dadını sevənlər bilir ancaq.
pəncərəyə yapışıb yalnız qadın bədəni,
mən gecə yağmurunun
pusqusunda durmuşam.
məhəbbət ilahəsi od vurub çıraqlara,
sallama baxır sıcaq,
tən yanır, şəhər yanır.
zolaqlı zebralardan danışır televizor,
Afrika, ah Afrika,
qaranlıqda qara qız.
eşqli düşüncələrdə baobab yanğısı var,
yanğılı sinələrdə antiloplar hoppanır.
mən gecə yağmurunun
pusqusunda durmuşam,
söyüd budaqlarından sallama baxır sıcaq.
bürküdə qoşa yatmaq elə də rahat deyil,
tək Allahın təklərdən xoşu gəlmir, nədəndi?
axsaq duyğular gecəsi
bəlkə də bu gecə, bəlkə də bu parkda,
yanacaq sevginin solğun fanarı,
son dəfə doyunca siqara içib,
axsaq duyğuları yürüdəcəyik.
kolların ardında xəlvəti bir yer,
dadlı bir aləmə qapı açacaq,
qadağan öpüşlər, oğrun öpüşlər,
gecə duasına yalan qatacaq.
kimisə aldatmaq, kimdənsə qaçmaq,
niyə də olmasın, niyə də olsun,
məclisdə hamının burnunun altdan
sivişib sevişmək şirin deyilmi?
dəniz xışıltılı, qaranlıq qatı,
kafedən musiqi axır dörd yana,
nə bilim, bəlkə də elə bilirlər,
mən sənə magiya dərsi keçirəm.
ürəyin çırpınır dalğalar kimi,
mən Mirey Matyeni xatırlayıram,
əlbəttə Sumqayıt Parisə çatmaz,
amma gözəlləri heç də pis deyil.
dəniz xışıltılı, qaranlıq qatı.
seviş ilahəsi Şolpan səmada,
qaynar dodaqların toxunmaları,
gecənin gözündə fanar yandırır.
hər şey elə gözəl, elə gizlicə,
oğrun görüşlərin tamı şirindi,
suçsuz günlərimin susuzluğunu,
bəlkə ayaq üstdə söndürəsən, qız.




Bölmə: 









Çılğın adlı istifadəçi, Aprel 13, 2008 tarixində, saat 22:21 yazıb:
hər şey elə gözəl, elə gizlicə…
scorpion adlı istifadəçi, Aprel 14, 2008 tarixində, saat 00:15 yazıb:
Gözəl şeirlərdir Elxan bəy!!! Sizə də, “Kultaz” idarəçilərinə də təşəkkürlər!!!
P.S.”ürəyin çırpınır dalğalar kimi,
mən Mirey Matyeni xatırlayıram,
əlbəttə Sumqayıt Parisə çatmaz,
amma gözəlləri heç də pis deyil.”-bax burda xətrimə dəydiniz.))) Səhviniz var!!!(ZARAFAT)
tERROR adlı istifadəçi, Aprel 14, 2008 tarixində, saat 07:12 yazıb:
Bu mentiqsiz sheirlerden adam lap iyrendi…
Ryabina adlı istifadəçi, Aprel 14, 2008 tarixində, saat 09:11 yazıb:
Bu şeirləri bu günlərdə bir qəzetdən oxumuşdum…Qəribə bir rahatlıq var Elxan bəyin şeirlərində…Hisslərin dünyagörüşlə və yazmaq bacarığıyla həmahəng ola bildiyi , üstəlik də məhz bir kişi tərəfindən yazıldığı duyulan şeirlərdir…
“Sevilmək istəyi ac yaquardı…” Yazarıların sevilmək istəyi isə Ac İnsandı, Elxan bəy…Ac insan isə ac yaquardan da təhlükəlidir…ÖZÜMÜZÜMÜ QORUYAQ, ƏDƏBİYYATIMIZIMI…?
Sima N. adlı istifadəçi, Aprel 16, 2008 tarixində, saat 18:38 yazıb:
ekzotik epitetlərə yaman meyillisiz…
Salman Aslanbeyli adlı istifadəçi, Aprel 20, 2008 tarixində, saat 00:04 yazıb:
Elkhan Zal primitiv sheirler yazir, bu sheirlerin cismi yokhdu, sozler refin duz qiraginda duzulen stakanlara benzeyir, yoldan mashin kechen kimi, yere desheb chiliklenecek, Elkhan, sheir yazmaqdansa, yaxshi yazilari tap okhu