Qaynar xəbər portalı

Kitab dünyası


Oyuncaq evin kuklaları


Bölmə Bölmə: Teatr | Göndər Göndər | Çap et Çap et | 190 oxunma

k-1Bir tamaşaya söz ardı

Cəmiyyətdə dönüşü olmayan dəyişikliklərə ləyaqətin itirilməməsi bahasına sinə gərmək, məişət nizamsızlığı qarşısında sınmamaq… «kandarda dayanıb qapını döyən» taledən, qismətdən qorunmaq mümkünmü? Norveç dramaturqu Henri İbsenin də düşüncələrindən yan keçməyib bu suallar. Sanki sosial faciəni, etik-mənəvi çevrilişlərin insanlığa təsirsiz ötüşməyəcini öncədən hiss edirmiş dramaturq.
Əsərlərindən göründüyü kimi İbseni hər zaman məhəbbətə layiq insanların taleyi maraqlandırıb. Təkcə mənafelərini deyil, hətta özünü belə məhəbbətə qurban verməyi bacaran insanların “kəşfi” maraqlandırıb həm də. Təsadüfi deyil ki, ilk dəfə məhz İbsen, ailəiçi münasibət pərdələrini qaldırıb. Yalnız maraq xatirinə deyil. Məqsəd həm də ailə və ayrılıqda ər-arvad xoşbəxtliyinin «mexanizm»lərini anlamaq idi. İbsenə görə, cəmiyyətin həqiqi xoşbəxtliyi məhz bundan asılıdır. «Kuklalar evi» əsərində, Helmer ailəsinin timsalında görükdürdüyü ailə münasibətləri də müəllif düşüncələrinin aynası…
«Kuklalar evi»nin əsas qəhrəmanı Nora, həyatın mənasını, doğmalarına, ən əsası ərinə və uşaqlarına məhəbbətdə görür. Bütün səmimiyyətilə inanır ki, ailəsində əmin-amanlıq və məhəbbət hökm sürür… Bu xoşbəxtliyə kölgə salacaq yeganə amil qəlbində ona rahatlıq verməyən sirridir: səkkiz il əvvəl o, yerli iş adamı Kroqstaddan borc pul almaq üçün ölmüş atasının imzasını saxtalaşdırıb. Əlbəttə ki, ərindən, ailəsindən bixəbər. Bir tərəfdən mənfi, digər tərəfdən humanistcə bir motiv - pullar, ağır xəstə ərini müalicəsinə xərclənib. Məhəbbətinə sadiqliyinin təcəssümü - günahsızlığının bəraəti. Ancaq, dədə-babadan qalma deyimi yada salsaq, «sən saydığını say, gör fələk nə sayır».
Kroqstad - yüksək mənəvi dəyərlərdən məhrum bu şəxs Noranı şantaj etməyə başlayır. Özünə görə haqlı səbəblər irəli sürür - həyat və peşə təcrübəsi yetərlidir ki, artıq kiminsə rəhbərliyi altında yox, məhz özü rəhbər vəzifədə çalışsın. Şantaj isə bu istəyə çatmaq üçüq yeganə çıxış yoludur.
k-2 Kroqstadın Torvalda ünvanladığı məktub təkcə səkkiz illik sirrin açılmasına kömək etmir, həm də həqiqətdə kimin kim olduğunu müəyyənləşdirir. Yəni…
Hər şeydən agah Torvald narahatlıq keçirməyə başlayır. Narahatlığa səbəbsə, «təmiz» bir ailənin dedi-qodu, mühakimə, qalmaqallar obyekti olmaq təhlükəsilə üzləşmə ehtimalıdır. Nəticədə itirilən nüfuz, rəhbər vəzifə. Sadalanan amillər kifayətdir ki, arvadı Nora ilə sanki bir cinayətkar kimi rəftar etsin. Aldadıcı ədəbi, ləyaqəti hər vəchlə qorumağa çalışan Torvaldın nəzərində Nora artıq bir varlıq kimi dəyərini itirir. O dərəcəyədək ki, onu hətta uşaqlarının tərbiyəsindən belə uzaqlaşdırmaq istəyir. Ancaq, çərxi-fələk yenə də son məqamda öz sözünü deyir. Kroqtsadın iddialarında yanılması yetərdi ki, situasiya çox asanlıqla öz həllini tapsın… Nora sonda anlayır ki, ailəsinin xoşbəxtliyi naminə etdiyi bu cinayətin sonucunda o, bir şəxsiyyət kimi ləyaqətinin itirib. Ərinin nəzərində isə sadəcə olaraq bir sevimli oyuncaq imiş. İlk çatdan dağılmağa başlayan «oyuncaq ev» kimi…

***

İbsenin yaradıcılığına müraciət Azərbaycan səhnəsinin, dəqiq desək, Akademik Milli Dram Teatrının da qismətinə düşdü. «Oyuncaq ev» tamaşanın quruluşçu rejissoru Bəhram Osmanovdur. Əsərin tərcüməçisini də qeyd etmək yerinə düşər: Azad Əliyev. Aktyor ansamblı isə səhnə aləmində kifayət qədər tanınan simalardır - Sənubər İsgəndərli (Nora), Abbas Qəhrəmanov (Torvald Helmer), Fizuli Hüseynov (Kroqstad), Mehriban Xanlarova (Rfu Linne) və Cəfər Namiq Kamal (Doktor Rank).
«Oyuncaq ev» dramaturji material kimi təkcə oxucuların deyil, tamaşa kimi seyrçi qarşısında da çözümü asan olmayan suallar qoyur. Hər bir rejissor isə özünün səhnə yozumunda ilk növbədə individual dünyagörüşündən çıxış edir. Seyrçinin və ya toplumun tələbatına nə dərəcədə cavab verib-verməməsindən asılı olmayaraq. Amma tamaşa və əsər arasındakı vəhdətin, müəllif və rejissor baxışlarındakı bənzərlik və ya fərqliliyin, psixoloqizm qatının qorunması … bir sözlə, orijinalın kobud təhrifinə yol verməmək şərtilə.
Bəhram Osmanovun quruluş müəllifi olduğu «Oyuncaq ev» tamaşasının elə ilkin akkordlarında duyulan müəmmalı boşluqdur. Hadisələrin cərəyan etdiyi dövrün ruhu, atmosferindəki qeyri-müəyyənlik təkcə quruluşda deyil, həmçinin aktyor ifası, səhnə tərtibatı, hətta libaslarda belə özünü büruzə verirdi. Digər tərəfdən, bəlkə də rejissorun məqsədi elə maddiyyatın fonunda mənəvi kasadlığı görükdürməkdi…

***

Tamaşada rol alan sənətçilərin kimliklərini az öncə qeyd etdik. İfalara gəlincə…
Fizuli Hüseynov bir aktyor kimi sənət aləmində «çevrilişlər» etməyibsə də, Kroqstad obrazında canlılığı, ştamplardan uzaqlığı ilə diqqət çəkdi. Təkcə bununla deyil. Belə ki, İbsenə görə, Kroqstad təkcə mənən yox, zahirən də kobud, eybəcərdir, amma Bəhram Osmanovun seçimi, yəni bu obrazı boylu-buxunlu, yaraşıqlı, üstəlik aristokratizmi ifasında əks etdirən k-3Füzuli Hüseynova həvalə etməsi maraqlı idi. Məhz bu seçim tamaşaçını bir fikrə də yönəldir ki, Nora atasının imzasını saxtalaşdırmaqla kifayətlənməyib, çox asanlıqla da bu yaraşıqlı kişiyə meyl sala, nəticədə xəyanət edə bilərdi. Ancaq hər bir halda rejissor öz fikrini, öz yozumunu göstərməkdə haqlı. Təki seyrçi düşüncəsinə rəvac verəcək maraqlı nəsnə olsun.
Qəribə də olsa yazıçının Torvald obrazına yüklədiyi zahiri aristokratizm, alicənablıq çalarları Abbas Qəhrəmanovun deyil, məhz Füzuli Hüseynovun təsvirində öz bədii həllini tapırdı.
Cəfər Namiq Kamalın ifasında Doktor Rank obrazında da tanış cizgiləri görmək mümkün. Daha öncəki ifalarındakı komedik rolların qoyduğu dərin iz nəticədə aramsız ştamplara yol açmaqda. Ömrünün sayılı günlərinin qaldığı bir dönəmdə insan müdrikləşir, maddiyatın önəmsizliyi dərk edilir, doktor Rankın fikri-zikri isə Noraya sahib olmaqdır. Hiss olunur ki, Cəfər Namiq Kamal rolun daşıdığı məna yükünü tam qavramayıb.
Təbiət etibarilə şıltaq olan Nora Sənubər İsgəndərlinin təqdimatında fərqli idi. Yəni, şıltaqlıq nümayiş etdirməyə çaışan aktsria Norasına bir az da əxlaqi cəhətdən sürüşkən qadın xüsusiyyətlərini qatmışdı. Bu isə öz növbəsində Nora kimi ağır psixoloji obrazı canlandırmağa bir aktrisa olaraq hazırsızlığından xəbər verir.
Ümumiyyətlə, aktyorlar canlandırdıqları (daha doğrusu, calandırmağa çalışdıqları - S.B) personajların daxili dünyalarında səthilik müşahidə olunurdu. Yəni, «incə psixoloqizm» deyilən anlayış səhnədəkilərə sanki yad idi.

***

Vəziyyəti hətta zəngin butaforlar belə xilas edə bilmir. Qış mövsümü, bayırda sakit qar dənəcikləri yağır. Müxtəlif metaforalarla «bəzəmək» olar bu görüntünü, məsələn, «qarın olub-keçənləri təmizləməsi» kimi və s. Qar yağıntısının xüsusi effektlərlə verilməsi estetik baxımdan nə qədər gözəl idisə, bunu reallaşdıran cihazın və ya aparatın kobud ani səsi bu estetikanın defektlə əvəzləyirdi…
SEVDA BABAYEVA, “Kultaz”






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə, May 9th, 2008 tarixində 00:47 radələrində Teatr bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

2 şərh var


  1. elnur adlı istifadəçi, May 11, 2008 tarixində, saat 17:17 yazıb:

    mukəmməl!!
    Sevda xanimin yazilarini sevə-sevə oxuyuruq.çünki əyrini
    *əyri,düzü düz yazir.
    Gələcəyin məhşur teatrşunasina uğurlar arzulayiram.


  2. nurlane melikova adlı istifadəçi, May 12, 2008 tarixində, saat 01:15 yazıb:

    maraqlidir

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: