Qaynar xəbər portalı

Kitab dünyası


modaFəxriyyə Xələfova bu işin o qədər də asan olmadığını dedi

Azərbaycanın ən məşhur modelyerlərinin hər birinin brendi və moda evləri var. Lakin moda sahəsində Avropaya və dünyaya inteqrasiyaya can atan modelyerlərimiz hələ də yetərli nailiyyət əldə edə bilməyiblər. Dünya praktikasında modelyerlər firmalarla müştərək əməkdaşlıq çərçivəsində xüsusi marka istehsalı ilə məşğuldur.
Məsələn, 2005-ci ildə hip-hop stilində geyim istehsalına başlayan Pepsi bu dəfə  qadınlar üçün geyim kolleksiyalarının istehsalını nəzərdə tutub. Satış dükanlarında Pepsinin yeni geyim kolleksiyaları 2008-ci ilin ilk yarısında görünəcək. “Fashion the life” - “Moda həyatdır” tərzli geyimlərin ilkin qiyməti 12 dollardan başlayacaq. Son illər ərzində marka isimlərindən “Emiland” kişi geyimlərinin adı çəkilir. Bu, hələ ki, göstərici deyil.
Bəs Azərbaycan milli brendləri nə vaxt mağazalarda görünəcək? Suala cavab tapmaq üçün “FX” markalı geyimləri artıq dünyada kifayət qədər tanınan və aparıcı ölkələrdə nümayiş etdirilən modelyer Fəxriyyə Xələfovaya müraciət etdik: “Brendləşmə prosesi Azərbaycanda da fəallaşmağa  başlayıb. Bu haqda biz moda sahəsində çalışanların arzusu var. Milli brend yaratmaq yaxından çox asan görünür, amma dərinliyə varanda çətin və məsuliyyətli işdir. Bu biznes o qədər çətindir ki, fəaliyyətə başladınmı, heç dayanmamalısan, daim işləməli və formalar axtarıb tapmalısan. İstehsal edilən məhsullar, onların çeşidi və digər məsələlər o qədər məsuliyyətlidir ki, xüsusi menecment tələb edir. Mənim tək yaradıcılığım və adım bunu həyata keçirmək üçün kifayət etmir. Düşünülmüş strateji bir menecment olmalıdır ki, marka yüksəlsin və müxtəlif tələbatları ödəyə bilsin. Məsələn, bir nümunə çəkim. Uzun illər ”Chanel” moda evi dodaq və dırnaq boyalarının satışından  bütün gəlirini əldə edir. “Dolce Qabbana” isə ən böyük gəliri krossovka  və cins geyimlərindən götürür. Qeyd edim ki, bunların da qiyməti kifayət qədər baha idi. Bir sözlə, gərək əvvəldən alıcının nəyə tələbatı olduğunu müəyyən edəsən ki, bundan müəyyən nəticələr də əldə edə biləsən. Ona görə də brendləşmə, markalaşma çox çətindir. Brendlərin yaradılması və onların menecmenti haqqında Avropada 6 aylıq kurslar da mövcuddur. Əgər ehtiyac duysam çalışacam ki, bu kursları keçim. Bu, mənim fikrimdə var, tam hazır olandan sonra bu addımı atacam. Düzdür moda sahəsində kifayət qədər təcrübəm var, amma daha böyük  uğur qazanmaq üçün üzərimdə bir az da çalışmalıyam. Mən inanıram ki, Azərbaycanda milli brend olacaq. Əslində sevinirəm ki, bunu məndən gözləyirlər.
Mənim bir neçə beynəlxalq müsabiqələrə hazırlayıb göndərdiyim dosye var ki, orada CD-lər, DVD-lər, fotoşəkillər var. Bəlkə də o dosyeni araşdıran peşəkar menecerlər strategiyanı formalaşdırıb, hansı istiqamətə daha çox nəzər yetirmək lazım olduğunu söyləyəcəklər. Etiraf etmək lazımdır ki, burada gəliri də düşünmək lazımdır. Çünki brend təkcə istehsalat tələb etmir, həm də böyük reklam tələb edir. Moda istiqamətləri həmişə reklam tələb edir. Eyni zamanda reklam strategiyası da maraqlı və diqqətçəkən olmalıdır. Ümumiyyətlə moda sahəsində fəaliyyət göstərmək çətindir. Çünki moda yeniliyi sevir, bunun üçün isə güclü fantaziya və peşəkarlıq qabiliyyəti olmalıdır. Mən topladığım bu təcrübə ilə yüz ölçüb, bir biçirəm ki, atdığım addım uğurlu olsun.
Modelyer son vaxtlar gündəmdə olan “Best Model of Azərbaycan” yarışmasına dair müəyyən tövsiyə və fikirlərini bildirdi: “Əslində ”Best Model” təşkilatı ilə neçə illərdir ki, tanışam. “Best Model”i 2000-ci ildə Azərbaycana mən təqdim etdim və ölkəmizə gətirdim. Sonra o müsabiqə burada necə davam etdi, sonu necə oldu, onu bilmədim və bu barədə də maraqlanmadım. Bu gün isə bunun üstündən 8 il keçib və mən 8 il geriyə qayıda və bir də o öhdəçiliyi öz üzərimə götürə bilmərəm. Münsiflər heyəti kimi, nəinki bu müsabiqədən, digər müsabiqələrdən də təklif almışam, amma təklifi qəbul etməmişəm. Ona görə ki, bu gün heç bir moda müsabiqələrində münsiflər heyətinin çalışma mexanizmi düzgün qurulmayıb. Mən beynəlxalq üslubla çalışmağın tərəfdarıyam və belə bir üslubla çalışmağın artıq zamanı yetişib. Əgər belə bir addım atılsa, peşəkar rəyi nəzərə alınsa çox yaxşı olar. Çox vaxt müsabiqələrdə seçilən iştirakçılar tamaşaçını məyus edir və bu seçim, onları qane etmir. Son zamanlar SMS yolu ilə seçilmək dəb halını alıb. Bəzən səs çoxluğu ilə qalib olan iştirakçı münsifləri qane etmir. Müsabiqələrdə elə bir iştirakçı seçmək lazımdır ki, o, mübarizə apara bilsin və xarici ölkələr arasında Azərbaycan da öz sözünü deyə bilsin. Çünki bu qədər əziyyət çəkilirsə, nəticələr də ürəkaçan olmalıdır. Qaldı ki, müsabiqələrin neçə keçirilməsinə və nəticələr verməsinə, bu, təşkilatçıdan asılıdır.
Bir neçə ildir ki, “Best Model” yükünü müğənnilər üzərinə götürüb. Onların göstərdikləri nəticəyə bir peşəkar modelyer kimi məndən münasibət soruşurlar, mənə aid olmayan işə münasibət bildirmirəm. Çünki burada əsas mənim rəyim deyil. Tamaşaçının, ictimaiyyətin rəyidir. Sadəcə onu deyə bilərəm ki, bizə keyfiyyətli nəticələr lazımdır. Bir məqamı da qeyd edim ki, çox vaxt buna moda yarışması deyirlər, amma bu model yarışmasıdır. Mən bu yarışmanı ona görə ölkəmizə gətirdim ki, hər il bizim də bir iştirakçımız orada iştirak etsin. Dəfələrlə şahidi olmuşam ki, Erkan Özerman iştirakçıları təqdim edərkən Azərbaycanın adını deyəndə onu elə ürəklə səsləndirir ki, adam həvəsə gəlir, sevinir. Odur ki, belə təqdimatın  qarşısında işlərimizi yüksək səviyyədə qurmalıyıq”.   /Gün-Səhər






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 3 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: