Aydın Talıbzadə
Qoy heç bir kino sənətçisi məndən inciməsin. Mən heç kimin xətrinə dəymək istəmirəm. Amma neyləyim ki, faktı qeyd eləməsəm olmaz. Azərbaycanda son 25 ildə çəkilmiş heç bir bədii film öz masştabına, vizual mədəniyyətinə və epik genişliyinə görə “Hökmdarın taleyi” filmiylə müqayisəyə gəlmir. Tarixi mövzunun adekvat bədii ekran həllini tapmaq və onu gerçəkləşdirmək bizə həmişə çətin olub və mən indi kino keçmişimizin urvatsız filmlərini bir daha sadalamaq fikrindən çox-çox uzağam. Mən “Hökmdarın taleyi” filmini Azərbaycan kinematoqrafiyasının lokal uğuru sayıram: onun hər kadrı peşəkarlıq şəhadətnaməsidir və böyük kino dünyasına vəsiqədir. Bu “vəsiqə”ni hələ 1998-ci ildə çağdaş Azərbaycanın müəllifi Heydər Əlirza oğlu Əliyev öz sözü ilə təsdiqləmişdi: Milli Dram Teatrının səhnəsində “Hökmdar və qızı” tamaşasına baxdıqdan sonra o, xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı pyesinin ekranlaşdırılmasını müasir siyasi-ideoloji müstəvi üçün gərəkli bir aksiya bilmişdi. Bax, filmin yaranma tarixçəsi həmin gündən başlayır və on illik bir müddətə sığışır. Bu isə artıq taledir, filmin siyasi və bədii taleyidir. Mən bu tarixçənin təfsilatına varmayacağam. Nə olubsa, o da olub: ruslar demişkən, hər şey yaxşılığa doğru. Bircə onu deyəcəyəm ki, 2005-ci ildə xalq yazıçısı Elçin öz atasının tarixi pyesinin motivləri əsasında “Hökmdarın taleyi” kinopovestini bitirir və bununla da filmin ideyası real proyektə çevrilir: çəkilişlərə start verilir.
“Hökmdarın taleyi” bədii filminin ilk nümayişi “Azərbaycan” kinoteatrında oldu mayın 12-də və Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edildi. Filmin taleyinin “pərdəarxası” mərhələsi qapandı. Nə gözəl, nə gözəl, nə gözəl… İnanıram ki, kino dünyasında da bu film maraqlı bir tale yaşayacaq. Elə isə siftəsi məndən olsun. Nədən ki, həmin gün mən də tamaşaçılar arasındaydım və seans qurtardıqda öz-özümə dedim ki, bütün neqativləriylə birgə bu film əsl sənət əsəridir. Amma əvvəl-əvvəl film barəsində yazmaq fikrim yox idi. Çünki bir sıra konseptual məsələlər vardı ki, onları bir azəri türkü kimi qəbul edə bilmirdim. Qəbul edə bilmirdim İbrahimxəlil Ağanın (İbrahim xan) filmin rejissorları və aktyor Fəxrəddin Manafov tərəfindən ekran müstəvisinə gətirilmiş yozumunu. Qəbul edə bilmirdim üzgün, heysiz, can rahibləri üslubunda filosofsayağı davranan İbrahim xanı. Onu Qarabağa Kərim xan Zənd göndərməmişdimi? Atası Pənahəli xanın gözləri baxa-baxa İbrahimxəlil Ağa Qarabağ xanlığına yiyə durmadımı? Qardaşı Mehbalı xanı məhz İbrahim xan didərgin salmadımı? Gəncə xanlığını işğal edən o, deyildimi? Düşmənlərinə qan udduran İbrahimxəlil Ağa olmayıbmı? Bəs bu “məğmun” İbrahim xan haradan çıxdı belə? Hökmdar qızı Ağabəyim Ağanın (G.Əliyeva) İlyas Əfəndiyev mətnindən duyulan cürəti, cəsurluğu niyə buxarlandı görəsən? Öz mübarizəsində və müqavimətində türk igidliyini simvollaşdıran Gəncə bahadırı Cavad xanın primitivliyini qəbul edə bilmirdim. Fağır, əlacsız azərbaycanlı obrazlarını qəbul edə bilmirdim bu filmdə: yəni haradasa streotip düşüncə, və bəlkə də haradasa Qarabağla ilişikli bugünkü siyasi situasiya mane olurdu mənə.
Sonra gördüm ki, yox, film heç cürə beynimdən çıxmır: fikirlərimi yazmasam, rahatlıq tapmayacağam. Məqaləni işləyə-işləyə birdən özüm üçün aydınlaşdırdım ki, bu film heç də azərbaycanlıların azadlıq mübarizəsi, erməni hiyləgərliyi, rus şovinizmi, fars ikiüzlülüyü haqqında deyil. Təbii ki, bütün bunların hamısı filmdə var, amma bir fon şəklində, anturaj statusunda. Bu ona görə belədir ki, quruluşçu rejissorlar Ramiz Fətəliyev və Dilşat Fatxulinin yozumunda “Hökmdarın taleyi” filmi günahsız və müqəddəs bir ailənin vəhşicəsinə qətlə yetirilməsi barədə bir hekayətdir. Rejissorlar İbrahim xanı müqəddəslər (şəhid imamzadələr) cərgəsində görüblər, onu ruh dünyasının adamı hesab eləyiblər. Bu məqamda həməncə rus imperatoru II Nikolayın həyatı və ölümü ilə bağlı rus rejissorları Elem Klimovun, Nikita Mixalkovun çəkdikləri filmləri xatırlayırsan. Düzdür, bu konsepsiyanın impulsları kinopovestin müəllifi Elçindən gəlir: Qarabağ hökmdarı İbrahim xana mayor Lisaneviçin yaşatdığı müsibətlə II Nikolayın ailəsinin faciəli aqibəti arasında Elçin qırılmaz bir rabitə görür; daha doğrusu, çar ailəsinin bolşeviklər tərəfindən güllələnməsini İbrahim xan və onun övladlarına qarşı işlənmiş cinayətin məntiqi davamı, nəticəsi, fələyin ədalətli intiqamı sayır. Kiməsə atdığın daş mütləq qayıdıb sənin özünə dəyəcək. Amma “Allah qarğa deyil göz çıxartsın”: o, hər şeyi biləndir və hər şeyi zamanın öhdəsinə buraxır. II Nikolayın və doğmalarının faciəsi də Romanovlar sülaləsinə məhz İbrahim xanın və onun günahsız arvadının, övladlarının amansız qətli əvəzinə göndərilmiş tanrı cəzasıdır. Elçin də öz kinopovestində rus imperatoru I Aleksandrın diliylə əbəs demir ki, “Allah bu qırğının cəzasını Romanovlara verəcək!..”
Rejissorlar “Hökmdarın taleyi” filmini elə bu konsepsiya üzərində qurublar. Filmin kadrları dönə-dönə vurğulayır ki, İbrahim xan öz ailəsiylə birgə Qarabağ idilliyası içində yaşayıb, özü ilə dünya arasında bir harmoniya duyub və hətta öz taleyi, karması ilə barışıb. Qəribədir, bu müstəvidə mən İbrahim xanı və onun ailəsini rus yazarlarının Nikita Mixalkov filmlərindən boylanan personajlarına bənzətdim. F.Manafovun İbrahimxəlil Ağası filosof birisidir, haradasa İsa Məsih variantıdır, haradasa bir qədər zavallı, bir qədər kosmopolitdir və bu adam üçün “xan” titulu sanki ən axırıncı yerdədir. Başqa cür o müqəddəs ola bilməzdi axı? Başqa cür o sakit dayana bilməzdi axı? İbrahim xan filmin bədii gerçəkliyində başqa cür olsaydı, mayor Lisaneviçin öz əskərlərilə xan evində törətdiyi qırğın da, qadınları, uşaqları, nökərləri, qulluqçuları qılıncla qəssab kimi doğram-doğram etməsi də bir o qədər dəhşətli görünməzdi axı?
Bu film mayın 28-də Moskva şəhərində göstəriləcək.
Təkrar edirəm mayın 28-i…
Getsinlər və baxsınlar!
Amma utanacaqlarmı???
Kino siyasətdir.
Mən siyasət adamı deyiləm.
Amma məsələni kimlərəsə aydınlatmaq, “Allah hər şeyi görəndir”, “heç nə əvəzsiz ötüşmür” fikrini beyinlərə yeritmək üçün kinorejissorların seçdiyi yozum variantı, düşünürəm ki, ən yararlısıdır və hədəfi yüzdə yüz vurur, heç bir aqressiya nümayiş etdirmir, Azərbaycan xanının və bəlkə də çox böyük siyasi ustalıqla azərbaycanlı obrazının yeni imicini formalaşdırmağa can atır. Əgər bu “imic”dən Azərbaycan xeyir tapacaqsa, niyə də olmasın?
“Hökmdarın taleyi” “A.S.V.A. Profi Studia XXI” Prodüser Mərkəzində istehsal olunub, “5 + 1″ Dolbi Stereo sistemində çəkilib ki, bundan da Azərbaycan kinematoqrafçıları birinci dəfədir istifadə ediblər. Film qəşəng alınıb, ilk növbədə, quruluşçu operator Dilşat Fatxulinin kadrlarına görə, əla panoramlarına görə. Məhz operatorun kadrlarının hüsnü bir dastan atmosferi, bir dastan hüdudsuzluğu gətirir filmin bədii dünyasına. Kamera sanki Şuşa dağlarının havası ilə köks dolusu ”nəfəs alır”, əl-qol açıb bu torpağı qucmaq istəyir. Çəkiliş məkanında Dilşatın kamerası sadəcə işləmir, “oynayır”, “süzür”, “uçur”, elə bil ki Azərbaycana vurğun-vurğun baxır və doymur, doymayıb da onu “hövsün-hövsün gözünə təpir”, “gözünə hopdurur”. Bilmirəm, bu təsadüfün nəticəsidir, yoxsa belə planlaşdırılıb, ya da mənim özümün yozumudur, o yerdə ki, söhbət Azərbaycan xanlarından, türklərdən gedir, orada kadrlara bir çöl ovqatı hakim kəsilir: kadrlar tablolaşır. Elə ki, söhbət Fətəli şah Qacarın sarayının hüdudları ilə məhdudlaşır, kadrlar miniatürləşir. Məsələn, Fətəli şah Qacar (Pərviz Məmmədrzayev) sanki miniatür çərçivəsindən adlayıb düşür Dilşat Fatxulinin obyektivinə və özü ilə ekzotik bir Şərq nağılı gətirir filmə. Onun geyimi (geyim rəssamı Ş.Həsənli, geyim eskizi İ.Məmmədov) və qrimi (qrim üzrə rəssam E.Vahidov) əla işlənib. Sən filmdə fars dünyasına xas bu teatrallığa, Fətəli şahın teatral üzünə, miniatür çatma qaşlarına, 30-40 santimetrlik unikal, qara, qıvrım-qıvrım saqqalına heç bir etiraz eləmirsən, buna bir şah ədabazlığının faktoloji təcəssümü, islam dünyasında dəb avanqardının təzahürü kimi baxırsan və kinoobrazın tarixdəki Fətəli şaha mahircəsinə oxşadılmasından bir həzz duyursan. Di gəl ki, İbrahim xanın saqqalının teatral səliqəsi, süni yaraşığı seyrçini həməncə qıcıqlandırır. Necə olub ki, qrim üzrə rəssam buna diqqət eləməyib?
Dəbdəbəli saray, azacıq zəiflədilmiş işıq, üstü daş-qaşlarla bəzədilmiş tünd qırmızı geyim, ahəngli fars nitqi və aktyor P.Məmmədrzayevin “Həştərxan pişiyi” üslubunda sakit gəzişən Fətəli şahı filmin uğurlu kadrlarının cərgəsindədir. Əhsən. Amma bu nəfisliklə, bu peşəkarlıqla, bu zövqlə yanaşı bir də görürsən ki, filmdə İbrahim xan palma yarpaqlarının fonunda dayanıb danışır. Bu səhvdir, savadsızlıqdır, yoxsa əhlikeflikdir? Həqiqətən, məəttəl qalırsan ki, R.Fətəliyev və D.Fatxulin kimi peşəkarlar bunu necə nəzərdən qaçırıblar… Rus imperator sarayının görüntüləri də, Napoleonun Taleyranla Luvrda söhbətinin kadrlaşdırılması da bir əyalət pəncərəsindən dünyanı panoramlaşdırmaq iddiası kimi qavranılır. Sitatlaşdırmaq, işarələmək xatirinə çox “könülsüz”, bəlkə də naəlaclıqdan çəkilib bu kadrlar. Onların belə zəif, ölgün, təsirsiz alınmasının səbəbləri bəlkə də mənə aydındır, amma tamaşaçılara rejissorlar durub izahat verməyəcəklər ki… Bir də axı, bu, kinoarxivdə saxlanılası bədii bir sənəd, sübut, fakt. Hayıf.
Filmin pozitivini təşkil edən nişanələrdən biri budur ki, azərbaycanlı personajlar türkcə, ruslar rusca, ermənilər ermənicə, farslar farsca, fransızlar fransızca danışır: əcnəbi dilində nə deyilirsə, onu kadrarxası səslə respublikanın sərvəti Fuad Poladov azəri türkcəsinə “çevirir”. Bu da artıq müəyyən mədəni səviyyə göstəricisidir. Aktyorun səsi və intonasiyaları, istər müəllif mətnini, istər tərcümələri oxuyarkən filmdə mənaların fokuslaşmasına ara-sıra yardımçı olur.
Digər pozitivsə budur ki, filmdə görünən Azərbaycan xanları arasında yeganə “diri” obraz Saday bəydir. Türk igidini, tatar süvarisini, monqol pəhləvanını xatırladan bu personaj aktyor Əli Cəfərovun ifasında bir döyüş əzmi sərgiləyirdi. Hətta onunla müqayisədə respublikanın əməkdar artisti Vidadi Həsənovun Cavad xanı yorğun, süst və enerjisi tükənmiş bir şəkildə görünürdü. Bəlkə də bu ona görə belə idi ki, Vidadi Cavad xanın Gəncəyə, vətənə sevgisini yox, digər xanlara, ruslara, ermənilərə qarşı acığını, hikkəsini oynayırdı.
Azərbaycan xanlarının portretini bu filmdən sonra cızmaq mənə çətin gəldi: onların bir insan kimi xarakterik cizgilərini konkretləşdirə bilmədim: burada Azərbaycan xanlarının görkəmləri vardı, özləri yox. Bunun əvəzində aktyor Yuri Baliyevin emosional, ancaq affektsiz ifası rus generalı Portnyakinin ürəyiyuxa insan, alicənab əskər portretini o cür rəsm elədi ki, bu obraz seyrçi yaddaşında özünə yer tapa bildi. Şübhəsiz ki, erməni Vanya yüzbaşı obrazını da respublikanın əməkdar artisti Rafiq Əliyev bir-neçə dəqiq cizgilə ekrandan bizə tamamlanmış, bitkin xarakter kimi tanıtdı və mən gördüm ki, adi bir dağ ermənisi tipində İblisi necə oynamaq olar. Cəmi bir epizodda görünməsinə baxmayaraq respublikanın əməkdar artisti Mehriban Zəkinin personajı həməncə seyrçi tərəfindən fiksə edildi: Cavad xanın mərdliyini, türkün qürurunu, Gəncə qalasının möhtəşəm müdafiəsini oynadı Mehriban Zəki və dəqiq oynadı, qupquru qəhərin lal sükutunu oynadı, donuq sifətini kadr içində ölənlərə baş daşı eləyib qorxusuzluğu oynadı və generala dedi ki, mən ərimin yox, xanın meyidi üçün gəlmişəm. Mehriban Zəkinin personajı ekranda göstərdi ki, ruslar (və ya hər hansı digər əcnəbilər) Gəncə qalasını ala bilərlər, amma bu qadını yox… Millətin qadını yaşayacaqsa, millət yaşayacaq. “Hökmdarın taleyi” filmində azəri türkləri, bax, belə olmalıydılar, Mehriban Zəkinin qəhrəmanı kimi… Nə isə… Mən daha nələrisə demək istəyirəm. Di gəl ki, demirəm: nə Sisianovla bağlı, nə Bakıda onun öldürülməsiylə bağlı, nə də mübarizə xəttinin faktiki olaraq yoxluğu ilə bağlı. Mən demək istəyirəm ki, bu qəşəng filmi super ideoloji filmə çevirmək mümkün idi və əfsuslar olsun, bu şans əldən verildi. Eybi yox, qalsın gələn dəfəyə…
Mən daha nəyi demək istəyirdim? Onu demək istəyirdim ki, İbrahim xanın sonbeşiyi Gövhər Ağanın qəşəng kinematoqrafik görünüşü məni valeh etdi. Balaca Aysunun toppuş, kukla kimi bər-bəzəkli Gövhər Ağasını mən “Qaraca qız” filmindəki Ağcaya oxşatdım və bu mənə elə xoş təsir bağışladı ki… Avar Ümmə xanın törəməsi, İbrahimxəlil Ağanın arvadı Tuba xanımın (Sənubər İskəndərli) qızı ayrı daha nə cür ola bilərdi ki…
Bir sözlə, mən “Hökmdarın taleyi” ekran əsərini bəyəndim, bəyəndiklərimi sadaladım və inandım ki, bu filmin hələ bundan sonra da taleyi var…
Kimdən danışmadımsa, onlardan üzr diləyirəm. Axı, böyük bir kollektiv əziyyət çəkib bu film ərsəyə gəlincə, lentə köçüncə, ekrana yetincə…
Hə… mən bir də çeynənmiş həqiqətləri təkrarlayıb demədim. Demədim ona görə ki, haqq görünsün…
« Rimma Kazakova vəfat etdi | Əsas səhifə | “Azərbaycan Füzulişünaslığı” monoqrafiyası işıq üzü görüb »




Bölmə: 









SİZİN TELEBENİZ adlı istifadəçi, May 20, 2008 tarixində, saat 11:37 yazıb:
Adətən, reket qəzetlərdə yazılar belə başlayır. Mən onların oxucusu deyiləm. Amma bir-ikisinə rüşvət vermək boyda əclaflığı eləmişəm. Aydın Talıbzadədən Azərbaycan cəmiyyətinin reket düzəldəcəyini gözləmirdim. HAYIF, MİN DƏFƏ HAYIF! BİZ HAMINI BLƏCƏ İTİRƏCƏYİK!
tenqidchi adlı istifadəçi, May 21, 2008 tarixində, saat 01:57 yazıb:
Chox sonuk bir yazidir, ancaq ne yaxshi! Burada mwellifin esl simasi oldugu kimi gorunur! Aydin Talibzadeni men hech zaman ciddi tedqiqatchi saymamisham. Neyi tenqid etmek lazimdie -terifleyir, neyi tehlil etmek lazimdir - pisleyir ve bu konyukturadir. Aydin, don bir adina bax! Aydinliga chix.
Vefa Ceferova adlı istifadəçi, May 21, 2008 tarixində, saat 18:40 yazıb:
yazini Heyder Elirza oglu Eliyeve qeder oxumaga hovselem catdi:) ne demek olar Allah komeyiniz olsun! umid edirem bu meqale size nese verecek! sexsen mene ancaq bir sey verdi:) sizin haqqda qeyri mueyyen olan fikrim mueyyenlesdi:) ugurlar
oxatan adlı istifadəçi, May 22, 2008 tarixində, saat 14:01 yazıb:
Premyeradan sonra bashqa cur fikirler eshitmishdik. Bu ise tam eksini deyir. Odur ki
Talibov Aydinin son 25 ilde neden bele vecde gelmesini bilmek ucun gerekdir esere ozumuz baxaq. Baxariq…
Niyaz Cəfərov adlı istifadəçi, May 22, 2008 tarixində, saat 17:11 yazıb:
Mən ADMİU-nun I kurs tələbəsiyəm (sənətşünaslıq). Aydın bəyin bir çox məqalələrini oxumuşam və onun fərdi üslubu məni heyran edib, necə deyərlər ağzımın suyu axıb. bu yazını da bəyəndim, baxmayaraq ki, Aydın bəy bu yazıda hər zamankından fərqli (oxuduğum məqalələr baxımından) üslubda çıxış etmişdir. filmi izləmədiyim üçün dəqiq fikir söyləyə bilmərəm, ancaq yazını bəyəndim. Aydın bəy nəyi harda, nə vaxt deməyi yaxşı bilən biridir.
scorpion adlı istifadəçi, May 22, 2008 tarixində, saat 18:49 yazıb:
Kaş ki, Aydının intellektinin, mədəniyyətinin və mənəviyyatının 5-cə faizi ona ağızbüzənlərdə olaydı…
kinoman adlı istifadəçi, May 28, 2008 tarixində, saat 17:07 yazıb:
nə isə gözləyək “CAVAD XAN” filmini.
nurlane melikova adlı istifadəçi, İyun 8, 2008 tarixində, saat 23:46 yazıb:
kohne yaziya yeni sherh…
film sherq qerbde yene numayish olundu. ve yene baxdim…
aydin beyin yazisi evvel mene de bir az qeribe geldi. onu yeni ampulada gormush kimi oldum. amma yazi sona catanda bilisiniz ne fikirleshdim? ve hemen yazinin evvelini xatirladim ve mene her shey aydinlashdi…sitat- Amma əvvəl-əvvəl film barəsində yazmaq fikrim yox idi. Çünki bir sıra konseptual məsələlər vardı ki, onları bir azəri türkü kimi qəbul edə bilmirdim. Qəbul edə bilmirdim İbrahimxəlil Ağanın (İbrahim xan) filmin rejissorları və aktyor Fəxrəddin Manafov tərəfindən ekran müstəvisinə gətirilmiş yozumunu. Qəbul edə bilmirdim üzgün, heysiz, can rahibləri üslubunda filosofsayağı davranan İbrahim xanı. Onu Qarabağa Kərim xan Zənd göndərməmişdimi? Atası Pənahəli xanın gözləri baxa-baxa İbrahimxəlil Ağa Qarabağ xanlığına yiyə durmadımı? Qardaşı Mehbalı xanı məhz İbrahim xan didərgin salmadımı? Gəncə xanlığını işğal edən o, deyildimi? Düşmənlərinə qan udduran İbrahimxəlil Ağa olmayıbmı? Bəs bu “məğmun” İbrahim xan haradan çıxdı belə? Hökmdar qızı Ağabəyim Ağanın (G.Əliyeva) İlyas Əfəndiyev mətnindən duyulan cürəti, cəsurluğu niyə buxarlandı görəsən? Öz mübarizəsində və müqavimətində türk igidliyini simvollaşdıran Gəncə bahadırı Cavad xanın primitivliyini qəbul edə bilmirdim. Fağır, əlacsız azərbaycanlı obrazlarını qəbul edə bilmirdim bu filmdə: yəni haradasa streotip düşüncə, və bəlkə də haradasa Qarabağla ilişikli bugünkü siyasi situasiya mane olurdu mənə.
Sonra gördüm ki, yox, film heç cürə beynimdən çıxmır: fikirlərimi yazmasam, rahatlıq tapmayacağam.ona gore ushaqlar gelin qinamayaq…cunki bu film ucun yazilmish en gozel hem tenqidi hem de terifi yazididir.