Qaynar xəbər portalı

Kitab dünyası


Abbas AtilayAbbas Atilay

“Bəzən korlar şəhərində gözü görən dırnaqlanmış qadının bu gözlərin nurunu hər an süd gölündə boğacağı ağımtıl qaranlığı - korluğu gözlədiyi kimi gözləyirəm anidən bədənimi saracaq titrəyişi, hər nəfəsimdə “mən artıq dəli oldum” deyəcəyimi düşünürəm, özümü hazırlayıram o müqəddəs ANa- sevgilisi ilə görüş vaxtının yaxınlaşmasından bədənini həyəcan sarmış bir gənc kimi və o EŞQin ayaq səsləri cırpındırır ürəyimi, çıxardır özümdən özümü, küçə ortasında küçələrə, otağımdakı qaranlığın diblərinə, həyatımın cöküşünün rənglərinə sığmıram artıq, dəniz sahilində suyun sonsuzluğu da susur içimdəki səbəbsiz fırtınaya. Bəzən sabahın alatoranlığında məni qəfil oyadan varlığın şahmat taxtasındakı rəqibim olduğu titrədir məni, amma ağ fiqurlar sahibsizdir. İndi qapı açılacaq, boz bir işıq halında o gələcək, heç nə demədən ağ fiqurlarla “Vd2-d4″ oynayacaq, sonra mənə gülümsəyərək əlini yanaqlarımda astaca gəzdirib dodaqlarımdan öpəcək, “mənim adım dəlilikdir” deyib “bəli, mən gözlədiyin o uzun saçlı oğlanam” pıçıldayacaq, kimsə duymasın. Ağ fiqurlarla qaranlıq gələcək, qara fiqurlarla sarımtıl keçmiş oynayacaq indinin dibigörünməz tək otaqlı dunyasında. “Dəlilik Qambiti” - hər an onu axtaran yalnız insanların oynadığı geriyə doğru addımlayan 24 saatlıq tək gedişli oyun və bu oyunda onu gözləyən, özünü tapan təklər. Ağ fiqurlar sahibsizdir, “deyəsən indi gəldi”, “yox o deyil”… , bir azdan mütləq gələcək və harada görüşəcəyimizdən xəbərsiz, mən kimsənin sevmədiyi dünyaya, böyük EŞQə  qovuşub uzaqlaşacağam özümdən, dünyalaşmış ÖZümə qovuşacağam, azad dəliliyimi yaşayacağam dördkünc, damalı həyatın yaranış episentrində. Amma qorxuram o heç vaxt gəlməyə və gələn hər bir ayaq səsində mən onu bir az daha hüzünlə arzulayam və sakitcə çökəm diziüstdə, boğulam səssizlikdə və itəm qayalarını öpən daxilimdəki güclü dalğalarda. Və bir daha ÖZüm olmayam. Amma inanıram o gələcək və mən onu ilk məhəbbətim kimi sevəcəyəm və kimsəyə xəbər vermədən dəliliyimi dalğasız dənizin köpüklərində yaşayacağam və davam edəcək “Dəlilik Qambiti” ağ fiqurlarla.
Oyun həyat deyil qeyri-ciddi münasibət bəsləyəsən. Ya bu oyuna girməyəcəksən, ya da özünü ona həsr edəcəksən, yəni tam ciddiyyətinlə özüvü əhatə edən oyunda oyunçu olacaqsan, yəni sürünü qurddan qoruyan bir köpək kimi. Yəni Sakit Okeanın sübhlər sahilə vuran güclü ləpələrinə səssiz bağıran bir insan kimi, yəni tramvay relsləri üzərində rəqs edən bir əlində qırmızı saçlı gəlincik tutmuş körpə qızcığaz kimi, yəni qaranlıq zirzəmilərdə etmədiyi günahlara görə təcavüzə uğramış yeniyetmə bir oğlan kimi tam ciddiyyətinlə oynayacaqsan bu oyunu. Oyun oynayırmış kimi deyil, bir oyunçu kimi oynayacaqsan, oyunu deyil, oynamağı sevən biri kimi həvəslə girəcəksən bu oyuna. Üçayaqlı dirəkdəki ipə doğru addımlayarkən cəlladın ayağını səhvən basmış, ondan üzr istəməyi unutmayan edamlıq məhbus kimi ayıq olacaqsan bu oyunda. Küçələrdə rəqs edən körpə bir qız kimi ürəyindən keçəni edəcəksən demək istəyirəm, yəni utanmadan, yəni çəkinmədən daxilinin drijor çubuğundan asılı olacaqsan, yəni sən bədənindəki oyunun məhbusu olacaqsan, azad olmaq istəyirsənsə girmə bu oyuna, bu oyun sənə görə deyil, bu oyunda sən məhbussan daxilində, nə əfv var, nə ümumi amnesty. Və sən məhbussan! Böyük hərifli M Ə H B U S !
Bu oyunda bir zaman var - İNDİ. Sən İNDİni düşünüb İNDİdə yaşayacaqsan tibbi labaratoriyalardakı qurbanlıq siçanlar kimi, keçmiş yoxdur, heç vaxt olmayıb o. İNDİ var! Sabahı düşünəcək qədər acizsənsə qoşulma bu oyuna, gücün İNDİ olmalıdır, sabah deyil, İNDİ-yə inansan heç vaxt sabah olmayacaq, həmişə İNDİ davam edəcək və sən oyunda qalacaqsan, əks təqdirdə tez uduzacaqsan, güclü qasırğanın sahilə vurduğu balıqçı qayıqları kimi bir sahildən digərinə, bir qaranlıqdan başqa bir zülmətə atılacaqsan, sıradan çıxacaqsan və bir gün ölüm döşəyində son nəfəsini verərkən divardakı keçmişinin indiki zamanına baxıb sakitcə şamın son şölələrinin sönməkdə olduğunu görəcəksən. Gözlərini yum, yum gözlərini, düşün…
Köləliyin məkanı bədəndir, zamanı İNDİ. Qəbul et bu həqiqəti! Bu məhbəsdə daimi məhbusluğunu qəbul etsən, güclü olacaqsan, yəni ÖZün olacaqsan, mükafatın ÖZ olacaq. Öz dəyərində özün olacaqsan, bu oyunda sənin çoxgedişli oyun kombinasiyan bu məhbəsin divarlarında kibritin qara hisi ilə yazılmış dəyərlər olacaq, ilk əvvəl bunlara əməl edəcəksən, ümüdsüz olma, növbəti addımlar soldakı kiçik siçan yuvasına soxulmuş qırmızı kağız parçasına yazılıb, bunlardır səni azadlığa çıxaracaq ardıcıl oynanılmalı olan gedişlər, sənin anlayacağın dildə desəm, “dəyərlər” - səni azad edəcək oyun. Və yavaş-yavaş anlayacaqsan azad olduğunu, yəni insanların dili ilə desək, dəli olduğunu, bilmirəm, bəlkə də bir gün gecə gəlib yuxudan oyadacaq səni, bəlkə bir gün kilsə zəngi zamanın “16:00″ olduğunu hövsələsiz bağıranda anidən saracaq bədənini, bilmirəm. Filmlərdə çox görmüş olarsan sahilin bu tayında birinin sevgi məktubu yazıb boş butulka içində dənizə ataraq sahilin görünməz digər ucunda sevgisinə şərik axtardığını. Bəlkə də bir gün sahildə onu axtararkən boş butulka içindəki qatlanmış kağız parçasında “sən məni tapmısan artıq” deyə yazıldığını oxuyub sevincindən qanadlanıb uçaqcaqsan və dəli olmaq sənə barmağıyla azadlığın dadını dadızdıracaq.
Sevdiyindən deyil, ondan kənarda bir dünyasının olmadığını bildiyi üçün gül-çiçəkdən qopmayan bal arısı kimi hiss edəcəksən özünü, oyunun bir çiçəyindən digərinə qonmaq olacaq işin-gücün, yəni buna məhkum olduğunu anlayacaqsan, bu halda bir az da hörümçək olacaqsan, əlindən tor hörməkdən başqa bir iş gəlməyən bir  hörümçək kimi tor hörüb, qurtuluş imkanı olmayan bu torda həbs edəcəksən özünü. Ola bilsin hörümçək etdiyinin fərqində deyil, bilmədən və məqsədsiz edir, yəni o belə proqramlaşdırılıb. Amma sənin seçim imkanın var və kimsə sənə proqram yükləyə bilməz. Bunu sən özün etməlisən. Və inanıram ki, hörümçəkdən fərqli olaraq sən uyğun proqramı yalnız özün seçə biləcəyini, bu imkanın başqasına həvalə edilməsinin sənin yoxluğun anlamına gəldiyini qəbul edəcəksən, həm də elə-belə sözdə yox, əməldə yaşayaraq. Zamanla anlayacaqsan ki, bu torun hər bir halqası SƏNi yaradan rüşeymdir. Bunu anlayacağın gün hər şey dəyişiləcək, dünyan məhvərindən çıxacaq, fırlanmayacaq əvvəlkilər kimi öz oxu ətrafında bir robot ədasıyla, buna məcbur olmuş kimi. Yox, artıq əvvəlki olmayacaq. Yeni paralelə girəcəksən, kimsələrin olmadığı bir zamana, kimsəsiz qeyri-adi məkana. Heç nə tanış deyil sənə, hər şey yenidir, atan atan deyil əvvəlkitək, sadəcə qonşu kimi bir insandır. Qələm də həmin qələm deyil nə gəldi yazasan, baş, qulaq, ağız, dil, bulud, aclıq, ölüm, kitab, heyvan, torpaq, xəbər, hüceyrə, müharibə, su, gülüş, fortepiano, bağırtı, bərabərlik, hava, bakteriya, sevinc, dövlət, virus, vergi, işgəncə, cənnət, od,  hər şey fərqlidir artıq, hətta tanrılar simasını, insanlar mahiyyətini dəyişəcək o qaranlıq otaqda və sən yalnızsan. Bu dünyada  bir sən olacaqsan, bir də oyundakı cismin. Yəni qaranlıq dörddivarlı otağının beşinci divarına çevriləcəksən, tək qalacaqsan, təklik sənə güc verəcək, qanın coşacaq, sığmayacaqsan özünə doğum sancıları çəkən qadın kimi və bu sancılar yayılacaq qaranlıq otağın divarlarına. O gün sən özünü doğacaqsan o kimsəsiz tərkedilmiş dünyada və hər şey yenidən başlayacaq. Təqvimin qurulacaq öz-özünə, “doğuşdan əvvəl”-“doğuşdan sonra”. Qaranlıq otağın sonsuzluğunda doğulub ÖZ-ünə göz açarkən ürəyindən dilinə tökülən ilk ifadə “mən azad insanam, Günəşin uzanan eşqində qovrulsam da, Qaranlığın dondurucu burulğanında boğulsam da. Mən AZAD İNSANam. Azadlıq məndən kənarda deyil və mən AZADLIQın özüyəm” olacaq. Təsadüfi dilinə gəlməyəcək o, xeyr, oyun proqramını özünə uğurla yüklədiyinin ilk siqnalıdır bu. Həm də buna sənin oyundakı bir neçə gedişdən sonra gəldiyin məntiqSİZ nəticə də demək olar. Və sənin qazandığın ilk uğurdur bu.
Bunlar “Dəlilik Qambitinin” ilk gedişləridir.
PS: Bəzən ifadə tərzimin sərtliyindən incidiyini bilirəm bunları sakitcə oxusan da. Başqa cür bacarmıram, əzizim, sözün gücdən düşdüyü bir zamanda dilimin zəifliyi iki od arasında sıxışmış körpə uşağa çevirib məni, gah pəncərədən qaçmağa çalışan qara dumanla birgə atılmaq, gah da közərən qapı çərçivəsinə boyun əyib zarafatsız yaşamaq istəyən, bundan sonra uşaqlığını itirəcək olan uşağa. Sevdiyim tək varlıqsan, səni itirmək yenidən yağışlı gecələrin qaranlıq dar küçələrində səmtini itirmiş səyyah gəmisinə çevirəcək məni, üzdürəcək məni həmin küçələrin yerə döşənmiş qaranlıq palçıqlı kərpiclərində səni bir daha tapa bilməyəcəyimin qəlbimdə yaratdığı təşviş. Amma bilirəm ki, sən məni anlayan tək varlıqsan, yəni bir az bədii, bir az da kobud demiş olsam, daxilində zəif köz kimi közərmiş azadlıq hissini püfləyib oda çevirmək istəyən dəlisən deyə sənə ərk edib yazıram bu cür rahat və səmimi. Bunu da bilirəm ki, səndən başqa bunları oxuyan olmayacaq. Heç lazım da deyil. Bunları məntiqli və ağıllı insanlar oxumaz və sevinirəm ki, onlar oxumaz, qoy bunları dəlilər oxusun. Ağıllıların öz proqramı var, onlara yüklənmiş AĞIL proqramı, biz isə proqramsız tiplərik, buna görə də dəliyik. Bu yazdıqlarımı başqalarının proqramlaşdırdığı ağıllılar oxumasa yaxşıdır. Məsələn, mən istərdim bunları kardondan bir gitara düzəldib hər axşam Parlament divarına söykənərək anlaşılmaz sözlərlə ağzında gitara çalan, özünün dediyi kimi adlandırsam, “Stupid Gitarist” oxusun. Bəlkə də görmüsən onu, 40-45 yaşlarında bir kişidir, saçları çirkli, uzun, bir az da qıvrımdır, şalvarının rəngi çirkin nazik qat bağladığı hissələrdə qırmızı, qalanı bozumtul qaradır, solaxaydır, sarı kərpicli Parlamentin əsas giriş qapısında deyil, yan tərəfindəki Ədalət Məhkəməsinə baxan sol qapısının ağzında divara söykənir. Qabağında “dinləyici” bəxşişləri üçün bir papaq, onun yanında da əl səliqəsi ilə “Mən Dəliyəm!” yazılmış gitara uzunluğunda, elə gitara materialından kardon parçası. Ətrafa sidik iyi saçmağı bir az “pərəstişkarları”nın ona yaxınlaşmasına əngəl olur. Buna görə, kimsə ondan imza almır, amma and olsun dəlilərin gözəgörünməz Günəşinə, bir dəfə bir xanım ondan imza almaq istəyirdi, amma ürəyi bulanırdı, ona yaxınlaşa bilmədi, sadəcə 2-3 metr yaxınlığında durub şəkil çəkdirməyə nail oldu. Çox sevinirdi, indi kim bilir həmin fotoşəkili hansı divardan asıb. Belə hər gün yüzlərlə pərəstişkarı onunla şəkil çəkdirmək, onu ələ salmaq, onun varlığının sübutu olan bu dəliliyə tamaşa etmək üçün Parlamentin soldakı kiçik qapısına tərəf axışır, hamı hər gün ona qulaq asır, hamı hər gün ona gülür. Bütün ağıllı insanlar o “Stupid Gitarist”-ə gülür, o “Stupid Gitarist” də bütün ağıllı insanlara. Bir dəli bütün ağıllılara qarşı. Bir azad insan bütöv bir Sistemə qarşı. Kardondan bir Güzgü ətdən Robotlara qarşı. Qalib kimdir!?!…Uşaq kimi atılıb düşərəm sevincimdən bu yazdıqlarımı o cür dəlilərin oxuyacağını bir bilsəm. Ağıllı insanlara bu yazdıqlarımı oxumağı qadağan edirəm, gedin ağıllı işlərinizlə məşğul olun! Siz ağıllı insanlarsınız, ağılın diqtəsiylə hərəkət edən robatlar kimi.  “Dəlilik Qambiti” isə Ağılın bitdiyi yerdən başlayır, yəni sizlik deyil!… Dəlilik Gözəllik dünyasıdır, ağıllıların bu dünyada yeri yoxdur!
Ardını sonra yazacağam, qapı döyülür…”
1 Sentyabr, 1945 , “The Muddy City News” (Ardı növbəti sayımızda)






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə axşamı, May 1st, 2008 tarixində 08:06 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

5 şərh var


  1. e110365 adlı istifadəçi, May 1, 2008 tarixində, saat 14:21 yazıb:

    Oxudum…birnəfəsə…Dəliyəm?

    Orfoqrafik yanlışları düzəltmək lazımdır. Bu, ümumimiyyətlə, KultAz-ın bəlasıdır.

    Uğurlar, fotoqraf!


  2. Emin adlı istifadəçi, May 2, 2008 tarixində, saat 03:33 yazıb:

    budu yazda cixacaq gozlediyim kitab?)


  3. nrm adlı istifadəçi, May 4, 2008 tarixində, saat 16:01 yazıb:

    Yazini hele oxumazdan evvel serhleri oxudum.Maraqli yazi olduguna inaniram.
    Ugurlar,muellif


  4. Emin adlı istifadəçi, May 12, 2008 tarixində, saat 03:31 yazıb:

    eladi!…xoşuma qeldi….
    adam bas sindirir oxuyandaa


  5. Novarg adlı istifadəçi, May 12, 2008 tarixində, saat 12:56 yazıb:

    Bir-iki defe cehd elemishem, hech biri alinmayib… Soz verirem, Abbas, axiri oxuyacam bu yazini… -))

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: