Rejissor Bəhram Osmanov: “Bəzən məcbur edirlər ki, mütləq klassika qoyulsun…”
- Bəhram bəy, «Azərbaycan teatrının islahatlara ehtiyacı var» fikri elə teatr biliciləri tərəfindən mütəmadi olaraq gündəmə gətirilirsə də, öz qüvvəsini təəssüf ki, yalnız sözdə saxlayır. Bunu laqeydlik və yaxud çıxılmazlıq kimi dəyərlindirmək olarmı?
Bəhram Osmanov: Mən laqeydlik və ya çıxılmazlıq adlandırmazdım bunu. Sadəcə olaraq bu islahatlar sənətdə olan, sənətkar sayılan şəxslərin həmişə mənafeyinə toxunduğundan müəyyən maneələr yaranır. Özünüz də bilirsiniz ki, sənət adamları bir qədər kövrək olurlar. Azacıq tərpəniş edən kimi «mən əlli, yetmiş illik ömrümü Azərbaycan sənətinə vermişəm, indi heç kimə lazım deyiləm…» kimi şikayətlər başlanır. Bu baxımdan düşünürəm ki, Mədəniyyət və Turizm naziri köhnə nəsl xadimlərini də təmin edəcək bir islahat proqramı hazırlamaq istəyir. Lakin «teatr sahəsində ümumiyyətlə, islahatlar aparılmır» demək düzgün olmazdı. Son bir neçə ildə dövlətin müxtəlif sənət adamlarına qayğısı, xüsusi imtiyazların, prezident təqaüdünün verilməsi, habelə həvəsləndirmək naminə prezident mükafatlarının təsisatı da islahatların bir növüdür, sənətçini daha yaxşı, inamla işləməyə sövq edir. İslahatların ən yekunu və ən əsası hesab etdiyim Azərbaycan teatr modeli isə çox yaxın gələcəkdə olacaq. Bu istiqamətdə artıq işlər aparılır, dünya teatr modelləri öyrənilir. Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev «Azərbaycan mlli teatr prosesinin çağdaş təşkilatma problemləri» mövzusunda da çox gözəl sənətşünaslığa namizədlik dissertasiyası müdafiə edib.
- Teatrın təşkilati, menecer, prodüsser fəaliyyətinin nəzəri aspektlərinə bu kitabda geniş şəkildə toxunulması baxımından sizinlə tamamilə razıyam. Bundan başqa istər dövlət, istərsə də qeyri-hökümət qurumları tərəfindən də bu mövzuda mütəmadi olaraq maraqlı seminarlar, müzakirələr, treninqlər aparılır. Ancaq bütün bunlar sadalananların təkcə nəzəri tərəfini əhatə edir, təcrübədə isə böyük bir boşluq hiss olunur.
B.O: Mənə elə gəlir ki, buna vaxt, zaman lazımdır. Əməldə artıq xırda-para işlər gedir, baxmayaraq ki, hələ çox hiss olunmur. Düşünürəm, onların səsi-sorağı yaxın gələcəkdə çıxacaq.
- Siz özünüz «Azərbaycan teatr modeli»ni necə təsəvvür edirsiniz?
B.O: Əvvəla, yalnız adı sənətdə olan, işləməyib dövlət imtiyazları sayəsində yaşayanları teatrdan tədricən uzaqlaşdırmaq, çalışqan, zəhmətkeş sənətçilərə isə kömək etmək lazımdır. Digər məqam. Şəxsən mən recissor teatrının tərəfdarıyam. Bu çox gərəkli, eyni zamanda da ağır və bütövlükdə dövlət qayğısına ehtiyacı olan bir məsuliyyətdir. Repertuar teatrlarının daxilində mütləq studiyalar açılmalıdır. Çünki, sənət təhsili görmüş gənclərin teatrda özünə yer tapması uzun prosesdir. Bəzən buna on illərlə vaxt lazım olur. Teatr nəzdindəki studiyalara cəlb olunan gənclər isə qısa zamanda, təxminən iki-üç il ərzində həmin teatra lazım olan üsluba yiyələnib sözün hər mənasında çalışdıqları teatrların aktyorları ola bilmək hüququnu qazanacaqlar. Məhz bundan sonra gənclərə böyük rollar həvalə etmək olar.
- Repertuar teatrından söz saldınız. Gəlin etiraf edək ki, bu gün Azərbaycan teatr məkanında repertuar planı, repertuar siyasəti ya ümumiyyətlə qurulmur, ya da dövrün, zamanın tələbi nəzərə alınmır…
B.O: Repertuar siyasətini qurmaq əslində teatr rəhbərlərinin vəzifəsidir, baxmayaraq ki, təsdiq sonucda Mədəniyyət və Turizm Nazirliyində edilir. Ancaq nazirlik çox vaxt bu işi də öhdəsinə götürür, yəni teatr rəhbərliyi bir qədər səbatsızlıq göstərdiyindən nazirlik repertuar kollegiyasının rəyilə ya maraqlı pyeslər göndərir, ya da onların yazılmasını sifariş edir. Bir sözlə, teatr rəhbərinin əvəzinə düşünürlər. Düzdür, repertuar siyasəti dövrün, zamanın tələbinə uyğun olmalı, teatrda çalışan aktyorların inkişafına xidmət etməli, teatra tamaşaçı gətirməlidir. Ancaq əfsuslar olsun ki, həmin sənət xadimləri rəhbər vəzifəyə keçdikdən sonra öz düşüncəsini həyata keçirmək üçün hansısa bir vaxtın, zamanın yetişməsini gözləyir. Zamansa gözləmir, sənət, yaşadığın cəmiyyətdən ən azı 10 il irəlidə olmalı, cəmiyyətdə baş verən prosesləri 10 il tez hiss etməlidir.
- Müsahibələrinizin birində demişdiniz ki, hər əsəri “Azdrama”da tamaşaya qoymaq olmaz. Siz bir rejissor olaraq bu meyarı necə müəyyənləşdirirsiniz?
B.O: Söhbət təkcə Milli Dram Teatrından deyil, ümumilikdə teatr sənətindən gedir. Bəzən məcbur edirlər ki, mütləq klassika qoyulsun. Razıyam. Klassikada aktyor, rejissor yetişir. Ancaq hansısa klassik əsər dövrün tələbinə cavab verə bilmirsə, yaxud günümüzlə səsləşən kanonlar tapılmırsa, onda həmin əsəri qoymaq lazım deyil. Nəinki klassika, hətta müasir əsər belə dramaturji baxımdan kamil deyilsə, ona quruluş vermək olmaz. Xüsusilə də Akademik Milli Dram Teatrında. Çünki saysız tənqidlərə məruz qalmasına baxmayaraq, bu, respublikada birinci teatrdır. Hansı ki, vaxtilə bütün Azərbaycan teatrlarına örnək olub. Və mən açıq deyirəm, bütün tənqidlərə rəğmən Akademik Milli Dram Teatrı öz normal səviyyəsinə çatandan sonra digər teatrlarımız da düzələcək. Bu, artıq gözəgörünməz bir ənənədir.
- «Teatr cəmiyyəti maarifləndirməlidir» fikriylə razılaşmamağınız artıq mənə məlumdur. Ancaq cəmiyyətin problemlərinin önə çıxarılmasında teatrın aparıcı qüvvə olması da danılmazdır. Qəbul etsək də, etməsək də, bu faktdır. Bu gün Bəhram Osmanovun tamaşaları bu tələblərə nə dərəcədə cavab verir?
B.O: Bəli, insanlar təmizlənirlər də, ruhlanırlar da, cəmiyyətdə düzü və əyrini görürlər, ancaq bütün bunlar tamaşa vaxtı olur. Yəni, cəmiyyətin şüuruna yalnız tamaşa vaxtı təsir etmək mümkündür. Hətta bizim özümüz belə hər hansı bir tamaşanın timsalında balaca bir dünya yaradır, böyük həqiqətlərdən danışırıq. Lakin teatrdan, tamaşadan, məşqdən çıxandan sonra hamı öz həyatını yaşayır. Necə deyərlər, «həyat öz axarı ilə gedir». Qəbiristanlıqda hamı bir olur, onun qapısından çıxan kimi insanlar ölümü də unudur, günahlar da edirlər. Düşünürəm ki, teatr, günah yumaq üçün bir məkandır. Bir məsciddə ibadət edərək günah yumaq olar, bir də teatrda. Təsadüfi deyil ki, müasir insanlar inkişaf etdikcə, daha çox ibadət yerləri və teatrlar tikirlər. Bu baxımdan sənət təsir edə bilər, öyrədə bilməz.
Digər tərəfdən bu, çox yaxşı bir oyun, qəribə bir dəbdir. Çox insanlar ibadət edir, müqəddəs ziyarətgahlara üz tutur. Ancaq sözün əsl mənasında imanlı olmağı hər kəs bacarmır.
- Sizcə, bu gün Azərbaycan seyrçisi daha çox hansı mövzuda tamaşaya baxmağa ehityac duyur?
B.O: Deyərdim ki, bu gün Azərbaycan xalqını daha çox Qarabağ mövzusunda tamaşalar maraqlandırır…
- Ancaq bu mövzuda hazırlanan tamaşalarda təhlil yoxdur.
B.O : Onun üçün də zaman lazımdır. Ümumiyyətlə, vətənpərvərlik mövzusunda əsər yazmaq çox çətindir. Eyni zamanda vacib və gərəklidir. Və mənə elə gəlir ki, Qarabağ mövzusu artıq Azərbaycan və Ermənistan müstəvisindən çıxıb. Bunu izah eləmək də çox çətindir. Şəxsən mən Qarabağ mövzusunda 5-ə yaxın tamaşa hazırlamışam. Ona görə yox ki, hamıdan çox vətənpərvərəm. Sadəcə olaraq mənim qismətimə düşüb. Müxtəlif səpgili, müxtəlif səviyyəli əsərlər olub Azərbaycanın fərqli teatrlarında. Və hər dəfə biz özümüz araşdırma aparmışıq ki, nə dərəcədə bu əsər güclüdür.
Azərbaycan dramaturgiyasında vətənpərvərlik mövzusunda əsərlərin yazılması ətrafında çox söhbətlər olub. Zənnimcə, bu mövzulu pyes çox maraqlı və göstəri gücünə malik olmalıdır. Əgər o göstəri fərqli tərzdə gerçəkləşdirilmirsə, susmaq daha yaxşıdır. Heç olmasa mövzu korlanmasın. Bir sözlə, yalançı vətənpərvərlik mövzusunda əsər yazmaq mənə elə gəlir ki, lazım deyil.
- Son illərdə Akademik Milli Dram Teatrında xoşagəlməz bir ənənə yaranıb. Hər hansı bir rolu həvalə edərkən aktyorun yaşı nəzərə alınmır. Yəni, gənc personajı yaşı 50-ni haqlamış aktyorlar ifa edir. Və yaxud da əksinə…
B.O: Belə hallar ötən əsrin ortalarında da olub. Məni də o vaxtlar bu təzad düşündürürdü- necə olur ki, 50-60 yaşlı aktyor 30 yaşlı və ya daha da cavan rolları oynaya bilir və tamaşaçı da onu qəbul edir. Görünür, o dövrdə daha səmimi olmuşuq və aktyorun böyüklüyü, sənəti bizi məcbur edib ki, onun xarici görkəminə baxmamışıq. Amma bu gün baxılmır. Ümumiyyətlə, aktyorluq çox çətin sənətdir. Bu günkü gənc aktyorun peşəkar gücü çatmır ki, həmin rolun ağırlığını tamaşaçıya çatdırsın. Məsələn, Hamleti oynamağı hamı arzulayır. Hər kəs istər ki, Romeo və Cülyetta rollarını 17-18 yaşında gənclərin ifasında görsün. Lakin rolun yükü o qədər ağırdır ki, peşəkar səriştəsi olmayan aktyor onun öhdəsindən gəlmir.
- Deməli, hər il çox sayda aktyor məzun edən Mədəniyyət və İncəsənət Universiteti teatrların tələbatını təmin etmir?
B.O: Mən də həmin universiteti bitirmişəm. Amma yaşa dolandan sonra düşünürəm ki, mən öz «şirəmdə bişmişəm». Mənim «plyus»larım müəllimlərimlə qurduğum dostluq münasibətlərim olub. Nəsir Sadıqzadə, Mehdi Məmmədov kmi ustadlarla yoldaş olmasaydım, mən də sıradan tələbələrdən olardım. Ancaq butun səmimiyyətə rəğmən, hörmət, dərsdə nizam-intizam vardı. Bəla ondadır ki, Mədəniyyət və İncəsənət Universitetində rejissorluq fənnindən tamam fərqli adamlar dərs deyir. Meditasiyanı bilməyən tələbədən necə müasir artist olacaq?!. Müəllim deyəndə ki, «mən birinci kursun çalışmalarında darıxıram», mən inciyirəm. Çünki, ən maraqlısı elə birinci kursdur. İkinci, üçüncü kurslarda sən artıq bir tamaşa göstərməlisən. Eyni zamanda ustalığı öyrətmək lazımdır. Sənətə gələn şəxs nəyə qadirdir, onu başa salmaq, onlara xarakter yaratmağı anlatmaq lazımdır. Bizsə, tələbəyə birinci kursdan rol oynamağı öyrədirik.
- Müasir dövrdə Azərbaycan aktyorlarında çatışmazlıqlar əsasən hansı cəhətdən özünü büruzə verir?
B.O: Ümumiyyətlə, bu gün Azərbaycan aktyorlarında intellekt yoxdur. Çünki Allahın verdiyi istedada güvənirlər sənət adamları. İnkişafa can atmırlar, 30 yaşdan sonra bitir, dayanırlar. Dövr isə zəhmət tələb edir. Əgər mən bu gün cəmiyyətdən təcrid olunmuşamsa, çox gəzib görməyə imkanım yoxsa belə, ən azı kitab oxumaqla təhsillənməliyəm. Bunun məişət qayğıları ilə əlaqələndirilməsinə də etiraz edirəm. Gündəlik qayğılar hər kəsdə var. Fikirlərim qəddarcasına səslənə bilər. Ancaq «qayğının içində boğulan adam» sənətdən uzaqlaşıb özünə qayğısız iş tapmalıdır. Sadəcə olaraq bəzi insanlar zəhməti sevmilər. Səhnə adamı isə zəhmətsevər olmalıdır.
Dosye:
Bəhram Osmanov- Əməkdar İncəsənət Xadimi, Prezident mükafatçısı
Bəhram Məcid oğlu Osmanov 1985-cı ildə Akademik Milli dram Teatrının kiçik səhnəsində diplom işi üçün T. Uilyamsın «Şüşə heyvanxana» əsərini tamaşaya hazırlayıb. 1987-ci ildə kollektivə quruluşçu rejissor vəzifəsinə götürülmüşdür.
Azərbaycanın bir sıra teatrlarında dəvətlə tamaşalar hazırlayıb.
“Azdrama”da hazırladığı tamaşalar:
* B.Vahabzadə «Hara gedir bu dünya»,
* B.Vahabzadə «Cəzasız günah»,
* V.Babanlı «Ana intiqamı»,
* V.Şekspir «Kral Lir»,
* N.Həsənzadə «Pompeyin Qafqaza yürüşü»,
* Sofokl «Şah Edip»,
* C.Cabbarlı «Ulduz, yaxud Ədirnə fəthi»,
* R.Novruz «Hələ «sevirəm» deməmişdilər…»,
* N.Hikmət «Kəllə»,
* Ə.Əmirli «Köhnə ev»,
* Ə.Əmirli «Varlı qadın»,
* Ə.Əmirli «Mesenat»,
* İ.Əfəndiyev «Xurşidbanu Natəvan»,
* O.İoseliani «Kaş araba aşmayaydı!..» və s.
Sevda Babayeva, “Kultaz”
« Aslan Quliyev. Hekayə. | Əsas səhifə | Vaqif İbrahimoğlu: “Biz teatr dünyasında axırıncı yerdə deyilik” »




Bölmə: 









Vüqar adlı istifadəçi, Aprel 28, 2008 tarixində, saat 18:34 yazıb:
Behram Osmanovla tam raziyam.aktyorlarimizin 85%-i savadsizdir ve cox besitdirler.
olsa olsa letife danishmaqdan bashqa qandiqlari bir shey yox.
Şahanə adlı istifadəçi, Aprel 29, 2008 tarixində, saat 11:46 yazıb:
Bəhram Osmanovun quruluşunda Azdramda «Varlı qadın»,«Kaş araba aşmayaydı!», ÜNS-də “Şekspir”ə baxmışam. Sıradan tamaşalar. Yük yenə aktyorların çiynində. Bunların içində yenə «Kaş araba aşmayaydı» bir az fərqlənirdi.
Azərbaycanda aktyorlar da, rejissorlar da intellekt azlığından əziyyət çəkirlər. Daha doğrusu tamaşaçılar əziyyət çəkirlər.
Bizdə aktyor var, rejissor yoxdur.
Sara adlı istifadəçi, May 1, 2008 tarixində, saat 17:57 yazıb:
Behram Osmanov ozu son bir ilde tamashalarini goruntu xatirine qoyub. Yeni qurulushlari rus demsih “xaltura”dir. Deyesen rejissor artiq ya tukenib, ya da ozunu senete feda etmekden bezib.