İlahi insanı qanadlı şəkildə yaradıb,
yalnız duyğularla, səssiz-sözsüz danışmaq üçün yardıb. (Vaqif Bayatlı Odər)
Mirmehdi Ağaoğlu
Proloq
Yəqin ki, cəmiyyətin azsaylı, müəyyən bir təbəqəsi istisna olmaqla, Soljenitsindən sonra Azərbaycanda tanınan ikinci bir rus yazıçısı tapmaq çətin olar. Baxmayaraq ki, rus xalqı zamanın hər kəsimində dünya ədəbiyyatına öz töhfəsini verib, bununla belə yaxın illərdə bizim oxucunun məsəl üçün, V.Sorokini tərcümədən oxumaq ehtimalı sıfırın altındadır. Onun əsərlərində bir qayda olaraq incə duyğularla, erotikayla pornoqrafiyanın sərhəddi itir, onun yaradıcılığında həyatın dibində yer alan səhnələr üzə çıxır, hər şeyi çılpaqlığı ilə verə bilir. Hər şeyi öz adı ilə verir və bunu elə məharətli şəkildə bacarır ki, vasvası oxucu davam gətirməyib qaytara da bilər. Sevinc Pərvanəni, Qan Turalını, Seymur Baycanı, eləcə də məni (təvazökarlıqdan uzaq oldu deyəsən ) əsərlərimizdəki açıq-saçıqlığa, seksuallığı qabartmaqda ittiham edən tərəflər Sorokini oxusalar əlləri üzlərində qalar.
Əminliklə deyə bilərik ki, bizim yazarlarımız nə qədər açıq-saçıq olsalar belə, hələ bizim ədəbiyyatda bu cür açıq pornoqrafik səhnələrlə zəngin bədii əsərlər yazılmayıb. Yəqin bizim cəmiyyət buna hazır deyil və biz də bu hazırsızlığı nəzərə alaraq romandakı pornoqrafik səhnələrin üstündə hiss edilmədən keçəcəyik.
“Buz”lu yollarla
2006-cı ildə V.Sorokinin içinə “Bro yolu”, “Buz”, “23000” romanlarının daxil olduğu trilogiya işıq üzü gördü. Sorokin “Buz”un üzərində düz beş il çalışmışdı. Kitab o qədər ciddi alınmışdı ki, hətta tənqidçilər də bunu Sorokinin yazdığına şübhə etməyə başlamışdılar, trilogiyada əvvəlki açıq-saçıq, həyasız, “iyrənc”, “ürək bulandıran” Volodyadan əsər-əlamət yox idi.
Sorokin ədəbiyyata yeni baxış bucağı gətirib, bakirə ədəbiyyat pərisini axşamları C.Cabbarlı heykəli ətrafında dövrə vurub dayanan 5-10 manatlıq fahişəyə çevirib. O deyir: “Çoxları elə bilir ki, ədəbiyyat bakirə qadındır, lakin o çoxdan bəkarətini itirib”. O həm də deyir: “…ədəbiyyat moralist əsər deyil, bədii əsər oxucunun dincəlməsi, zövq alması üçündür, ona əxlaq dərsləri keçmək üçün deyil, ədəbiyyat necə yaşamağı öyrətmək üçün deyil”.
Sorokinin trilogiyası bir suyundan da K. Vonnequrtun “Pişik beşiyi” romanını xatırladır, hər ikisində axirətin əlamətləri var- dünya Apokalipsisin bir addımlığında dayanıb, lakin Olqa və Börnün səyləri nəticəsində Dünyamız xilas olur. Romanın əsas özəlliyi ondan ibarətdir ki, Sorokinin uydurmasına oxucu da inanmağa başalyır və əsərin elə bir yeri gəlib çatır ki, oxucu qərar verə bilmir kimin tərəfində dursun, seçilmiş, sarı saçlı, mavi gözlü (İşıq Qardaşlığının üzvləri bu əlamətləri ilə fərqlənirdilər) İçıq Qardaşlığının, yoxsa bizim kimi insanların tərəfindəmi. Amma bizim kimi qara saç, qara göz oxuculara yüz faiz məlumdur; dünyanın sonu Sorokinsayağı gələrsə, o zaman biz seçilmişlərin sırasında yer almayacağıq.
İşıq Qardaşlığı və ya mavi gözlü divlər
Romanda dünyanı yaratmış İşıq Qardaşlığından bəhs edilir. Öncə Başlanğıc İşıq var idi. Və özü özü üçün işıq saçırdı. Və iyirmi üç min işıq daşıyan şüadan ibarət idi. Mütləq Boşluqda mövcud olan bu Başlanğıc İşıq – iyirmi üç min işıq şüası bütün kainatı, ulduzları, meteoritləri, kometləri, planetləri, o cümlədən Yeri yaratdı. Yer – İşıq Qardaşlığının ən böyük səhvi idi, biologiyadan bəlli olduğu kimi Yer səthini örtən sudan ilk canlılar yaranmağa başladı. Beləcə İyirmi üç min işıq şüaları insanlara çevrilirlər. O zamandan bu yana yalnız sarı saçlı, mavi gözlü insanların bədənlərində yer alıblar. İşıq şüaları özləri bilmirlər. Onlar, bu iyirmi üç min işıq şüaları yenidən ayılıb birləşməlidirlər ki, kainatın bağrında qara yara olmuş bu Yer planeti kainatdan silinsin, disharmoniya, anormallıq aradan qalxsın. Yatmış qəlbləri isə 1908-ci ildə Sibirə düşmüş Tunqus meteoritinin buz parçaları ilə oyatmaq mümkündür. Beləcə 1920-ci illərin sonlarından başlayaraq ilk ayılmış Bronun vasitəsilə İşıq Qardaşlığının digər yatmış üzvlərinin axtarılıb tapılması prosesləri başlayıb bizim günümüzə- iyirmi üç mininci adamın tapılmasına qədər davam edir.
İnsan- ət maşını
Romanda insanlığa, bəşərin tarixinə İşıq Qardaşlığı üzvlərinin gözü ilə nəzər yetirilir, insanlar ət maşınları adlandırılır. Bronun oyanandan sonra ilk gördüyü mənzərə meşədə vəhşi bir ayının, parçaladığı ana maralın balasını öz balasına yedirtməsi olur. Son illər vegeterianlığa meyl etmiş Sorokin oxucuda ətə qarşı nifrət oyatmağa çalışır; bu amansız dünyada qurbağalar həşəratları, ilanlar qurbağaları, yırtıcı quşlar ilanları yeyir, insan isə ən böyük yırtıcıdır. Onun üçün də qardaşlığın üzvləri təbii, emal olunmamış qida ilə qidalanırlar, yalnız mer-meyvə, bitki toxumları yeyirlər, ancaq su içirlər. Sorokin insanı yırtıcı kimi qələmə verir. Quranda yaradılmışların əşrəfi kimi vəsf olunan insana “Buz”da tamam fərqli cür baxılır, o hər şeyi yeyib məhv edən yırtıcıdır, anormaldır, anomaliyadır və demək ixtiyari anomaliya kimi tarazlığın pozulması, nizamın dağılmasıdır. Bizim planet Kainatın səhvidir, məhvə məhkumdur. Gəlin elə Sorokinin özündən iqtibas edək: “ Əzizim, siz anlamaq istəmirsiz ki, bizim planet nə qədər unikaldır, - Volf ona deyirdi. – inanın, Kainatda bunun oxşarı olmayıb və olmayacaq. Başqa planetlərdə bizimlə eyni şüura malik varlıqların, həyatın yeni formalarının olması haqqında mühakimələr cəfəngiyyatdır. Milyardlarla planetlərin heç birində belə həyat yoxdur və ola bilməz. Yer Kainatda taysızdır, unikumdur. Homosapiens isə iki dəfə artıq, üç dəfə artıq unikumdur. Və əgər bu belədirsə, o zaman Yerə anomaliya kimi, qeyri-adi planet kimi, Kainatın bədənindəki boşluq kimi baxmaq lazımdır”.
Sovetlər dönəmində İşıq Qardaşlığı
Trilogiyaya daxil olan romanlardan “Buz” birinci çap olunsa da, kitabda “Bro yolu”nun davamı kimi verilir. Bro bilir ki, yenidən Başlanğıc İşığa qayıtmaq üçün ona- İşıq Qardaşlığının üzvlərinə silah, pul, hakimiyyətin yuxarı dairələrində dayaq lazımdır. Bu dayaq isə Uzaq Şərq OQPU-nun ( Nə qədər axtarsam da abbreviaturanın azərbaycanca açılışını tapa bilmədim. Yəqin oxucu bunu o qədər də böyük nöqsan saymaz) rəisi ayılandan sonra adı dəyişib İq olan Deribas olur. Bro və Fer qardaşları İqin, dolayısı ilə dövlətin gizli yardımı ilə bütün Rusiya ərazisində axtarışa çıxırlar. “Bro yolu” və “Buz”da açıq-aşkar müəllifin Sovet idarə etmə sisteminə qarşı olan neqativ münasibəti hiss olunur. Sən demə Sovet dövründə düşərgələrə göndərilən, güllələnən, repressiyanın qurbanına çevrilənlər heç də Sovet ideologiyasına qarşı çıxanlar deyillərmiş, onların yeganə günahı İşıq Qardaşlığının üzvləri olmamaları imiş. Bu yerdə Hüseyn Cavidi yada salmamaq olmur, bəlkə onu da “əsərlərində pantürkizmə meyl etdiyi üçün” deyil, İşıq Qardaşlığının üvü olmadığı üçün sürgünə göndəriblər. Əlbəttə ki, bu Sorokinin versiyasıdır, onun 70 illik Sovet dönəminə baxışıdır.
Bunu da qeyd etmək yerinə düşərdi; Sovet dövründə çəkilən bütün filmlərdə, yazılmş romanlarda, poemalarda, pyeslərdə bir qayda olaraq almanlar ən qəddar, ən alçaq, mədəniyyətsiz, əxlaqsız obraz kimi verilib. Biz indi erməniləri nəyə bənzədiriksə, həmin əsərlərdə də almanlar o nəsnələrə bənzədilib. Bəlkə də romanda almanlardan bəhs edən hissəni –Xramın xatirələrini – bir filippinli, amerikalı, perulu və ya çinli oxusa, çaşqınlıq hissi keçirməz, lakin “Əsgər atası”, “Sakit üfüqlər”, “Uzaq sahillərdə”(mən yalnız ən çox yadımda qalanlarını saydım) filmlərinə baxa-baxa böyümüş keçmiş sovet vətəndaşı üçün bu hissələrin üstündən hiss olunmadan, götür-qoy etmədən keçmək mümkün deyil. Xram yadına salır; “almanlar bizim kəndə daxil oldular. Nisbətən yaşlıları kənddə qaldı, Ordunun cavan hissəsi isə daha qabağa- Rusiyanın içərilərinə doğru irəlilərdilər. Kənddə qalan almanların ilk işi tualet tikmək oldu. Almanlara qədər bizim kənddə bir dənə belə, tualet yox idi, nənəm, babamgil, valideynlərim “ağır iş” üçün evin dalındakı baxçaya, biz balaca uşaqlarla bostana, hara gəldi gedərdik. Almanlar üç il bizim kənddə qaldılar, kimsəyə bir güllə də atmadılar… ”
Ürək və çəkic
Yadımızdan çıxmamış onu da deyək ki, yatmış ürəkləri oyatmaq üçün xüsusi buz çəkicdən istifadə olunurdu. Bunun üçün Tunqus meteoriti parçasından emal olunub xüsusi ölçüdə düzəldilmiş buz parçası yalnız və yalnız qocalıb qurumuş ağac budağına öz əcəli ilə ölmüş heyvanın (bununla Sorokin təbiətə olan münasibətini bir daha sərgiləyir, İşıq Qardaşlığı üzvlərinin bu humanizmini, təbiətsevərliklərini gördükdə istər-istəməz onlara qibtə etməli olursan) dərisindən hazırlanmış qaytanla bərkidilir. Hazırlanmış həmən buz çəkiclə ürəyin üzərinə- qabırğaya möhkəm döyəclənir, döyəcləmədən silkələnib oyanan ürək isə öz həqiqi adını çağırmağa başlayır. Bu cür qeyri-adi üsulla oyanıb öz adını söyləyən adam qardaşlardan birinə çevrilir. “Lax” çıxan adamları isə ya öldürüb meyitlərini it leşi kimi hara gəldi tullayır, ya da özlərinin gizli emalatxanalarında qul kimi işlədirdilər. Qardaşlığa məxsus şirkətin emblemində təsvir olunmuş al-qırmızı ürək və aşağısında haçalanmış buz çəkicləri isə Qardaşlığın rəmzi sayılır.
“Buz”da pornoqrafiya
2002-ci ildə V. Sorokin oxuculardan biri tərəfindən “Buz” romanında pornoqrafiyanı yaydığı üçün məhkəməyə verildi. Lakin ekspertlər romanda pornoqrafiya tapmadıqları üçün iddiaçının vəsadəti təmin olunmadı. Əlbəttə, mən burda romanda pornoqrafiya olduğu iddia edilən hissəni verə bilərdim, hətta bəzi misallar gətirib nəyin pornoqrafiya olub-olmadığı haqda öz mülahizəmi də yürüdərdim. Ancaq bu yazı bizim ictimaiyyət üçün nəzərdə tutulduğundan buna cəhd etmirik. Ola bilsin ki, “Buz”dakı seksual səhnələri pornoqrafiya adlandırmaq olmaz, lakin “23000”də Noadunopun koqyarunun başına gətirdikləri əsl pornoqrafiyadır ki var. Nə vaxtsa V.Sorokin Azərbaycan dilinə tərcümə olunsa, mütləq “Karamazov qardaşları”nın türkcəyə tərcümədə yaşadığı taleyi yaşayacaq. “Karamazov Qardaşları”nda türklərin Bolqarıstanda xristianların başlarına gətirdikləri “vəhşilik”lərdən bəhs edən hissə türkcə çapda ixtisara salınmışdı. Bəlkə problemin bu cür həlli “Karamazov qardaşları” üçün keçərli ola bilər, lakin hər şeyin çılpaqlığı ilə verildiyi, hər kəsin öz dili ilə danışdığı bir romanda hansı hissəni ixtisar edib hansını saxlayasan, bax bu çox maraqlıdır.
Vladimr+Vaqif
Trilogiyanı oxuyandan sonra müəllifin oxucuya vermək istədiyi mesajlar aydın surətdə hiss olunur. Dünya necə yaranıb? Dünyanı kim yaradıb? Tanrı varmı? Tanrı nəyə oxşayır? Görəsən dünyada bizdən başqa şüurlu varlıqlar vardırmı? və s. bu kimi əbədi suallara özünəməxsus şəkildə cavab verməyə çalışır. Və deyəsən onda alınıb.
İşıq Qardaşlığının üzvləri çox zaman bir-birləriylə adi insanlar kimi nitq orqanlarının köməyi ilə deyil, ürəkləri vasitəsilə, səssiz, sözsüz danışırlar. Normal ünsiyyət üsulu var ikən Sorokinin nə üçün bu cür qeyri-adi üsula əl atdığını anlamaq olmur. Bəlkə o da Vaqif Bayatlı Odər kimi düşünür; ola bilsin ki, həqiqətən ilahi insanı qanadlı şəkildə yaradıb, yalnız duyğularla, səssiz-sözsüz danışmaq üçün yaradıb.
Ola bilsin…
« Robert De Niro terror əleyhinə festival keçirir | Əsas səhifə | Vyanada Azərbaycan ədəbiyyatı gecəsi keçirilib »
Yazıya səs verin
Şərhlər
Bu yazı Çərşənbə, Aprel 23rd, 2008 tarixində 21:25 radələrində Ədəbi tənqid bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.




Bölmə: 









ZUZU adlı istifadəçi, Aprel 24, 2008 tarixində, saat 12:51 yazıb:
belke de
Ox ucu İlahə adlı istifadəçi, Aprel 25, 2008 tarixində, saat 23:43 yazıb:
V.Bayatlını bilmirəm, amma işıq qardaşlığı N.Rerixdə və s. var.
Məncə, V.Pelevin V.Sorokindən dərin yazıçıdır. Onun “Əsil fövqalinsan haqda hekayə” adlı son super-romanı gerçəkliyə vurulan bir şillədir…
Sorokinin açıq - saçıqlığı Mişel Uelbekin məşhur “Elementar hissəciklər” , “Plarforma” romanlarındakına çatmaz. Özüdə ki, bu açıqlıq Sorokindəki kimi epataj, şaşırtma xətrinə deyil, romandakı fəlsəfi ideyanı anlatmaq xətrinədir… Bulqakovun “Master və Marqarita” əsərini hələ indi tərcümə edəndə, gör indi M.Uelbek neçə yüz ildən sonra çevriləcək…
Mirmehdi Ağaoğluna təşəkkür. Kitab təbliği və təhlilinə görə.
Mirmehdi Ağaoğlu adlı istifadəçi, Aprel 28, 2008 tarixində, saat 09:43 yazıb:
sizinle razilaşmaya bilmirem, Sorokin sanki kiminse acığına rus demişkən na zlo əsərlərində pornoqrafiyaya yer veriri. bu onda hiss olunur. sanki ekspriment edir.
Deyməz ox ucu İlahə xanım
sabiq AYO-cu adlı istifadəçi, Aprel 28, 2008 tarixində, saat 14:32 yazıb:
Birinci cümlədən sonra bu cür yaziların müəllifin yemi olmadıgı üzə çıxır
Mirmehdi Ağaoğlu adlı istifadəçi, Aprel 29, 2008 tarixində, saat 09:09 yazıb:
Siz düz tapmısız,birinci defedir bu cür işin altına girirdim:)
canpolad adlı istifadəçi, İyul 26, 2008 tarixində, saat 19:39 yazıb:
SİTAT-
“2006-cı ildə V.Sorokinin içinə “Bro yolu”, “Buz”, “23000” romanlarının daxil olduğu trilogiya işıq üzü gördü.”
mence bu cümle bir az erotik alınib…
1-ci cümle ise- facievi bir sehvdir.