Qaynar xəbər portalı

Kitab dünyası


Natiq MəmmədovKloun

- Mən onu istəyirəm, onu istəyirəm… onu, - təxminən beş yaşlarında olan uşaq dil qəfəsə qoymurdu. Klounu göstərərək dayanmadan anasının əlini dartırdı.
- Yaxşı, atana deyərik çağırar.
- Yox, mən özüm onun yanına getmək istəyirəm.
- Olmaz.
- Niyə axı?…
- Adam klounun yanına getməz. O, özü gələr. Atana deyərik «zakaz» eləsin.Səriyyə xanımın ad günü idi. Qohum-tanış da restoranda Lütfi müəllimin təşkil etdiyi mərasimə qatılmışdı. Özündən on beş yaş kiçik arvadına ad günü keçirmək Lütfünün ürəyincə olmasa da, məcbur idi. Çünki ötən həftə rəfiqəsinin yubileyində Səriyyənin hər şeyə necə həsədlə baxdığını hiss etmişdi. Özünə söz vermişdi ki, arvadına mütləq ad günü keçirəcək. Özü də necə…
Ovqatlarının daha xoş keçməsi, özünün təbirincə desək «əl-ayağa dolaşmaması» üçün balaca oğlunu dayəsigildə qoymağı qərara almışdı. Amma tərslikdə özünə çəkmiş oğlunun hönkürtüsünə dözməmişdi. Məclisin əvvəlində uşaq böyüklərin əhatəsində özünü böyük kimi aparmağa çalışdı. Amma sonra yenə uşaqlığı tutdu. Uzaqdan klounu görən kimi «Mən onu istəyirəm, onu…»- deyə vurnuxmağa başladı.
- O klounu «zakaz» elə gəlsin. Bayaqdan özünə əl qatıb — Səriyyə dilləndi.
- Noolub ə, - atasının sualının cavabı özünü çox gözlətmədi. «Onu istəyirəm, onu…» - balaca əlini klouna tərəf uzatdı.
- İndi təşkil edərik, - Lütfi ofisiantı çağırdı. - O gədiyə deynən gəlsin bura.
- O, stollara yaxınlaşmır ki, müəllim, - uzun illər restoranda çalışdığından ofisiantda peşəkar vərdiş yaranmışdı: birincisi, sifariş qəbul edəndə müştərinin qarşısında təzim edirmiş kimi dayanardı, ikincisi peşəsindən asılı olmayaraq, hamıya «müəllim» deyirdi. Əslinə qalsa, müəllim özü idi. Özü də fizikadan dərs deyərdi. Amma bir vaxtlar…
- Nətəhəri stola yaxınlaşmır ə?.. - Lütfi təəccüblənmiş kimi gözlərini ofisianta bərəldərək, cavabını gözləmədən- Get «adminstratoru» bura çağır, - dedi.
- Bilirsiniz müəllim, qayda belədir e… vallah. Uşaqları klounun yanına qoyurlar ki, başlarını qatsın. Bura gəlib sizin istirahətinizə niyə mane olsun ki? Qoy balacanı aparım…
- Hə, hə mən gedərəm, - uşaq qaçmaq istədi.
- Otur yerində ə. Dedim bura gələcək, vəssalam.
- Ata, qoy mən gedim kloun əminin yanına.
- Ə, adam klouna «əmi» deməz. Öküz boyda əmilərin oturub burda, heç onlara «əmi» demirsən. Gədiyə denən gəlsin bura,- Lütfü üzünü ofisianta bozartdı.
- Əsəbiləşmə, mənim «ponçikim», indi gələr.
- Ay ana, deməmişəm o sözü mənə demə,- Lütfi tərs-tərs anasına tərəf baxdı.
Onun həmişə yanaqları qırmızı olardı. Elə uşaq vaxtından boyunun balacalığına, yanaqlarının qırmızılığına, yaşıdlarına nisbətən ətli-qanlı olmasına görə hamı ona «ponçik Lütfü» deyərdi. İndi bir az da içkinin təsirindən ofisianta bozaran sifəti əməlli-başlı “ponçik”i xatırladırdı.
Kloun bu restoranda çoxdan işləyirdi. Ofisiantdan da əvvəl. Onda bura heç restoran da deyildi, fəhlə yeməkxanası idi. Neftayırma zavodunun fəhlələri üçün nəzərdə tutulsa da, qəsəbə sakinləri də, yoldan keçənlər, daimi müştərilər də gəlirdilər. O da burada ofisiant işləyirdi.
Bir gün müdiri işdən çıxardılar. Təzə şef də yeməkxananın profilini dəyişdi. Həyəti genişləndirdi, palma ağacları əkdirdi, kabinetlər düzəltdirdi… Bir sözlə, əsaslı kapital qoyuluşundan sonra fəhlə yeməkxanası çönüb oldu restoran. Artıq yeni müştərilər peyda olmağa başladı, fəhlələrin, qəsəbə sakinlərinin, elə digərlərinin də ayağı buradan kəsildi. O, isə əvvəlki işində idi, qulluq göstərirdi. Həm də indi tək deyildi, təzə müdir yeniyetmə uşaqlardan təzə ofisiantlar dəstəsi düzəltmişdi. Ona da eşitdirmişdi ki, yaşlı ofisiant müştəriləri qaçırda bilər, mətbəx işləri ilə məşğul olsa, yaxşıdır. Bir müddət mətbəxdə işləyəndən sonra ağlına «əla» ideya gəlmişdi- «bəlkə klounluq eləyim». Birinci arvadı buna razı olmamışdı. «Kloun nədi? Dəli olmusan, ay kişi?.. İndən sonra klounluq eliyə bilərsən?». «Niyə eləmirəm. Mətbəxdə pişik kimi eşələnməkdənsə, klounluq eliyib uşaqların başını qataram. Həm də məni kim tanıyacaq, üz-gözümü qrimləyərəm, papaq qoyaram, maska taxaram. Hörməti də ki, hörmət. İndi klounlara yaxşı hörmət eliyirlər. Sabah müdirə deyəcəyəm».
Müdir ideyanı yaxşı qarşıladı. Dərhal razılaşdı. Ona tünd qırmızı rəngdə uzun qotazlı papaq, sarı yekə burun, yaşıl, göy, qırmızı zolaqlı kostyum tikdilər. Özü də yeni peşəsinə tez alışdı. Bütün uşaqların, hətta içib açarını itirəndən sonra elə böyüklərin də sevimlisinə çevrildi. Bəziləri isə restorana elə klouna görə gəlirdilər. Restoranın televiziyada gedən reklam roliklərində də əsas sima kimi onu çəkmişdilər. Bu peşəni seçəndə bir məsələdə haqlı idi - klouna doğurdan da hörmət edirmişlər, özü də hələ fəhlə yeməkxanasından bəri işlədiyi uzun illər ərzində belə hörmətli olmamışdı.
Təxminən üç dəqiqədən sonra kloun stola yaxınlaşdı.
- Harda qalmısan ə?..- Lütfü qızarmış gözləri ilə klounu aşağıdan yuxarıya süzdü– buna bax, bunun papağına bax! Ə, sən kişisən?
O, bütün gözlənilməz suallara hazır idi. Dəfələrlə dəcəl uşaqların, əyyaş böyüklərin duzsuz suallarını çox cavablandırmışdı. Amma belə şit və axmaq sual birinci dəfəydi eşidirdi.
- Mən kolunam,- sakitcə dilləndi.
- Kişi döyülsən, niyə?- masanın sağ tərəfində oturmuş yekəqarın birisinin qoyunun qabırğasını dişinə çəkə-çəkə təkrar etdiyi suala yenə sakitcə cavab verdi:
- Mən klounam.
- Ayə yox e, deyirlər ki, kişi döyülsən? - bu dəfə Lütfünün o biri qardaşı dilləndi.
Bir istədi desin ki, «ay …, sizə kişi lazımdı?»- özünü güclə saxladı.
- Yaxşı kimsən bilmirəm, gör bu uşaq nə istiyir?- Lütfü əlini cibinə salıb klounun burnuna 10 dollar yapışdırdı.
- Adın nədi, qaqaş?
- Turaldı, kloun dayı.
- Ə indi də əmidən qurtardın, dayıya keçdin? Bəs əjdaha boyda dayılarından utanmırsan?- Lütfü oğluna incik nəzərlərlə baxaraq dilləndi - Adam klouna dayı deməz.
- Tural bala, gəl səninlə top-top oynayaq.
- Oynayaq,- uşaq sevincindən az qala ağlayacaqdı.
Göy topu ona sarı tulladı, özü də əzilib-büzülərək tullanmağa başladı. Uşaq sevincindən atılıb-düşürdü, klounu yamsılamağa çalışırdı. Bir az topla oynadıqdan sonra uşağa qaçdı-tutdu oynamağı təklif etdi. Tural əlini əlinə vurub onun arxasınca düşdü. Bərkdən gülə-gülə klounun quyruğundan tutub onun kimi qaçmağa, masaların başına fırlanmağa başladı.
- A, bu kloun uşağı niyə camaatın başına fırlıyır?- Səriyyə şərab badəsini yerə qoyub üzünü ərinə tutdu.
- A gədə, uşağı niyə fırlıyırsan, hıy?- Lütfü hıçqıra-hıçqıra klounu səslədi.
- Bilirsiniz burda başqa cür oynamaq olmur. İcazə verin balacanı aparım o biri uşaqların yanına, siz də istirahət edin.
- Heç elə şey yoxdu, burda oynayacaqsan. Özü də mən deyən oyunu. Əyil qoy uşaq minsin belinə, sonra nə qədər istəyirsən qaç.
- Yox mən minmirəm,- Tural ağlamsındı.
- Ə, min, özü də «hoşa-hoşa» de. Sən yaşda olanda o qədər eşşək minmişəm ki…
- Ay Lütfü, doğurdan eşşək minmisən?- Səriyyə soruşdu.
- Bə, nədi. Elə bilirsən  ki, həmişə «Cip»də gəzmişəm.
Masadan boğunuq bir qəhqəhə qalxdı. Lütfü elə bərkdən danışırdı ki, ətrafdakılar onu eşitməyə bilməzdilər.
Noyabr ayı olmağına baxmayaraq, hava meyxoş idi. Müştərilər bayırda süni gölün kənarında palma ağaclarının altında oturmuşdular.
Kloun uşağı belinə alıb at kimi qaçırdı. Bu balacanın xoşuna gəlirdi. Ara-bir «hoşa-hoşa» deyib qışqırırdı:
- Sən eşşəksən?- uşaq pıçıltıyla kloununun qulağına dedi.
- Yox, mən atam.
- Bəs atam mən boyda olanda niyə eşşək sürüb?
- Çünki sənin atanın kəndində ancaq eşşək olub,- verdiyi cavab ürəyindən tikan çıxarsa da, bir qədər qorxuya düşdü. Birdən uşaq atasına deyər… Onda nə olacaq? Sonra sözünə düzəliş vermək istədi:
- Bilirsən Tural, at eşşəkdən balacadı. Allah qoysa sən də bir az böyü, onda atan kimi eşşək minərsən…
-Ə, bura gə görüm ə, hoşa…- Lütfünün xırıltılı səsi eşidildi.
- Deyirəm bu rumkalarımızı da dolduraq və içək klounun sağlığına,- Lütfü «hazır» idi. O, dəmlənəndə gərək dindirməyəsən. Yoxsa elə söyüşlər söyər ki, yeddi qatından keçər.
Bir dəfə Səriyyənin kiçik qardaşı ilə içəndən sonra qayınanasının ünvanına elə yağlı «komplimentlər» demişdi ki, qayını üstünə bıçaq çəkmişdi. Arvadının qışqırtısına yığılan qonşular çətinliklə aranı sakitləşdirmişdilər. O vaxtdan nə kiçik qayını, nə qaynanası onun qapısını açırdılar.
- Tut görüm bunu,- Lütfü qədəhi klouna tərəf uzatdı.
- Yox rəis, qadan alım. Mənə olmaz. Vallah olmaz. Sonra uşaqlara nə deyərəm.
- Ə, sənə deyirəm tut.
Tural hələ klounun belində idi. Atasının təkidindən sonra ağlamağa başladı.
- Qoy yerə o it oğlunu. Ağlama ə, kişi ol. Mamasının ad günündə adam heç ağlayar? Qoy kloun düdük biznən əlli-əlli vursun, sonra sənnən top-top oynayacaq.
- Vur kloun əmi, dayı… sonra top-top oynayarıq.
- Gördün uşaq da deyir. Vur…
Kloun bir göz qırpımında badəni başına çəkdi. Tezcədə topu götürüb uzaqlaşmaq istədi.
- Yox-yox. Belə olmaz. Uşağı heç yerə aparma. Elə burda oynaqla…
Lütfü klounun qoltuğunda tutduğu topa bir təpik vurdu. Top süni gölün çarhovuzuna dəyərək suya düşdü. Tural yenə ağlamağa başladı. Bu dəfə hönkürə-hönkürə… Kloun pərt halda uşağın başını sığallayıb sakitləşdirməyə çalışdı: «Ağlama, göy top suya düşdü, qırmızısını gətirərəm».
- Yox mən onu istəyirəm,- uşaq hönkürtüsünü kəsmirdi.
- Yaxşı onda onu sudan çıxararam,- dedi.
Yaxınlıqda duran ofisiant hardansa uzun bir çubuq gətirdi. Topu diyirləyərək bir qədər yaxına itələdi. Kloun çarhovuzun kənarında ehmalca əyilib topu əli ilə götürməyə çalışdı. Bu vaxt qüvvətli bir zərbə hiss etdi. Əslində hiss etməyə heç macal da tapmadı, başı üstə gölə düşdü. Havanın ilıqlığı suya hopmamışdı. Buz kimi suyun soyuqluğu iliyinə qədər işlədi. Xüsusi sifarişlə tikilmiş kostyumun bütün rəngləri bir-birinə qarışdı. Hamı, bütün seyrçilər elə bildirilər ki, kloun uşağı sakitləşdirmək üçün suya özü baş vurub. Bu qeyri-adi sərgüzəştdən cuşa gələn müştərilər onu alqışlamağa başladılar. Bircə masanın küncünə qısılmış uşaq atasının klouna təpik vurduğunu, sonra da əlini-əlinə vuraraq qəhqəhə çəkdiyini anlaşılmaz hisslərlə, heyrətlə- gözlərini bərəldərək seyr edirdi.
Kloun suyu süzülə-süzülə göldən çıxıb, uşağa yaxınlaşdı, topu ona uzatdı. Uşaq pıçıltıyla:
- Sən kşisən?- dedi.
- Mən  klounam,- cavab verdi.
- Bəs kişi kimdi?
- Kişi sənin atan, əmin, dayın…
- Onda mən də klounam…–, uşaq bu dəfə bərkdən dedi.

9 yanvar, 2008






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə axşamı, May 15th, 2008 tarixində 14:22 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

8 şərh var


  1. kebuter adlı istifadəçi, May 15, 2008 tarixində, saat 16:22 yazıb:

    natiq yazdığını eşitmişdim hekayən cox təsirlidir desəm ki bədii cəhətdən elə də mukəmməl deyil inciməzsən amma insan faciəsi olduğundan cox təsirlidi ümumiyyətlə men hesab edirəm ki edebiyyat həyatin özüdür ona görə yazan adam ücün sujet uydurmağa ehtiyac yoxdur


  2. Aslan adlı istifadəçi, May 15, 2008 tarixində, saat 22:05 yazıb:

    Natiq, salam! Hekayəni oxudum, xoşuma gəldi, səmimidi, ruhuma yaxındı. Ortalıqda sözün əsl mənasında yazı var. Bir az duyğusallığa uymasan, əlavə haşiyələrə aludə olmasan, - kloundu, vəssəlam, necə kloun olub, nə qazanıb, qazanmayıb oxucu üçün maraqlı deyil. Lütfinin içəndə özünü apara bilməməsi də o cümlədən, qardaşım, harınlar içdilər, içmədilər, nə fərq elər, harınlıqlarını eləyəcəklər, və.s, - daha gözəl yazarsan. Bundan sonra da yazılarını oxuyacağam. Uğurlar!


  3. Stilyaga adlı istifadəçi, May 16, 2008 tarixində, saat 12:49 yazıb:

    Mence bu hekaye bedii cehetden cox zeifdir. Bu hekaye yox, hekayetdir. Hekaye Kebuterin dediyi kimi olacaqsa nesr deyil, publisistikadir.
    Birce nuans deyim.
    Hekayede, umumiyyetle nesrde esas sujet ola bilmez. Bu qeder…


  4. Meftun adlı istifadəçi, May 16, 2008 tarixində, saat 14:17 yazıb:

    Men nesr eserinde esas sujet xettinin olmamasi barede deyilenlerle razilashmiram. mence eserin esas mezmunu sujeti ile hemaheng olmali ve bir-birini tamamlamalidir. Ele bedii eseri umumiyyetle edebiyyati diger tefekkur hadiselerinden ferqlendirem mukemmel sujet ve hadiselerin dinamikasidir.
    Bu adamin hekayesinde ise edebiyyatin klassik prinsipleri qorunub ve ortada doqurdanda eser var. Amma mene ele gelir ki, bu hekaye neyinse tesiri altinda yazilib. Daha deqiq desem bu eser mene fransizlarin cekdiyi “Oyuncaq” filmini xatirladir. Oarda da jurnalist mecbur olyb oyuncaqa olmaqla razilashir. Ish orasindadir Natiqin Klounu Azerbaycanlidir ve Azerbaycan realliqindan yoqrulub. Muellife uqurlar. Ona gpre ki, eseri oxuyanda adam yorulmur eksine heyecanlanir ve dushunur.


  5. şərif adlı istifadəçi, May 19, 2008 tarixində, saat 10:56 yazıb:

    salam natiq bey!
    yaxşı yumorunun olduğunu bilirdim ama hekaye yazdığını yox.
    dəbdəbədən bezən uşağın klouna qarşı təmiz və səmimi sevgisi Pyer Rişarın məşhur “Oyuncaq” filmini xatırladır. Ama içib buğlanan harın həmvətənimiz çox tanış obrazdır - yəni Pyer Rişrlıq deyil.
    Hər halda maraqla oxudum. uğurlar.


  6. Vaqif adlı istifadəçi, May 19, 2008 tarixində, saat 15:13 yazıb:

    Hesab edirem ki, Azerbaycan edebiyyatinda NM-in simasinda yeni gunesh dogmushdur. Gelin, bu guneshi salamlayaq!!!


  7. Efqan adlı istifadəçi, May 20, 2008 tarixində, saat 11:46 yazıb:

    Bu hekaye mene hec bir tesir etmedi. Ne olsun klounddu da… demek isteyirem ki, bele yazi-pozularin edebiyyata ne dexli var ?


  8. yunis adlı istifadəçi, May 24, 2008 tarixində, saat 09:51 yazıb:

    Bu bəlkə də başlanğıcdır… Bəlkə də cəmiyyətdə bizi narahat edən problemlərin bədii təzahürüdür. Gəl nə cür desən o cür də adlandıraq… Əsas olan odur ki, bizim ortaq problemlərimizə baxışlarımız eynidir… Elə sənin “Klon”unu da bizə doğmalaşdıran budur. Sənə yaradıcılıq uğurları arzulayıram… Bir də kiçik xatırlatma… Cek London yazmağa başlayanda… İlk vaxtlarda onun üçün çətin olmuşdu. Sonra…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: