Qaynar xəbər portalı

Kitab dünyası


«Kaş araba aşmayaydı!…»


Bölmə Bölmə: Teatr | Göndər Göndər | Çap et Çap et | 244 oxunma

Azdrama-1Gürcü əsərindəki ailə problematikası milli səhnəmizdə

«Kaş araba aşmayayadı!…». Rejissor Bəhram Osmanovun quruluşunda hazırlanmış iki hissəli tragikomediya gürcü müəllifi İoselianinin «Araba hələ ki, aşmayıb» və «Araba aşdı, yaxud on ildən sonra» pyeslərinin motivləri üzərində qurulub. Tərcümə və səhnə redaksiyasının müəllifi isə həmyerlimiz Ə.Qurbanovdur.
Premyerası hələ bir neçə ay öncə gerçəkləşmiş bu tamaşa xalq artisti Səyavuş Aslanın 70 ilik yubileyinə həsr edilmiş benefisi idi. Boqveradze ailəsinin həyatı diqqət mərkəzindədir. Zaman çərçivəsi tanımadan aktual olan ailə münasibətləri süjet xəttində ifadəli şəkildə özünün bədii təcəssümünü tapa bilib. Yaşlı nəsil - ər-arvad Aqabo (Səyavuş Aslan) və Kesariya (xalq artisti Bəsti Cəfərova) Boqveradzelər.
Ər-arvad ucqar gürjü əyalətində qocalıqlarını yaşayırlar. Dörd oğul böyüdüb, oxudub, çörək sahibi ediblər. Böyük oğul İovel (əməkdar artist Telman Əliyev), ikincisi Dito (əməkdar artist Əjdər Həmidov), daha sonra Durmişxan (Abbas Qəhrəmanov). Hər üçü cəmiyyətdə özlərinə yer etmiş şəxslərdir. Durmişxan hətta nazir vəzifəsinədək yüksəlib. Sonbeşik Buxuti (Anar Heybətov) isə hələ yeniyetmədir. Qarşıdan onu ali təhsil illəri gözləyir. Boqveradze ailəsi mütləq təhsilli olmalıdır. Kesariya arvad dörd oğuldan heç olmasa birinin professor kimi xoş sorağını eşidəcəyinə belə, iddialıdır. Onun bu arzusunu sonbeşik Buxuti reallaşdırır - genetika elmi üzrə professior pilləsinə yüksəlir. Ancaq Kesariya üçün bu, arzu olaraq qalır, çünki həmin zaman o artıq həyatda olmur…
Sadalananların fonunda bu qənaətə gəlmək olar ki, valideyn borcunu layiqincə yerinə yetirib Boqveradze ailəsi. Təbii ki, məhəbbətin də bol olduğu ailədə nəticə etibarilə deyəsən, axı hər şey gözəl olmalıdır. Ancaq hər şeyə rəğmən nəsə kasadlıq var. «Övlad ana-ata borcundan çıxmalıdır» fikri çox məqamlarda olduğu kimi bu dəfə də qanunauyğunluq təşkil etmir.
Həmin kasadlıq isə şəhər, yüksək cəmiyyətin ab-havasının mənfi təsiri altına düşən oğulların dəyişmələrində təzahür edir. Hansı ki, vəzifə sahibi bu övladlar artıq nə dədə-baba ocağını, nə də ana-ata borcunu tanıyırlar…
İllərlə qoca valideynlərini itirib-axtarmadıqları halda günlərin bir günü hamısı axışıb kəndə gəlirlər. Özü də necə?! Qara libasda, göz yaşları axıda-axıda, hələ üstəlik matəm üçün nəzərlə tutulmuş əklil də unudulmur. Onların kəndə təcili gəlişlərinə səbəb isə atalarının ölüm xəbərini verən yanlış teleqram olub…

