1914-ü ildə Meksikada dünyaya gəldi. 17 yaşından yaradıcılığa başlayan Paz 1990-cı ildə Nobel ödülü aldı. 1998-ci ildə Xərçəng xəstəliyindən vəfat etdi.
Söz və azadlıq
Oranın uzaqlığında
sınırların, ayların bitdiyi oranın uzaqlığında
Sənsizliyin başladığı yerdən
İrəliyə doğru addımlayıram yavaşca
Ulduzlarla, şeirlə, uzaq dənizlərdə məni bəkləyən suların nəfəsi ilə.
Gecəyə anlam qazandırıram
Dan yerinin söküldüyü orada.
Və səhərlə qarşılaşıram.
Günbatan çağını yaradıram
yenə də qaranlıq öz daş yatağından qalxır
Xumar gözləri yorğunca dərin bir yuxu üçün bütün dünyaya dalır.
Mən ağacı
Buludları, qayaları, öngörü zövqünü
Günəşin ışınları parlamadan öncə tərəddüdlü görünən
Və aydınlıqda məhv olan yalanı qəbul edirəm.
Daha sonra
Quraq dağları
Zığlı kəndləri
Kiçik və gözəl gölməçənin varlığını
Bibərin sevgisizliyini və yandırıcılığını
Mənə daş atan yüngülağıl uşaqları
Məni ittiham edən kinli adamları
Və qorxunu
İçimə sindirirəm.
Umudu
Gündüzün yarısını
Günəşin həyəcanlı parlaqlığını
Və öz ərlərinin erkəkliyini məhv edib zövqsüzləşdirən qadınları.
Mən
yaxılmaq və bağırmağı yaradıram.
Gözəl mənzərələri
Zindanı
Bitləri
Siflis xəstəliyini
Sözbazları
Yapışqan və qan soran həşaratları
Səliqəsiz sevişmələri
Gecəyarısı bir məhkumu sorğu-suala tutmağı
Vicdan məhkəməsini
İttihamçını
Müttəhimi
Şahidi.
Diqqətlə baxacaq olsan
Bunların hər üçü də sənsən.
İndi sənin qurtarıcın kim olacaq?
Söz cadusunun hansı pıçıltıları ilə ittihamları rədd edəcəksən?
Ərizələr, istəklər, iddianamələr
Hamısı nəticəsizdir.
Bunlar məhkumluğun qapısını aça bilməzlər.
Bunlar darvaza deyillər, güzgüdürlər
Faydasız-
Yalnız əks etdirər.
Ya da xalqın içinə dönüş:
Bu aydınlıq heç bir zaman məni tərk etmir
Güzgüləri qıracağam
Öz təsəvvürlərimi param-parça edəcəyəm
Çünkü dan sökülüşündə müttəhim və ittihamçı bir-birlərini əyləndirirlər.
Bilgəliyin yalnızlığını və yalnızlığın bilgəliyini
Gündüzü su və çörəklə
Gecəni susuz
Qavrayıram
Kəndin quru torpaqları
Göz qapağı olmayan bir günəşin istisində məhv olmuşdur
Qorxunc bir baxışla.
Ah, ey bilgəlik!
Məhz indilikdə
Keçmiş və gələcək
Nə parlaqlıqla yatırlar,
nə də ümidlə.
Hər şey
Heç bir yerə çatmayan bu əbədiyətə doğru hərəkətdədir.
Oranın uzaqlığında
Yolların məhv olduğu
Sükutun susduğu yerdə
Mən ümidsizliyi kəşf edirəm
Mənə hamilə olan zehni.
Məni kəşf edən bir dostu kəşf edirəm
Tam mənə bənzəyir.
Və mənə heç bir bənzərliyi olmayan bir qadın
Mənim müxalifimdir:
Məndən süslənmiş və bayraqlarla bəzənmiş bir günbəz.
Mənim dalğalarımın ona doğru dırmaşdığı sahil
Mənim gözlərimin aydınlığı ilə
Yenidən abadlaşan xərabə bir şəhər.
Sükutun və bağırtıların ötəsində
Sözü tapıram.
Öz-özünü tapdığı azadlığı
Hər gün məni tapır.
Həyatın sonluluğu
Apar məni ey yalnızlıq,
Apar məni ey röyalar,
Apar məni, ana
Məni, sənin röyalarını görməyə zorla
Küçə
Səssiz və uzun bir küçə:
Qaranlıqda addımlayıram, ayaqlarım daşlara ilişir yıxılıram.
Qalxıram
və bir daha yıxılmayım deyə,
yavaş-yavaş, tam ehtiyatla addımlayıram.
Ayaqlarım səssiz daşlara toxunur, quru yarpaqlara batır.
Bir başqası da mənim arxamca daşlar və yarpaqlar üzərində addımlayır:
Mən yavaşca yerisəm, o da yavaşca yeriyir.
Mən qaçsam, o da qaçır.
Geri dönüb baxıram:
Kimsə yoxdur.
Qaranlıq bacasızdır
Daima küçəyə qovuşan
Bu bucaqdan o bucağa gedirəm.
Məni nə gözləyən
Nə də izləyən var.
Ancaq mən
Yerə düşüb-qalxan bir adamı izləyirəm.
Bu adam məni gördüyündə deyir:
Heç kəs.
Çevirən: Güntay Gəncalp
« Vyanada Hitler haqqında filmin çəkilişlərinə başlanılıb | Əsas səhifə | “Xəmsə”nin bərpası başa çatıb »




Bölmə: 


(1 səs, təxmini: 4 ilə 5)






e110365 adlı istifadəçi, Aprel 23, 2008 tarixində, saat 10:12 yazıb:
Yenə Güntay Gəncalp!!!
Xahiş edirəm, şeirlərin hansı dildən çevrildiyini qeyd edin.
Mübariz Ulusel Muganna adlı istifadəçi, Aprel 23, 2008 tarixində, saat 17:53 yazıb:
Hürmətli Güntay qardaş!
Bir dildən ana dilimizə şeir çevirəndə nəticədə şeir alınacağına nail olmaq lazımdır.Sizin təqdim etdiyiniz yazılar məncə, bu halda sətri tərcüməyə yarayar.
Humanoid adlı istifadəçi, May 3, 2008 tarixində, saat 23:00 yazıb:
Qeweng tercume ve Sheirler!