Elçin HÜSEYNBƏYLİ
Mandelştamın Anna Axmatovaya həsr etdiyi zarafatyana bir şeir var:
Oy li, tak li
Duy li, vey li
Angel Meri
Pey kokteyli
Duy vino.
Elxan Zalın «Polonez» poemasında isə belə misralar var:
Sevdalı bir axşam,
Yel döyən eyvan,
Nə donya Anna var,
Nə də Don Juan.
Mandelştam istedadlı və maraqlı şairdi. Elxan Zal da. Mandelştam zarafatyana yazmışdı, Elxan Zal bir az zarafatla, bir az ciddi. Və mən də Elxanı həmin şairlə müqayisə edəndə onların şerlərinə uyğun şellənirəm, yəni həmin misraları dodağımın altında zümzümə edirəm.
Bir neçə il öncə Elxanın «Savaş ayələri» kitabını oxumuşdum, ondakı ruhu duymuşdum, təfəkkürünün və içinin böyük olduğunu anlamışdım, amma Elxanın məktəb uşaqları kimi səliqəsiz geyimi, dərsə hazırlaşmamış şagird kimi çantasını sallaya-sallaya gəlməsi, bikef və narazı duruşu, bəzən saçına belə sığal çəkməməsi ona ciddi yanaşmağıma mane olurdu. İlk təəssürat çox zaman aldadıcı olur. Ondan xeyli əvvəl isə Elxan Zal mənim «Əsirlər» povestimi bəyəndiyini və hansısa bir təşkilatın keçirdiyi müsabibəyə təqdim etdiyini demişdi. Sonradan bildim ki, bu təşkilat «Milli Birlik» adlanır, rəhbəri iş adamı Nadir Əliyev, təsis elədiyi mükafatın adı isə «Qara qalxan»dır… Fikir verdiniz də: Qaraxan və Qara qalxan.
Elxan ürəyinin genişliyindən, xüsusən də kefi yuxarı olanda dostlarına elə vədlər verir ki, adamın açıb deməyə dili gəlmir. Yox, bu, qanqaraldıcı vədlər deyil, sadəcə söhbət maliyyə məsələlərindən getdiyinə görə onu açıqlaya bilmərəm. Qorxuram ki, hamı Elxan Zalın üstünə borca gedə, ya da şair dostumuzu terror edələr…
Bir dəfə «Ulduz»da, mənim otağımda oturub söhbət edirdik. Bizim söhbətlərimiz başqaları kimi dedi-qodulara yox, adətən ədəbiyyata həsr olunur. Söhbət mənim «Don Juan» romanımdan düşdü. Mən dedim ki, çalışıram maraqlı və yeni üslubda işləyəm, şedevr olmasa da, hər halda bu yeni bir şeydir, romana yeni yanaşmadır və istərdim ki, siz şairlər də çağdaş romanın poeziya variantını yaradasınız. Bu sözlərin üstündən az bir vaxt keçmişdi ki, Elxan «Polonez» poemasını mənə gətirdi və dedi ki, sən dediyini yazmışam, yaxşı məsləhətə əməl eləmək lazımdır, məncə pis də alınmayıb. Poemanı oxudum və təəccübləndim. Sən demə bizim səliqəsiz hesab etdiyimiz dostumuz nəinki istedadlı və duyğusal şairdir, həm də çox şeydən xəbərdardır. Avropa və Şərq ədəbiyyatının dərinliklərinə bələddir, hətta qədim Avropanın və Şərqin yaşam və düşüncə tərzini də bilir.
Sonra Elxanın «Türk əsrinin türküləri» adlı şeirlər kitabı çapdan çıxdı. İstedadlı qələm adamı, dəyərli alim prof. Nizami Cəfərov da ona genişürəkli və maraqlı bir ön söz yazdı.
Elxan Zal o şairlərdəndir ki, onun misralarını seçmək lazım deyil, çünki hər misrada, hər bənddə bir məna var. Yəni Elxandan nümunələr vermək istəsəm, gərək kitabını bütövlükdə bu yazıya sığışdırım. Bu isə mümkün deyil. Yaxşısı budur, oxucular özləri kitabı alıb oxusunlar. Amma hər halda seçilmiş misraların özündən də nəsə seçmək, ayrıntılar vermək mümkündür. Bunu mən sözlərimə və fikirlərimə dayaq olmaq üçün edirəm.
Elxanın şeirlərində bir qədimlik havası var. Nənələrimiz hər gəbənin çeşnisini, ilməsini bilib tanıdığı, babalarımız hər yolun-yolağanın, arxın-bərənin səmtini bildiyi kimi, Elxan da xalqımızın ruhunu, qədimiliyin havasını duya bilir. Həmkarım dünyanı bütöv qavraya bilən yazarlarımızdandır. Onun şeir «menyüsündə» dünyanın müxtəlif rəngi var. Həmin rəngləri yalnız geniş mütailəsi olan yazarlar görə bilər.
Sözünü «Fatihə» ilə başlayan, «Qızılbaş»ları öyən, ürəyindən fatehlik keçən məmləkət kişilərini «bürcü-bürcü qalaları» almağa çağıran Elxan Zal vətənimizin bütövlüyünü «bəybaxış boylanan» Savalan dağının timsalında aktuallaşdırır. Onun «Dədə Heydər türbəsinə el gəlir» adlı şeiri öz sehrinə, ritminə, fikir tutumuna görə qəribədir:
Xaqan getdi, türk budunu sayrudur,
ayrılığın namazına ayrı dur,
uyquda da demə, Təbriz ayrıdır,
vətən birdi, vətən birdi, vətən bir.
Bu misralar Orxan-Yenisey, Gültəkin abidələrindən rişələnmiş təfəkkürün məhsuludur.
Onun «On iki» şeirində sufilərin, dərvişlərin tanrıya zikri, Sufi təriqətinin çalarları, bütün islamın qiblə yeri olan Məkkə ağıllı bir düzümlə vəsf olunur.
Sufi ərənlərik, dərviş xirqəli,
eyni imanlıyıq, eyni firqəli,
arxada müridlər, öndə pir gəlir,
ya əli, ya heydər, allahü-əkbər.
Türkün qurddan törəməsi, bizim göy tanrının yetirmələri olmağımız, ergenekon kökənimiz «Qəhrəmanlıq göydən gələr qurd ilən» deyimində özünün dəqiq ifadəsini tapır.
Elxanın şeirlərində bir mütənasiblik, bir ölçü var. Bəzi məqamlarda həmin ölçü qafiyələrdə, bəzən daxili ritmdə, bəzən intonasiyada özünü göstərir. Ümumilikdə isə əksər hallarda sadaladığım amillər üst-üstə düşür, bir-birini tamamlayır. Və bu tamamlama səslərin ahəngində təkmilləşir.
Məsələn:
Cəngi çalır cəng əri,
dünya dəfdi, göy - dəri,
göndərilən heydəri
ideal istədilər
misralarında səs ahəngi fikir ahəngilə üst-sütə düşür.
yaxud:
Arx yürüyür şırhaşır,
qaz köçü qaqqıldaşır,
unqay qak-qak, unqay qak,
kanqay qak-qak, kanqay qak…
Dədə Qorqud havası istedadlı şairlərimizin bəzilərinin yaradıcılığında özünü göstərir. Bu, Elxan Zalda xeyli fərqli şəkildə özünü büruzə verir və şamanlığa qədər uzanır:
Qırx pir məclisində dərs keçdim,
ustad əlindən cam içdim,
bir fani bədənə düşdüm,
yahu, yahu, hu söylə, hu.
Daha bir bəndə nəzər salalım:
Ərənlər can verəndə
Tanrı oyaqmı olur? Hay!
Qəfil uçmağa varmaq,
Türkəsayaqmı olur? Hay!
Elxanın şeirlərində sufilik dərvişliklə, ürfançılıq təsəvvüflə, arxaiklik çağdaşlıqla birləşib və sanki şairin yaratdıqları ortaq türkcəyə uyğunlaşdırılıb. Əslində isə burada qəsdli və məqsədli bir şey yoxdur. Elxan sadəcə geniş düşünməyi bacarır. Onun misralarındakı ahəng bir nəğmədir:
Qazilər qan tökdülər,
ölümə can dedilər.
Bölünmüş torpaqlara
Azərbaycan dedilər.
döyüşə çağırışdır:
Yürü qardaşım, yürü,
ərin yorulmaz dizi,
əbədi bir çağırış
cəngə səsləyir bizi.
yaxud:
Ruhumuz cəngə varanda
ad üstünə ad gələcək.
Get!
Qan iyini alan kimi,
ağzımıza dad gələcək.
Get!
O, qədim ruhdan, keçmiş məmləkətdən urbanizə olunmuş şəhərə qədər səfər edir. Sanki bir qədim ruh o birisinə transfer edir:
Göy dağlardan köç gələndə
burax məni yorğun şəhər,
arabamın yedəyində
yorğa günün tüstüsü var.
Daş binalar kurqan kimi,
yolların sinəsi yağır,
supermarket vitrinindən
yal oynadan ayğır baxır.
Bu misraları oxuyanda mən qanımda, ruhumda bir nostalji duydum, at minib, ayğır oynadan babalarımızın nurani və cəsur simasını xatırlamağa, həmin illərə qovuşmağa çalışdım. Sanki misralar qanadlıydılar və onlar mənim arzumu bir anlığa da olsa yerinə yetirdilər.
Elxanın erotik misraları da özünməxsusdur:
Öpüşün sinəmə iz qoyub
nal kimi,
Saçların balınca dağılıb
yal kimi,
İçimdə doğurmaq həvəsi pırpız,
şarkına şarab qat, xurma gözlü qız.
sığallar sicilləmə, pıçıltılar qurama,
cırmaqla məni, cırmaqla,
cırcırama!
Dəyərli alimimiz Nizami Cəfərova hərs etdiyi «Xaqannamə» türk sərkərdələrinin həyatına, döyüşkənliyinə, ərənliyinə güzgü tutur. O, tarixi bildiyinə görə, nədən və necə yazmağı da bilir. Bəlkə də çoxları Dədə Qorqudun məzarının Dərbənddə olması barədə versiyalardan, burada 40 qazinin məzarının olmasından xəbərsizdir:
Alplar, ərənlər, başbuğlar,
göy altında yeriyənlər,
Dərbəndə gedirəm, Dərbəndə.
Dədəm Qorqud yatır burda,
bir az qopuz çalacağam,
bir az qımız içəcəyəm,
qırx qazini məzarından
qaldıracam birəm-birəm.
«Xaqannəmə» divanında Daşkənd, Xivə kimi qədim şəhərlərimiz, Çingiz xan, Atilla kimi sərəkrdələrimiz yad olunur. «Daşkənd hambalı» şeirində Elxan Zal türk kişisinin aqibətini təsvir edir:
Mən Teymurun ordusunda yüzbaşıydım bir zaman,
Bir urus prinsesin oynaşıydım yataqda…
…İndi Daşkənd vağzalında çemodan daşıyıram.
Elxanın dili bəzən o qədər sadələşir ki, nənələrimizin laylalarına oxşayır:
Kərkük gözəl şəhərdi,
qızları şirin yemiş,
Kərkükün yuxusunu
qara quşlar yeyirmiş.
yaxud:
Ayla, ulduzla gəldi,
ay, ulduza şan gecə.
ülkülərin sazında
türkülər qoşan gecə.
Elxan Zalla bağlı düşüncələrimi burada bitirirəm. Qoy, maraqlanan oxucular onun «Türk əsrinin türküləri» şeirlər kitabını alıb oxusunlar, ordakı yeni kəlmələrdən, şeirin yeni ifa tərzindən, şairin ruhundan feyziyab olsunlar.
Mənsə qələm dostuma yeni uğurlar və yaradıcılıq ehtirası arzulayıram.
Kultaz: Bu günlərdə gözəl şair Elxan Zal Qaraxanlının üçüncü şeirlər kitabı- “Türk əsrinin türküləri” işıq üzü görüb. Kitabdakı şeirlərdə qədim türk şeir və nəğmə formaları, əski leksikon yenidən dirilir, günümüzdə yad görünməyən təzə çalarlar qazanır. Kitabla bağlı yazıçı-dramaturq Elçin Hüseynbəylinin yazısını sizə təqdim etməklə yanaşı, onu da bildirək ki, yaxın günlərdə şairin modern şeirlərindən ibarət “Erato” kitabı da işıq üzü görəcək.
« Lit.az “Netty-2008″ Milli İnternet Müsabiqəsinin qalibi oldu | Əsas səhifə | Bakıda Avropa filimləri həftəsi başlayır »




Bölmə: 









pele adlı istifadəçi, May 21, 2008 tarixində, saat 18:08 yazıb:
Mənə elə gəlir bu yazıya heç nə düşmür - şərh də o cümlədən
Remdo adlı istifadəçi, İyun 2, 2008 tarixində, saat 08:44 yazıb:
Elçinin də, Elxanın da hər ikisinin şəxsiyyət problemi var. Onları birləşdirən də məncə budur. Su axar, çuxurunu tapar.
canpolad adlı istifadəçi, İyul 25, 2008 tarixində, saat 21:01 yazıb:
Remdo,Elxanı bilmirem,amma Elçin barədə
səhvin var.Elçinin heç bir şəxsiyyət problemi yoxdur….
O şey ki yoxdur o problem yarada bilmez axı…