Azdrama-2
Yanında olmaqlarını fürsət bilən yaşlı Aqabo şəhərin cəh-cəlalına öyrəşmiş gəlinlərinə kənd yaşayışına uyğun işlər gördürməyi unutmur. Hansı ki, fürsətdən çox, onları zəhmətə, torpağa alışdırmaq məqsədi daşıyır. Tamaşanın komik tərəfləri məhz bu məqamda aşkarlanır. Qoca Aqabo min bir hiyləylə kiçik oğlu Buxutini hələ məktəb bitirməmiş Saqoya (Vəfa Zeynalova) evləndirməsində də xoş niyyət güdülür - dədə-baba çırağının yanması, xəstə, qoca arvadına həyan olacaq oğula, gəlinə ehtiyac.
Kesariya üçünsə bu qəbuledilməzdir. «Uşaqlar iki günlük qonaqdırlar» deyib balalarına əziyyət vermək istəmir. Övladlarını təhsilli, savadlı görməyi hər şeydən üstün tutan ana onları kənd həyatından bacardığı qədər uzaqlaşdırmağa çalışır. İstəmir ki, ömürləri «çör-çöp yığmaqla, ot biçməklə» keçsin. Təbii ki, həm Aqabonın, həm də Kesariyanın düşüncələrində haqlı tərəflər yox deyil…
Tamaşanın ikinci hissəsinin ilkin akkordları da təxminən birinciyə bənzəyir. Yəni dörd oğul zövcələrini yığıb yenə də axışırlar kəndə. Bu dəfə anaları dünyasını dəyişib. Həqiqətdə isə bu olaya laqeydlik göstərən oğulların, gəlinlərin məramı başqadır. Atalarından öz torpaq haqlarını tələb etməyi qərara alıblar. Çünki bu haqqı birdəfəlik itirmək qorxusu var. Yəni…
Övladlarından xeyir görməyən və son günlərində ona dayaq olan Tasya (Mətanət Atakişiyeva) adlı bir xanımla ikinci dəfə evlənən Aqabonun dünyaya beşinci öğlu gələ bilər. Madddiyyata böyük önəm verən qardaşların və zövcələrin halını təsəvvür edin. Burada da hər qəhrəmanın özünün haqlı tərəfləri var, hər halda rejissor tamaşaçıya seçim imkanı verir. Razılaşıb-razılaşmamaq seyrçiyə aid.

Azdrama-3
Yeri gəlmişkən, tamaşadakı mizanları Bəhram Osmanovun xüsusi dəqiqliklə vurğulaması da diqqətdən yayınmır. Əməkdar rəsam Nazim Bəykişiyevin səhnə tərtibatı gürcü kaloritini xatırladan nüanslarla zəngin idi. Dekorda kənd həyatına aid tanış elementlər -həyətə səpilmiş və araba dolu ot tayası, lambard, talvar, kələ-kötür çəpər… Boz rəngli fon simvolik də olsa, həm çölün, həm də dağlıq təəssüratını yaradır.
Fəxrəddin Dünyamalıyevin müxtəlif janr və milətlərin musiqilərindən ibarət kolleksiyası da tamaşanın karına gəlib. Müəllifləri bizə naməlum qalan klassik gürcü kompozisiyalarından istifadə də uğurludur. Qeyd etmək gərək ki, tamaşanın faciəvi və dramatik məqamlarının aşılanmasında musiqilər məxsusi rol oynayırdı.
Aktyor ansamblına gəlincə, ifalar, tamaşanın ideyasına qismən də olsa xidmət edirdi.
Son illər yaradıcılığındakı bir-birinə oxşar rollardan sonra Bəsti Cəfərovanın məlum tamaşadakı Kesariya obrazı, seyrçidə fərqli düşüncə və təəssürt formalaşdırır. Tanınmaz dərəcəyədək dəyişkən fakturası, tamamilə yeni və maraqlı ifası layiqli diqqət tələb edir. Lakin yüksək səviyyəli oyunu belə, aktrisanın cüzi qüsurlarına kölgə sala bilmədi. Məsələn, əri Aqabonın «sən otur, qoy gəlinlərin işləsin» deməsinə «mən bir iş görmədən dayana bilmərəm» cavabını xüsusi hərəkət və vəchlə deməsi birinci dəfə təbii görünürdüsə, eyni vəziyyətin dəyişməz şəkildə təkrarlanması artıq süni təəssürat oyadırdı.
Bundan başqa Aqabo rolu Səyavuş Aslanın təqdimatında məharətlə çatdırıldı. Bununla da korifey sənətkar növbəti dəfə uğura imza atmış oldu. Lakin… Tamaşanın sonunda qoca yaşında beşinci dəfə ata olan Aqabanun sevincdən ölməsi bir qədər inandırıcı olmadı. Söhbət həmin sonluqdan gedir ki, kətil üzərində əyləşən Aqabonu yeni doğulmuş körpənin qışqırığı xəyalən çox uzaqlara aparır. Bu həm də kəndin nikbinlik-bədbinlik qarışıq qeyri-müəyyən gələcək taleyinə işarədir. Məhz bu məqamda qəhrəmanın gözlərini ədəbi yumması məntiqi baxımdan tamaşanın ideya yükünü tamamlayardı, nəinki estetik cəhətdən görüntüyə sünilik qatan talvara sarı qaçaraq yıxılıb ölməsi.
İkinci dərəcəli Karpe rolunu Məzahir Cəlilov maraqlı şəkildə canlandırırdı. Yeri gəlmişkən, qeyd edək ki, istər tipaj, istərsə də aktyorluq baxımından potensial imkanları zəngin olan Məzahir Cəlilovun indiyədək heç bir fəxri adının olmaması qəribədir.
Ailənin böyük oğlu İovel və ikinci gəlini Jujuna obrazları əməkdar artistlər Telman Əliyevin və Sevinc Əliyevanın ifalarında süniliklə yadda qaldı. Yeri gəlmişkən, davamlı olaraq uğursuzluq nümayiş etdirən Sevinc Əliyeva səhnədəki varlığını həmişəki kimi nə hiss etdirməyi, nə də «görükdürməyi» bacardı. Yeganə və növbəti «ustalığı» vulqar, pafoslu ifası oldu.
Təəssüf ki, İradə Həsənovun ifasında Qoqola rolu da təsir gücünün zəifliyilə yadda qaldı.
Meşşan, təkəbbürlü nazir xanımı Landanı, Münəvvər Əliyevanın ifasında emosioanllıq, çılğınlıq, ifadəlilik baxımından uğurlu saymaq olar.
Sonda. Yazılanlar, təəssüratın yalnız müəyyən, bəlkə də çox az qismini əhatə edir. Bu təəssüratı əyani olaraq yaşamaq, düymaq və ən əsası nələrsə əxz etmək üçün «Kaş araba aşmayaydı!…» tamaşasını şəxsən seyr etmək məsləhətdir.

Sevda Babayeva, “Kultaz”






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Şənbə, May 3rd, 2008 tarixində 10:03 radələrində Teatr bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

2 şərh var


  1. Vuqar adlı istifadəçi, May 3, 2008 tarixində, saat 21:51 yazıb:

    Мегале гёзел бир тамашайа хеср олунмуш,ве муеллиф демек олар ки,бир тенгидчи кими тамашайа дюзгюн гиймет вермиш.Ону да демек лазымдыр ки,мегаленин бу чур йазылмасы,йазарчылыг билийинден башга,хемчинин джесарет телеб эдир,елелхусус тамашанын бези мегамларыны кифайет гедер зеиф ифа едилмесинде.Муеллифе кифайет гедер мараглы ве долгун мегалейе гёре оз тешеккуруму билдирирем чунки бу мегале менде бу тамашаны сейр етмек арзусуну ойатмышдыр.


  2. Mehri adlı istifadəçi, May 17, 2008 tarixində, saat 06:37 yazıb:

    Tamaşadakı bəzi zəif məqamları nəzərə almayaraq tam əminliklə deyə bilərəm ki, tamaşada ikini dərəcəli obrazlar olmasına baxmayaraq, Anar Heybətov (Buxuti), Vəfa Rzayeva (Saqo) ve Münəvvər Əliyeva (Landa)öz rollarının öhdəsindən təqdirəlayiq dərəcədə gəlmişlər.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: