Əsgər ailəsi
Polisdə Xasayın arvadı demişdi ki, ərim şalvarını çıxardanda gördüm darbalağı yoxdu. Darbalaq söhbəti şəhərdən gələn yuristi təəccübləndirmişdi. Bəlkə heç yerli-dibli yox imiş? Şabikə and içib ağı yalamışdı ki, Xasay tövlədə başına su tökən günü özü əlilə tikdiyi güllü darbalağı ona verib. O, Xasay tövlədə başına su tökən günnən bu yana iki dəfə paltar yuyub, darbalağa rast gəlməyib. Evdə çıxartsaydı çirkli paltarların içində olardı də. Girinc olmuş şəhərli yurist həmkarını köməyə çağırmışdı: - Ay Kamal, darbalaq nədi, bu arvad nədən danışır, Xasay niyə tövlədə başına su tökürmüş?
Gülməyə bəhanə axtaran həmkarı qarnını tutub uğunmuşdu. Sonra da şəhərli oğlanı başa salmışdı ki, kəndin hamamı on ildi remonta dayandığından camat harda gəldi çimir, yayda lobyalıqda, qışda tövlədə. Şəhərli müstəntiq o atan, lobya yeməyin daşın atmışdı. İşi yuxarıdan tapşırmasaydılar şəhərli müstəntiqi öldürsəydilər də tövlədə çimən adamlarla üz-üzə oturmazdı. Xasayın əldə tikilmiş üstü güllü darbalağı axtarış zamanı Xatayının torpaq döşəməli daxmasından çıxdı və əşyayi-dəlil kimi istintaq materiallarına əlavə edildi.
* * *
Tarla düşərgəsində nahar əyləşən pambıqçı qızlar briqadiri uzaqda görüb oyun çıxarırdılar. Şəli çay dəsmalını götürüb Solmaza uzadırdı:
- Arvad qapını açıb ki, Xasaydı gələn. Hə, Xasay deyib ki, canın yansın, Şabikə pişiyimi ağaca dırmaşdırır, tumanımı ver, Xatayı deyib vermərəm. Xasay deyib ay qız ver, Xatayı deyib vermərəm, əvvəl nəmərim gəlsin sonra.
Qızların qaqtıltısına altında süfrə sərdikləri ağacın quşları pırıldaşıb havaya qalxdı. Briqadir hürküb göyə qalxan quşlara, gülməkdən içi-içindən keçən qazlara baxıb ürəyində söydü: “Kül kişi başua, bütün günü minməyə adam axtaran qızları burda qoyub, gedib 95 yaşında arvadı…tfu. Kim idi sənə nə diyən? Allahlarına şükür eliycəkdilər. Uzaqbaşı aparıb Şabikənin böyründə oturdacaqdın. İndi get türmədə… ”
Ömründə bu qədər gülməmiş Mamaşa ağzını büzdü:
-Az deyirəm, adam nə qədər gic olar? Gəlib, gəlib də, süpürrəşmək nədi, onsuz da elədiyin elədi, elə bəri başdan razılaş, nə el içində rüsvay ol, nə də yaman günə qal. Cavan kişidə də. Özgə vaxtı balağını başına atsan çevrilib sənə baxmaz, indii fürsətdi düşüb əlinə.
Qızlar səslərini udub duruxdular. Bu, heç birinin ağlına gəlməmişdi. İşdi-şayəd onlara əl uzansaydı, dağdan-daşdan atıb özlərini öldürəsiydilər. Hamı çəp-çəp Mamaşaya baxdı. Təkcə yaşı yarıdan keçmiş Gülbuta əlini ağzına apardı:
- Bə səhər diyəcək uşaq kimnəndi?
İki-üç yerdən təpəsinə qaşıqla vurdular:
- Düşük olasan, 95 yaşında arvadın uşağı olar?
Gözünün yaşını yığıb-yığışdıra bilməyən Xəzangül gülməkdən üzülə-üzülə:
- Olar, olar - dedi, - Xasay kimi qonşusu olanın olar.
Gülbuta büzüşdü. Xasayın evi onlardan bir küçə o tərəfdəydi. Bağbaşı qonşu düşürdülər. Arada tarladan qayıdanda qaranlıqda qızın qolundan tutub bağın setkasından keçməsinə kömək edərdi. Gülbuta kəndin söz eləyəcəyindən qorxmazdı. Xasayı Xasayı heç kim qızına, gəlininə qısqanmırdı. Toylarda yeməkbişirənlərə əl-ayaq verən Xasay hamı dağılışana yaxın qızlara qoşulub sümüklərini sındıra-sındıra oynayırdı.
* * *
Kişilər suçlu-suçlu gəzişir, qadınlar xəlvətə salıb pıçıldaşırdılar. Xeyirdə-şərdə qadınlara əl-ayaq verən yeniyetmələr də gözə dəymirdi. İçəridə kəndin ağbirçəkləri asta-asta ağı deyirdilər. Lap gombulu için-için sıtqıyırdı: “Ələkbər, ay Ələkbər, hardasan, gəl, əsgər ailəsinin namusuna sataşıblar”. Ələkbər gönbul arvadın balaca qardaşıydı. Çolaq Saybəlini atdığına görə müharibə qurtarandan üç, dörd il sonra gedər-gəlməzə göndərmişdilər. Fatma da noxudu kələğayısının ucunu gözlərinə basıb səssiz-səmirsiz ağlayırdı. 45-də çolaq köpəyoğlu onu da gücürrəmişdi. İndi Gülmalının arvadı olan qızı o sədr dərin getmişin uşağıydı. Əvəz öləndə qız balacaydı. Onun yaman dərdə düçar olduğunu bildiklərindən kəndin kişiləri iki bir, üç bir halallaşmağa gəlirdilər. Təzə dəb düşən üstü güllü vedruşkalarda həyətin başındakı arxdan su daşıyan qız atasının əlinə su tökür, o da asta-asta əlini alnına çəkib sərinləyirdi. Qəfildən Əvəzin gözünün suyu açıldı. Qönçənin başını sinəsinə sıxıb ağladı:
-Oğrəş canım vay…
Kişilər xəcalətlərindən üzlərini kənara çevirdilər. Əvəz həmin gecə öldü.
* * *
Xatayını basdırıb qayıdan kişilər kəndi iki yerə bölən köhnə Nikolay kanalının kənarında durub Xasayı aparan polis maşınına baxırdılar. İçi-içalatı tökülmüş «Villis» onların bərabərinə çata-çatda uğuldayıb, guruldadı, palçıq yolun ortasında batıb qaldı. Polislərdən biri düşüb kapotu qaldırdı. Qara şüşələrin rəngi getmiş yerlərindən kişiləri süzən Xasayın baxışları Əyyubun gözlərində ilişib qalmışdı. Yaşıd olmasalar da, tay-tuş idilər. Müharibədən sonrakı aclıqda analarının ətəyindən tutub başağa gedirdilər. Briqadir uzaqda olanda arvadlar on metrlik parçadan tikilmiş ətəkliklərini çıxarıb bir tərəfə atır, özlərini kanalın bulanıq suyuna vurub sərinlənirdilər. Uşaqlar da suda arvadların baldırlarına dolaşa-dolaşa atılıb düşürdülər. Əyyubun anası hamıdan canlı və gözəl idi. Elə bil müharibənin bu arvada dəxli olmamışdı. Xasay bütün ili başaq vaxtını həsrətlə gözləyirdi. Sonra kəndin uşaqları böyüyüb yekə kişi oldular və qadınlar kanalda çimməyi bir dəfəlik yığışdırdılar.
Kişilərdən biri «bəlkə gedib təpəsinə bir güllə vuraq, çolaq Sayibəli kimi» - dedi. Başqası onu dümsüklədi:
- Sənə nə düşüb, nəyindi? Qoy nəvələri öldürsün də.
Baxışlar oğlanları böyü-başını kəsdirmiş Əyyuba yönəldi.
-Basdıracam gedəcək, qoy, görsün əsgər ailəsinin namusuna sataşmaq nətəhər olur. Bu camaatı binamus bilir?
Kişilər yerişlərini ləngidib qabaqda qazlı-qazlı gedən Əyyubdan aralandılar.
* * *
Əsgər ailəsinin namusuna sataşdığı üçün Xasay 8 il iş aldı. Deyirdilər ki, ta Xasay kəndə qayıtmaz. Qayıtsa da Şanisə onnan yatmaz.




Bölmə: 









İlisu adlı istifadəçi, May 2, 2008 tarixində, saat 21:40 yazıb:
Aydaaaa…bu nəydi belə? Ay öldüm gülməkdən mən.bilirsən niyə, ay Kəbutər xanım? Elə dünən bir dəstə adam “imennı” bu cür ölmüş bir qarının qırxını verməkçin rayona yola düşdü. 28 yaşında cavanca bir oğlanın badına getdi ağbirçək. Heyif.
O arvad öləndən mən gülürdüm. gülürdüm, indicə sakitləşirdim ki, ayıbdı, daha qırxı da çıxdı. Amma sənin hekayən gülmək “pristupu”mu yenə qaytardı.
Sənə uğurlar arzulayıram və yeni hekayələr arzusu ilə İlisuda inşallah))))))))))
sabiq AYO-cu adlı istifadəçi, May 3, 2008 tarixində, saat 20:37 yazıb:
Saytda belə “xaltura”lar nəyə lazımdır?
Əsəd Cahangir adlı istifadəçi, May 3, 2008 tarixində, saat 22:01 yazıb:
Kəbuş, ən axmaq şeylərdən də ciddi yazmaq olar. Sən zarafata getmisən. Amma ümumən səndə nəsə var. Arzu edirəm ki, bu “nəsə” gec-tez üzƏ çıxsın. Uğurlar.
usyankar adlı istifadəçi, May 4, 2008 tarixində, saat 12:49 yazıb:
Esedi ciddi adam hesab etmesem de onun dedikleri ile raziyam,
ciddi movzudan zarafatla yazmaq terzi var bu hekayede, sanki anekdot danisan adam ozu hamidan evvel qess edib gulur, eserde yazicinin izi cox qabariq gorunur, bu umumen bizim nesrimizin belasidir. kebuterde heqiqeten nese var. ugurlar
İlisu adlı istifadəçi, May 4, 2008 tarixində, saat 19:42 yazıb:
Üsyankar, Əsədlə işin olmasın.
Kəbutərdə nəsə var, nəsə var, nəsə var.
Bu hekayədə nəsə var, nəsə var, nəsə var.
“Xatayını basdırıb qayıdan kişilər kəndi iki yerə bölən köhnə Nikolay kanalının kənarında durub Xasayı aparan polis maşınına baxırdılar.”
Bəlkə o “nəsə” elə bu sətirlərdə gizlənib. Bəlkə Arazdan danışmaq istəyir bu xanım, ikiyə bölünmüş Azərbaycandan.Belə simvolik yaza bilməzdi yəni Əsəd demişkən “Kəbuş”?
Axtarın, axtarın.Nəsə var buralarda, nəsə var, nəsə var.
kebuter adlı istifadəçi, May 5, 2008 tarixində, saat 10:39 yazıb:
Əsəd, əzizim, cöx sağ ol. Amma men o dəhşətli hadiseye ciddi baxişlarimizdan yorulmuşam. Birdə elə hesab etmirəm ki, anikdot yazmışam,qeyri-təvazokarlıq olsa da, elə bilirəm ciddi hekayədi.
kebuter adlı istifadəçi, May 5, 2008 tarixində, saat 10:47 yazıb:
İlisu və Üsyankar, hər ikinizə təşəkkürlər! Sizcə, doğurdanmı men xaltura etmişəm?
Raset Pirisoyu adlı istifadəçi, May 5, 2008 tarixində, saat 16:22 yazıb:
Hormətli Kəbutər xanım,
Nə yaxşı ki, hekayə ilə əlaqədar Siz özünüz danışdınız. Mən də bu hekayəni kifayət qədər ciddi hekayə hesab edirəm. Hekayənin ovqatı zarafata yaxın ironiyanün üstundə qurulsa da, cümllərin daşadığı yük ironiyalıq deyil…
Hekayədəki kənd, adamlar, hətta fəsil də aydın hiss olunur.
Doğrudur, hekayədəki «keçid»ləri mən yaxışı tuta bilmədim. Bilmirəm, bu Sizin günahınızdır, yoxsa mənim… Elə bil Siz hekayəni yazanda tələsmisiniz, hadisə bütün detalları ilə Sizə məlum olduğundan bəzən oxucunu nəzərə almamısınız.
Elə bilirəm mövzunu hiss etmək baxamından Sizin probleminiz yoxdur, amma, elə bil yazıçı təcrübəniz çatışmır.
Yaxşı ki, Siz öz mövqeynizi müdafə edə bilirsiniz. Oxucu münasibəti Sizi çaşdırmır.
Uğurlar arzulayıram.
Məsiağa Məhəmmədi adlı istifadəçi, May 6, 2008 tarixində, saat 11:02 yazıb:
Bu yazı indi hekayə adı ilə bizlərə təqdim olunan (o cümlədən “Kultaz”da) mətnlərin əksəriyyətindən fərqli olaraq sözün terminoloji mənasında HEKAYƏdir. Bu baxımdan Rasət bəyin işarə etdiyi “keçidləri” də mən yazının uğurlu cəhətləri sırasına daxil edirəm. Kəbutər xanım hekayəni mövzuya uyğun üslubda qələmə alıb. Dili, təhkiyəsi də canlı və maraqlıdır. O ki qaldı “ümumən nəsə”yə, Əsəd, onu tapmaq və açıqlamaq bir tənqidçi kimi elə sənin öz işindir.
İlisu adlı istifadəçi, May 6, 2008 tarixində, saat 11:19 yazıb:
Əsəd demişkən “Kəbuş”, mən sənə demədim ki, xaltura etmisən.
Xalturanı özünü güzgüdəki əksindən tam-dürüst ayıra bilməyib başqalarının yazılarında “NƏSƏ” axtarıb-araşdıranlar edir məncə.
Hər bir yazar öz yazdıqlarında bu və ya başqa formada…təcəlli edir deyək lap.
Sənin rəfiqələrin və tanış xanımların arasında baməzə bir həmsöhbət olmağın bu hekayəndən tam məlum olur.Amma həm də sənin bamazəliyin yalnızca içindəki dəhşətli kədəri və tənhalıq hissini maskalamaq üçündür.
Lənət şeytana! Yazıçı bunu hətta baxıcıya da sezdirməməlidir, nəinki oxucuya.
Bir qədər öz içindən yox, yazdığın obrazların içindən boylan ətrafa.
Özünü unut.
Vəssalam.
Sənə və digər gənc yazarlarımıza uğurlar diləyilə..
kebuter adlı istifadəçi, May 6, 2008 tarixində, saat 11:53 yazıb:
təşəkkur edirəm hamınıza kecidler barədə məndə Məsiağa müəllımın fikrinə şərikəm məncə anlaşılmazlıq yoxdu
İlisu, əslində mən cox susqun adamam nəınki baməzə
İlisu adlı istifadəçi, May 6, 2008 tarixində, saat 13:02 yazıb:
Əsəd demişkən, “Kəbuş”, deyirsən ki, “İlisu, əslində mən cox susqun adamam nəınki baməzə…”, hə?
Bu daha pis, Əsəd demişkən “Kəbuş”.
Demək AnaYurdun xanım yazarlarının nəsrdə nəsə deyə biləcəklərinə daha bir ümidimi də sən qırdın.
Susqunluğun baməzəliyini örtür.Baməzəliyin kədərini.Kədərin isə nəsrini.
Kompleksləri üfürün getsin də, dünya dağılmaz ki.
Bax gələn hekayən bundan yaxşı olmasa özündən küs)))
kebuter adlı istifadəçi, May 6, 2008 tarixində, saat 14:01 yazıb:
Canim, mene eıə gəlir ki kompleksiz adamam ve daha cox yazimda ümidini doğrultmağa calişacam
Zaur adlı istifadəçi, May 13, 2008 tarixində, saat 13:25 yazıb:
chox maraqlidir. Tebrik edirem Kebuter xanim. Sizin butun yazilarinizi izleyirem
Hormetle,
kebuter adlı istifadəçi, May 14, 2008 tarixində, saat 06:25 yazıb:
zaur cox saq ol diqqetine gore