Qaynar xəbər portalı

Kitab dünyası


Şərif AğayarDaha bir 8 may yaşadıq

Topa-topa daşlara, lopa-lopa qar yağa
Xizəkli uşaqların şütüyələr sol-sağa
…Salam Şuşam!
Mənim şəhdim, şəkərim!
Salam Şuşam, mənim şəhid şəhərim.

Neyləsən də adamı hərdən lirik ovqat çulğayır. Nədənsə digər «şəhid» rayonlarımızdan fərqli, Şuşa barədə rahat düşünə bilmirəm. Türklər demiş, hissi davranıram. Təbii bunun bir çox səbəbləri var. Biri budu ki, mən Nəsrəddin Tusi adına Pedoqoji Universitetin Şuşa filialını bitirmişəm və hər il, Şuşanın işğal günü sonralar tanıyıb dost olacağım Kərim Kərimlinin yuxarıda yazdığım şeirini Universitetin fotoqrafı Yusifin bapbalaca oğlunun dilindən eşitmişəm. Başında milli papaq, əynində qara kostyum, ağ köynək, boynunda qara kəpənək…
Salam Şuşam…
Ağzına daş basılıb, susdurulmuş şəhərim…

Mən elə o vaxt da, indi də düşünürəm ki, Şuşa barəsində bundan gözəl şeir yazılmayıb. Amma indi bir başqa şey də düşünürəm: gör mən Şuşa barəsində nələrlə maraqlanmışam? Şeir, muğamat! Və yeri gəlmişkən, 8 may günü ANS-də muğam oxuyan balaca bir qızcığazı göstərdilər. Kadrarxası belə bir şərh getdi: «…Hər gün Şuşanı yuxuda görür». Bu boyda olmaz ya! Adam elə yalan danışar ki, heç olmasa özü inansın. Üstəlik, şərh zamanı məlum olur ki, bu qızcığaz heç Şuşanı görməyib. Atasının danışıqlarından, fotoşəkillərdən vurulub bu torpağa. İndi də Şuşa barəsində muğam-şeir oxuyur. Oxusun. İstedada nə söz ola bilər. Ancaq məsələ budur ki, işğal olunmuş torpaqlarımız barəsində belə yalançı vətənpərvərlik lazım deyil. Bu, əksinə, azyaşlıların, yeniyetmələrin bu mövzu barəsində mənfi qənaətinə səbəb ola bilər. Bir də ki, o yaşda zərif bir uşağı bu cür naqolay əzablarla yükləmək, böyüklərin adam kimi çəkib başa gətirə bilmədiyi dərdlərin altına itələmək nə lazım?! Bu yaşda uşaqlar sadəcə öz vətənləri barədə həqiqəti bilməli və bunu unutmamalıdırlar. Vəssəlam! Qalanı kitab oxumaq, dil və sənət öyrənməkdən ibarətdir.

Amma öz aramızdı içi ağrı ilə ləbələb bir şeirdi bu. Belə yazmağıma bxmayın, bəlkə də elə bizimki şeirə qalıb. Bəlkə də elə ən düzünü, özləri demiş, ANS bilir.
Kimi dindirsən, o saat kepkasını qaldırıb boynunun arxasını qaşıyacaq:
- Bir dəfə Turşsuda oturmuşduq. Qəşəng bir heyvan kəsdik…
Kimsə də gəlib oxumalıdı bu əhvalın içində. Şuşa ilə bağlı xatirələrin çoxunda kabab tüstüsü var. Biz fərqinə varmadan bu gözəl diyarın şəxsində özümüzü, hətta gödənimizi sevirik deyəsən. Kababı, Pirquluda da yemək olar. Nə çoxdu Azərbaycanda kabab yeyiləsi yerlər.
Hələ tüstü məsələsində Şuşa ən şükürlü «şəhidimizdi». Heç olmasa danışanda Xan əminin, Üzeyir bəyin adını çəkirlər, muğamdan, qəzəldən, Kərim Kərimlinin şeirindən danışırlar.
Bəlkə Şuşanı nisgil deyil fakt kimi qəbul etməmiz gərəkir. Bəlkə bu dərddən kabab tüstüsünü, tar-kaman səsini mümkün qədər uzaq tutmalıyıq. Heç olmasa simfoniya dinləyəlim Şuşanın xatirəsinə.
Simfoniya silah qəhqəhəsini əvəz etməsə də!






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 1 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə, May 16th, 2008 tarixində 10:51 radələrində Publisistika, Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

3 şərh var


  1. Rebiqe adlı istifadəçi, May 16, 2008 tarixində, saat 22:37 yazıb:

    haqlisan, Sherif… bizde ne saxta deyil ki…


  2. Novarg adlı istifadəçi, May 17, 2008 tarixində, saat 10:24 yazıb:

    Hormetli Admin, Lachin’in ishgal gunudur sabah, eger sizde varsa Azer Qarachenli’nin “Ah, Lachin, Lachin” adli yazisini (sehv elemiremse, en azi 10 il evvelin yazisidir…) tapib bura yerleshdire bilersizmi…?


  3. men adlı istifadəçi, May 17, 2008 tarixində, saat 22:14 yazıb:

    Biz Susani qaytaracagiq-lazim gelse))

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: