Ölümündən qisas alınan sənətkar

Yazar: Admin | Bölmə: Teatr | Tarix: 30 Nisan, 2008

Kamal XudaverdiyevHəsənağa Turabov, Həsən Məmmədov, Əilabbas Qədirov, Bürcəli Əsgərov, Mikayıl Mirzə…. Sonuncu itkimiz Kamal Xudaverdiyev oldu.
Dünənə qədər vardı, bu gün artıq tarixdir. Varlığında ifa etdiyi rolları, yaratdığı obrazlarla «faciə janrının moqikanı» sayılırdı Kamal Xudaverdiyev.
43 il teatrda can qoydu, sənətin bütün ağrı-acılarını, çətinliyini çiynində daşıdı. Teatr tarixində hələ uzun illər araşdırılacaq, təhlilə çəkiləcək «aktyor Kamal Xudaverdiyev» möhürünü vurdu.
Amma deyəsən bu zirvələr də yetərli olmadı. Əks halda… Kamal Xudaverdiyevin dünyasını dəyişməsi əslində şok xəbər deyildi. Həm yaşı, həm son bir neçə ildə xəstəliklə apardığı ölüm-dirim mübarizəsinin qarşısında gözlənilən xəbər idi. Bir də ki, hansımız dünyanın tutub saxlayacağıq, gec-tez hamımızın yolçuluğu bu deyilmi?
Sənət dostları, doğmaları və bir də mərhumu yaxından-uzaqdan tanıyanlar toplaşmışdı Akademik Milli Dram Teatrına, Kamal Xudaverdiyevin sonuncu «çıxışı»na.
Belə mərasimlərin ssenarisi demək olar ki, ənənəvi olduğundan artıq müəyyən təsəvvür vardı. Yəni, gözlədiyim kimi səhnənin ortasında aktyorun cənazəsi qoyulacaq, başı üstündən pərdədən mərhumun böyüdülmüş rəsmi, tabut ətrafında çiçəklər, əklillər, qollarına qara lent bağlamış, yaxalarına aktyorun kiçik şəklini taxmış sənət yoldaşları göz yaşları axıda-axıda fəxri qarovulda dayanacaqar, nəhayət, mərhumun rolları sadalanacaq, bir aktyor kimi qüdrətindən, gözəl insani keyfiyyətlərindən pafoslu, səmimi və qeyri-səmimi xatirələrini bölüşəcəklər və s., i.a. Zənnimdə yanılmadım. Ssenari təqribən həminki idi. Lakin…
«Vida» tamaşası»nda ilk baxışdan cüzi, amma təsir gücü çox az tamaşalarda hiss olunan «rejissor» dəyişikliyi edilmişdi. Bu dəfə müəllif qismində mərhumun sənət yoldaşları və ya ailə üzvlərindən kimsə deyildi. Sifarişin də, quruluşun da «sorağı» tam fərqli tərəfdən – taa «yuxarı»dan gəlirdi. Bəli məhz yuxarıdan sifariş gəlmişdi ki, Kamal Xudaverliyevin nəşi, 43 il sərasər min bir əzab-əziyyətinə qatlaşdığı həyatından artıq sevdiyi doğma teatrında yox, Mahnı Teatrından götürülsün. Cənazəsinə belə, tamaşa zalının qapılarının kilidlənməsi, sənət yoldaşlarının boş zala daxil olub, sonra təəccüb dolu baxışlarla arxa qapıdan yenidən foyeyə daxil olması «mizanı» da taa «yuxarı»dan verilmişdi. Bir sözlə, hər şey «yuxarı»nın nəzarətində idi. Nə Mədəniyyət və Turizm Nazirliyində əyləşən səlahiyyət sahibləri, nə baş nazirin birinci müavini, dramaturq Elçin Əfəndiyevin səyləri, nə də mərhumun nazir dairələrlə yaxından-uzaqdan qohumluğu bu urvatsızlığın qarşısını ala bildi. Yuxarılara edilən uzun minnətdən sonra rəhmətliyə qarşı edilən «böyük jest» vida mərasiminin doğma teatrda olmasına razılıq idi…
«Niyə?»lərin uzun axtarışından sonra məlum oldu ki, sən demə rəhmətlik, sağlığında «yuxarılar»ın çoxunun «bostanına daş atıb». «Yuxarı»da oturaraq özünü Allaha yaxın sayan, bəlkə də elə özlərini Allah təsəvvür edən (əstağfurullah – S.B:) bədbəxt məxluqların gücü yalnız ölüdən qisas almağa çatdı. Təəccüblü deyil. Kişi kimi yaşayıb kişi kimi ölən sənətkara nakişi münasibəti ancaq Azərbaycanda görmək olardı.

***
Sənətdə Kral Lir, Şah Edip, Doktor Dobanezo, Çingizxan, nəhayət Murtuza Muxtarov idi. Həyatda isə mərd, cəsarətli, çətinliklər, badalaqlar qırşısında sınmayan əsl şəxsiyət. Nə dövr, nə zaman, nə də ətrafında baş verən haqsızlıqlar onu bir insan kimi də dəyişdirə bilmədi.
Bir sözlə, sənətdə də, həyatda da əsl moqikan idi… Hətta içkiyə aludəliyi belə, onun bir sənətkar kimi böyüklüyünə kölkə sala bilmədi.
Sağlığında aləmə meydan oxuyurdu Kamal Xudaverdiyev, istər yaratdığı obrazları, istərsə də hadisələrə mərdanə, cəsarətli münasibətilə. Zahirən sərt, ötkəm təsir bağışlayan bu aktyor qəlbən uşaq ruhlu idi.
Teatrın üzləşdiyi problemlər barədə usanmadan, saaatlarla yanğı ilə danışar, sonra da «Niyə?»lər qarşısında acizliyini duyub uşaq tək ağlamağa başlayardı. Ömür boyu sənət sevgisi ilə yaşayan Kamal Xudayevrdiyev dost, yoldaş xatirinə sevdiyi roldan imtina etməyi də bacarırdı. Rol uğrunda az qala yumruq davasına, saç yoldusuna çıxan əksər sənət yoldaşlarına münasibətini isə sadəcə ironik gülüşlə göstərərdi.
Bir neçə gündən sonra, dəqiq desək, mayın 3-də 70 yaşını tamamlayacaqdı. Yubiley mərasimi də planlaşdırılmışdı. Lakin Kamal Xudaverdiyev sanki sonun yaxınlaşdığını hiss edirdi. Teatrın direktor müavini Azər Mirzəyevlə rəhmətliyin ölümündən bir neçə gün öncəki söhbətindən məlum idi:
Azər Mirzəyev : «….Kamal müəllim, inşallah sənin 70 illik yubileyini də keçirəcəyik»
Kamal Xudaverdiyev : «Bəlkə də, amma mən onu görməyəcəyəm…».

***

Teatrın foyesində səssizlik hökm sürürdü. İçin-için ağlayanlar əsəsən aktyorun həmkarları idilər. Əslində isə onları ağladan Kamal Xudaevrdiyevin ölümündən çox, mərhuma qarşı göstərilən münasibət – son yolçuluqda belə həyatından artıq sevdiyi səhnənin qapılarının üzünə bağlanması idi. Hər kəsin gözündə isə bir fikir oxunurdu: «Kamal Xudaverdiyev sonuncu dəfə səhnədən alqışla getməyə layiq deyildimi?!»
Gözlərdə təəssüf, ürəklərdə isə qorxu, həyəcan. Gec-tez onlara da bu cür utancverici mərasimin düzənlənmə təsəvvürünün qorxusu.
Qəribədir ki, bu urvatsızlığı normal qarşılayan (bəlkə də «yuxarı»ları hirsləndirməmək üçün – S.B.) sənət adamları da var. Kimisi bunu sadəcə olaraq «Kamal Xudaverdiyevin qismətinə yazılmış yazı» deyə qəbul etdi. Kimisi də qeyd etdi ki, böyüdüləsi heç nə yoxdur. Vaxtilə Hüseyn Ərəblinski, Tofiq Kazımov, Həsənağa Salayev və b. üçün də vida mərasimi teatrın foyesində düzənlənib. Adları sadalayan görkəmli sənət xadimi deyəsən bir şeyi unudub ki, bu sənətkarlara da düzənlənən bənzər «vidalaşma» məhz «yuxarı»ların qəzəbinə tuş gəldikləri səbəbindən olub. Bir sözlə, hər şey gün işığı qədər aydın idi. Lakin hələ də anlamadığım bir şey var. O da mərhumun oğlu Hüseyn niyə mərasimdəki çıxış sözünü yarıda kəsərək fotorepartyorlara poz verməyə başladı…?!
Olmaya bu da «yuxarı»nın sifarişi idi?!

Sevda Babayeva, “Kultaz”

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

1 Şərh var
Şərh yazın »

  1. Əsas kişi kimi yaşamaqı neçə olməyin fərqi yoxdur qəm etməyin

Şərh yazın