Hərdən mənə elə gəlir ki, bu dinlər, məzhəblər insanları birləşdirmək yox, ayırmaq üçün yaranıb”. Bu sözləri xalq yazıçısı Elçinin ssenarisi əsasında ekranlaşdırılan “Hökmdarın taleyi” filminin qəhrəmanı İbrahim xan deyir.
Dramatik hadisələrin inkişafı ilə göz önünə XIX əsrin əvvəlində nəhəng qonşularının hədəfinə çevrilən Azərbaycan xanları və xanlıqlarının taleyi gəlir. Kadrlar bir-birini əvəzlədikcə, nəinki din və məzhəblərin, bu yer üzü və dünyanın da insanları birləşdirmək yox, məhz ayırmaq üçün yarandığına əmin olursan. İran, Rusiya və Avropanın təzyiqləri qarşısında divara dirənən Azərbaycan xanları Qarabağ xanı İbrahim xanın birləşmək təklifini qəbul etmirlər. Niyə? Tarixdə və filmdə bu sualın aydın cavabı var. Əslində, nəhəng dövlətlərə qarşı birləşmiş Azərbaycan xanlıqlarının mübarizəsi də faydasızdır, o ki qala təkbaşına mücadilə… İran şahının işğalından qurtulmaq üçün çarəsiz İbrahim xan qızı Ağabəyim ağanı və oğlu Əbülfət ağanı Tehrana göndərmək şərtinə imza atır. Bəs ruslarla neyləsin? Rusların Avropaya bir addım yaxın olduğunu və bu asılılıqda gələcəkdə müstəqilliyi qazanmağın asan olduğunu düşünən İbrahim xan bu yolu seçməyi xanlara təklif edir. Cavad xan “Son damla qanımıza qədər vuruşacağıq” deyir və dediyini də edir. Rus qoşunu Gəncəyə onun, övladlarının, gəncəlilərin və İbrahim xanın köməyə göndərdiyi qarabağlıların qanı bahasına daxil olur. İbrahim xanın rus asılılığını qəbul etməsi ilə ona və varislərinə Qarabağ xanlığı vəd olunur, rus qarnizonu Qarabağda yerləşdirilir. Bakı xanlığına elçi sifəti ilə gələn Sisyanov Qoşa Qala qapısından içəri keçə bilmir, Bakı xanı Hüseynqulu xanın qardaşı oğlunun bıçağına hədəf olur. Tarixi kulminasiya nöqtəsi və taleyi tükdən asılı Azərbaycan xanları və torpaqları. İran şahı sarayında bir növ girov kimi saxladığı oğlu atasının üstünə qoşunla göndərir. Rus qoşunlarının köməyi ilə bu həmlənin qarşısı alınır, amma az keçməmiş fitnə-fəsada uyan qarnizon Şuşaya hücum edir, camaat, o cümlədən xan ailəsi, uşaqlar qılıncdan keçirilir. Xan qürurunu, Qarabağını, camaatını ağılla, siyasətlə qorumağa çalışan İbrahim xan güllələnir!
Filmdə hökmdarın timsalında Azərbaycanın tarixi və faciəvi taleyi canlanır. Güclü qoşunu olan nəhəng imperiyaların Azərbaycana qarşı bir silahı da var: ermənilər! İşğalçılıq siyasətinin baş tutması üçün planlı şəkildə Qarabağa 6500 erməni ailəsinin köçürülməsi, Gəncə qalasının ermənilər tərəfindən sirlərinin açılması və erməni canfəşanlığı hesabına İbrahim xanın və ailəsinin qətlə yetirilməsi faktları qaranlıq tarix səhifələrindən bu günümüzə gətirilib. Erməni vasitəçiliyi və hiyləsi öz yerində, əslində onlarsız belə qürurlu, asanlıqla ipə-sapa yatmayan Azərbaycan xanlarının ölüm hökmü kəsilmişdi. Kimini bir az gec, kimini isə bir az tez qaçılası mümkün olmayan bu tale haqlayır. Bütün bu tarixi həqiqətlər mayın 12-də təqdimatı keçirilmiş “Hökmdarın taleyi” filmində əks olunub. Konkret tarixi dövrü əks etdirməsinə baxmayaraq, bu faciələrin içində 20 Yanvar, Xocalı qırğınları, Qarabağın işğalı aydın görünür. Yataq otağının qabağında rusların İbrahim xanı güllələməsi ilə ermənilərin Şuşanı işğal etməsi və Bülbülün, Üzeyir bəyin, Natəvanın heykəllərini güllələməsi arasında nə fərq var ki? Eləcə də, İbrahim xanın, Cavad xanın taleyi və qəhrəmanlığı dünya tarixinin qəhrəmanlıq səhifələrindəki qeyri-bərabər döyüşləri yada salır. Ləyaqətli qəhrəmanlıq səhifələri kimi ləyaqətsiz vandalizm, qəddarlıq aktları da əslində zaman çərçivəsində, konkret dövrdən və məkandan kənardadır. Bu baxımdan, sənət, ədəbiyyat da gerçək, milli qəhrəmanlardan daha çox, heyrətli QƏHRƏMANLIĞI təqdim edir. Məsələn, ölümü ilə dostlarını və düşmənlərini ağladan Hacı Muradı Lev Tolstoy bütün dünyanın qəhrəmanına çevirə bilib. Bu baxımdan, filmdə görünən və son nəfəsinə qədər xalqını xilas etməyə çalışan İbrahim xan, Cavad xan da Robin Qudun, Hacı Muradın, Şeyx Şamilin… sırasında hamının və hər kəsin qəhrəmanıdır.
“Hökmdarın taleyi”ni səsi kəsiləndə belə aydın eşidilən təsirli musiqi və canlı dialoqlarsız təsəvvür etmək çətin, Azərbaycan xanlarının, İran, Rusiya, Avropa əyanlarının geyimlərinin tarixi və milliliyinin tamaşaçısı olmaq isə rahat və xoşdur. Bu amillər filmin bədii-estetik təsirini, süjetini tamamlamaqla yanaşı, aktyorların ifasına, xarakterlərin açılmasına da yardımçı olur. Fəxrəddin Manafovun İbrahim xanı ekranda cəsur sərkərdə və uzaqgörən dövlət xadimi kimi canlanır. Təbii yaradılan, pafos və ritorikadan uzaq olan ifa əvvəl tamaşaçıya qəribə görünür. Sənətdə və təsəvvürlərdə olan hazır hökmdar obrazlarına əsla oxşamayan, sadə, təbii, çətin vəziyyətində qılıncdan çox ağıla pənah aparan İbrahim xan özünəməxsusluqla yaradılan ekran qəhrəmanıdır. Ondan tam fərqli şəkildə, Vidadi Həsənovun simasında uğurla yaradılan, yaşamaqdan daha çox qəhrəman kimi ölümə can atan cəsur və qətiyyətli Cavad xan müasir tamaşaçıya təqdim edilir. Rusları Bakıya qoymayacağına sadəlövhcəsinə inanan və İran şahının könlünü almaq üçün Sisyanovun başını İbrahim xana göndərən Hüseynqulu xan (aktyor Muxtar İbadov) da tam fərqli ampluada canlanır. Və…Nəhəng düşmənlərinə qarşı birləşmək əvəzinə Azərbaycan xanları nala-mıxa, axırda da barmaqlarına çəkici vururlar. Böyük ekranda hökmdarların yox, Azərbaycanın taleyi görünür. Ekranda əks olunan bu taleyimiz sözün hər mənasında qanla yazılıb. Söz yox ki, əvvəla, tarixilik və faciəvilik baxımından, digər tərəfdən isə çağdaş professional dünya kinosuna sanballı bir nümunə təqdim etmək istəyən Azərbaycan kinoçularının cəfakeşliyinə görə. Bu film müasir avadanlıq və “Dolbi” 1+5 sistemli səsləndirmə ilə yox, məhz Azərbaycan kinoçularının böyük zəhməti bahasına istehsal olunub. Hamı bacardığından və real vəziyyətdən daha güclü görünməyə çalışıb və bu cəhdlər alınıb. “A.S.V.A Profi Studia XXI” Prodüser Mərkəzində, Ramiz Fətəliyev və Dilşad Fatxulinin quruluşunda, Polad Bülbüloğlunun musiqisi ilə təqdim edilən filmin uğurlu aktyor ansamblı var. Vaqif Əsədullayevin prodüseri olduğu filmdə Azərbaycan aktyorları ilə yanaşı, rusiyalı aktyorlar - Daniil Spivakovski, Aleksandr Qalibin, İlyar Şakunov rollarını professionallıqla ifa ediblər.
Film daha çox dünya tamaşaçısına Azərbaycan həqiqətlərini təqdim etmək məqsədi ilə çəkilib, amma… “Hökmdarın taleyi” adi kinoman üçün yox, səviyyəli, məlumatlı, hazırlıqlı tamaşaçı üçün çəkilib. Bu günəcən səviyyəli film istəyirdik, indi hazırlıqlı tamaşaçı arzulayırıq… Görəsən, Allah bilir nəyin bahasına və yüzlərlə-minlərlə parçalanmış ürəklərin ağrısı ilə çəkilən bu film - bizim “Azərbaycannamə” layiqli tamaşaçısını tapacaqmı?..
Laura Cəbrayıllı, APA




Bölmə:











Novarg adlı istifadəçi, May 14, 2008 tarixində, saat 12:34 yazıb:
Ferasetli shairin resenziyasi kitabindan evvel yazilmalidir…