Qaynar xəbər portalı

Kitab dünyası


Kitab2007-ci il avqustun 24-də prezident İlham Əliyev Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik «Dünya ədəbiyyatı kitabxanası» toplusunun nəşr edilməsi haqqında sərəncam verib. Dekabrın 30-da isə dövlət başçısı topluya daxil edilən əsərlərin siyahısını təsdiqləyib. Ancaq indiyədək toplunun nəşri istiqamətində hər hansı irəliləyiş hiss olunmur.
Sərəncamda Nazirlər Kabinetinə tapşırılırdı ki, Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Yazıçılar Birliyinin tövsiyələrini nəzərə almaqla «Dünya ədəbiyyatı kitabxanası»nın nəşri ilə bağlı təkliflərini bir ay müddətində prezidentə təqdim etsin.Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov «Media forum» saytına bildirib ki, nazirlik digər qurumlarla birlikdə öz tövsiyələrini Nazirlər Kabinetinə təqdim edib: «Bizim nazirliyin tövsiyəsi o olub ki, dünya ədəbiyyatının nümunələri yüksək səviyyədə tərcümə olunsun, kitablar nəfis şəkildə çap edilsin və s.»
İ.Hümbətovun sözlərinə görə, tövsiyələr Nazirlər Kabinetinə göndəriləndən bəri nazirliyə hər hansı əlavə tapşırıq verilməyib.
Milli Elmlər Akademiyasının müxbir üzvü, humanitar və ictimai elmlər bölməsi üzrə katib Ağamusa Axundov «Media forum» saytına deyib ki, hazırda «Dünya ədəbiyyatı kitabxanası»nın nəşri istiqamətində hər hansı iş getmir.
Yazıçılar Birliyinin katibi Ədalət Əsgəroğlu da kitabların nəşri ilə bağlı hər hansı məlumata malik olmadığını söyləyib. Onun sözlərinə görə, ədəbiyyat adamları arasında bəzi səthi xəbərlər dolaşsa da, rəsmi hər hansı xəbər yoxdur.
Bədii Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud «Media forum»a açıqlamasında bildirib ki, «Dünya ədəbiyyatı kitabxanası» toplusuna daxil ediləcək Nobel mükafatı laueratlarının əsərlərinin çapa hazırlanması onlara tapşırılıb: «Hazırda tərcümə işləri davam edir. Müqavilə bağlanıb, tərcümə sahəsində müəyyən qədər təcrübəsi olan, yüksək qabiliyyətə malik tərcüməçilərə işlər həvalə olunub. Məsələn, Vilayət Hacıyev alman dilindən Henrik Böllün əsərlərini çevirməklə məşğuldur. Hazırda tərcümələr üzərində işləyənlərdən Tehran Vəliyevin və digərlərinin adlarını çəkmək olar. Frans Kafkanın da əsərlərini «Dünya ədəbiyyatı kitabxanası» üçün bizim mərkəz hazırlayacaq. Düzdür, Kafka Nobel laureatı deyil, amma onun əsərlərinin tərcüməsi ilə Bədii Tərcümə Mərkəzi məşğul olub. Ona görə düşünürəm ki, yeni nəşr üçün Kafkanın əsərlərinin tərcüməsi də bizə tapşırılacaq».
Nazirlər Kabinetinin humanitar şöbəsindən «Media forum»a deyiblər ki, sərəncamdan irəli gələn bütün məsələlər Prezident Aparatının humanitar siyasət məsələləri şöbəsinə tapşırılıb.
Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədov «Dünya ədəbiyyatı kitabxanası» toplusu çərçivəsində əsərlərin tərcüməsi ilə bağlı hər hansı quruma, o cümlədən Bədii Tərcümə Mərkəzinə heç bir tapşırıq verilmədiyini bildirib: «150-dən çox kitabdır və onların tərcüməsi ilə bağlı bölgülər aparılır. Hazırda iş gedir. Bu bir günlük, iki günlük iş deyil, xeyli müddət lazımdır. Yalnız onu deyə bilərəm ki, iş gedir və vətəndaşlar bunun nəticəsini görə biləcəklər».






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: