Aliyə Dadaşova
Bakı Kamera Teatrının sonuncu premyerasıdır «Aydın». Rejissoru Cənnət Səlimova. Bəstəkarı Firudin Allahverdi. Qabaqcadan deyim biləsiniz, Cəfər Cabbarlının yaratdığı Aydın deyil bu Aydın. Yəni pyes o pyesdir, amma Aydın o Aydın deyil.O Aydının əhvalının və əhvalatının Kameradakı Aydından fərqi çoxdur. Əgər Cəfər Cabbarlının Aydını fəlsəfə püskürən, uzun-uzadı qarışıq, mürəkkəb nitqlərin içində, pafosunda itib batan Aydın idisə, bu Aydın sadə, gözümüzlə gördüyümüz, içində olduğumuz həqiqətin yüzlərlə qurbanlarından biridir. Bu Aydın sonda həqiqətini bulan zavallılardandı. Bu Aydın öz yerini aşağı qatda boş şərab şüşələrinin arasında tapmış Aydındır. Tamaşaya üç dəfə baxmışam. Hər dəfəsində teatrşünas imicimdən həya edib məni boğan sentimental dalğanı yanımda oturmuş dostlarımın qulağına çırpmışam: «Əşi, bu Aydının evini oxuduğu, yazdığı şeirlər yıxır ey, qardaş, Gül təkin qız almısan, nə şeir oxuyursan?» Amma hər dəfə bu zavallının həqiqətə arxa çevirib ümidlə Gültəkinə sarı addım atmasını, ümidlə maaş almağa qaçmasını, hətta ümidlə özünü öldürmək istəməsini görürkən kədər məni xirtdəkləyir. Bu qəhrəmanı gedib-gəlib rastladığım, çiynində ümid çantası var-gəl edən, fikirlərini dəyər-dəyməzinə satan, ümidlərini ata malı kimi bölən bir-iki ovuc ziyalı gəncin, bütöv bir aydınlar ordusunun generalı elan etmək fikrinə düşürəm. Cəfər Cabbarlı bu adamın adını bica yerə Aydın qoymayıb axı - aydın ziyalı deməkdir.
Burada xam oxuculara bir aydınlatma etmək gərəkir: Cəfər Cabbarlının «Aydın» pyesində kasıb bir şair, fəlsəfi-romantik qəhrəman Aydın zatən varlı, gözəl Gültəkini sevir. Gültəkin var-dövlətini və ailəsini atıb ona ərə gəlib. Dövlət bəy adlı varlı bir kəs isə pul gücünə Gültəkini Aydından ayıra bilir. Elə tamaşanın da danışılası süjeti təxminən budur. Dəstə-dəstə tamaşaya gələn APİ-nin, AMİ-nin qızlarını, seriallara baxmaqdansa teatra gələn xanımları ağladan səbəb də məncə budur. Məhəbbətini pula uduzan Aydın və tək qalmış gözəl Gültəkin. Ucuz melodrama. Amma bildiyiniz kimi, məni mütəəssir edən bu deyil. Cənnət xanım pyesin ələgələn melodramatik və sosial-fəlsəfi qatını böyük peşəkarlıqla realizmə, gerçəkliyə, indiyə calaya bilib. Ona görə də tamaşa müdrik öncəgörmə kimi, pritça kimi «oxunur».
Tamaşa boyu Aydın addım-addım öz həqiqətinə yaxınlaşır. Tamaşaçı Aydının faciəsini bir öz gözləri ilə, bir də Aydının gözləri ilə görür. Daha doğrusu, tamaşaçı qəhrəmanın öz faciəli həqiqətinə doğru irəliləməsini addım-addım seyr edir. Dekorasiya həm simvolikdir, həm realist - yuxarı qatda Dövlət bəyin evi, kabare səhnəsi, yəni, varlı təbəqənin qərar tutduğu məkan, aşağı qatda isə Aydının evi, göstərilib. Deməli yuxarı qat, rahat, təmin olunmuş, gözəl, işıqlı üzlü varlı adamların, aşağı qat isə pulsuz, ümidli, zavallıların məkanıdır. Yuxarı qatda yaşayanlar boşaltdıqları şüşələri aşağı qata tullayır. Aydının misalında bərabərlik uğrunda mübarizəyə qalxmaq sosializmin süqutundan sonra çox gülünc görünərdi. Kamera teatrının Aydını - Nofəl Vəliyev (dublyor Şövqi Hüseyneov) mübarizə aparmağın səfehliyini anlayıb. Diqqət edin: söhbət təkcə təbəqələşmədən getmir. Nəhayət anlayın: bunlar ayrı-ayrı dünyalardır. Ona görə də Aydının sonuncu nitqi (bu nitqlər səhnə materialına Cənnət xanım və İlqşar Fəhmi tərəfindən əlavə olunub) bu qədər acıdır: «Gültəkin, sən elə bilirsən mən nə vaxtsa onların həyatına daxil olmuşam? Onların qəzetlərini oxumuşam? Sən doğrudan fikirləşirsən ki, mən onlarla olmuşam? Heç vaxt! Mən it kimi yaşamışam, zibilliklərdə sürünmüşəm, amma onlarla o həyatda olmamışam». Budur, Aydının tapdığı əsl həqiqət. İstəyənlər barışsın, istəməyənlər çarpışsın.
Bu əhvalatda yeganə güdaza gedən Gültəkindir. Aydın öz həqiqətini tapıb, öz həyatını anlayıb. Gültəkin isə Aydının faciəsində iştirak edib, faciənin son akkordlarını da vurmağı özünə borc bilib. Ona görə də Dövlət bəyin «sən özünü Aydınla gedərkən məhv etmisən» sözləri düzgün səslənir. Ümumiyyətlə, Dövlət bəy rolunda oynayan dublyor aktyorlar (Seyidşah Məmmədov, Rövşən ….) hər ikisi onu daha həyati və dürüst təqdim edib. Bu dövlətlər aşiq olmuş, varlı, ağıllı kişidir. Öz həyatını dərk edib də yaşayır. Sevdiyi qadını faciədən qorumağa çalışır. Gültəkini teatrın təzəcə parlayan bir ulduzu - Simuzər Atakişityeva oynayır. Gözəl, uzun əllləri var. Şövqidən fərqli olaraq, Nofəllə oyunu daha tragik və təsirli alınır. Şövqinin Aydını bomja çevriləndə daha gerçək görünür. Digər səhnələrdə isə onun Aydını oyunbaza bənzəyir. Nofəlin Aydını isə onun tam əksi olaraq, bütün səhnələrdə potensial faciə qəhrəmanıdır, kabare səhnəsində isə gerçək bir Bomj, alkoqolik ola bilmir. Şövqinin oyununun hədəfi tragikomik qəhrəmandır. Hər ikisi son səhnəni çox təsirli oynayır- Aydın son ümidlərini nar dənələri kimi sıxıb ona zəhər qatır. Mütəəssir tamaşaçılar içini çəkir. Teatrın da işi budur. Tərbiyə etmək yox, tə-sir-lən-dir-mək.
Alqışlar həsr olunub Kamera teatrına!




Bölmə:









Labirint adlı istifadəçi, May 14, 2008 tarixində, saat 21:26 yazıb:
Salam, mənə elə gəlir ki, indiki “Aydının” üstündə İlqar Fəhminin böyük rolu var. Bütün “Aydın”ı İ.Fəhmi təzədən “söküb-yığıb”…