Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun rəhbəri İlqar Abbasovla jurnal və Fond haqqında müsahibə
“Biz istəyirik ki, azərbaycanlı deyəndə bütün insanların ürəyi sayğı və hörmət hissləri ilə dolsun”
Bir müddət əvvəl Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun GUAM gənc yazıçılarını Bakıya toplayacağı ilə bağlı xəbər vermişdik. Layihənin iki hissədən ibarət olduğunu da bildirmişdik: Azərbaycan yazıçılarının əsərlərindən ibarət antologiyanın Ukrayna dilində nəşri və Azərbaycan yazıçılarından ibarət qrupun Kiyev şəhərində təqdimetmə mərasimində iştirakı; GUAM ölkələri gənc yazıçılarının əsərlərindən ibarət antologiyanın Azərbaycan dilində nəşri və yazıçıların Bakıya dəvət olunması.Qeyd edək ki, proqram çərçivəsində fondun əsas müttəfiqləri Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfirliyi, Azərbaycan Yazıçılar Birliyidir. Artıq layihənin birinci hissəsi uğurla başa çatıb. Belə ki, aprelin 21-24 arası Azərbaycanın ədəbiyyat adamları - xalq yazıçısı Anar, Siyavuş Məmmədzadə, Rəşad Məcid, Səlim Babullaoğlu, Rafiq Həşimov, Elçin Hüseynbəyli, Vaqif Bəhmənli, xalq artisti Fuad Poladov Kiyev şəhərində keçirilən tədbirdə iştirak ediblər.
Dünən isə, Atatürk mərkəzində son sayı bütövlükdə Azərbaycan ədəbiyyatına həsr olunan “Kiyevskaya Rus” jurnalının təqdimat mərasimi keçirildi. Jurnalın Azərbaycan ədəbiyyatına həsr olunmuş sayı mərhum prezident Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunur. Tədbirdən sonra layihə həyata keçirən Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun rəhbəri İlqar Abbasovla söhbətləşdik.
- Sizin fondun səyləri nəticəsində “Kiyevskaya Rus” jurnalının bir sayının bütövlükdə Azərbaycan ədəbiyyatına həsr olundu. Bakıdakı təqdimat mərasiminə maraq anlaşılandır, bəs Kiyevdəki tədbirlər necə keçdi?
- Xatırladım ki, layihənin birinci hissəsi daxilində “Kiyevskaya Rus” jurnalı bir sayını bütünlüklə Azərbaycan ədəbiyyatına ayırıb - burada həm nəsr, həm poeziya, həm də ədəbi tənqidlə bağlı materiallar yer alıb. Nəşrə nasirlərdən- Anar, Elçin, Rüstəm İbrahimbəyov, Əkrəm Əylisl, Kamal Abdulla, Çingiz Abdullayev, Seyran Səxavət, Rafiq Həşimov, Elçin Hüseynbəyli, Rəşad Məcid, İlqar Fəhmi, Məqsəd Nur, Afaq Məsud, Günel Anarqızı, Bəsti Əlibəyli, şairlərdən- Fikrət Qoca, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Hidayət, Əjdər Ol, Siyavuş Məmmədzadə, Adil Şirin, Salam, Səlim Babullaoğlu, Qulu Ağsəs, Qəşəm Nəcəfzadə, Murad Köhnəqala, Zahir Əzəmət, Nicat və Günel Mövludun əsərləri daxil edilib. Min tirajla nəşr olunan jurnalın tərtibçisi “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğludur, jurnal tanınmış rəsam Mir Teymurun əsərləri ilə illüstrasiya edilib. Nəşrin tərcümə və çap xərcini, eləcə də, yazıçılarımızın təqdimetmə mərasimində iştirakını bizim fond üzərinə götürdü.
Kiyev şəhərinə səfərin ilk günü məşhur “Kiyev” mehmanxanasında Ukraynanın tanınmış ədəbiyyat və mədəniyyət adamlarının iştirakı ilə (Boris Oleynik, İvan Draç, Dmitro Stus, Sergey Qrabar, və b), habelə ölkəmizin Ukraynadakı səfirliyinin və diaspora nümayəndələrinin, eləcə də, mətbuat və televiziya nümayəndələrinin də qatıldığı təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində Azərbaycan tərəfindən səfir Tələt Əliyev, fondun prezidenti İlqar Abbasov, xalq yazıçısı Anar, tərcüməçi və şair Siyavuş Məmmədzadə, Rafiq Həşimov, şair Səlim Babullaoğlu, Ukrayna tərəfindən isə Boris Oleynik, İvan Draç, Dmitro Stus və başqaları çıxışlar etdilər. Bundan əlavə, Azərbaycan mədəniyyətinə xidmətinə görə xalq yazıçısı Anara və xalq artisti Fuad Poladova, Ukrayna tərəfindən isə görkəmli şair İvan Draça və Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Yavorivsikyə fondumuzun təsis etdiyi “Nizami Gəncəvi adına” mükafatı təqdim etdik. Tədbirin ikinci günü Heydər Əliyevi n abidəsi önünə əklil qoyan yazıçıları Azərbaycanın Ukraynadakı səfir Tələt Əliyev qəbul etdi. Daha sonra Kiyev Beynəlxalq Əlaqələr İnstitutunda görüş oldu, axşam isə Ukrayna kino ictimaiyyətinin iştirakı ilə Kiyev Kino Evində Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən “Əlvida cənub şəhəri” filminə baxış keçirildi. Tədbirin sonuncu günü Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya institutunun kollektivi ilə Azərbaycan yazıçılarının görüşü təşkil olundu. Hesab edirəm ki, bu tədbirlər Azərbaycan və Ukrayna yazıçılarının bu cür təmasları, qarşılıqlı ədəbi və mədəni əlaqələrin intensivləşməsi xalqlar arasındakı dostluq əlaqələrinin daha da güclənməsinə xidmət edir. Çox sevinirəm ki, bu istiqamətdə bizim fondun da müəyyən xidmətləri var. Çünki görülən işi xalqımıza xidmət niyyəti ilə görürük və ümid edirik ki, bu, məhz belə qiymətləndirəcək. Amma, bu işin bizim üçün ən əhəmiyyətli cəhəti layihəmizin müstəqil Azərbaycanın qurucusu, böyük Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmasıdır.
- Mümkünsə, oxucularımıza özünüz və rəhbəri olduğunuz fond barədə oxucularımıza məlumat verərdiniz.
- Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu 2007-ci il, avqustun 27-də yaradılıb və həmin il dekabrın 13-də Ukrayna Ədliyyə nazirliyində qeydiyyatdan keçib. Fondun təsisiçisi və prezidenti özüməm. Ukraynada yaşayıram. Üç ildir ki, qardaşlarım İlham və Azər Abbasovlarla birlikdə bütün Ukraynada məşhur olan Polissya şirkətinə başçılıq edirik. “Polissya” şirkəti hal-hazırda Azərbaycan, Ukrayna və Rusiya mətbəxinə aid 120 adda dondurulmuş polufabrikat assortimenti istehsal edir. Şirkət öz fabrikini Kiyevin Brovar rayonunda, Tarasovka kəndində qurub. Eyni zamanda, istehsal olunan məhsullar şirkətin eyniadlı mağaza şəbəkəsi tərəfindən yayılmaqdadır. Mərkəzi Kiyev şəhərində yerləşən fondumuzun fəaliyyətinin məqsədi ölkələrimiz arasında mövcud dostluq əlaqələrini möhkəmləndirmək, Ukrayna-Azərbaycan münasibətlərinə vətəndaş töhfəmizi verməkdir. İndiyə qədər bu istiqamətdə bir sıra işlər görmüşük. Bundan sonra da görəcəyik. Biz istəyirik bizim xalqımızı bütün dünyada olduğu kimi Ukraynada da qədim mədəniyyətə sahib xalq kimi tanısınlar. Biz istəyirik ki, azərbaycanlı deyəndə bütün insanların ürəyi sayğı və hörmət hissləri ilə dolsun. Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu bunun üçün nə iş lazımdırsa, görəcəkdir. Fondun yaranmasına gəldikdə, fəaliyyət istiqamətimizi genişləndirmək istədik və beləliklə, Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun yarandı. Fond yarandığı az vaxt ərzində artıq bir neçə layihə cerçəkləşdirib. Məsələn, Azərbaycanın Ukraynadakı səfirliyinin rəhbərliyilə Kiyev şəhərində görkəmli bəstəkar Qara Qarayevin 90 illiyi ilə bağlı olaraq bəstəkarın əsərlərindən ibarət konsret təşkil etdik. Bu barədə mənim danışmağım bir az yaxşı çıxmır. Bu və ya digər işlərimizlə bağlı ətraflı məlumatları Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun digər işləri ilə bağlı www.mbfuad.com saytından əldə edə bilərsiniz. Bir də, mən sizin sayt vasitəsilə bizim dəvətimizi qəbul edib Kiyev şəhərinə gəldikləri üçün bütün yazıçılarımıza, mədəniyyət adamlarımıza dərin təşəkkür etmək istəyirəm. Ayrıca, bu layihə çərçivəsində bizimlə əməkdaşlıq edən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə və nazir Əbülfəs Qarayevə, Ukraynadakı səfirliyimizə və səfir Tələt Əliyevə minnətdarlıq etmək istəyirəm. Bu gün isə, (dünən) biz Bakıda onu Azərbaycan ictimaiyyətinə təqdim etdik. Bu məni hədsiz sevindirir.
Sağdan sola: fondun qurucuları İlqar, İlham və Azər Abbasovlar
Yazıya səs verin
Şərhlər
Bu yazı Çərşənbə, Aprel 30th, 2008 tarixində 13:32 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.




Bölmə:










oxucu adlı istifadəçi, May 4, 2008 tarixində, saat 16:05 yazıb:
Tebrikler.Ugurlu layihedir.Sag olsun Ilgar Abbasov