Aydın Talıbzadə
Şeirlər yalan deyə bilər…
Romanlar yalan danışa bilər…
Qəzetlər yalan yaza bilər…
TV-lər yalan söyləyə bilər…
Divar yazıları yox…
Onda sən divar yazılarını oxu, məmləkətim: özünü tanıyacaqsan. Qorxma, bu sənsən və Zahir Əzəməti də sən doğmusan.Divar yazıları şəhərin zibilliyi üçün, yəni kasıb məhəllələri üçün xarakterikdir.
Divar yazıları acların yazılarıdır. Toxlar divar yazıları yazmır: qarınları onlara mane olur.
Bu ocağın odunda yetimlik…
Ay lolo!!! Kənddə axşamçağı. Tüstülərdə kədər gəzir göy üzünü.
Yetimlik ölümə bağlı…
Zahir ölümdən lətifə düzəldir: “ləzgi səməd aralıda hoppanıb düşən ayaqlarına, - eyy məni də aparın! - deyə gülümsəyir”. Bu, Zahirin qara yumorudur, acı zarafatıdır, qəhərli təbəssümüdür. Ölümdən bir az da o yana: skelet, Yorikin kəlləsi. Hər şair, bir cıqqılı da olsa, Hamletdir. Hamletdən Kirlikirə isə bir addımlıq məsafə qalır: əlini uzatsan, çatar.
“Səni sevirəm” sözləri yazılmış divarların dibi Kirlikirin (Yusif Səmədoğlunun “Qətl günü” romanının personajı) həyat zonasıdır. Kirlikir şəhəri qoxulardan tamsına-tamsına, çürüntü, zibil iyinə fırlanır gecələr və səma altındakı tənhalığından hərdənbir eymənir. Odur ki, cənab “Ö” ilə rastlaşanda sevincək olur və ona həməncə öz iyrənc şeirlərini oxuyur. Cənab “Ö” (“Yuğ” teatrında kefli İskəndərə verilən ayama) də Kirlikirlə təmasdan ona görə razıdır ki, şəhərdə həmişə divar böyrü axtarır ögüməyə. Hamlet - Kirlikir - cənab “Ö” - Hannibal: dördü bir adamda, yəni fantastik ruhi metabolizm.
Zahir Əzəmətin şeirləri barədə düşündüklərimi məqalə halına salmaq istəyirəm. Alınmır. Heç alınmayacaq da. Çünki “Divar yazıları” təhlilə gəlmir. Şəhər sakinləri küçədə onlara ötəri göz atıb yollarına davam edərlər.
Kəndlərdə divar yazılarına təsadüf olunmaz.
Divar yazmağı şəhərdə öyrənib Zahir və bunu özünün, poeziyasının, şair üslubunun mövcudluq tərzinə çevirib.
“əgər çox mənasız bir günə
ucuz dönər və ayranla son verib
yenə sevməyə və nifrət etməyə
davam edə bilərsənsə
mənim dostumsan”
Mənim bütün dönər çeşidlərindən zəhləm gedir. Günümü də ayranla bitirmirəm. Belə çıxır ki, mən dostu deyiləm Zahirin. Amma onun həqiqətini qəbul edirəm, həyatın dibində yaşayanların həqiqətini. Budur kasıbların reallığı, məmləkətim…
Divar yazıları xəlvəti yazılır və onlar üçün heç bir kimsə məsuliyyət daşımır. Divar yazılarına imza qoyulmur. Nədən ki, divar yazılarında yeddi mərtəbəli söyüşlərlə uşaq sadəlövhlüyü, kobudluqla düzlük, seksual həyasızlıqla məsum sevgilər bir-birinə sarılıb yaşayır. Ziyalılar divar yazıları yazmağı özlərinə sığışdırmırlar. Onları adətən məhəllənin lotu və ya kimsəsiz cavanları yazır, bir də savadsız, səfil Bəhlul Danəndələr… Divar yazıları şəhər memarlığının qəzetləridir. Nələr ki divarlara yazılır, deməli, gündəmdədir, aktualdır.
Dünyanın əsl azad yazıları divar yazılarıdır.
Zahir Əzəmətin divar yazılarında azadlığın hər üzü var, bayır-bacağın tozu var, yoxsulluqda yaşanan həyatın düzü var, tərli paltarların duzu var, küçələri cibiboş vurnuxan insanların inamsız izi var. Və bu yazılarında modelləşdirdiyi gerçək içində Zahir özünü gizlətmir. Deyir, pisəmsə də, mən buyam, yaxşıyamsa da, mən buyam və mənim mənəviyyatımın müəllifləri instinktlərimdir, vərdişlərimdir, ətrafımdır, Sizsiniz, bir də şəhər.
Onun şeirləri bu adamın öz yaşantılarından çəkdiyi intim avtoportretlərdir.
Zahir Əzəmətin “Divar yazıları” adlı şeirlər kitabı, zənnimcə, maraqlı sosio-psixoloji hadisədir. Lakin bu hadisənin enerji çənbərində bir hikkə, bir təcavüz, sadomazoxist bir qiyam hərlənir. Bəs məni bu yazılar nə ilə çəkir özünə? İndicə söyləyim. Mən ona görə Zahirin şeirləri barədə yazıram ki, bu şair sözü bəzəyib düzəmir, misraları “pudralamır”. Söz ona gerçəyin gecəsini və gündüzünü, sözünü və özünü, üzünü və astarını kasıb birisinin sinirlərində və emosiyalarında göstərməkdən ötrü gərəkdir. Evin küncünə qısılıb “fələk - ruzgar” tandeminin oyunlarını qəhərlə götür-qoy eləyən bir kimsəsizin şeirləridir Zahirin divar yazıları. Bu qəhərsə şeir yazmır, divarları “cırmaqlayır”.
Amma… bununla belə… Zahirin “Divar yazıları”nda mən bir murdarlıq görürəm, həyasızlıq görürəm, burun suyuna qarışmış misralar görürəm, ayaqüstü, tələsgən, koldibi seks görürəm, humanizmi iks görürəm, ideyaları fiks görürəm, bir azərbaycanlı şairində neçə-neçə kompleks görürəm.
Bezgin birisi, üzgün birisi qətldə qurtuluş axtarır. Pulu olmayanın, işi olmayanın, payı olmayanın, bir sözlə, standarta uyğun yaşamağı bacarmayananın xilası ölümdümü? Tarixdə bu barədə çox fikirləşiblər. Di gəl ki, faydası nə? Çünki ol məqamda mütləq soruşulur: bəs hökmü verən və oxuyan hakim kim? Raskolnikov? Hm… Hələ də onun birmənalı, rəsmi bəraəti yox.. Ancaq Raskolnikovdan da qorxulu Zahirimiz var bizim. Məsələ bu ki, o, Dostoyevskinin qəhrəmanından fərqlənib də öldürdüklərini yeyir, iştahla yeyir və bunu etiraf edib öz telefon nömrəsini də “xilas komitəsinin cəllad əməkdaşı” kimi açıqlayır:
“gecələr isə dincəlirəm əməllicə
ova çıxıram
parklarda tənha gəzişən
dərdli adamların başına ağacla
zərbə endirib
çiynimə atıram, evə gətirirəm
birinci işim
onların çirkli corablarını soyundurmaq
ayaqlarını yumaq olur
zəhləm gedir iylənmiş ayaqlardan
hə… sonra qalan paltarları çıxardıram
vannaya salıb yaxşıca çimizdirirəm meyidi
səliqəylə doğrayıb soyuducuya yığıram
10-15 gün kefə baxıram
o qədər acgöz deyiləm ki
gündə birini bişirib yeyəm
əslində mən pis iş görmürəm -
çıxılmaza düşən insanları
bir cəhdlə xilas edirəmsə
burda pis nə var ki…
mənim varlı və
hər şerydən razı adamlardan xoşum gəlməz
mənimki kasıblardı
kasıbların varlılardan
qat-qat çox olduğu bir ölkədə -
hələ min il də firavan yaşaya bilərəm
bu da telefon nömrəm: 610-50-34
həyatından bezənlər müraciət edə bilər.”
Bu, artıq ya klinikadır, ya da antipoeziya. Zahir adam öldürməyi, sonra onu bişirib yeməyi elə həvəslə nəql eləyir ki… və elə detallara varır ki… az qalırsan əlindəki şeirlər kitabını divara çırpıb otaqdan qaçasan. Çünki Hanniballa ünsiyyətdə olmaqdan insan həməncə çimçişir. Hərçənd Zahir Əzəmət adamları ona görə yemir ki, təbi çəkir. Yox. O, həyatdan bezənləri yaşamaq əzabından qurtarmaq istəyir… Elə isə sual! Bəs onun özü günün, günortanın, axşamın və gecənin bu urvatsızlığına niyə dözür, necə dözür və çar Erisixton kimi niyə özünü yemir? Bu hannibalizm nəmənə? Bəlkə cinayət tərkibi? Mən belə güman eləmirəm. İş bu ki, Zahir şeirlərini öz bilincaltısından qoparıb çıxarır və onları əhli-ədəbiyyata tanıtmaqdan ehtiyatlanmır. Olsun ki, bu, mistifikasiyadır, ya da özündən antiqəhrəman yaratmaq, onu oxuculara simulyakr kimi sırımaq cəhdi.
Lakin… və bir də lakin…
Zahirin gözü daima öz içinə baxır və dışarının bütün neqativlərini orada görür. Kimi günahlandırasan? Axı bu şəhərin ehtiraslar orkestrində Zahir də adi skripkalardan biridir.
Zahir Qarabağ döyüşçüsüdür. Mümkün ki, bu döyüşlər zamanı milli poeziyanın şirintəhər sonor qafiyələrinin bildirdiyi mənalar yolka şarları kimi bir-bir partlayıb. Zahir Qarabağda görüb ki, gurultulu, ibarəli sözlər barıt tüstüsündə mucullanıb, süstləşib payız yarpaqları kimi cınqırını çıxarmadan yerə tökülür. Bəlkə də məhz bundan sonra Zahir Əzəmət öz misraları ilə başlayıb XX yüzildə Azərbaycan poeziyasının yırpanmış teatrallığını vurub dağıtmağa:
“Qəribə gün idi yaman
şeirimə oxşayırdı həyat
azıb sonuncu misrasında
çəpinə getdim
günə nöqtə qoydum 10 qəpiklə -
minib qabilin şeirinə
evimə getdim
taqqa-taraq…”
Şeiri minmək heç ədəb deyil. Taqqa-taraq da milli poeziyamız üçün əcəb şey sayılmaz. Zahirin şeirlərində XX əsr Azərbaycan poeziyası boğazındakı qalstukdan azad olur və elə bu məqamdaca aləm dəyir bir-birinə; Budda kimi sakitləşmiş birisinin fikrindən kimisə öldürmək keçir:
“Üç ay olar işim yoxdu
üç ay olar dostum yoxdu
üç ay olar vətənim yoxdu
üç ay olar qadınım yoxdu
üç ay olar heç nəyim yoxdu…
elə rahatam ki
hətta kimisə öldürə bilərəm.”
Zahir üçün həqiqəti kələ-kötür danışmaq şeirin gözəlliyindən qat-qat üstündür O, aşkar deyir ki, mən estet deyiləm; ancaq o qədər güclüyəm ki, yaşadıqlarımın, müşahidə etdiklərimin üfunətindən, idbarlığından, prozaik adiliyindən və abırsız mənəvi imperativlərindən şeir düzəldə bilirəm. Düzəldir də:
“mən yaxşı tanıyıram o qadınları
hər hansı sup qazanı
daha dadlıdır
daha maraqlıdır
onlarla sevişməkdən
heç olmasa qazanlar
bütün növ qaşıqlar üçün erotikdir.”
Azərbaycan poeziyasında hələ bugünəcən kimsə belə yazmamışdı. Qəfildi, gözlənilməzdi, orijinaldı qaşıqların erotikliyi və bu orijinal olanları əgər hesablasan, gətirib “orijinal poeziya” ifadəsinə çıxaracaq. Amma neyləyəsən ki, divar yazılarından uzaqlaşan kimi onlar yamanca qəribsəyir, yetimləşir və unudulur: daha səninki olmur. Divar yazıları iki dəfə oxunmağa yaramır. Mən də əvvəlcə Zahir Əzəmətin şeirlərini Azərbaycan poeziyasında yenisi kimi soraqlayıb oxudum, sonra isə çiyrindim, iyrəncliyi fiziki şəkildə duydum və bu şeirlər kitabının sonuna bir “DELETE” yazdım. Mən Zahirin dünyasında, şəhərində özgəsiyəm. Onun modelləşdirdiyi gerçəklik də mənə yaddır. Bununla yanaşı Zahirə şeirlərindəki bu qəddar səmimiyyətə görə, səmimi kinayəsinə görə, latent tənqidi pafosuna görə, şübhəsiz, bir “ƏHSƏN” də düşür, təbii ki, “DELETE”-dən öncə!!!
Mənbə: Tənqid.net dərgisi və contact.com.az
Yazıya səs verin
Şərhlər
Bu yazı Cümə, May 23rd, 2008 tarixində 14:31 radələrində Ədəbi tənqid bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.




Bölmə: 










Ə.Əmirli adlı istifadəçi, May 23, 2008 tarixində, saat 15:30 yazıb:
Aydın bəy, məqalənizdən ləzzət aldım.Великолепно!Təəssüf ki, Zahir bəyin publisistikası ilə tanış olsam da, “Divar yazılarını” oxumamışam, amma məqalədəki sitatlar məni sarsıtdı. Həqiqətən günümüzün poeziyası belə, həmin poeziyanın təqdimatı isə Sizin məqalədəki kimi olmalıdır.Mən Zahir bəyin ünvanına “Əhsən!” qiymətini qəbul etdim, “Delete”ni isə yox, baxmayaraq ki, yazıdakı bədii (məhz bədii) məntiq çox güclüdür.
Əhsən, Aydın bəy!
Çılğın adlı istifadəçi, May 23, 2008 tarixində, saat 16:42 yazıb:
Dəhşət!
Kaş mən yazaydım bu yazını:(((
Bəlkə mən də buna görə sevmirəm şair Zahir Əzəməti…
Turxan Gerb adlı istifadəçi, May 23, 2008 tarixində, saat 16:45 yazıb:
Zahir bəy, cavab olacaq?
Raset Pirisoyu adlı istifadəçi, May 23, 2008 tarixində, saat 17:02 yazıb:
Mən Aydın Talıbzadənin məqaləsindəki duyumun miqyasını Azərbaycan təqindində ancaq Aydın Məmmədovun yazılarında görmüşdüm. Etiraf edim ki, son iyirmi ildə bədii materialı bu qədər qəbul və rədd edən tənqidçi ilə rastlaşmamışam. Aydın Talıbzadənin məqaləsini yalnız Zahir Əzəmətin yaradıcılığının təhlili kimi qəbul etmək sadəlöhvlük olardı. Bu yazı ən azı Azərbaycanı, həm də təkcə Azərbaycanı deyil, bütövlükdə insanı, cəmiyyəti, sənəti, poeziyanı özünə kifyət qədər izah edə bilmiş adımın yazısıdır.
Kim mənim bu qeydimi necə qəbul edir etsin, mənim üçün heç bir fərqi yoxdur, mən bu məqaləyə uşaq kimi sevinirəm və ürəyimdən təkbaşına əyləşib vurmaq keçir.
turkhan genceyi adlı istifadəçi, May 23, 2008 tarixində, saat 17:48 yazıb:
Rasət bəy, xəsislik etməyin, bundan da artığı düşür.
Raset Pirisoyu adlı istifadəçi, May 24, 2008 tarixində, saat 11:42 yazıb:
Eziz Türkxan bəy!
Sizin təklifiniz müqabilində mən bunları demək zorundayam;
Vuran çox,
layihə yox,
araq baha,
ən pisi -
hamıyla bir yerdə
batmaq olmur günaha…
P.S. Türkxan bəy, əsas odur ki, bu dünyada tək olmadığını biləndə adama, hətta dostların sağlığına, təkbaşına vurmaq da ləzzət edir.
qeza xidmeti adlı istifadəçi, May 24, 2008 tarixində, saat 12:37 yazıb:
muradin bir musahibesinden ogurlanib o sheirin ideyasi-bu gun sheirimi gordum sheherde.
muellif de bu sheiri misal chekir.at ve nalbend ve yaxud kend ve molla meselesi yada dushur
turkhan genceyi adlı istifadəçi, May 24, 2008 tarixində, saat 14:24 yazıb:
Rasət bəy, eşq olsun sənə!
Sağlamlığına fikir ver, höcətdən əl çək. Mən SİZƏ qardaş kimi deyirəm bunları və allah qoysa görüşüb ikilikdə vurarıq.
Məncə, dünyada ən çətin şey obyektiv olmaqdı. Mənə elə gəlir, Rasimgil hamının yerinə obyektiv olmaq istəyirlər. BU, anormallıqdır. Çox istedadlı uşaqları onların FƏLAKƏT libaslı məngənəsindən qurtarmaq gərək! BU, insan ləyaqətini aşağəlayan bir şeydir.
Uğurlar!
Zahir istedadlı şairdir. Onun barəsində tərifli sözləri sadəcə işlətmirəm. Amma Aydın Talıbzadədə nalnan mıx məsələsi yerində deyil.
Sancaq adlı istifadəçi, May 25, 2008 tarixində, saat 17:47 yazıb:
Muzakire etmeye adam tapmdiniz? Zahir Ezemet, yox bir Zahir mEzemet…
Stilyaga adlı istifadəçi, May 26, 2008 tarixində, saat 13:25 yazıb:
Usaklar!
goresen Raset Pirisoyu kiminse haqqinda terifden baska bir sey yazacaq?
Birce o gunu gorseydim!
Amma yazi dogurdan da istedadla yazilib. Aydin Talibzadeye 40 min kere masallah!
Zahir Ezemetin seirleri de orijinaldi ve semimi tesir bagisladi mene.
He ikisine ugurlar
t.əlişanoğlu adlı istifadəçi, May 27, 2008 tarixində, saat 22:05 yazıb:
zahir əzəmətə təşəkkürlər. yazını sayta qoyduğuna gorə. hərçənd məni qabaqlayıb. tənqid.netin 4-cü sayında olan yazı tezliklə sayta da qoyulacaqdı. fərqi yoxdur, məqsəd birdir.
yazıya görə Aydını təbrik etmiş, dərhal onu harasa verməyini təklif də etmişdim. razılaşmamışdı.
oxucuların nəzərinə çatdırıram ki, aydın ədəbiyyatdan az yazır, yazırsa mahiyyətli məsələlərdən yazır. aydındır ki, burda da söhbət tək zahirdən getmir. poeziyamızda, hətta ədəbiyyatımızda olan estetik bir tendensiyadan gedir ki, zəminində həyatdakı anti-estetika durur. kiminsə onu qəbul edib-etməməsindən asılı olmayaraq, o vardır. zahirin şeirləri bunun bariz ifadəsidir, buna görə də təşəkkürlər.