Elnur Astanbəyli
Sən varkən unudulmaq…
bu gün bir başqa gün
ya mənə elə gəlir
günəşli gün amma
havada yağmur qoxusu var
adamlar sevincli və qayğısız
küçələr işıqlı və təmiz
hələ bu dəniz
daha şıltaq daha parlaq
sən də bir başqasan bu gün
ya mənə elə gəlir
gözlərin daha gülümsər
saçların daha əsmər
mənsə həmişəki kimi -
sənə ümidli, sənə yorğun…
bu gün bir başqa gün
ya mənə elə gəlir
tanımadığım üzlər belə doğma
başdaşı yazıları belə nəşəli
hər kəs o qədər mutlu hər şey o qədər gözəl
depressiyaya düşməyə
bircə səbəb tapa bilməzsən
sanki nə iraqda günahsız uşaqlar ölür
nə də zalım diktatorlar var yaxında-uzaqda
sən də bir başqasan bu gün
ya mənə elə gəlir
gözlərin daha gülümsər
saçların daha əsmər
mənsə həmişəki kimi -
sənə ümidli, sənə yorğun
bu gün təqvimdə adi gün
amma mənimçin bir başqa gün bu gün
hər şeyi açıq söyləməyin zamanı gəldi
bu gün mənim ad günüm
kimsədən təbrik, hədiyyə-filan gözləmirəm
kimsə təbrik etmədi
hədiyyə göndərmədi də zatən
sən varkən
beləcə unudulmaq xoşuma gəldi
ondan bu qədər gözəl hər şey
ondan bu qədər sevincliyəm
bu gün bir başqa gün
amma mən bu günü təkbaşıma
yaşayamam
oktyabr, 2007
Şərhsiz
ilk dəfə öpüşdüyümüz yerdə
göydələn tikirlər, sevgilim,
biz hələ kirayələrdə…
fevral, 2007
Subyektiv
nə qədər ki küçədəki qadınlar
həyatımızdakı qadınlardan çoxdu,
deməli,
dünyada “ilahi ədalət” deyilən şey
yoxdu yoxdu yoxdu!
avqust, 2007
Cavab SMS-i
sən olmayanda heç nə olmur
nə gün doğur nə qar yağır
çəkdiyim siqaretlərin acısı
içdiyim şərabların dadı olmur
bəlkə də bir az şablon çıxır,
amma
mən indi çox səmimiyəm -
sən olmayanda
yaşamağın belə adı olmur!
içimdə hər gün daha da coşan
qəzəb və mübarizə hissi -
yaptokratiyaya qarşı,
sən olmayanda o da olmur…
sən olmayanda heç kim olmur
dünya boşuna gibi
ağzınacan dolu metro qatarında
ayağımı boşluq tapdayır
çiynimə boşluq toxunur
hələ evdə, hələ evdə
dibinəcən boş araq şüşəsi
içi sənsizliklə dolu…
sən olmayanda daha nə olmur
heç yer olmur
gəzməyə qərib ölkə
ölməyə vətən olmur
bir də… bir də…
bir də qalın geyinməyə bəhanə olmur -
üşüyürəm!
noyabr, 2007
Kim bilir…
“biri vardı, biri yoxdu” -
bəlkə də bütün nağıllar
bundan sonra bitməliydi
və
bəlkə də bütün nağıllar
göydən üç alma düşəndən sonra başlamalıydı
kim bilir bəlkə onda
nə terror, nə ozon deşiyi
nə nüvə başlığı, nə quş qripi
nə də inflyasiya təhlükəsi olardı
kim bilir bütün nağıllar
başladığı yerdə bitsə
bitdiyi yerdə başlasa
indi nə qədər sakit və xoşbəxt idi insanlar!
fevral, 2008
Qeyri-legitim xalq
indiki kimi yadımdadı,
illər öncə Əkrəm Əylisli
“Avropa” qəzetinə müsahibə verib demişdi:
“mən Maqsud İbrahimbəyovu
iki dəfə deputat seçən
Azərbaycan xalqı tanımıram”
indi mən hansısa qəzetə
müsahibə verməli olsam
qırmızı hərflərlə və 72-lik şriftlərlə deyərdim:
“mən Əkrəm Əylislini
heç bir dəfə də deputat seçən
Azərbaycan xalqı tanımıram!”
may, 2008
Murdar
(sevimli pişiyə)
düş, Murdar, qucağımdan düş
mən indi sənlə oynayacaq halda deyiləm
nə küçə itlərinin hürüşməsi
nə qonşu qızlarının gülüşməsi
məni mutlu etməyə yetməz
düş, Murdar, qucağımdan düş,
mən indi heç kimə lazım deyiləm!
mən indi heç kimə lazım deyiləm
telefonum ondan qapalı
gözlərim ondan kədərli
fikrim ondan qarışıq
emailimdə bir təzə məktub belə yox
köhnə məktubları isə oxuyacaq halda deyiləm
düş, Murdar, qucağımdan düş,
mən indi səninlə oynayacaq halda deyiləm
mən indi kimisə yola salmaq
kimisə qarşılamaq istəyirəm
kiminsə qəlbinə dəymək
kimisə bağışlamaq istəyirəm
sevmək istəyirəm, başa düşürsən,
sevilmək istəyirəm
sevib atmaq istəyirəm, başa düşürsən,
sevilib atılmaq istəyirəm
amma bu imkansız indi
indi mən heç kimə lazım deyiləm
bilirsənmi, Murdar,
bu gün mən çox düşündüm
düşündüm və bir daha əmin oldum ki,
əgər sən bu xaraba ölkədə
saxtakar müəllim, rüşvətxor həkim,
ələbaxan polis, ədalətsiz hakim,
buyruqqulu məmur, yaltaq şair deyilsənsə,
deməli, heç kimə lazım deyilsən!
amma qızımın gözləri qoymur məni
saxtakar, rüşvətxor, yaltaq olmağa
çox düşündüm, Murdar,
bir az da sən məni düşün, düş…
düş, Murdar, qucağımdan düş,
kədər öldürür məni,
əllərimi qoynumda çarpazlamaq istəyirəm,
mane olursan, düş…
may, 2008




Bölmə: 









oxucun adlı istifadəçi, May 20, 2008 tarixində, saat 22:31 yazıb:
evvelki sheirlerin daha yaxshiydi…
bunlarin ichinde ise tekce Kim bilir xoshuma geldi…
sabiq AYO-cu adlı istifadəçi, May 21, 2008 tarixində, saat 12:52 yazıb:
Oxucunla o qeder de razi deyilem maraqli sheirler var - “Murdar”, “Kim bilir”, “Qeyri legitim xalq”. “Sheirsiz”in ölümcül sarkazmi var. Her halda pis sheirler deyildi
scorpion adlı istifadəçi, May 24, 2008 tarixində, saat 17:48 yazıb:
Urus demiş “FUFLO” …
***** adlı istifadəçi, May 30, 2008 tarixində, saat 11:53 yazıb:
sene umidli sene yorgun-ela!
pechorin adlı istifadəçi, May 30, 2008 tarixində, saat 23:12 yazıb:
Murdar sheirini cox beyendim.
qardash adlı istifadəçi, İyun 7, 2008 tarixində, saat 18:36 yazıb:
Elnur s’nin butun yazilarini senin yaradiciliqina ve shexsiyyetine boyuk hormet ehtiram ve inamla oxuyuram.Bu sherlerini chox beyendim. Sene uqurlar!
UCATAY adlı istifadəçi, İyun 7, 2008 tarixində, saat 21:08 yazıb:
Yaza bilmir de bu adam. Bu yazigin boynuna niye zorla shairlik qoymaq isteyirsiniz? Imkan verin qoy gedib bashqa ishleriyle mtshgul olsun da. Bu adam serbest sheirde de ASHIQDIR. Prmitiv soz yiginindan ibaret DALAY-DALAYI gormursunuz?
qardaş adlı istifadəçi, İyun 8, 2008 tarixində, saat 17:54 yazıb:
Paxıllıq sizi məhv edəcək, ey primitivlər. Aşığı və aşıq sənətini primitiv hesab edən zavallılar. Həmişə belədir: bu adam qazaxlıdır, ona görə də sərbəst şer yaza bilməz. Bu adam gəncəlidir, ona görə də muğam oxuya bilməz və s.
Elnur, sən istedadlısan.
AYŞƏM adlı istifadəçi, İyun 11, 2008 tarixində, saat 23:48 yazıb:
Şeirlərinizin yeri var elə xəngəlində :))))))))