Qaynar xəbər portalı

Kitab dünyası


Naməlum insan


Bölmə Bölmə: Publisistika | Göndər Göndər | Çap et Çap et | 200 oxunma

Bahar RüstəmliBahar Rüstəmli

…Kirxada konsert gedirdi. İlk ifa tamamlandı. Pauza. Salonda alqışlar səsləndi. Yanımda əyləşmiş kişi mənə sarı əyilərək astaca, güclə eşidiləcək tərzdə dedi: “Birinci aktdan sonra əl çalınmır”. Təəccüblə ona sarı çevrildim. O artıq mənə baxmırdı. Qollarını sinəsində çarpazlayaraq gözlərini düppədüz səhnəyə zilləmişdi. Bundan sonra mənə bircə kəlmə də demədi. Musiqi səslənirdi. Amma musiqiyə marağım tamamilə itmişdi. Mən salondakılara nəzər yetirirdim. İfa gedə-gedə hamı astaca pıçıldaşır, bir-birinə baxıb nəsə deyirdi. Yanımdakı kişi isə konsertin sonuna qədər dinmədi. Və mən anladım ki, bu salonda musiqini anlayan bircə nəfər var - naməlum insan.
Onu bir daha görmədim. Onun kimi musiqinin nə olduğunu dərindən anlayan insanlar az tapılar. Onun anladığı mədəniyyəti yaşadan, sevən digər insanlar da gözdən itib, kölgəyə çəkiliblər. Azərbaycan mədəniyyətinə gərəkli simaların indi bir çoxu çətir altında qalıb. Mədəniyyətsizliyin gur işığından kor olmamaq üçün!..
Sonuncu dəfə Azərbaycana gələn ən tanınmış əcnəbi mədəniyyət xadimi füsunkar Monika Belluççi olmuşdu. Gəldi, qiymətli cəvahirat mağazasının açılışında iştirak etdi və getdi. Azərbaycana ondan əvvəl gələnlər də onun kimi razılıqla getdilər. Onların bir çoxu Monika Belluççi kimi kommersiya yönümlü açılışlara, təqdimatlara gəlmişdilər. Məsələn, Yuri Başmet. Məşhur skripkaçı-altist. “Moskva virtuozları”nın rəhbəri. Azərbaycana səfərindən sonra təəssüratlarını açıqladı: “Mənə çoxlu hədiyyələr bağışladılar. Bəli, mən hədiyyələri çox xoşlayıram”. Sual: “Bəs, tamaşaçılar, onlar Sizi necə qarşıladı?” Cavab: “Hədiyyələr çox yaxşı və bahalı idi, amma tamaşaçılar heç xoşuma gəlmədi!..”
Xəcalət çəkilməli deyilmi?
Sonuncu dəfə Azərbaycandan kənara kim gedib? Və hara?
Səfər proqramı tərtib, iştirakçılar müəyyən edilir. Amma necə? Tutalım, Avropanın hər hansı dövlətində Azərbaycan mədəniyyəti günləri keçirilir. İştirakçılar siyahısında üçlüklə çıxış edəcək üç muğam ifaçısı və cəmi bir klassik musiqi ifaçısı var. Soruşan gərək, bu, hansı ağıllının düşüncə məhsuludur? Axı mədəniyyəti təqdim etmənin öz incəlikləri var. Kimə deyirsən, Şərq temperamentinin, istiqanlılığının, ümumi və oxşar mədəni irsin olduğu dövlətlərə üç muğam ifaçısı aparmaqdansa, üç klassik musiqi ifaçısı gedir, soyuq təbiətli Qərbə isə, qəlbləri fəth etməyə əks tərkibli heyətlə gedirlər.
Elton Con Azərbaycana gələndə, onun “mavi” yarlığı kimsənin yadına belə düşmədi. Amma indi sənətdə və siyasətdə “mavi axtarışı” orta əsrlərin cadugər ovundan da geniş vüsət alıb. Çünki sənətdə də, siyasətdə də sükan xam sürücülərə etibar edilib. Keçmişdə və indi. Məsələn, nə qədər ki, baş kulturoloqumuz Polad Bülbüloğlu idi, “arxayın idik”, mədəniyyətimiz etibarlı əllərdədir. Bülbülün oğlu gərgin əməyi sayəsində mədəniyyətimizi “ağ günə” çıxardı. Adı Azərbaycan mədəniyyəti ilə qoşa çəkilən nə qədər insan var idisə, hamısını Azərbaycandan küsdürdü: Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar, Lütfiyar İmanov…
Səfirin xələfi də sələfi kimi tanınmış mədəniyyət xadiminin soyadını daşıyır - Qarayev. Amma onun da Azərbaycan mədəniyyəti qarşısında üzü hələ ki, qaradır. Eks-nazirin milli mədəniyyət haqqında təsəvvürü Bülbüllə başlayıb Bülbüllə bitirdi. Nə Rəşid Behbudov, nə Zeynəb Xanlarova?.. Azərbaycanda dədəsindən başqa heç kimə ağlamayan Polad Bülbüloğlunun “son mədəni təşəbbüsü” əcnəbi ifaçı qarşısında diz çöküb xoruz kimi banlamaq istəyi oldu.
…Elton Con, Polad Bülbüloğlu…
Yeni nazirin də arxasında, artıq deyildiyi kimi, mədəni bir şəcərə, söykənəcək, arxa var. Amma bu yerdə metro qatarının vaqon qapısındakı yazını xatırlamaq gərəkdir: “Arxaya söykənməyin!..” Əbülfəz Qarayev rəhbərlik etdiyi adı qəliz qurumun ikinci hissəsindən - turizmdən daha yaxşı baş çıxarır. Təbiidir, “İmprotex”də işləmiş keçmiş komsomol liderinə səyahət aləmi daha yaxşı bəllidir: kruizlər, insan ayağı dəyməmiş adalar… Azərbaycan mədəniyyətinin kiçik bir guşəsinə isə, onun kimi başqa bir “Pobinzon Kruzo” rəhbərlik edir.
Opera və Balet teatrı. Səhnə arxasında, kulisdə “qanlı faciə” oynanılır. Direktor Akif Məlikovun “təmizləmə siyasəti”ndən sonra (günahsız qurbanları xatırladıram: Zeynəb Xanlarova, Canəli Əkbərov, Qasımova bacıları… və s.) yeni təmizlik işlərinin gedəcəyi gözlənilir. Məsələnin bir ucu mənimlə bağlıdır. Daha doğrusu, bir ifaçının mənə verdiyi açıqlamalarla. Teatrda elə bir ab-hava yaranıb ki, etirafları etmiş şəxs işsiz qalmaq qorxusundan dediyini danır. Açıqlamalarda adı hallanmış “baş qəhrəman” isə Leylisinə mətbuatda mənə qarşı kampaniya başlamaq göstərişi verir.
Bu yerdə yenə metro qatarının vaqon qapısındakı yazı yada düşür: “Arxaya söykənməyin!..” “Mənimlə problemi olan” kəsə sözü bir qədər başqa cür də demək olar: “Söykənəcəyin, arxalandığın Leyliyə çox da bel bağlama, Məcnun! Sonda “Get, ey Leyli, sən o Leyli deyilsən” peşmançılığını çəkməməkdən ötrü…
Anladımmı, yavrum?
Bu arada qulağıma bir xəbər çatıb. İnternet portallarının birində bir balerinanın, üzr istəyirəm, seks-macəraları yerləşdirilib. Opera və Balet teatrında bu barədə nə düşünürlər, Şükufə Ağamirzəyeva? Direktor Akif Məlikovun, bu işdən xəbəri varmı? Bəs, nazir Əbülfəz Qarayevin?
Cənab nazir, Sizə bir söz deyim, amma öz aramızda qalsın. Eks-komsomolçu Akif Məlikovun sovet dönəmində bir xətalı işindən xəbəriniz varmı? O zaman həmin xətası keçmiş gənclər təşkilatının (ÜLKGİ) Mərkəzi Komitəsi Bürosunda müzakirə edilib. Çıxarılmış qərar hakim kommunist partiyası katibinin imzası ilə təsdiqlənib. Son dərkənarı bilirsinizmi kim qoyub?
Sənəd əlimdədir!..






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (4 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə, May 9th, 2008 tarixində 12:27 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

2 şərh var


  1. Aqil adlı istifadəçi, May 14, 2008 tarixində, saat 20:17 yazıb:

    Yaxsi yazibdir!


  2. Fatima adlı istifadəçi, May 21, 2008 tarixində, saat 22:43 yazıb:

    Xshuma geldi.pis deyil.hardasa 4 bal vermek olar))

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: