Qaynar xəbər portalı

Kitab dünyası


TeatrLaura Cəbrayıllı

“Mən uşaqlarımı çox istəyirəm, onlar da məni, bəs onda həyat niyə qüssəli olur?” Xalq yazıçısı Elçinin personajının dilindən səslənən insanın, sənətin bu əzəli, əbədi sualına indiyədək yüzlərlə cavab verilib. Amma bu cavablar və insanların gündən-günə dəyişən həyat tərzi adamların arasında özünü tək-tənha hiss edənlərin sayını azaltmır ki, azaltmır.
Aprelin 11-12-də Akademik Milli Dram Teatrında premyerası keçirilən “Arılar arasında” tamaşasının qəhrəmanlarının hərəsi bir cür tənhadır. Adamlar arasında özünə qulaq yoldaşı, sirdaş tapmayan Baba (Nurəddin Mehdixanlı) dağların qoynunda dinc, sakit həyat qurub. Onun yalqızlığı dərhal görünsə də, şəhərdə yaşayan doğmalarının tənhalığı məhz arıların arasında üzə çıxır. Dincəlmək üçün dağların qoynuna üz tutan ailənin arzu və ümidlərini arılar və insan cəmiyyəti yox, özləri alt-üst edir.
Əslində təklik və tənhalıq mövzusu Elçinin yaradıcılığında, xüsusən dramaturgiyasında mühüm yer tutur, amma “Arılar arasında” görünən insan tənhalığı bir başqadır. Əgər “Qatil”də insanın psixoloji sarsıntıları daha qabarıq görünürdüsə, “Arılar arasında” daha çox cəmiyyətin iç üzü, astarı açılır. Baba hər addımbaşı onu arı kimi sancanlardan, başqa sözlə, “insan zəhəri”ndən qurtulmaq üçün dağlara çəkilib. İnsan üzü görmədiyi, səs-küylü şəhər həyatından ayrıldığı üçün mənəvi rahatlıq tapıb. Qısamüddətli olsa belə, məhz belə bir rahatlığa qovuşmaq arzusuyla qızı, kürəkəni, nəvələri arıların arasına, yəni təbiətin qoynuna (saf, duru bir məkana) gəlirlər. Burada bir ailənin üzvlərinin bir-birindən nə qədər uzaq olması üzə çıxır. “Məni gərək arı sancsın? 35 ildir ki, məni sancırlar…” Bu sözlər personajın incikliyi ilə yanaşı, insan cəmiyyətinin, Azərbaycan ədəbi mühitinin təbii mənzərəsini canlandırır. Kimdir quzuların kəsilməsinə etiraz edənlər, gözəl, poetik cümlələrlə ətrafındakıları humanizmə çağıranlar? Hadisələrin dramatik inkişafı gözəl sözlərin həqiqət olmadığı və ya həqiqətin gözəl sözlərlə ifadə edilmədiyini üzə çıxarır. Bu insanın və cəmiyyətin simasıdır: heyvanların kəsilməsinə etiraz edən sentimentallar quzu kababının ləzzətindən doya bilmirlər! Sözü ilə əməli tərs mütənasib olan insanlardan üz çevirib “içək arıların sağlığına” demək olar, amma arılar aləminin (bir başqa dünyanın, şəraitin, arzulanan irreal məkanın və s.) ədaləti də mütləq deyil. “Pətəkdəki bütün arılar Ana arıya qulluq edir, amma qocalanda onu öldürüb təzəsini seçirlər”. Bu da örnək gətirilən arı sədaqəti, arı fədakarlığı, tez-tez misal çəkilən arı ailəsinin monolitliyi! Ona görə də, Ana arının portreti yarımçıq qalır, bütövləşə bilmir, çünki o da qatildir. “Məgər insanların özləri bütövdür?” - arının bu sualında azacıq improvizə ilə cavab da var: çəkilən, əbədiləşən insan portretləri də yarımçıqdır! Bu həqiqətdən qaçmaq, insanlardan küsmək-incimək çıxış yolu deyil. Ona görə də Baba yenə də insana sığınır, həyatını dayə ilə birgə davam etdirməyə qərar verir. Həyat da elə budur – arıların (insanların) sancmağı, küləyin əsməyi, bir şüşə şərab, küsüb-barışmaq, xoşbəxtlik axtarışları…
Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda, xalq artisti Firəngiz Mütəllimova, əməkdar artist Cəfər Namiq Kamal, Mətanət Atakişiyeva və başqalarının ifasında canlanan bu müasir həyatın dramatikliyindən çox, adiliyinə alışmışıq. Cavanların özlərindən əvvəlki nəslin bostanına daş atmasına, “əhədi kəsilən atların güllələnməsi” və ya Ana arının qocalanda öldürülməsi həqiqətinə, eləcə də insanların arı kimi sancmasına Məşədi İbad demişkən, bir növ adətkərdə olmuşuq. Bəlkə ətrafımızda baş verənləri “Həyat budur!” təsəllisi ilə seyr etmək vərdişindən qurtulmağın, nələrəsə asanlıqla adətkərdə olmağımızın səbəbini axtaraq? Bəlkə bu səbəblərin varlığını və ya əksinə, yoxluğunu özümüz üçün dramatikləşdirək? Yəni, doğrudanmı, insan arı kimi sancmasa və ya onu arı kimi sancanlara dözməsə, ölə bilər?! Yaxşı dramatik suallardır, amma heyf ki, həyati deyil…
Həyatdan fərqli olaraq, dramaturgiya qəfil, gözlənilməz döngələrdir, birindən qurtulan kimi, yoluna o biri çıxır, başqa sözlə, tamaşaçıya nəfəs almağa aman verilmir. “Arılar arasında” isə yetərincə düşünməyə, “həyat nədir” sualına verilən cavabları xəyalında saf-çürük etməyə imkan var. “Həyat nə çox pis, nə də çox yaxşıdır” (G. D. Mopassan), “Bütün xoşbəxt ailələr bir-birinə oxşayır, bədbəxtlərin hərəsi bir cür bədbəxtdir” (L. Tolstoy) qənaətləri yada düşür. “Arılar arasında”kı təhkiyə və təsvir, hekayəçilik, üstəlik mövzunun çağdaşlığı və aktuallığı müəllifin dramdan daha çox, məhz publisistikadan ötrü darıxdığını deməyə əsas verir. Yəni geyim (forma) bədənə (məzmuna) münasib seçilir. Bu baxımdan, hekayə, publisistika, dram, tragediya üçün seçilən mövzular ilk növbədə bir-birindən fərqlənir. Əslində roman və ya povest əsasında çəkilən filmlərin, qoyulan tamaşanın adətən zəif alınmasının əsas səbəbi də elə budur.
“Arılar arasında” Firəngiz Mütəllimovanın aktyor plastikası, Cəfər Namiq Kamalın simasında dalğın, qətiyyətsiz kişi obrazı, gənc qızın ağırlıq qaldırma yarışlarında qalib olmaq iddiası ilə müasir qızların çiyinlərinə ağır yük götürməyə can atması, Nurəddin Mehdixanlının yaşa dolması faktı və s. və i. göründü. Rejissorun it-pişiyi XXI əsrdə tamaşaçıya oyuncaqlarla təqdim etməsi isə bir tamaşa və ya tapmaca idi. Əgər personajlar it-pişik əvəzinə onların oyuncaqlarına quluq etmələri ilə təsəlli tapırlarsa, həqiqətən də vay onların halına, yox əgər rejissor qəhrəmanların heyvanlara qulluq etdiyini göstərmək üçün səhnəyə bu oyuncaqları gətiribsə, onda… /APA






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (6 səs, təxmini: 4.17 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə axşamı, Aprel 15th, 2008 tarixində 10:30 radələrində Teatr bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

3 şərh var


  1. aya apa adlı istifadəçi, Aprel 16, 2008 tarixində, saat 00:22 yazıb:

    menasiz tamasha./ cana doymushuq onun problemsiz, temin olunmush heyatinda yazichi-dramaturq meni uchun uydurdugu problemlerden. tenhaliq, delilik. .. hamisinda da bir qram semimiyyet yox. bele davam etse, michekler arasinda boyuyen gelecek nesiller bele menasiz eserleri cheyneyecek. nece ki, butun incesenet universiteti elmi ishlerinde “I.efendiyev yaradiciligini” saqqiz kimi churudur.


  2. Atagam adlı istifadəçi, Aprel 17, 2008 tarixində, saat 15:43 yazıb:

    Tənhaliğı yazmaq asan iş deyil -onu ancaq yaşayıb yazmaq olar. Əgər öləndə səni morqdan götürən yoxdursa, həə, bax onda tənhasan -:)


  3. gezetci adlı istifadəçi, Aprel 18, 2008 tarixində, saat 11:21 yazıb:

    Elcin muasir Azerbaycan Edebiyyatinin sedevrlerini yaratmish boyuk yazici-dramaturgdur. Laura xanimi yazisi munasibetile algislayir, boyuk yazicimiza ise ugurlar arzulayiram.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: