Qaynar xəbər portalı

Kitab dünyası


Elçin“Çağdaş ədəbi mühitimizdə çox ciddi savadsızlıq mövcuddur və bu çox pisdir”

Mayın 13-də Baş nazirin müavini, xalq yazıçısı Elçinin 65 yaşı tamam olur.

- Hər yubiley insanın bir növ özü ilə hesabatı deməkdir. Bu baxımdan, Siz 65 yaşın hesabatına hazırsınızmı?
- Əslində, bu 65 rəqəmindən heç xoşum gəlmir, amma əlbəttə, vaxt öz işini görür. Mən bu yaşa qətiyyən yubiley kimi baxmıram. Amma hər ildönümünün də yekun olması bir həqiqətdir. Mən də gördüyüm və görmək istədiyim işlər haqqında düşünürəm və son bir ilin hesabatın aparanda yazı-pozu baxımından ömrümün bu ilindən razıyam. Bu bir ildə 3 pyes yazdım, onlardan biri - “Arılar arasında” Akademik Milli Teatrda tamaşaya qoyuldu, ssenarim əsasında çəkilən “Hökmdarın taleyi” filmi tamamlandı. Bu 65 ildə yazdığım əsərlərin əksəriyyətinin daxil olduğu 10 cildliyim nəşr olundu. Bu cildlərə daxil olan əsərlərin 80 faizi sovet dövründə yazılıb. Mən o dövrdə yazdıqlarımın nöqtəsinə-vergülünə toxunmadan oxuculara təqdim edirəm və bundan daxili fərəh hissi duyuram. Deməli, bu illər boyu mən ideologiyaya yox, ədəbiyyata xidmət etmişəm. İnsan yaşlandıqca gənclikdə ağlına gəlməyənləri düşünməyə başlayır. Amma elə insanlar da var ki, onların hissiyyatında bir sabitlik var. Mən də özümü o adamlardan hesab edirəm. Sırf hissiyyat baxımından illər məni dəyişdirməyib.
- Azərbaycan ədəbiyyatının və ədəbi mühitinin bugünkü mənzərəsi necədir?
- Ədəbi mühitin vəziyyətini ədəbi proses müəyyən edir. Deyə bilmərəm ki, Azərbaycanın çağdaş ədəbi prosesi məni qane edir. Hardasa 10 il əvvəl Azərbaycan ədəbi tənqidini və ədəbi prosesini çox kəskin tənqid edirdim və məndə bir bədbinlik vardı. Həmin bədbinlik hissi bu gün məndə yoxdur. Bugünkü ədəbi proses məni ən çox kəmiyyəti etibarı ilə qane etmir. Yəni əgər bu gün 5 istedadlı tənqidçi fəaliyyət göstərirsə, 15 nəfər də istedadsız, ədəbiyyatı başa düşməyən, hiss etməyən, ədəbiyyatdan xəbərsiz adamlar bu ədəbi prosesdə iştirak edir. Ona görə də çağdaş ədəbi mühitimizdə çox ciddi savadsızlıq mövcuddur və bu çox pisdir. Ola bilsin ki, bugünkü ədəbi mühitdə sağlam ədəbi mübahisə və ədəbi mücadilə çatışmır. Amma narahatlıq doğuran əsas məqam odur ki, bugünkü ədəbi mühitdə savadsızlıq üstünlük təşkil edir.
- Bəs ədəbi prosesdəki bu savadsızlığa yol açan nədir, istedadsızlıqmı?
- Savadsız, mütaliəsiz, dünyadan bixəbər insanların ədəbi prosesdə iştirakı çox pisdir, amma istedadsızlıq bir adamın yazıçı olmayacağına qarantiyadır. Əgər insanın istedadı varsa, bu fakt öz-özlüyündə hələ yüksək bədii təfəkkürün qarantiyası deyil. Ədəbiyyat adamı üçün istedadla bərabər dünyagörüşü, savad, düşüncənin miqyası da vacib şərtdir.
- Müsahibələrinin birində özünü “xoşbəxt oxucu” adlandıran Elçin müəllimin “xoşbəxt müəllifləri” kimdir? Doğrudanmı, Siz yalnız imzaya görə kitabları oxuyursunuz?
- Mənim kitabxanamda çox sevdiyim, səhifələrinə bələd olduğum kitablar var. Hərdən mənə elə gəlir ki, o kitablar da məni yaxşı tanıyır. Mənim üçün çox böyük yazıçılar var və hərdən mənə elə gəlir ki, onlar başqa bir dünyadan, sivilizasiyadan gəliblər. Lev Tolstoy təkcə bədii zövqümün formalaşmasında yox, ümumiyyətlə, həyatımda, taleyimdə böyük bir rol oynayan şəxsiyyətdir. Mən həmişə deyirəm ki, dünyada nə qədər yazıçı varsa, bir o qədər də yaradıcılıq psixologiyası və dünyada olan oxucu qədər də oxucu hissiyyatı var. Azərbaycan nağıllarını neçə yaşımda oxuduğumu xatırlaya bilmirəm. Dəqiq bilirəm ki, “Koroğlu” dastanını oxuyanda hələ məktəbə getmirdim.
- Azərbaycan yazıçıları qırğız yazıçısı Çingiz Aytmatovun Nobel mükafatına namizədliyini irəli sürüblər. Biz nə vaxt öz yazıçımızın bu mükafata namizədliyini irəli sürəcək, onu dəstəkləyəcəyik?
- Nobel mükafatı ilə bağlı Azərbaycan ədəbi prosesində son vaxtlar bir ajiotaj var. Əvvəla, Nobel mükafatı dünya miqyasında təsdiq deməkdir, amma bu mükafat ədəbiyyatın, bədii təfəkkürün meyarı deyil. Ötən il ilk türk yazıçısı Orxan Pamuk bu mükafata layiq görüldü, amma ondan qabaq elə Türkiyənin özündə nə qədər layiqli böyük yazıçılar vardı?! Orxan Kamal, Nazim Hikmət, Yaşar Kamal…Təəssüflər olsun ki, bizim əsərlərimiz sistemli şəkildə müxtəlif dillərə tərcümə oluna, dünya miqyasına çıxa bilmir. Bizim əsərlərimiz, əsasən rus dilindən dünya dillərinə tərcümə edilir. Əsərlərin birbaşa Azərbaycan dilindən dünya dillərinə tərcüməsi faktı çox azdır. Bu, çox ciddi məsələdir. Bəlkə də mənim bu fikrim bütün həqiqəti ifadə etmir, amma Azərbaycan dilində yazan yazıçının tərcümə olunması, dünya miqyasına çıxması asan olmur. Digər tərəfdən, bu da faktdır ki, kiçik bir ölkə olan İslandiyada island dilində yazan Laksnes Nobel mükafatına layiq görülüb.
- Siz hansı Azərbaycan yazıçısını Nobel mükafatına layiq bilirsiniz?
- Bizim ədəbiyyatımızda kifayət qədər yüksək səviyyəli yazıçı və şairimiz var. Amma konkret ad çəkmək istəməzdim. Söhbət Azərbaycan ədəbiyyatından gedirsə və Nobel mükafatı XX əsrin hadisədirsə, onda mən çox istərdim ki, bu mükafata Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir layiq görüləydi.
- Bəlkə türk yazıçısının bu qədər gec Nobel mükafatı almasının bir səbəbi də elə konkret ad çəkə bilmədiyimizdən irəli gəlir?
- Müasir Azərbaycan ədəbiyyatının Nobel mükafatına layiq olan xeyli nümayəndəsi, məsələn, İsa Hüseynov - Muğanna, Anar, Əkrəm Əylisli və başqaları var. İsa Hüseynovun Azərbaycan ədəbiyyatındakı xidmətlərini mən xüsusi ilə qeyd etmək istəyirəm. Yazıçıları müqayisə etmək doğru deyil, amma Çingiz Aytmatov “Cəmilə”sini yazanda, İsa Hüseynov da öz gözəl povestlərini yazırdı və onun bu povestləri nəinki Aytmatovun əsərlərindən zəif idi, hətta bədii siqləti etibarı ilə daha yüksək idi. Amma “Cəmilə”ni Fransanın böyük yazıçısı və kommunisti Lui Araqonun həyat yoldaşı Elza Triole orijinalda oxudu, sonra Araqon onu tərcümə etdi və “Bu, mənim məhəbbət haqqında oxuduğum ən gözəl əsərdir” deməsi ilə Çingiz Aytmatov bir növ dünya miqyasına çıxdı. Biz İsa Hüseynovun povestlərini vaxtında tərcümə eləyib dünya miqyasına çıxara bilsəydik, heç şübhəsiz ki, indi o da dünya şöhrətli yazıçı idi.
- Ədəbi nəsillər, müasirlər arasında qəribə bir ədəbi qısqanclıq var. Sizcə, bu nədən yaranır?
- Ədəbiyyat söhbəti və ədəbiyyatdan kənar söhbət anlayışı var. Ədəbiyyat söhbətində nəsillər arasında bir-birini başa düşməzlik, anlaşılmazlıq olub. Mənim özüm də şəxsən belə bir mərhələdən keçmişəm, yəni cavan vaxtlarımda özümdən əvvəlki nəsli bəzən başa düşə, qəbul edə bilmirdim. Ədəbiyyat söhbəti çərçivəsində fərqli baxışları, münasibətləri başa düşürəm, amma ədəbiyyatdan kənar söhbətləri izləmirəm və onlar mənim üçün maraqsızdır. Özündən Amerika kəşf edən bəzi kimi böyük adlar çəkib elə yazılar yazırlar ki, onların yaradıcılıqdan xəbərsiz olduqlarını dərhal başa düşürsən. Belələrinin olması da bədbəxtlik deyil, faciə odur ki, belələrinin artıq öz oxucusu yaranıb. Belə müəlliflərin səviyyəsində olan oxucu auditoriyası, bütövlükdə götürdükdə Azərbaycan ədəbiyyatı oxucusunun səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Biz daha çox böyük, istedadlı, yaxşı yazıçı sözlərini işlədirik, amma eyni sözləri oxuculara da aid etmək olar. Həqiqətən də, istedadlı, yaxşı, savadlı və əksinə istedadsız, savadsız oxucu da var. Ədəbiyyatda oxucunun kim olması vacib şərtdir.
- Bəs sanballı ədəbiyyat nümayəndələrinin xırda giley-güzarlarını, bir-biri haqqında incikliklərini mətbuata çıxarması nəyə xidmət edir? Doğrudanmı, bu qeydlər də ədəbiyyat naminə çap olunur?
- Mən nələri nəzərdə tutduğunuzu başa düşürəm. Nəzərə alaq ki, yazıçı da insandır, onun da sırf insani emosiyaları var. Belə söhbətlər bizdən əvvəlki nəsillərdə də olub. Əslində ədəbiyyatla anti-ədəbiyyat həmişə qoşa addımlayıb. Hətta bəzən elə dövrlər olub ki, bizim bugünkü dövrümüz kimi, anti-ədəbiyyat kəmiyyət etibarı ilə ədəbiyyatdan qat-qat çox olub. Amma ədəbiyyatın siqlətinin ağırlığı ondadır ki, o həmişə istedadın çiynində irəli gedib. Anti-ədəbiyyat dövründən, zamanından bir addım qabağa atıla bilməyib.
- Azərbaycanda ilk dəfə yüksək texnologiya ilə, Sizin ssenariniz əsasında çəkilən “Hökmdarın taleyi” filminin bizim kinoteatrlarda, televiziya kanallarında nümayişi mümkün olacaqmı?
- Ən yeni texnologiya ilə çəkilən bu filmin sifarişçisi Mədəniyyət və Turizm Nazirliyi, prodüseri Vaqif Əsədullayevdir. “Hökmdarın taleyi”nin Azərbaycanda nümayişi üçün kinoteatrlarımızın lazımı texniki şəraiti yoxdur. Yalnız “Azərbaycan” kinoteatrında bu filmin nümayişi qismən mümkündür. Bu ssenarini İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesinin motivləri əsasında yazmışam. Mən bu filmdə Qarabağın tarixi həqiqətlərini əks etdirməyə çalışmışam. Eyni zamanda, Qarabağ həqiqətlərinin dünya miqyasında təqdimatı üçün filmin bədii-estetik siqlətinin də yüksək səviyyədə olmasına çalışmışıq. Mən güman edirəm ki, “Hökmdarın taleyi” Avropaya çıxa biləcək.
- Sizin “Sarı gəlin” hekayəniz də daxil olmaqla, ümumiyyətlə, Qarabağ mövzusunda yazılan əsərlərimizin dünya miqyasında təbliğindən razısınızmı?
- Təəssüf ki, biz tariximizlə bağlı təbliğat aparmağa gecikirik. Bəli, bizim ən böyük çatışmayan cəhətimiz odur ki, özümüz deyib-özümüz eşidirik. Qarabağ haqqında televiziyada, mətbuatda çıxış edirik, hiddətlənirik, mütəəssir oluruq, amma dünyanın xəbəri yoxdur. Qarabağ həqiqətlərindən dünyaya danışmaq lazımdır. Həqiqət-şəhidlərimiz, müharibənin nəticələri, köçkünlərimiz onsuz da bizim gözümüzün qabağındadır. Qarabağ haqqında çəkilən bu filmin yüksək səviyyədə olmasına ona görə çalışdıq ki, biz onu dünyaya çıxara bilək.
- Qarabağla bağlı növbəti bir ssenari üzərində işlədiyinizi eşitmişik…
- İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesinin motivləri əsasında yazdığım ssenarini artıq bitirmişəm. Tarixi filmin ekranlaşdırılması hədsiz maliyyə vəsaiti tələb edir, amma bu məsələlərin də həllinə çalışırıq. Mən ümid edirəm ki, biz “Xursidbanu Natəvan”ı da ekranlaşdıra biləcəyik.
- Azərbaycan teatrlarında sizin müxtəlif mövzulu pyesləriniz səhnələşdirilir və oynanılır. Bəzən deyirlər ki, məhz vəzifənizə görə teatrlar Sizin pyeslərə geniş yer verir…
- Əlimə qələm alandan bəri belə gülünc “obıvatel” söhbətlərini həmişə eşidirəm. 24 yaşımda yazdığım namizədlik dissertasiyamı müdafiə edəndə də Moskva Ali Attestasiya Komissiyasına anonim məktublar yazılmışdı ki, bu dissertasiyanı İlyas Əfəndiyev yazıb. Atam da deyirdi ki, dissertasiya yazmaq həvəsi olsaydı, elə özü üçün yazardı də… Məgər Elçin vəzifəyə gələndən sonra yazıçılığa başlayıb? Hansı vəzifədə olmasından asılı olmayaraq, Elçin ilk növbədə yazıçıdır.
- Azərbaycanda yaradıcı təşkilatların fəaliyyəti, büdcədən maliyyələşdirilməsi diskussiya mövzusuna çevrildi. Siz bu təşkilatların fəaliyyətini müasir dövrdə necə görürsünüz?
- Şübhəsiz ki, yaradıcı təşkilatlar sovet dövründən qalma bir şeydir. Əgər biz o dövrdən qalan bütün təşkilatlarla vidalaşmalı olsaq, onda gərək bütün universitetləri bağlayaq, çünki Bakı Dövlət Universitetindən başqa qalanları Sovet dövründə yaranıb. Mən hesab edirəm ki, Azərbaycan Yazıçılar İttifaqının qorunub saxlanması böyük nailiyyətdir və bu məsələdə Anarın, Fikrət Qocanın və digərlərinin böyük rolu olub, onları alqışlamaq lazımdır. Mən bu işin içindəyəm. Ona görə dəqiq bilərəm ki, Yazıçılar İttifaqı, xüsusən onun ədəbi orqanları fəaliyyətini tamam dayandırmaq məcburiyyətində idi və Heydər Əliyevin şəxsi iradəsi nəticəsində AYB büdcədən maliyyələşdi. Bu da nəşrlərin müntəzəm fəaliyyətini və təşkilatın qorunub saxlanmasını mümkün etdi.
- Ədəbi orqanlarda çox zəif materialların yer alması fikri ilə razısınızmı?
- Əgər Azərbaycan yazıçısı roman yazırsa və o roman “Azərbaycan” jurnalında çap olunursa, müəllifinə qonorar verilirsə, bunun nəyi pisdir? Mən də deyirəm ki, “Azərbaycan” jurnalında və digər ədəbi orqanlarda çap olunan yazıların hamısı şedevr deyil. Amma siz mənə bir şedevr göstərin ki, kənarda çap olunub və “Azərbaycan”da nəşr edilməyib. Ədəbi orqanlarda çap olunan yazılar bizim ədəbiyyatımızın bugünkü vəziyyətini əks etdirir. Başqa sözlə, olanımız budur. Ona naşirlər neyləsin?
- Dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində, latın qrafikası ilə nəşr olunması da ədəbi mühitdə birmənalı qarşılanmadı. Deyirlər, yeni, modern ədəbi nümunələr bu siyahıdan kənarda qalıb?
- Dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümə olunan və kiril qrafikası ilə nəşr edilən əsərləri çağdaş Azərbaycan oxucusundan kənarda qalmışdı. Onlar böyük bir tirajla yenidən Azərbaycan oxucuna qaytarıldı. Bu, çox mühüm bir hadisədir. Bu siyahıda dünyada qəbul olunan ən məşhur şəxslərin əsərləri yer alıb. Əgər kimsə unudulubsa və ya növbəti mərhələyə qalıbsa, bu, görülən bütün işə kölgəyə salmağa əsas vermir.
- Hazırda nə yazırsınız?
- Sənətkar və zaman mövzusunda Hüseyn Ərəblinskinin həyat və yaradıcılığına dair pyes yazıram. Eyni zamanda, Mikayıl Müşfiq haqqında sənədli bədii-publisistik roman üzərində işləyirəm. Mən burada Mikayıl Müşfiqin simasında bir şairin həyatdakı missiyasından danışmaq istəyirəm. Müşfiqlə bağlı bu günə qədər heç kimin görmədiyi sənədlərlə tanış olmuşam və bu faktların hamısı romanda əks olunacaq. Bundan başqa, İlyas Əfəndiyevin həyat və yaradıcılığından bəhs edən sənədli roman üzərində iş davam edir və sairə…
- Qarşıdan Prezident seçkiləri gəlir. Siz bu seçkilərə necə hazırlaşırsınız? Bu sualı Baş nazirin müavini Elçin Əfəndiyevə yox, xalq yazıçısı Elçinə veririk.
- Bu yerdə Baş nazirin müavini Elçinin də, yazıçı Elçinin və vətəndaş Elçinin də fikri və mövqeyi həmişəki kimi tam bir vəhdət içindədir, aydın və qətidir. Mən, təbii ki, ölkəmizdə böyük quruculuq fəaliyyəti göstərən İlham Əliyevə səs verəcəyəm. Başqa cür necə ola bilər?

Laura Cəbrayıllı, APA






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (3 səs, təxmini: 2 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar ertesi, May 12th, 2008 tarixində 14:56 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

7 şərh var


  1. e110365 adlı istifadəçi, May 12, 2008 tarixində, saat 16:41 yazıb:

    “Başqa cür necə ola bilər?”

    Səmimiliyin beləsi gözyaşardıcı…


  2. Şahanə adlı istifadəçi, May 12, 2008 tarixində, saat 17:55 yazıb:

    Səmimilikmi??

    Bu ölkədə kimsə yoxdu sevməyə…

    Müsahibə daha kəskin alına bilərdi. Alınmalıydı da.


  3. e110365 adlı istifadəçi, May 12, 2008 tarixində, saat 18:51 yazıb:

    Şahanə, səmimiliyin boynuna sarılmış barmaqların dırnaq izləri mütləq gözəgörünənmi olmalıdır?


  4. usyankar adlı istifadəçi, May 13, 2008 tarixində, saat 05:53 yazıb:

    ütülənmiş suallara ütülənmiş cavablar.


  5. q.huseynli adlı istifadəçi, May 14, 2008 tarixində, saat 06:08 yazıb:

    Ay camaat, qəzetlər yazıb, eşitmisiniz? Rauf Arifoğlunu Elçinin yerinə qoyacaqlar.


  6. boran adlı istifadəçi, May 17, 2008 tarixində, saat 12:18 yazıb:

    Məncə savadsızlıq yox, vicdansızlıq deyilsəydi daha yaxşı olardı. Belədirsə, görək bu vicdansızlığı kim edir? Guya bu uşaqlar savadlı olsaydılar mənzərə daha yaxşı olacaqdı? Hər şey, Elçin müəllim, ictimai-siyasi rejimlə bağlıdır, SİZ sadəcə bu “bağa” sadiq olanlardansınız və ya düyün vurulan yerdə barmağınız ilişib qalıb.
    “Ölülər”də İskəndər Şeyx Nəsrullaha deyir: lotusan, vallah vur bura!


  7. Sima N. adlı istifadəçi, May 17, 2008 tarixində, saat 18:09 yazıb:

    vallah, savadlılar belədirsə, gəlin onlara “yox!” deyək, çünki onların bizə sırıdıqları”səmimilik”əsil faciədir. Ayıb olsun!

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: