Qaynar xəbər portalı

Kitab dünyası


Yafəs TürksəsŞairin ad gününə dozadan artıq tərif

Kənan HACI

Bakının yağışlı-çiskinli soyuq payız axşamlarından birində dünyanın qırxdüyünlü sualları ilə təktəbək qalanda necə hövlənmişdimsə, tezcənə qarşıma çıxan taksini saxlatdırıb kəndə qayıtmışdım və dostum Sahibi isti yorğan-döşəkdən qaldırıb, ta sübhəcən girinc eləmişdim.
Çöldə canüşüdən havaya külək də öz əlavələrini edirdi və içəridə çırtaçırtla yanan sobanın istisindən yanaqlarımız allanmışdı. Şübhəsiz, tut arağı da öz işini görmüşdü. O gecənin ən əlamətdar hadisəsi isə Sahibin qəfildən, mənim heyrətimə səbəb olan bir ahənglə sevgi şeiri oxuması oldu. Sonra barmaqları arasında boşuna yanıb gedən siqaretin tüstüsünü iştahla sinəsinə çəkib üfuqi xətt üzrə düz sifətimə üfürdüyünü xatırlayıram. Mənasız cəhd idi, gözlərinin yaşardığını artıq görmüşdüm. O şeir Yafəs Türksəsin şeri idi. «Qorxu» şeiri.

Hərdən bir gözəlin gözündən baxır,
On yeddi yaşında qalan gözlərin.
Dalınca heyrətdən daşa dönürəm
Sənin saçlarınla gedən gözəlin…

Dalğın qüssəli baxışlarını üzümə zilləyib dedi; - Yadındadı, Yafəs bu şeiri sənin ad günündə oxumuşdu…
Və o vaxtdan hər dəfə Sahiblə görüşəndə şeirsiz ötüşmürük. Sahibə poeziyanı Yafəs sevdirib. Tək bircə şeiri ilə, özü də bilmədən.
Şeirin hamı üçün əlçatan bir məşğuliyyət olduğu indiki dövrdə Yafəs olmağın çətinliyi, bu müstəsnalığın yükünü daşımaq (müvazinətini itirmədən!) alın yazısından, tale payından öncə, şüuraltı təkanların yaratdığı fikir, düşüncə zəlzələsidir.
Yafəs hərdən zarafatla «ədəbiyyatın dirijor çubuğu mənim əlimdədir!» deyir. Drijorun isə qarşısında adətən partitura olur. Yafəs o partituranı da yazıb; «Kardioqram sətirlər».
Bakıda doğulmuş bir adam kimi deyə bilərəm ki, mən bu şəhəri heç vaxt Yafəsin «pay-taxtdan rep-ajiotaj»ındakı qədər çılpaq və miskin şəkildə görməmişdim. Ucalan göydələnlər sizi çaşdırmasın. Bakı bax, budur! Bu şəhərdə

Yaltağa yaltaq,
Haqsıza haqsız
Rolu tapşırılıb.
…Konyak araqdan ucuz
Kolbasa döymə ətdən.

Yafəs isə yaşadığı ömürdə hətta siqaret tüstüsündən də düzlük tələb edən bir şair olub. Belə olmasaydı, ömrün yarı yaşında evi, maşını, vəzifəsi, ən azından pulu olardı. Bugünkü ədəbiyyat bataqlığında öz adını, imzasını təmiz saxlayanlardan biri, bəlkə də birincisi elə Yafəs Türksəsdir.
Yafəs Türksəs indiki postmodern epoxanın ilk baxışda eksperimental xarakter daşıyan poeziyasını yaratdı. Hələ də simvolik düşüncəsinin yamacında gəzişən gül-bülbül şüərasının üstünə dayandığı zirvədən daşlar yağdıran şairin bir həqiqəti var: biz indiyə qədər yaşadıqlarımızın, yaratdıqlarımızın sonrasını yaşamaq məcburiyyətindəyik. Zaman bizi yeknəsək ritmlə addımlamağa qoymur. Olmuşların nəhayətinin, xülasəsinin zamanıdır. Axı biz təkcə post sənət, post mədəniyyət deyil, həmçinin post cəmiyyət dövrünün insanlayırıq.
Polst anlayışının mahiyyəti Son deyil, sonradan ibarətdir, cənablar. Biz post Azərbaycan və postdünya reallığını bütün təfərrüatı ilə çözməliyik. Və bu çözüm prosesində Yafəsin yazdığı «Kardioqram sətirlər» bizə yardımçı olacaq. Onda görəcəyik ki, «zavodlar maketə, adamlar robota oxşayır», bu dünya boğazdan yuxarı sözün ümidinə qalıb», «dişi mırıq şairlər sevgi şeirləri yazır»…
Yafəs ömrünün demək olar ki, yarıdan çoxunu dahi «divanələr» və «təlxəklər» əsri olan XX əsrdə yaşayıb. XX əsr özü isə sanki zəlzələ ritmində yaşayıb və 70 il cənnət qurmaq həşrində hiperbolik gəzişmələr edə-edə (məs: «Cənnət görmək istəyən. Azərbaycana gəlsin!») bəşəriyyəti az qala cəhənnəmin bir addımlığına gətirib çıxardı. «XX əsr - qrimsiz klounların karnavalı». Bu fikrin müəllifi isə təəssüf ki, yadımdan çıxıb. Ötən əsrin xarakterik cizgisini vermək üçün bundan dəqiq yığcam ifadə tapmaq qeyri-mümkündür. Həmin o «divanəliyin» və «təlxəkliyin» poeziyasını və bədii -estetik paradiqmasını Yafəs Türksəs çox ustacasına düzüb-qoşa bilib.
Bu təlxəkliyi fəlsəfədə Nitsşe, incəsəntdə Salvador Dali, siyasətdə Hitler total şəkildə şüurlara yeridə bildilər. «Buhenvald peçindən çıxan anlar», «tanrıların unutduğu Xirosima»…  o təlxəkliyin doğurduğu bəşəri fəlakətlər idi.

Mən rəssam olsaydım,
Çəkərdim bəlkə
Dünyanın qaradan
Artıq rəngini.
Xocalıda itkin, körpə fəryadının
Son ahəngini.

Mən rəssam olsaydım səsləndirərdim,
O susmuş dünyanın vicdan zəngini.

Artıq XXI əsrdir. Rafiq Tağının fikrincə, bu yüz il Azərbaycana priotexniki hoqqalar və «kalaşnikov» səsləri ilə daxil oldu. Bu yüz ildə şeirlə nəsrin sərhədləri pozulacaq. Şeir nəsrə doğru yaxınlaşacaq. Şeirdə nəsrin sərhədlərini pozanlardan biri də Yafəs Türksəsdir və o, bütün parametrləri ilə XXI əsrin adamıdır. Yafəsin ifrat kompomissis naturası «Məndən sonra bir şeir doğulacaq» şerinin hər misrasından boylanır. «Zamanı gözləmək olmaz, ona sadəcə təkan vermək lazımdır. Bu təkanı isə Vladimir Sorokinin «ədəbi narkomanları» verir. Halbuki Rusiyanın özündə Sorokini psixoloji virus, boğucu, kobud vulkan materializmin yetirməsi adlandırırlar. «Proletar uşaqları» isə onu acgözlüklə oxuyurlar. Sorokin post-Azərbaycan məkanında təkrarlanan situasiyadır və bu situasiyanın şüur axınını istiqamətləndirən «kardioqramın sətirləri»dir Yafəsin şeirləri.

Bu günüm elə yalanla başladı…
Səhər-səhər yediyim sosiskadan.
İçdiyim çaydan yalan buğlanırdı.

…Yalan bir dünya yeriyirdi
Üstümə səhər-səhər.

Yalan dünyanın gerçək həqiqətlərini yazan şairin bu kitabını oxuyun. Heç olmasa, bircə günümüz yalanla başlamasın.

P.S. Aprelin 20-si şairin doğum günüdür. Fikirləşdim ki, onu nə ilə təbrik etmək olar ki, könlü şad olsun. Sübh çağı oturub yazını qaraladım. Öz aramızdı, tərifin dozası deyəsən çox oldu.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 1 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə, Aprel 18th, 2008 tarixində 22:32 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. Qəşəm Nəcəfzadə adlı istifadəçi, Aprel 20, 2008 tarixində, saat 11:11 yazıb:

    Kenan, bu yaziya gore ve diqqetine gore saq ol. Men de Yafesi ad gunu munasibeti ile tebrik edirem.
    Yafesin seirleri insan kimi nefes alir…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: